Avanqard ruhlu Rəsul
Rza poeziyası
Hər bir sənətkarın, hər
bir sənət əsərinin dəyəri
zəmanəsini, həyatdakı
təbəddülatları, həmçinin xalq düşüncəsindəki yenilikləri
dolğun əks etdirməsi ilə önəm qazanır.
Rəsul Rza poeziyası dövrü, zamanı, xalqın həyatını
və mübarizəsini,
bununla yanaşı, həyatın canlı lövhələrini bədii
həqiqət, poetik mahiyyət kontekstində inikas edir. Onun əsərlərində
müasirlik duyğusunun
böyük gücü
və qüdrəti heyranlıq doğurur.
O, zamanın, bütövlükdə
dünyanın bir sıra məsələlərinə
müdrikcəsinə, öncül
dünyabaxışla yanaşaraq,
hadisələri özünəməxsus
şəkildə bədii
sənət müstəvisində
dolğun poetik ümumiləşdirmələrlə canlandırıb.
Rəsul
Rza novator sənətkar kimi bədii forma, təsvir üsulları, obrazlı dil sferasında cürətli addımlar
atıb, poeziyamızın
üfüqlərini genişləndirərək,
bədii-fəlsəfi və
ictimai düşüncəmizin
inkişafında müstəsna
rol oynayıb.
XX əsr Azərbaycan
poeziyasında modern düşüncənin
intişarını ədəbi
fakt olaraq yalnız “Pəsul Rza ədəbi məktəbi” reallaşdıra
bilib. Bu ədəbi məktəbin və bu novator ədəbi
missiyanın davamçıları
olan Əli Kərim, Fikrət Qoca, Ələkbər Salahzadə, Fikrət Sadıq, İsa İsmayılzadə və
çağdaş poeziyamızın
neçə-neçə ünlü
isimləri ustadın yenilikçi ənənəsini
davam etdirərək, şablon,
trafaret bədii vasitələrə qarşı
çıxaraq, yeni düşüncə yolunda
cəsarətlə irəliləməyə
başladılar.
Böyük mütəfəkkirin, ustad sənətkarın sənətkarlıqla bağlı
olan və hər zaman aktuallığını qoruyan
fikirləri bu gün də səciyyəvidir:
“Şairlərdən danışarkən
çox vaxt onları yaşa görə - yaşlı,
orta və gənc nəsillərə
bölərək, bununla
müəyyən mənada
onların yaradıcılıq
ləyaqətlərini təyin
edirlər. Məncə,
bu bölgü sırf şərtidir.
Mənə etiraz edib deyə bilərlər ki, sənətkarlığın
yolu uzun illərin gərgin əməyindən keçir.
Bu şəksizdir, lakin bu da
şəksizdir ki, yaradıcı insanın gərgin əməyi yalnız o vaxt uğur qazana bilər ki, bu əməyin mayasında istedad və şairanə xislət dursun.
“Şair” sözünün yanındakı
“istedadlı” sözü
qəribə görünür.
Axı, istedadsız şair ola
bilməz. Və əgər biz şair
olmaq həvəsinə
düşən bu və ya başqasını
yalnız qafiyə düzməyi və hecaları müəyyən
ölçüyə salmağı
bacardığına görə
şair adlandırırıqsa,
bu, poeziyanın deyil, bizim günahımızdır.
Şair ancaq istedadlı ola
bilər. İstedadın dərəcəsi isə başqa məsələdir”.
Rəsul Rzanın lirikası həm mövzu, həm də mündəricə etibarilə
çox zəngin və dolğundur. Şairin “Rənglər”
silsiləsi poeziyamızda,
bütövlükdə ədəbiyyatımızda
böyük ədəbi
hadisə olaraq qalmaqdadır. Bu şeirlər öz məzmunu, həyatiliyi, ictimai əhəmiyyəti
və sənətkarlığı
etibarilə heyranedicidir,
həm də bu poetik nümunələrdə
fəlsəfi mündəricə,
poetik təravət, həyat və cəmiyyət hadisələrinə
aydın filosof-şair
münasibətinin geniş
mənzərəsi görünür.
“Rənglər” silsiləsi
“Uvertüra” şeiri ilə başlayır. Bədii dəyərinə
və poetik siqlətinə görə
bu poetik nümunəni zəngin sənət dünyasının
sehrli qapısı kimi səciyyələndirmək
olar. Bu şeir bütün
silsilənin poetik kodu kimi diqqəti
çəkir.
“Rənglərin də musiqi kimi
ahəngi var.
Ağrının, sevincin, ümidin
də
rəngi var.
Düşündükcə açılır,
əlvan səhifələri
rənglərin.
Canlanır gözümüzdə rəngi
ömrün, mübarizənin,
qəlbin, nifrətin,
gecənin, səhərin
və insan taleyinin”
- bu misralar
poetik orijinallığın
mahiyyətində ehtiva
olunan dərin bədii-fəlsəfi mətləblərin
və zəngin modern düşüncənin təcəssümüdür.
Böyük şairin “Dəniz haqqında nəğmələr”
silsiləsi də poetik özünəməxsusluğu,
bədii təravəti,
poetik tapıntılarla
zəngin olan dəyərli sənət
nümunəsidir. Bu əsərin obrazlılığı dərin
həyati müşahidəyə,
bədii obyekti qiymətləndirmək imkanına
söykənir, həmçinin
bu şeirlərdə
poetik fiqurlardan və fərdi-sitiativ məcazlardan məharətlə
istifadə bacarığı
böyük sənətkarlıq
etiketidir. Silsiləyə
daxil olan bəzi şeirlərdən
müəyyən poetik deyimlərin
orijinallığına diqqət
edək. Bədii təravəti ilə
seçilən bu poetik nümunələrdə
ifadə olunan düşüncə avanqard
olması ilə məxsusi yadda qalır. Poetik fikrin orijinallığı
ilə yanaşı, bədii-fəlsəfi düşüncənin
yeniliyi də heyranlıq doğurur.
Bu gün dəniz sükuta qərq olub,
Bəlkə sükut qərq olub dənizə.
lll
Riqqətə gəldi dəniz,
Yaladı
qayaların
oyuq-oyuq yaralarını.
lll
Göl də sudur,
gölməçə də.
Dənizin dənizliyi
dalğalardadır.
lll
Bu gecə öpdüm dənizi
Sahildən ayrılanda
Dodaqları duzlu idi;
Göz yaşı
kimi.
lll
Gördüm qayada
dənizin ləpirlərini,
Nə zamansa dəniz
burdan keçib.
lll
Mən dənizi üşüyən
görmüşəm...
Bu şeirlərin yazıldığı
vaxtdan uzun illər keçməsinə
baxmayaraq, burada bədii obyektə yanaşma orijinallığı,
zəngin fikir tutumu, poetik tapıntıların əlvanlığı bu gün də poetik təravətini qoruyur, sabah da qoruyacaq. “dənizin üşüdüyünü
görən” şairin
bədii idrakının,
poetik təfəkkürünün
poeziyamızın ruhunu
necə isitdiyini zaman-zaman görəcəyik.
Rəsul
Rza poeziyasının önəmini indeksləşdirən
xüsusiyyət, onun milli bədii irsdən, bədii ənənədən yaradıcılıqla
bəhrələnərək Azərbaycan poeziya məkanına yeni
istiqamət, düşüncə
tərzi və məxsusi dünyagörüş
gətirməsidir. Onun yaradıcılığını
poeziyamız tarixində
yeni səhifə kimi səciyyələndirmək
olar.
Bu, şair təfəkkürünün
yalnız ictimai-fəlsəfi qayəsi deyil, həm də böyük bədii-estetik dəyəri,
yüksək poetik keyfiyyətləri ilə bağlıdır.
Rəsul Rza yaradıcılığı
həm mövzularına
görə, həm həyati-fəlsəfi problematikasına
və zəmanəyə,
insana münasibətinə
görə, həm də lirik qəhrəmanın
mənəvi cəhətlərinə
və mənəvi axtarışlarına görə
müasirdir.
Ədəbiyyatda müasirlik mətnin, mündəricənin, bədii
surətlərin müasirliyi
ilə məhdudlaşmır,
hər şeydən öncə, fikrin, ideyanın həyata və insanlara münasibətin müasirliyini
tələb edir. Zamanla bağlılıq,
əsrin övladı
olmaq təkcə zahiri amillərdən ibarət deyil. Rəsul Rza poeziyası göründüyü kimi
bütün bədii detallarına qədər müasirdir. Bu müasirliyi
həm ictimai hadisələrə, cəmiyyətin
həyatına, xalqın
mənəvi aləminə
və keçmiş mədəniyyətinə, həm
də bədii-estetik problemlərə
müasir, aktiv insanın yanaşması,
dünyabaxışı kimi
görmək olur. Müasirlik onun təfəkküründə,
idrakında, həyata
və insanlara fəlsəfi-estetik münasibətdə
olduğu üçün
o, tarixi keçmişimizə,
milli-mənəvi dəyərlərimizin,
qan yaddaşımızın
çevrilməmiş səhifələrinə
müraciət edəndə
də çağdaşlıq
aspektindən çıxış
edir və aşıladığı ideyanı
müasirliklə bağlayır. Müasirlik ədəbiyyatın xarakterini,
məzmununu və mahiyyətini müəyyənləşdirən
başlıca amillərdən
biri, həm də şairin zamanın aktual problemlərinə həssas
münasibət bəsləmək
qabiliyyətinin göstəricisidir.
Rəsul
Rza üslubunun müasirliyi təkcə zamanın, dövrün aktual problemlərinə münasibət bildirməkdən,
həyatın canlı
hadisələrini, adi
həqiqətlərini təsvir
etməklə deyil, həyatın həqiqi tipik cizgilərini, insanlığın uğur
və çətinliklərini,
sevincini və kədərini obrazlı təsvir etməklə yanaşı, tərənnüm
və təlqin edilən poetik mətnin yüksək bədii həlli ilə səciyyələnir.
Belə
əsərlərdə müasirlik
hər şeydən əvvəl məzmun və mahiyyətin dolğun, tutumlu, obrazlı təqdimatında
özünü büruzə
verir. Müasirliyi ilk növbədə əsərin məzmununda,
onun ideya-bədii həllində və mündəricəsində axtarmaq
lazımdır.
Rəsul Rza ədəbiyyatda yalnız öz mövzuları ilə deyil, öz üslubu, bədii predmetə avanqard münasibəti, janr-forma axtarışlarındakı yenilikləri,
bədii təsvir və ifadə vasitələrinin təravəti,
geniş və zəngin məcazlar şəbəkəsi ilə
yaşayır.
Fikrim külək aparmış
əlçim kimi
elə bil, dolaşdı, qaldı
Qoşaarxın yaxasındakı
böyürtkən kollarında.
Onun lirikası
öz düşüncə
miqyasına, öz istinad ünvanlarına və qaynaqlarına görə milli lirikadır. Bu millilik
lokal xarakter daşımır, onun içində böyük
bir bəşərilik
mövcuddur. Qeyd etmək
lazımdır ki, böyük şairin üslubunun ən mühüm göstəricilərindən
biri də onun dilə münasibətidir. Bu münasibət yaradıcıdır,
sözün yığcamlığına,
ehtiraslılığına görə aşılanmışdır.
Çağdaş poeziyamızın sənətkarlıq
xüsusiyyətlərinə görə inkişafını,
bu inkişafın mərhələlərini aydınlaşdırmaq
üçün avanqard
düşüncənin, üslubi
poetik vasitələrin,
məcaz və obrazlılıq məsələlərinin
tədqiqi baxımından
Rəsul Rza yaradıcılığı zəngin
material verir.
Nəzakət MƏMMƏDLİ
525-ci qəzet.- 2016.- 7 may.- S.23