DUYĞU
QATİLİ
Öldürdüm duyğularımı,
Öldürdüm hisslərimi.
Tökə bilmədim vərəqlər üstünə
Ağrılarımı, acılarımı, hirslərimi.
Vaxtın darlığı balta çaldı ömrümə,
Qayğılar üstümə gəldi sel kimi.
Qəlbimdə nə qədər duyğularım vardı.
Zaman süpürüb apardı hamısını yel kimi.
Mən qatiləm - söz qatili, duyğu qatili, şeir qatili.
Azadlıqda gəzirəm gör neçə ildi.
Bir adam da yoxdur ki,
Tuta məni,
oturda bir otaqda.
Deyə:
- nə gəzirsən
o dağda, bu dağda
Otur ölən
hisslərinə, duyğularına
yas saxla.
Qatil olma, heç olmasa bundan sonra.
Ölməmiş duyğularına bir gün ağla.
TUT
AĞACLARI
Təbrizdə boyu 1,5-2 metrə çatan, salxım söyüdlərə
bənzəyən tut ağacları
gördüm...
Elə bil səsləri içində batıb,
Boyları boyumdan uca deyil ki...
Bu başıaşağı tut ağacları
Körpəcə uşaqdı-qoca deyil ki.
Mənə elə gəldi
bu ağacların,
Günəşə uzanan əli kəsilib.
Boyu kəsilməyib bu ağacların,
Elə bil söz deyən dili kəsilib.
Bu barlı-bəhrəli tut ağacları
Göynəyən ağrımdı, acımdı
mənim.
Bu başıaşağı tut ağacları,
Təbrizli qardaşım, bacımdı
mənim.
TƏBRİZİM
Səni
gördüm, yenə
könlüm açıldı,
Düşdü burda yada Şuşam,
Təbrizim.
Elə bil ki, yaralandım
sinəmdən
Sənə neçə nəğmə
qoşum, Təbrizim.
Ürəyimi namərd oxu deşibdi,
Dərd
bağlayıb qəlbim
dərddən şişibdi,
Qismətimə ayrılıqlar düşübdü,
Mən burda da qərib quşam,
Təbrizim.
Bir zamanlar Təbriz deyib ağlardım,
Öz ahımla
neçə sinə dağlardım.
Bir bulaqtək bu dərd ilə çağlardım,
Bilməm
indi necə coşam, Təbrizim!
Təbriz
arzum, təmiz eşqim, diləyim,
Şuşa mənim yaralanmış ürəyim.
Mən vətənsiz axı nəyəm, kiməm, kim?
Quru torpaq, cansız daşam, Təbrizim!
Arzularım yanıb külə
dönübdür,
Göz yaşlarım qanlı selə dönübdür,
Tanrım, üzün niyə belə dönübdür?
Ümidlərim dəyib daşa,
Təbrizim!
Tarixdə çox sərtləşməyin
olubdu,
Sərtləşməyin, mərdləşməyin
olubdu,
Heç Şuşamla dərdləşməyin
olubdu?
Düşürmü heç yada Şuşam, Təbrizim?!
DÜNYA
Nə sığala, nə tumara ehtiyacı var,
Ha sığalla, ha tumarla - kələkdi dünya.
İblislərə iblis kimi görünür elə,
Mələklərin gözlərində mələkdi
dünya.
Atdan düşüb atlananlar düşəcək atdan,
Odda yanıb
qovrulanlar qaçacaq oddan.
“Mənəm” - deyən çox kişilər çıxacaq
yaddan,
Ələnəcək bircə - bircə, ələkdi dünya.
Bülbül kimi dil - dil ötər - dil çata bilməz,
Dəli
- dolu dağ çayıdı sel çata bilməz,
Tozanaqlı bir atlıdı
yel çata bilməz,
Hərdən yorğun bir qarıdı ipəkdi dünya.
İskəndərtək zülmətlərə
yol açanı var,
Rüstəm Zaltək meydanlarda
qol açanı var,
Qocası
var, cavanı var, dil açanı
var,
Şair
demiş: bəzən
sərtdi, kövrəkdi
dünya.
Xeyir doğar, şər çıxarar yolların
üstə,
Dilliləri dil çıxarar lalların üstə.
Vaxtsız tökər kallarını
kalların üstə,
Çərxi tərsə fırlanan bir fələkdi dünya.
Söz deyirəm oyalayır sözümü oyur,
Barmağını qoşa tutur - gözümü oyur.
Əyriləri başa çəkir, düzümü oyur.
Qollarımı sarımağa bələkdi
dünya.
Min fitnəsi, min feli var uymaq olmayır,
Özü qonaq - qaralıdı, qonaq olmayır.
Acısı da şirin dadır - doymaq olmayır
Dərd - səriylə balla dolu pətəkdi dünya.
Sənə, mənə dərdi
tanış, kədəri tanış,
Dörd
bir yana
çapdığımız kəhəri tanış,
Ayı,
günü, hər axşamı, səhəri
tanış
Bərk tutmuşuq ətəyindən
- ətəkdi dünya.
Duyğusuzlar duya bilmir duyğusu vardır,
Tanrı qurub pozulmayan qurğusu vardır.
Ürək kimi döyünür
o vurğusu vardır,
Ürəkliyə, ürəksizə ürəkdi
dünya.
BU
GÜNƏŞ
Qalxıb
yuxusundan Tanrı eşqinə
Zülmətin bağrını sökür
bu günəş.
Qızılı saçını darayıb
qıztək
Nazını dünyaya tökür bu günəş.
Nurlu gülüşüylə yuyunur
cahan
Yenə əsirgəmir şəfqətin
bir an.
Sevdiyi dünyaya qızıl saplardan
Qızılı bir paltar tikir
bu günəş.
Dünyanın yorulmaz sarvanıdır
o,
Milyon il yol gedən karvanıdır
o.
Dünyanın əl ulu bağbanıdır o,
Könlü nə istəsə “əkir” bu günəş.
Zülmət gecələri gündüz
eyləyir,
Hər nə eyləyirsə o düz eyləyir.
Yanır,
nə usanır, nə söz eyləyir,
Yanır başım üstə şükür bu günəş.
Əbədi şamıdır ulu
cahanın,
Tanrı sevgisi var onda
inanın.
Tanrı
övladıdır... bütün
dünyanın,
Bu eşqlə nazını
çəkir bu günəş.
HƏR
ŞEYİN SONU VAR...
Hər şeyin
sonu var həyatda, gülüm.
Əbədi deyil ki, gülüş
də, qəm də.
Belə qalmayacaq, quruyacaqdır.
Qəmli gözlərində görünən
nəm də.
Gecəli
- gündüzlü dünyamız
kimi
Qəmin, sevincin də iki üzü var.
Ağlayan ömürlük ağlamayacaq.
Hər gün gülən kəs də bir gün
ağlayar.
Bir azca kədər qat gülüşlərinə,
Sevinc payın
olsun kədərində
də.
Axşamlar günəşli səhəri
düşün,
Gecəni unutma səhərində də.
Həyat
var ilanın zəhərində də,
Zəhərdə qoşadır həyatla ölüm.
Sevincin bir ucu qəmə
doğrudur,
Qəmin sonunda da sevinc
var, gülüm.
Hər şeyin
sonu var həyatda, gülüm.
Əbədi deyil ki, gülüş
də, qəm də.
Gecəli
- gündüzlü dünyamız
kimi
Qəm, sevinc qoşadır ürəyimizdə.
ÖLƏN
SEVGİMƏ AĞI
“Sənsiz yaşamaram” - demişdin mənə,
“Sənsiz yaşamaram” - sözə bax, Allah!
Mənsiz
yaşamadın - inandım
buna,
Sinəmi
yandıran közə
bax, Allah!
O hansı qüvvəydi dodaqlarından
İlahi bir səsi uçurtdu
belə.
Sənsizəm, dediyin bir kəlmə sözün
Odunda qovrulub,
yanıram hələ.
Yoxluğun ruhuma saldı zəlzələ,
Könül sarayım da dağıldı, gülüm.
Demişdin bu sevgi bir nağıl olar,
Doğrudan bir şirin nağıldı, gülüm.
Bu da bir nağıldı,
nağıl deyirəm,
Sən adda bir mələk vardı cahanda.
Sən uçub gedəli gidi dünyadan
Qəlbimə, ruhuma, dardı cahan da.
Nə qədər alışım,
yanım gizlicə
Dərdimi deməyə dərddaşım
hanı?
Ağlaya
bilmədim ölən
sevgimə,
Ağlaya bildimsə - göz yaşım hanı?
SƏNSİZ
Nəriman Həsənzadənin dilindən.
Sənsiz
gözlərimdən düşdü
bu dünya,
Bilmirəm ölüyəm, diriyəm
indi.
Mən elə beləcə göz qabağında,
Gəzən ölülərdən biriyəm indi.
Elə bil gülüşüm yadımdan çıxıb,
Sənsiz gülüşümə qəm ələnibdir.
Sənə min sevinclə baxan gözlərim,
Nə vaxtdı qəm ilə sürmələnibdir.
Axdı göz yaşlarım qəlbimə dən - dən,
Bircə giləsini görən olmadı.
Bar verdi qəlbimin qəm ağacları,
Acı meyvəsini dərən olmadı.
Dünyada ən şirin dünyamdın mənim,
Dünyam dağılıbdı, dərdə bax, gülüm.
Mənim bu dağılan, uçan dünyamı,
Sənsiz kim təzədən quracaq, gülüm.
Yenə
korun - korun alışır sinəm,
Sənsiz günlərim də zəhərtək acı.
Heyif, gec anladım, könlümün sənə
Var imiş
nə qədər gör ehtiyacı.
Dəyişir təbiət donunu
tez - tez,
Qış gedir, yaz gəlir
öz vədəsində.
Dünya
bir gəlindir, yol gedir elə
Min ildir bəzəkli
gəcavəsində.
Könül, əldən çıxan
qayıtmaz geri,
Düşüb arxasınca ha yüyür,
ha qaç.
Sən torpaq altında solan çiçəksən,
Mən torpaq üstündə quruyan ağac.
Asim
YADİGAR
525-ci qəzet.- 2016.- 7 may.- S.22