Afaq Məsud dünyası

 

 Üçüncü yazı

 

 

Hər hansı böyük yazıçının yaradıcılığa hansı yaşda, hansı şərtlər, sözün geniş mənasında təsirlər altında başlaması cəmiyyət üçün onun yaradıcılığının məzmunu, mahiyyəti qədər maraqlıdır. Və bu baxımdan Afaq Məsudun ədəbi tərcümeyi-halı da istisna təşkil etmir.

Ramiz Rövşən xatırlayır:

“...Afaqı ilk dəfə görəndə hələ onun heç bir hekayəsini oxumamışdım. Və doğrusu, kinostudiyada özündən başqa üç-dörd redaktorun da əyləşdiyi darısqal və səs-küylü iş otağında həmişə başını aşağı salıb nə isə yazan bu yaraşıqlı və səliqəli qadının sadəcə qrafoman yox, əsl yazıçı olduğuna da inanmağım gəlmirdi”.

Ramiz Rövşən davam edir:

“Sonra onun zahiri görkəminə heç uyuşmayan hekayələrini oxudum və nədənsə bu hekayələr mənə uşaq vaxtı həm qorxu, həm də maraqla baxdığım, sualtı aləmi təsvir eləyən filmləri xatırlatdı. Bu hekayələrin müəllifi suyun altına enən dalğıclar kimi insanın şüuraltı dünyasına enir, ən əcaib və qorxulu dəniz heyvanlarına oxşayan qəribə, qorxunc, bəzən hətta iyrənc duyğu və düşüncələri ovlayıb qələminin ucunda suyun... yox, vərəqin üzünə çıxarırdı”.

 

Fikrimizcə, Ramiz Rövşənin bu müqayisəsinə nisbətən aşağıdakı müqayisəsi daha poetikdir: “Onun öz qəhrəmanlarına münasibəti həkimin öz xəstələrinə münasibətinə bənzəyirdi. Həkim barmağını basa-basa xəstənin bədənindəki ağrıyan yerləri axtardığı kimi, o da sanki cümlə dalınca cümlə yaza-yaza öz qəhrəmanlarının ağrıyan nöqtələrini axtarırdı. Və xəstə qəfil ağrıdan diksinib ufuldayanda həkim, axtardığını tapan adam kimi necə sevinirdisə, yəqin o da bu hekayələri yazanda tez-tez eləcə sevinirdi, çünki bu hekayələr o cür “ağrılı tapıntılar”la dolu idi”...

 

Həmin “ağrılı tapıntılar”ın biri “Tutuquşu” hekayəsidir.

 

“Tutuquşu”nda əsas motiv tənhalıq (və ya darıxma)dır... “Ən yaxşı günlərini Bakıdan Qobuya, Qobudan Bakıya gedib gələ-gələ, günün altında saatlarla oynamaqdan üzləri ala-tala kənd uşaqlarına savad verə-verə... o avtobusdan bu avtobusa, o tramvaydan bu tramvaya minib düşə-düşə, o dayanacaqda, bu dayanacaqda yağışın, günəşin altında dayanıb gözləyə-gözləyə...” keçirmiş İnci qarı indi dörd divar arasında oturub qonşuların divarların arxasından gələn səslərinə qulaq asmaqla məşğuldur.

“Divarın o biri üzündə gəzişən, asta-asta danışıb öskürüşən qonşuların səslərinin arasıyla daşların qumunu xırda, iti dırnaqlarıyla qaşıyıb ovan kərtənkələlərin balaca caynaqlarının da səsini eşidirdi...

 

Fikirləşdi ki, kərtənkələlər bu divarların çoxdankı sakinləridi, hələ, bəlkə də, onunla yaşıddırlar. İl-ildən ovulub möhkəmliyini itirən daşların içini oyub boşalda-boşalda, olsun ki, burda özlərinə əməlli-başlı şəhər salmışdılar. Kərtənkələlər şəhəri...

Evi bu yaxınlarda sökəcəkdilər. Çünki çox köhnə idi. Suvağı da, əhəngi də elə bil öz-özünə, durduğu yerdə ovulub tökülürdü. Tavanın taxtaları da uzun illərin yağışlarından nəm çəkib qarın atmışdı, amana bənd idi ki, iki bölünüb başına uçsunlar...”

 

Yazıçının vardığı təfərrüatlar nə qədər geniş, təfsilatlı olsa da, yorucu deyil. İlk növbədə ona görə ki, az qala hər cümlə ovqat yaradır, obraz və ya təəssürat barədəki məlumatı get-gedə daha da bütövləşdirir...

“Payız-qış ayları isə vəziyyət lap pisləşirdi. Qədim hündür qapıların, dörd laylı pəncərələrin cırıltısı küləyin səsinə qarışıb evi ac canavar ulartılarıyla doldururdu, canına vəlvələ salıb onsuz da zəif əsəblərini tarıma çəkirdi. Onda İnci qarı məcbur olub ayağa qalxırdı, döşəmənin tavandan geri qalmayan çürük taxtalarını cırıldada-cırıldada evin içiylə o baş-bu başa gəzişirdi, küləyin səsini bir qədər də olsa, batırmaqdan ötrü divar radiosunu yandırıb səsini artırır, pəncərənin məhəccərinə söykənib kimsəsiz küçənin qaranlıqlarına zillənirdisə də küləyin bədəninə yeritdiyi növbənöv qorxulardan qurtula bilmirdi”.

 

Yaşlaşmış (və tənha) qadının yaşantıları barədə aydın təsəvvür yaradan (və biri digərindən doğan) bədii detal-təfərrüatlar davam edir:

“Bu evin xanımını İnci qarı ürəyində şərti gəlini, məktəbli uşaqları üzlərini ara-sıra uzaqdan-uzağa gördüyü nəvələri elan etsə də, uşaqların əsəbi atasını heç cür kürəkənliyə qəbul edə bilmirdi. Səbəb qonşu kişinin öz qaradinməzliyindən İnci qarının qulaq həyatına daxil ola bilməməsi idi.

Gəlinlə uşaqların mehriban ünsiyyətindən isə İnci qarı həmişə zövq alır, içi həyat eşqi ilə dolu qəribə, ilıq bir ovqata düşürdü... Keçmiş illəri-uşaqlığını, məktəb dövrlərini, ana-bacılarını xatırlayıb geriyə-həmin dövrlərə qayıdır, hər şeyi yenidən yaşamağa başlayırdı”...

 

Qarının bir qonşusu da var... Gürcü qadını Mila... “Evindən daim heyvanxana iyi gəldiyindən İnci qarı onu qəsdlə “Mıla” çağırırdı. Deyəndə də deyirdi ki, “Mila” deyə bilmir, dilinə yatmır”...

Milanın ev “heyvanxana”sının bir sakini də tutuquşudur...

“Hava işıqlanırdı... Qonşu eyvandan Milanın tutuquşusunun şən çığırtıları eşidilirdi. Quş kimisə görmüş kimi ucadan:

- Sabahın xeyirrr! Sabahın xeyirrr!.. - deyə çığırırdı”... Və İnci qarı qərara gəlir ki, özünə tənha günlərinin həmdərdi olacaq bir tutuquşu alsın.

Ancaq zoomağazadan seçib aldığı tutuquşu qarının bütün nəvazişlərinə baxmayaraq qəfəsin içində ona arxa çevirir. İnci qarı tutuquşunu sakitləşdirmək üçün eyvana çıxarıb yem dalınca gedir... “...Yem dolu qabı əlinə alıb eyvana qayıdanda isə İnci qarının gördüyü mənzərədən ürəyi qırıldı...

 

Bayaqdan bura ona düşmən gözlərlə zillənən tutuquşu özünə həmsöhbət tapmışdı... Boğazının tüklərini Milanın eyvanındakı tutuquşuya qabardıb:

- Sabahın xeyir! - deyə çığırır, Milanın tutuquşusu təpəsindəki lələyini cıqqa kimi dikəldib:

- Abatın xeyir! - deyə ona cavab verirdi”.

 

Hekayədə oxucu təfəkkürünün nüfuz edə və ya fərqləndirə biləcəyi ən azı üç süjet-konstruksiya var ki, bunlardan birincisi İnci qarının normal tərcümeyi-halıdır... İkincisi “dörd divar” arasındakı yaşantıları, qulağının eşitdiklərindən quraşdırdığı “həyat”ın təəssüratlarıdır... Üçüncüsü isə, özünə qeyri-adi həmdərd axtarışıdır ki, o da əvvəlkilər kimi uğursuz sonluqla bitir.

 

Bu süjet-konstruksiyalar biri digərinin davamı olduğu kimi, əslində, uğursuz sonluqları da biri digərindən doğur. Və müəllif nəinki bu “müəmma” izah etmir, heç ona cəhd də göstərmir... Onun məqsədi həmin “müəmma”nın mümkün qədər dolğun portretini yaratmaqdır ki, bunu da ustalıqla edir.

“Tutuquşu”nun tənhalığa məhkum olunmuş qəhrəmanı ilə “Yataqxana”nın hər cür ünsiyyətlə əhatə olunmuş qəhrəmanları arasında paradoksal bir oxşarlıq, ziddiyyətli (lakin munis!) bir bağlılıq var...

 

“Yataqxana” hekayəsi bütün ailələrin eyni cür yaşadığı, hamının bir-birinin işinə qarışdığı, yataqxananı xatırladan binadakı həyat tərzinin təsviri ilə başlayır... “Evdə Məstan qalstukla gəzib-dolanır, oturub-duranda dönə-dönə üst-başını yoxlayır, hər addımında arvadından üzr istəyirdi...

Elə bil Məstangilin evlərində böyük bir kamera var idi ki, gecə-gündüz onları izləyir, hərəkətlərini, səslərini gizli-gizli lentə köçürüb oradan birbaş həyətə ötürürdü”...

 

Texnikum yataqxanasının müdiri olan Məstan dincliyini öz evində deyil, yataqxanadakı kiçik kabinetində tapır... “Çünki burda - bu balaca, kasıb otaqda o, istədiyi kimi otura bilirdi. İstəsəydi lap ayaqlarını stolun üstünə qoyub yayxanardı... İstədiyi qədər barmaqlarını şaqqıldadardı, lap paltarını soyunub şeir də yazardı”...

Kommuna həyatından təngə gəlmiş Məstan bir yay arvad-uşağını da götürüb müəyyən müddətə bağa köçür. Ancaq adət edilməmiş bu azadlıq, sərbəstlik ailə üçün dözülməsi mümkün olmayan problemlər yaradır... “Günlər ötdükcə Məstanın arvadının da, oğlunun da başı elə bil xarab olur, gah oğlu, gah arvadı, Məstan yüz il yatsa belə, yuxusuna girməyən əcaib hoqqalar çıxarmağa başladılar”...

“Bağ istirahəti”ndən yarımçıq evə qayıdan ailəni “kommuna” böyük təmtəraqla qarşılayır... “Evlərinə çatan kimi bütün bina onlara axışdı...

Oğlunun “keçiliy”i həmin gün keçib getdi. Uşaq dönüb əvvəlki tərbiyəli, utancaq oğlan oldu, kimi gördü utanıb tər tökdü.

Arvadının qırışığı da evə gəlib çatan kimi açıldı”...

Bu ona oxşayır ki, qəfəsə öyrənmiş quş qəfəsdə darıxır, ancaq qəfəsdən çıxandan sonra məlum olur ki, darıxmaq onun həyat tərzinin ayrılmaz tərkib hissəsi imiş. Və qəfəsdən kənarda onun üçün həyat ümumiyyətlə yoxdur...

 

Afaq Məsud “niyə qəhrəmanlarınızı bu qədər psixoloji labirintlərdə dolandırırsınız? Yoxsa bu, insan kontaktlarının yeni forma axtarışıdır?” sualına belə cavab verir:

“...Düzü heç vaxt məxsusi bir yenilik yaratmaq iddiam olmayıb. Əsərlərimdə sizə yeni görünənlər, olsun ki, milli ədəbiyyatımızın qəbul olunmuş normalarından, millilik ənənələrindən bir qədər kənar baxışlar, bir qədər çılpaq, daha doğrusu, burxulmuş fikir və duyğulardır. Ədəbi qəhrəmanlarımı dediyiniz psixoloji labirintlərdə dolandırmağıma gəlincə, bilirsiz ki, psixoloji nəsr yazıram. Bu üslub geniş oxucu kütləsi üçün rahat həzm olunan əsərlər yetirmir və ola bilsin, qəhrəmanlarıyla bir, yarıqaranlıq labirintlərlə, mistik dəhlizlərlə dolaşan müəllif kənardan qorxu və iztirablar içində qovrulan insan təsiri bağışlayır. Lakin bu heç də belə deyil. Dediyiniz o dərinliklər, yarıqaranlıq, qapalı məxfiliklər mənim çoxdannan bəri temperaturuna öyrəşdiyim doğma yerlərdi”...

Etiraf etmək lazımdır ki, Afaq Məsudun əzabkeş qəhrəmanlarının ekvivalentləri onların yarandığı dövrün Azərbaycan ədəbiyyatında da müşahidə olunmur. Bu isə o deməkdir ki, yazıçının “axtarışlar”ını ümumi axın-ədəbi proses kontekstində tədqiq etmək həmin “axtarışlar”ın “anatomiya”sını aydınlaşdırmaq üçün o qədər də mötəbər metod ola bilməz. Lakin insan əzablarını ədəbiyyata daha inamla gətirmək baxımından 60-cı, 70-ci, 80-ci illərdə yaranmış müəyyən ideoloji-mənəvi (və estetik) şəraitin təsiri də danılmazdır... O həddə qədər ki, Afaq Məsud yaradıcılığının özunəməxsusluğu üzərinə kölgə salmaq, bu özünəməxsusluğu dövrün ədəbi təfəkkür tipologiyasının bilavasitə təzahürü olması iddiasına düşülməsin...

 

 

Nizami Cəfərov

525-ci qəzet.- 2016.- 7 may.- S.15