Haqqın sədası

 

 

Haqq ilə haqsızlıq, xeyirlə şər zaman-zaman insan düşüncəsinə hakim kəsilib, bədii ədəbiyyatın, sənət əsərlərinin əsas mövzusuna çevrilib.

Xeyirlə şərin mübarizəsi, haqsızlığa, ədalətsizliyə qarşı üsyan, insanın azadlığı, arzuları haqqında yazılmış saysız-hesabsız ədəbi nümunələr deməyə əsas verir ki, bu mövzu dünya durduqca daim gündəmdə olacaq, bəşəriyyəti düşünməyə vadar edəcək. Çünki xeyirxahlıq, haqq-ədalət insanlığa xoşbəxtlik, tərəqqi bəxş etdiyi kimi şər, bədxahlıq, nadanlıq bəşər övladını daim uçuruma, münaqişəyə, müharibəyə aparıb, milyonların ömrünü talayıb. Buna görə insan yarandığı ilk gündən zülmdən, ədalətsizlikdən qurtulmağa çalışıb, haqqa can atıb. Ancaq insan haqsızlığın,  amansızlığın ona bəlalar gətirəcəyini bilə-bilə yenə pis əməllərində israrlı olub, xeyirlə şərin mübarizəsinə zəmin yaradıb.

Millət vəkili, yazıçı-dramaturq Hüseynbala MirələmovunAzərbaycanjurnalında dərc olunmuşOd bütromanını oxuyanda bu danılmaz həqiqəti daha dərindən anladım, ədalətsizlikdən, insan vəhşiliyindən əziyyət çəkən bir ölkənin vətəndaşı kimi zülmün acı üzünü  hiss etdim həm nahaq qanların yerdə qalmayacağı qənaətinə gəldim.

Romanın dəyərini artıran   onu oxucuya sevdirən ən başlıca cəhət müəllifin müraciət etdiyi mövzunun aktuallığı, dövrlə, zamanla səsləşməsidir. Bu gün dünya ayrı-ayrı terrorçu qruplaşmaların, silahlı birləşmələrin, millətçi təşkilatların, ağılsız rəhmsiz siyasi rəhbərlərin yaramaz əməllərinin ağrısını-acısını yaşayır. Xalqları, dinləri, irqləri, ölkələri üz-üzə qoyanların vicdansızlığı sayəsində dünyanın narahatlığını, əzablarını yaşayan insanların taleyi bir vətəndaş, yazıçı kimi Hüseynbala Mirələmovu da ciddi düşündürdüyü üçün o, belə bir mövzunu qələmə alaraq sanballı əsər yaradıb.

Əsərin ana xəttini təşkil edən dinlər, baxışlar, məslək əqidələr  arasındakı mübarizə, xeyirlə şərin qarşılaşması  bir tayfanın timsalında əks etdirilsə , əslində ümumiləşdirilir, bəşəriləşdirilir insanlığa şamil edilir.

Romanın baş qəhrəmanı İbrahim Allahını, dinini, torpağını sevən, halal zəhmətlə dolanan, ailəsinə bağlı, heç kəsin malında-dövlətində gözü olmayan bir insandır. O, haqqı, imanı, inamı yolunda hər bir əzaba dözməyə hazırdır. Hətta odda yandırılmağa, vadidə ilanlara yem edilməyə məcbur olunduğu, təqiblərə məruz qaldığı, incidildiyi anlarda belə taleyindən gileylənmir, inamına, gücünə arxalanır, xeyirxahlıq yolunu tutur.

Əsərdəki Azər baba da maraqlı obrazdır - vətəndaşlıq təcəssümüdür, torpaq, el-oba fədaisidir. O, doğma yurdunu tərk etməmək üçün hər bir çətinliyə qatlaşan bunu övladlarına, nəvələrinə təbliğ edən bir insandır. Doğma od-ocaq onun üçün müqəddəsdir o, can verəndə belə nəvəsi İbrahimə eldən uzaq düşməməyi, necə olursa olsun, ev-eşiyində qalmağı vəsiyyət edir.

Həmrud oğlu Marud isə bu insanların tamamilə əksidir. Allaha deyil bütlərə səcdə edən bu insanlar, xüsusilə Nəmrud ən çirkin əməllərə əl atmaqdan çəkinmir. Öldürmək, asmaq, yandırmaq, dağıtmaq onun həyat amalıdır. Vəhşilik etməkdən, qan tökməkdən zövq alır. İnsanların başına min bir oyun açır, hətta İbrahimi diri-diri yandırmaq qərarını verir. Təbiidir ki, o, etdiyi haqsızlıqların layiqli cəzasını alır.

Müəllif bu səhnəni çox canlı təsirli təsvir edir: “Qılıncın qalxan, havanı cıran məqamında Marud yenə Nəmrudun gözlərinə fikir verdi. Bu gözlərdə rəhm mərhəmətdən əsər-əlamət yox idi. İldırım vurmuş kimi əli göydə donan Nəmrud yerində səndələdi. Gözlərindən qan açıldı, bəbəkləri hədəqəsindən çıxacaq qədər böyüdü. Qılınc tutan sağ əli boşaldı, sol əlin havada yelləndi, dizləri əsdi, əlindəki qılınc düşüb yerə sancıldı”.

Nəhəng büt heykəlin parçaları arasında dəhşətli vəziyyətdə canını tapşıran Nəmrudun ölümü qədər qorxunc olsa da oxucunu  kədərləndirmir, əksinə sevindirir. Çünki Nəmrud kimi zalıma, zülmkara belə ölüm yaraşır yazıçı bu səhnəni yaratmaqla zülmə qarşı öz qəti etirazını bir daha ifadə edib.

Romandakı digər surətlər - Lüt, Marud başqaları haqqında geniş söz açmaq imkanı olmasa da, onların hər biri yaddaqalandır.

Əsərdəki təsvirlər, məkanlar, hadisələr yazıçı təxəyyülünün məhsulu olsa da, davranışlar, mövqelər, düşüncələr hər birimizə doğmadır, realdır. Çünki yaxşı, pis insanlarla biz hər gün qarşılaşırıq, xeyirxahlıqdan zövq alır, bədxah əməllərdən ömrümüzü gödəldirik. Yazıçının məharəti onda özünü göstərir ki, o, belə insanları düzgün seçib qiymətləndirməyi, güclü xarakterlər yaratmaqla surətləri, hadisələri düşüncələrə təsir edəcək tərbiyə vasitəsinə çevirməyi bacarır.

Əsərdə bədii təsvirlərin obrazların psixoloji vəziyyəti ilə uyğunlaşdırılması, hadisələrlə insanların əhval-ruhiyyəsinin əlaqələndirilməsi romana yeni, müsbət çalarlar verir, onun təsir qüvvəsini artırır. İbrahimin odda yandırılmağa gətirilməsi zamanı yerin-göyün lərzəyə gəlməsi, yaxud Lütün keçirdiyi psixoloji sarsıntılar, köçün ilanlı vadidən keçməsi cəhnələri xarakterik və yaddaqalandır.

Romanda epos nümunələrinə, mifoloji düşüncələrə müəyyən yer ayrılması yazıçının milli ruhundan, milli dəyərlərimizə, adət-ənənələrimizə bağlılığından, keçmişimizə sədaqətindən irəli gəlir.

Odbüt” romanının əsas ideyasını şərə, haqsızlığa, zülmə qarşı mübarizə və bu yolda insanların dönməzliyi, qətiyyəti, qələbəsi təşkil edir ki, qarşıya qoyulan, təbliğ edilən məqsəd, amal  bəşər övladı üçün arzuolunan, dəyərli, müqəddəsdir. Belə müqəddəs amallar uğrunda mübarizədə yazıçı dostuma yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

 

 

Tahir Rzayev

Milli Məclisin deputatı

525-ci qəzet.- 2016.- 7 may.- S.16