Müdriklik ona çox yaraşır

 

 

İndi üstündən az qala 40 ildən çox keçən tələbəlik illərindən üzü bəri baxanda Sadıq Elcanlını gözlərim önündə canlandıran bir keyfiyyət xüsusi şəkildə diqqətimi çəkir. Bu, onun hərəkət davranışlarında, səsində, danışıq tərzində 40 il əvvəl , bu gün özünü göstərən epik təmkindir.

Niyə epik təmkin deyirəm? Əlbəttə, adamlarda təmkinin olması normal bir şeydir, amma S.Elcanlının bütün sonrakı fəaliyyəti, xüsusən yazıçılıq dövründəki qələm işləri, silsilə əsərləri məni o epik təmkin ifadəsini işlətməyə məcbur elədi. Həqiqətən az sonra öz tələbə yoldaşımın nəsr yaradıcılığı ilə məşğul olduğunu görəndə, bu, mənə çox təbii göründü. Doğrudan da S.Elcanlının həm düşüncə tərzi, həm yazı tərzi, bütövlükdə, belə deyək ki, şəxsiyyət kimi, sənətkar obrazı kimi əsas əlaməti epik təmkinin içərisində idi. bu epik təmkin şübhəsiz ki, yazıçı üçün, yazıçılıq işi, sənət eşqi ilə məşğul olan adam üçün hava, su kimi lazımdır.

Şair başqa təbiətdir, yazıçı isə bir başqa təbiətdir. Dramaturji təfəkkür məsələsi tamam başqa bir məsələdir. O anlamda S.Elcanlının Allah tərəfindən verilmiş böyük istedadı - qəlbində, ruhunda olan qeyri-adi təmkin onun yaradıcılığında həmişə çox diqqətçəkici bir keyfiyyət olaraq qaldı. İlk hekayələrindən tutmuş sonrakı dönəmdə gördüyümüz hekayələri, povestləri, romanları, ən müxtəlif fəlsəfi-estetik yazıları, bunların hamısında ana bir xətt görünür: S.Elcanlının bir yazıçı kimi epik təmkini. Bu epik təmkinin bizə, milli-mədəniyyətimizə, ədəbiyyatımıza verdiyi çox şeylər var. Tələsməyən bir yazıçı, həyati müşahidələrini dəqiqləşdirən, onlardan fəlsəfi ümumiləşdirmələr çıxarmağı bacaran, bəzən böyük bir hadisəni kiçik bir detalda təqdim etmək məharətinə sahib olan ciddi bir yazıçı.

Əsərlərinin, demək olar ki, hamısını oxumuşam. Hər dəfə görmüşəm ki, doğrudan da, sözün həqiqi mənasında el dilində desək, salğarlı, ağır-batman, səliqəli bir yazı, məhz epik yazı təmkininə malik olan bir dostumuzun ciddi sənətkarlığı gözümüzün qabağındadır. S.Elcanlının yazılarında çox böyük ustalıqla dövrün, zamanın dərdlərinə, olaylarına fəal yazıçı-vətəndaş münasibəti, ciddi etirazlar var; yazıçı, ziyalı etirazları var. Bu, Sovet dönəmində daha çox görünürdü. Məsələn, onun 20 Yanvarla bağlı yazdığıQanlı quzğun meydanıromanına diqqət eləsək, orda mətnaltı yazıçı mövqeyinə, orijinal sənətkarlıq manerasına rast gələrik. Azərbaycanın milli-mənəvi, tarixi keçmişindən bəhs eləyən istər hekayələri olsun, istər povest romanları olsun, hər birisində sözün həqiqi mənasında yetkin bir yazıçının, çox irimiqyaslı planda düşünməyi bacaran bir yazıçının müşahidələrini görürük.

S.Elcanlı həyata bağlı olan yazıçıdır. O, bir müddət Neft Daşlarında fəhlə işləyib. Neft Daşlarını, dəniz neftçilərinin həyatını özünün taleyi kimi yaşayıb, sonra onlar barədə silsilə nəsr əsərləri yazıb. O, çox zəngin müşahidəsi olan real müşahidələr əsasında epik lövhələr yaradan, insanları öz taleyi kimi tanıyan təqdim eləyən, çox böyük uğurlar qazanan yazıçıdır.

S.Elcanlının son dövr yaradıcılığında da çox maraqlı bir nüans sezirəm. Bir tərəfdən fəlsəfi-estetik esse üslubu gəlib onun yaradıcılığına, ikinci tərəfdən tarixi mövzuların müasir kontekstdə təqdimi, tarix müasirlik probleminin özünəməxsus vəhdət halında təqdimi məsələsi, zaman paralelləri daha geniş miqyas alıb. Zaman paralellərinin bir-biri ilə kəsişmələri onların son olaraq verdiyi, belə deyək ki, tarixi-xronoloji mənzərənin dünəndən bu günə gələn yaddaş yolundakı ümumiləşdirmələr - bunlar onun əsərlərində son dərəcə böyük uğurla, ustalıqla həyata keçirilir.

S.Elcanlının bir yazıçı kimi, şübhəsiz ki, özünəməxsus sələfləri var. Bu, Mirzə Cəlildir, Sabirdir, bütövlükdə milli-mədəniyyətimizdir. Yazıçı-publisist kimi onun birbaşa Mirzə Cəlilə bağlılığı çox güclü şəkildə görünür. S.Elcanlı bir müddət hətta Mirzə Cəlilin ev muzeyində elmi işçi kimi çalışıb. Mirzə Cəlil ruhu, Mirzə Cəlilin əsərlərindəki təhkiyə tərzinin özünəməxsusluğu onun üçün çox doğmadır. yazılarının böyük əksəriyyətində bu doğmalıq görünməkdədir. Hətta, məsələn, mən ara-sıra S.Elcanlının tənqidi, ədəbi-estetik səciyyəli yazılarında da görürəm ki, Mirzə Cəlil maneralarından çox böyük sevgiylə, ustalıqla istifadə eləyir. Bütövlükdə baxdığımız zaman bu yaradıcılığa onun üzü tələbəlikdən bu günə gələn keyfiyyət dəyişmələri təkamül prosesləri doğrudan da bir yazıçının, bir nasirin çox uğurlu, özünəməxsus inkişaf istiqamətindən xəbər verir. Burda bir tərəfdən S.Elcanlının dünya ədəbiyyatı ilə, hətta dünya incəsənəti ilə dərindən bağlılığı, əxz etdiyi özünəməxsus sənət keyfiyyətləri özünü göstərir, ikinci tərəfdən yenə deyirəm, Allah-təalanın ona bəxş etdiyi həqiqi yazıçı istedadı var; bunun da yanında böyük, möhtəşəm məşəqqətli yazıçı, nasir zəhməti var, alın təri var. Bunlar hamısı bir yerdə, qovuşuq halda istedadlı yazıçımızın halal sənət uğurlarına gətirib çıxarıb.

Bunu xüsusi vurğulayım ki, S.Elcanlının Azərbaycan Televiziyasında keçən jurnalist, redaktor ömrü böyük bir epoxadır. Belə baxanda, bu, 35 ildən də çox zamanı əhatə eləyir. Bu dövrdə o, Azərbaycan radioteleviziya məkanında çox keyfiyyətli əsərlər ərsəyə gətirib, uğurlar qazanıb; sənət adamlarından, ədəbiyyat adamlarından, ədəbi-mədəni mühitdən silsilə verilişlər, sənədli filmlər yaratmağı bacarıb. Milli teleradiomuz, etiraf edək ki, onun əsərlərindən çox faydalanıb. Bütövlükdə Azərbaycan Teleradiosunda milli ovqatın, sağlam vətənpərvər əhval-ruhiyyənin, saf, əqidəli, səviyyəli milli mühitin yaradılmasında onun özünəməxsüs fəaliyyəti, öz zəhməti olub. Televiziyanın Ədəbiyyat redaksiyasında uzun illər baş redaktor kimi çalışanda da, ondan qabaq incəsənət verilişləri hazırlayanda da, gərgin vaxtda, 90-cı illərdə “Azərbaycantelefilm”ə rəhbərlik edəndə də onun sənət kredosu, yüksək bədii-estetik meyarları doğrudan da sanballı, uzunömürlü verilişlərin, bədii və sənədli filmlərin, tamaşaların araya-ərsəyə gəlməsində, xalqa, millətə fayda verəcək proqramların yaranmasında ciddi rol oynayıb. Özüxüsusi qeyd edilməlidir ki, S.Elcanlı öz qələminə heç vaxt xəyanət eləməyən bir jurnalistdir, yazıçıdır. O, nədən yazırsa-yazsın, həmişə vicdanla, istedadla, məsuliyyətlə yazıb və yazır. Həmişə ədəbi-estetik istedadının, intellektinin bütün gücü ilə yazır. İstər adi bir televiziya proqramının hazırlanmağı olsun, istər bir hekayə yazsın, istər bir roman yazsın, həmişə S.Elcanlı intellekti və istedadı, onun qeyri-adi nasir-publisist ustalığı bütün məqamlarda bütün gücü ilə görünür. Mən televiziyada onun verilişlərini dinlədiyim zaman ilk cümlələrindən, həmən adı gəlməsə belə sezirəm ki, bu, S.Elcanlının üslubudur. Yəni özünün üslubunu yaratmaq, necə deyərlər, özünün, şəxsiyyətinin mövcud olmasıyla bağlı bir məsələdir. Əgər S.Elcanlı ədəbi şəxsiyyəti yoxdursa, S.Elcanlı üslubu da ola bilməz; o üslub varsa, o yazı tərzi, sənətkar manerası varsa və bizlər üçün bir qürur yeridirsə, deməli, bunun üçün biz birinci növbədə S.Elcanlının ədəbi şəxsiyyətinə minnətdar olmalıyıq.

Bir məsələnin də üzərində dayanmaq istəyirəm. S.Elcanlı mənim üçün çox uzun bir zamanın dostudur. O, sədaqətli, dəyişməyən, dəyanətli mövqe sahibidir. İnanın ki, 30 il, 40 il bundan qabaq S.Elcanlı hansı əqidədə idisə, hansı sənət-ziyalı əqidəsində idisə, bu gün də həmin mövqedədir, heç dəyişməyib. Yəni o, təpədən-dırnağa tarixən hansı milli ruhda idisə, milli ovqatda idisə, bu güno şəkildə öz fəaliyyətini davaminkişaf etdirməkdədir.

Mən qələm qardaşıma, uzun illərdən bəri dostluq, qələmdaşlıq etdiyim S.Elcanlıya cansağlığı arzulayıram. Və düşünürəm ki, onun gəlib çıxdığı bu sənət yolu, sənətkar zirvəsi mənə bir az da çox sürətli göründü. Düzdür, bu yolun sanballı bədii, mənəvi-intellektual məhsulları var, çoxlu kitabları var, romanları var, povestləri, hekayələri var, çoxlu ədəbi-tənqidi, ədəbi-publisistik əsərlər, məqalələr, esselər, ssenarilər var. Amma mənə təəccüblü görünür ki, dünən Universitetdə bizimlə bir yerdə oxuyan, hətta belə deyək ki, o ədəbi seminarlarda bir yerdə hazırlaşdığımız o məsum, o irigözlü, parlaq simalı S.Elcanlı necə gəldi yaşın altmışına çatdı? O altmış yaş hərçənd ki, mənim özümə də aiddir. Amma bir xeyli dərəcədə məni təəccübləndirir, çünki mənim xəyalımda, düşüncəmdə S.Elcanlı həmişə gənclik ovqatında, gənclik ruhunda olan bir qardaşımdır. Bir yana baxanda da onun yazımın əvvəlində qeyd etdiyim o epik təmkin məsələsi var; o epik təmkin məsələsi, binayi-başdan ona bir müdriklik, erkən müdriklik gətirmişdi. Ona görə də, məsələn, bir çoxlarımızdan, həmyaşıdlarından fərqli olaraq, o, yaşın iyirmisində, otuzunda olanda da müdrik görünürdü, indiki altmış yaşında da müdrik görünür. Bir çox məsələlərdə onunla məsləhətləşmək bizim üçün müdrik bir adamdan məsləhət almaq kimi idi.  Demək istədiyim odur ki, bu gün yaşın altmışında müdriklik S.Elcanlıya necə yaraşırsa, otuz yaşında da elə yaraşırdı, çünki o vaxt da erkən müdriklik onun boynunda, ürəyində, varlığında, ruhunda idi. Və bizə nə xoş ki, S.Elcanlının özünün də, sənətinin də, yaradıcılığının da o müdrik keyfiyyətlərindən ürəklə danışa bilirik. Etiraf edim ki, müdriklik ona çox yaraşır.

 

Məhərrəm QASIMLI

Əməkdar elm xadimi, professor

525-ci qəzet.- 2016.- 7 may.- S.18