“Baş”da süjet sistemləri: tarixi fon və
bədii uydurmalar, personajlar və xarakterlər
“Baş” romanında xarakterlər və
personajların psixologiyası
Elçinin “Baş” romanındakı qəhrəmanları
müxtəlif təbəqədən olan insanlardır. Burada onlardan hər
biri əsərdə ona ayrılan öz rolunu, öz
missiyasını, öz fəaliyyətini yerinə yetirməkdədir.
Pavel Sisianov sərdar, knyaz, canişindir. Onun qılıncının
qabağı da kəsirdi, dalı da.
General idi. Cənubi Qafqazda at
oynadırdı. Derjavanın məqsədlərini
burada bacarıqla həyata keçirənlərdən idi.
O, Allahın yaratdığı imperiyanın xidmətçisi
idi. Buna görə də knyaz Sisianov Qafqaza gəldiyi gündən
daima Rusiya imperiyasına sadiq qaldığını
nümayiş etdirirdi. Qarabağ cinsli Pantera
atına ürəkdən bağlı idi.
Zaqafqaziyaya
gələndən seçmə atlar arasından yalnız bu
atı seçib onun belinə minməsi, Pantera ilə knyaz
arasında qarşılıqlı məhəbbətin
yaranması, həyatda özünə ən sədaqətli məxluq
kimi bu atı seçməsi, bu Qarabağ atının
özü ağ olsa da, knyazın ona qapqara Pantera adını
qoyması, onu tumarlaması, Qoşa Qala Qapısından
Panteranın belində Bakıya Böyük Rusiya
imperiyasının xidmətçisi qismində daxil olmaq istəyi
və Panteraya “dostum” deyə müraciət edib Bakı
xanlığında nə varsa bir neçə dəqiqədən
sonra Derjavaya məxsus olacağı haqqında
düşünməsi, Bakını işğal zamanı əvvəllər
özü ilə öyünməsə də, sonra
özündən razılıqla özü-özünə tənə
ilə “Bəsdir, knyaz, deyəsən, yaman şöhrətpərəst
olursan”, deyib içində bir həyəcan yaratması,
Bakının işğalı olan tarixi gündə nəinki
özü ilə, həm də bütün Rusiya ilə
qürur duyması “onun bütün daxilindən gələn həqiqət
idi”(s.17).
Aleksandr
onu yenidən (1802-ci ildə) hərbi qulluğa
çağırıb, general-leytenant rütbəsi verərək
Həştərxanın hərbi qubernatoru, Qafqaz ordusunun
baş komandanı, Cənubi
Qafqazın imperator canişini,
Gürcüstanın Ali hakimi təyin etdikdən
sonra “Rusiyanın Qafqaz
uğurları sizinlə birlikdə olacaq” (s.19), “Mən bilirəm
sizi hara göndərirəm, knyaz... Özünüzü
qoruyun”(s.19) deyəndə Sisianovun
qulaqları cingildəmişdi. Knyaz Derjavanın
əldə edilmiş qələbələri
qarşısında farağat dururdu. Gəncəyə
Yelizavetpol adını verib, Bakıya Aleksandropol adını
verməyi düşünməsi, sonra kim
Aleksandropolun adını Bakı adlandırsaydı bir
gümüş rubl cərimə edilməsi, Aleksandropol və
Abşeronda bütün məscidlərdə imperator Aleksandr
Pavloviçin və onun ailəsinin sağlığına və
şərəfinə dualar oxudacağı ilə
öyünməsi (s. 21) və s.
onun xarakterinin yadda qalan cizgilərindəndir.
Elçin,
fikrimizcə, Pavel Sisianovun xarakterinin bütün tərəflərini,
onun şəxsiyyətini, mənəviyyatını, Cənubi
Qafqazda yaşayan xalqlara qarşı münasibətini,
Derjavaya canla-başla xidmət etmək istəyində
olmasını, Bakının işğalı ərəfəsində
keçirdiyi hiss və duyğularını, içindəki
təlaşlarını, səksənmələrini,
şübhələrini, haldan-hala düşməsini
uğurlu bədii təsvir vasitələri və psixoloji gərginliklər
fonunda vermiş, onun xarakterinin bütün səciyyəvi
xüsusiyyətlərinə oxucunu inandıra bilmişdir.
“Baş” romanında yer almış bütün
personajlar öz dövrünün, mühitinin və ətrafının
insanları olmaqla öz fərdi psixologiyası ilə ortada
durmaqdadırlar. Knyaz üçün at özünəməxsus
fərdi və zahiri xüsusiyyətləri,
görünüşü tamamlayan heyvan və minik vasitəsi
olmaqla bərabər, həm də çoxsaylı cins
atların arasından seçilmişdir. Pantera
Sisianovun bir heyvan olaraq dostu yox, həm də mübarizə
meydanında yaxın köməkçisidir. Sisianov mahiyyət etibarilə Derjavanın
maraqlarını silah, ordu, artilleriya gücü ilə
qoruyanlardandır. Onun üçün Qafqazda lap qədim
dövrlərdən bəri yaşayan xalqların sərbəst
yaşamaq istəyi İmperiyanın
işğalçılıq maraqlarına görə
heç bir əhəmiyyət daşımır, əksinə
onun düşüncəsində onların qul edilib, Rusiya təbəəliyinə
qəbul edilməsi daha prioritetlidir. Onun
bütün düşüncəsi imperiya ambisiyalarının
təmin edilməsini nəzərdə tutur.
O, israrlı idi ki, Kaxetiya və
İmeretiya çarlıqları, Minqreliya və Quriya
knyazlıqları, bütün Şimali Azərbaycan -
Qarabağ, Gəncə, Şəki, Şirvan
xanlıqları, Car-Balakən camaatlığı ana
Rusiyanın tərkibində olduğu kimi 1806-cı il fevral
ayının 8-i Bakı xanlığı da Rusiya
imperiyasının ərazisinə çevrilsin. Bu çarlıqlar və
xanlıqlar Derjavanın quberniyaları olacaqdı (s.17).
O, azərbaycanlıların məğrurluğunu bilsə də,
bu məğrurluğu romantik dona
bürüməklə hər hansı nəyə isə nail
olmağın mümkünsüzlüyünü dilə gətirib,
əksinə onu sındırıb bu məğrurluğu
başqalarına görk etmək lazım olduğu (s.21)
haqqında daha çox düşünürdü. Və eyni
zamanda düşünürdü ki, Cənubi Qafqaz o zaman tam ram olunacaq ki, bu zəngin
tarixli, bu qədim mədəniyyətli vəhşilər
bir-birilə düşmən
olsun ki, aralarındakı çəkişmələr
heç zaman bitməsin (s.23).
Elçin “Baş” da Sisianovu intellektual baxımdan adekvat
təqdim edir.
Onun, bir tərəfdən, özünə
güvənməsini, qürrələnməsini, digər tərəfdən,
daxilini didib-dağıdan sarsıntılarını kifayət
qədər yaxşı yaradır. Yazıçı
Sisianovun bütün iç dünyasını (bəzi
hallarda həm də sevgi romanlarını) uğurla təsvir
mərkəzinə çəkir, ani təəssüratlarını
göz önünə gətirir. “Knyaz Sisianov əvvəlcə
heç nə anlamadı, təəccüblə fikrindən keçdi
ki, bu güllə səsləri hardan gəlir... və yerə
sərilmiş yavərinə baxdı, ancaq Hüseynqulu
xanın isterik çığırtısından sonra
başa düşdü ki, nəsə nəzərdə
tutulmamış bir hadisə baş verib. Knyaz təhtəlşüur
olaraq əlini belindən asılmış
qılıncının dəstəyinə apardı, ancaq dəstəkdən
yapışa bilmədi və yavaş-yavaş atdan yanakı
sürüşərək yerə düşdü”(s.26). Müəllif burada knyaz
Sisianovun içindən gələn daxili monoloqların, onun
düşüncəsində oturanların şübhələrlə
bağlı olduğunu da dərindən və uyğun
vurğulaya bilmişdir.
“Baş”
romanında o qədər aparıcı rola malik olmasa da,
Markiza Natalya de
Lafonjenin iç dünyası, xarakterik cizgiləri, onun knyaz
P.D.Sisianova ünvanladığı məktubu da bizim nöqtəyi-nəzərimizdən
önəmli görünür. Romanda cəmi
iki səhifəyə yaxın həcmi əhatə edən bu
parça gənc bir qadının Sisianova qarşı olan məhəbbət
macəralarını və hisslərini görümlü təsvir
etməkdədir. Natalya de Lafonjenin, bir tərəfdən,
oğlu Mişeli sinəsinə sıxdıqca
özünün əri Markiz Jerar de Lafonjenə xəyanət
etdiyini, digər tərəfdən, knyaza qarşı bir
ayın içində fırtına kimi yaranmış sevginin
başlayıb bitməsinə təəssüf edir, bu
qadının öz daxilində çəkdiyi mənəvi əzablar,
sarsıntılar yaşadığını, Sisianovu
xatırlamaqla yaşayacağını təsirli, emosional təsvirlərin
köməyi ilə ortaya qoyur, içi sevgi hissi ilə dolu
olan bir qadının xarakterini oxucunun göz önündə canlandırır(s.93-94).
Əri
Jerar, oğlu Mişel ilə Sankt-Peterburqda üzücü
hisslər və günlər keçirən Natalya de Lafonjenin
özünü məzəmmətləyə-məzəmmətləyə
yazdığı, xarakterini ortaya qoyduğu bu məktubda onun daxili təlatümləri,
qınaqları verilmişdir. Öz həyatına acımaq
burada həm də fərdi baxımdan özü
qarşısında, əri ,oğlu
qarşısında alçalma kimi görünür. Knyaz
Sisianova yazdığı məktubunda Natalya de Lafonjen öz
içində ağlayır, özünü həm
günahkar sayır, həm də knyaz Sisianovun bu məktubu on
yeddi il bundan əvvəlki ilk məktubu kimi oda atıb
yandıracağına, lakin bütün bunlara baxmayaraq, bu qadının onu
xatırlayacağına əmin olduğunu söyləyir.
Knyaz Sisianovu lap gənc yaşlarından sevmiş bu qadın əri
Jerara və oğlu Mişelə xəyanət etdiyinə
görə özünə yer tapa bilmir, Jerarla cismən bir
yerdə olsa da, ruhi və mənəvi
baxımdan Sisianovla birgə qalması haqqında
düşünür.
“Baş” romanının digər
personajlarında - Hüseynqulu xanın,Molla Müzəffər
Ağanın, Mahmud bəyin, Lal Qafaroğlunun, Dilmanc Şərif
bəyin, Babua Arçilin, Abbas Mirzənin, kapitan Suxaryovun, Qəssab
Balarzanın, Hacı Muxtarın, Ağabəyim Ağanın,
Hürü Bəyim xanımın, Cavad xanın, Xacə
Əbdül Rəhmanın, Sarı Çobanın, Sarı
Çoban Qızının, Qurd Kərimin və
başqalarının da xarakterik cizgiləri müəllif tərəfindən
bütün özünəxas keyfiyyətləri ilə
verilmişdir. Bu personajlardan hər birinin
davranışı üzərində
müşahidələr aparsaq, maraqlı məqamların
ortaya çıxdığını görərik. Məsələn, müəllif Bakı xanı
Hüseynqulu xanı xarakterizə edərkən onun “kəmhövsələ
bir adam” olduğunu qeyd etsə də, Bakının taleyi həll
olunan zaman onun təmkinlə məsləhətləşmə
apardığı “məsləhətə, təklifə
ülgüc ağzı kimi iti, həssas” ehtiyacı olduğunu, Bakının taleyi həll olunan məqamlarda
“taxtında oturmuş Hüseynqulu xan otağın istisində
əməlli-başlı üşüyürdü... əslində,
onu üşüdən.... sümüklərini ağrıdan
eşikdə cövlan eyləyən sulu külək deyil, ...
xanlığın düşdüyü bu
çıxılmaz vəziyyət idi və Sərdar
Sisianov onu elə boğazlamışdı ki, heç bir
çoban iti qurdu belə boğazlaya bilməzdi”(s.5-6). Bakının işğalı ilə bağlı
Hüseynqulu xanın keçirdiyi iztirablar, Molla Müzəffər
Ağanı dinləmək istəyəndə onun Ağa Məhəmməd
şahın Tiflisdən çıxdıqdan sonra Qarabağa
hücum etməsini yada salarkən İbrahim Xəlil xanın
Balakənə qaçması, Qacarın qəzəbindən
qan qoxusu gəlməsi və Hüseynqulu xanı Qacarın iki
dəfə öz hüzuruna çağırması,
Hüseynqulu xanın bəhanələrlə onun hüzuruna
getməməyinin Bakı xanlığına baha başa gələcəyini
düşünüb öz ölümünə doğru
Şuşaya getməsi, iki gündən
artıq vaxtdan sonra axşamüstü Şuşaya
çatıb Ağa Məhəmməd şahın qəzəb
qığılcımı saçan gözləri
önündə dayanması, Hüseynqulu xanın içindən
hürkü dalğasının keçməsi, Ağa Məhəmmədin Hüseynqulu xanı satqın adlandırıb edam
edəcəyi, Hüseynqulu xanın taxtından
salınması barədə sabah fərman olacağı halda
gecə Qacarın özünün qətlə yetirildiyini biləndə
Qacarın hökmünə yox, Allahın hökmünə
inanması vəziyyətin onsuz da çətinliyini dərk
edib ruslarla dil tapmağın məqbul hesab
edilməsi, Mahmud bəyə çımxırması,
bütün imkan və yolların tükəndiyini dərk
edib “ Seçim yoxdur, tərəzinin bir gözündə Sərdar
Sisianovun zatımızı təhqir edən şərtləridir,
o biri gözündə camaatımızın qırğını”(s.14) deyib, Bakının açarını Sərdar
Sisianova təqdim etmək zorunda qalması, Bakının təslim
olunması ilə bağlı ağır şərtlərlə
razılaşmaya getmənin yeganə yol olaraq düşünməsi, Dəli
Pyotr zamanında Bakının alınmasını yada
salması, rusların buradan çəkilib getməsi, sonra Yekaterinanın qoşunlarının
Bakını ələ keçirib Sisianovu buraya şəhər
rəisi təyin etməsi, Yekaterina gorbagor olduqdan sonra
Aleksandrın atasının qoşunları geri çəkməsinə
ümid etməsi, rusların bir gün rədd olub gedəcəkləri,
beləliklə, Bakını və camaatı qorumaq haqda düşünməsi, Qoşa Qala
Qapısının qarşısında Bakının
açarının knyaz Sisianova Hüseynqulu xanın
özünün şəxsən təqdim edəcəyini
fikirləşməsi, zərif cizgilərlə
naxışlanmış iri gümüş açarın
yaşıl ipək üzlü döşəkciyin üstündə
Sisianova uzatdığı an tüfənglərdən
açılan atəş zamanı “Adə, qoymayın...nə
edirsiz? (s.26) deyərək keçirdiyi hisslər və s. də
xanın xarakterinin və psixologiyasının özəl
ştrixlərini ortaya qoymaqdadır.
Nizami
TAĞISOY
Professor
nizami.mamedov@mail.ru
525-ci qəzet.- 2016.- 7 may.- S.14