Dostum Oljas haqqında
bir neçə kəlmə
GÖRKƏMLİ
ƏDİB OLJAS SÜLEYMENOVUN 80 İLLİYİNƏ
Günümüzün böyük şairi, məşhur şəxsiyyət
və mənim qədim dostum Oljas Süleymenovun yubileyi ərəfəsində,
onun şəxsi həyatının ölkənin
taleyilə nə qədər üst-üstə
düşdüyünü, başqa önəmli tarixlərə baxaraq xatırladım.
Hələ 25 yaşındaykən şair Oljas “Dünya, insana boyun əy” adlı poemasını yazmışdı... 12 aprel
1961-ci ildə bu şeir çoxaldılaraq
Alma-Ata şəhərində təyyarədən səpələnmişdi...
Beləcə, dildən-dilə düşdü bu şeir. Dünyanın ilk kosmonavtı Qaqarinin
anadan olmasının
45 illiyində də bu şeir oxunmuşdu.
Bunu, heç şişirtmədən,
şairin fəzaya yüksəlişinin ildönümü
kimi qiymətləndirmək
mümkündür. Halbuki
o, daha öncədən
ədəbiyyat fəzasında
uçurdu...
Sonra bu tarixi hadisə ilə bağlı bir çox şeir, nəsir əsərləri, esse kitablarıyla akademik çalışmalar yayımlandı. O vaxtlar
Yazıçılar Birliyi
kimi qurumlarda, kinomatoqrafiya kimi sahələrdə ciddi ictimai işlər də görüldü. Şair Oljasın şeirlərində
duyğuları oyadan lirik nəğmələr
vardır, ana torpağın, ana vətənin müqəddəsliyini
tərənnüm edən
gözəl misallar yer alır. Şeirlərində o torpaqların sahibi
olan xalqın daxili-xarici problemləri, çətinlikləri də
mövcuddur və əlbəttə insanın
taleyi haqqında dərin düşüncələr
var ki, hər
bir misrasını təkrar-təkrar oxuyar və bundan yorulmazdıq. Çünki onun hər bir
şeiri sürətlə
dəyişən dünyanın
iztirablı xarakterindən
söz açırdı.
Beləcə şeirlərin şəkli,
məzmunu sayəsində
poeziya dünyasında
yeni üfüq açaraq intellektual atmosfer yaratdı. Dövrün şairləri
sırasında şair
ola bilmək
həqiqətən böyük
uğur idi.
Bu, xüsusilə II Dünya Müharibəsindən sonra
doğulan, “Xruşovun
süqutundan” ilham alan, sonrakı
dövrdə aldadılan,
amma bunlara baxmayaraq ümidini itirməyən, altmışıncı
və yetmişinci illər nəslinin romantik və vətənpərvər əhvali-ruhiyyəsinin
yaranması idi...
Təbii
ki, Oljas Süleymenovun poetikasında
ən vacib mövzulardan biri kimi Türk və Slavyan mövzusu - həm etnik həm də tarixi meydana gəlməsi, Rusiya ilə Ulu Bozqurd sistemlərinin
həm mədəni, həm də estetik birliyi və ümumən Avrasiya qitəsinin doğmalığı keçir. Bunu da qeyd etməyim lazımdır ki, “Avrasiyaçılıq”
fikri O.Süleymenovun şeirlərindən ilhamlanmışdır. Günümüzdə bu fikrin praktik formalaşmasını
görməkdəyik və
qurulmuş olan Avrasiya İqtisadi Birliyi bunun göstəricisidir.
Yenə eyni düşüncəyə
əsaslanan və Asiya coğrafiyasında təhlükəsizliyi təmin
edən digər bir təşkilat Asiya Əməkdaşlıq
və Təhlükəsizlik
Konfransıdır.
Oljas Süleymenovun 15 illik araşdırmalarının nəticəsi
olaraq 1975-ci ildə “Az i Ya” kitabı işıq üzü gördü. “İqor
alayı haqqında Dastan” ilə “Şumername” bölümlərini
təşkil edən əsərin tarixi məzmunu kommunist fikrinin üzərinə dəmirçi çəkici
kimi zərbə endirib. Fəqət hamımız çox yaxşı bilirdik ki, Kommunist partiyasının
hər zaman dilə gətirilən bir cümləsi vardı: “Qazax xalqının məhvinin qarşısını Böyük
Oktyabr Sosialist İnqilabı aldı”. Dolayısıyla, ölkənin paytaxtı
Moskvanın dediyinə
görə, bu əsər “Qazax milli ruhun oyanışına
bir növ bal kimi” təsir etmişdi.
Təbii ki, bunun nəticəsində
ideoloji təzyiqlər
də meydana gəlmişdi. 1976-cı ildə şair hökumət tərəfindən
cəzalandırılmış, kitabının bütün
ölkələrdə yayılmasına
qadağa qoyulmuşdu.
Fəqət hər qadağa
qoyulan şeyin əslində daha çox reklam olunduğunu yaxşı bilirsiniz. Dolayısıyla, bu əsər
əlli qat baha qiymətə Moskvada əl altından satılaraq xalq tərəfindən oxunmuş və böyük maraq doğurmuşdu.
Bu həyəcanlı dövrün yaşanmasından
xeyli zaman keçib. İndi o dövrdə yaşananları
bugün təbəssümlə
xatırlayırıq. Qazaxıstan Kommunist Partiyasının
I katibi olaraq vəzifəyə başladığım
zaman Oljas Süleymenov ilə bağlı əvvəllər
qəbul edilmiş qərarların dəyişilməsinə
və şairin bəraət almasına vasitəçi olduğumu
böyük məmnuniyyət
hissi ilə anıram.
Yenə
Oljas Süleymenovun yubileyi ilə birlikdə xatırlamağımız
gərəkən ən
önəmli məsələlərdən
biri nüvə silahına qarşı yaradılmış hərəkatdır...
Hərəkat nüvə silahına
qarşı mübarizənin
önəmli tərkib
hissəsi oldu. Xüsusilə beynəlxalq
arenada təsir göstərərək nüvə
silahından zərər
çəkmiş insanlara
ciddi şəkildə
yardım olunmasına
böyük dəstək
verdi. Bununla
hərəkatın qurucusu
Oljas Süleymenov ictimai rəyin formalaşması və nüvə sınaqları
mərkəzinin bağlanması
üçün qərarın
qəbul edilməsinə
nail oldu. Beləcə, dünyada insanlara
ciddi təhlükə
sayılan nüvə
silahından imtina edən ilk dövlət və millət biz olduq. Bundan başqa, Oljas
Süleymenov tərəfindən
qurulan Qazaxıstan Xalq Konqresi Partiyasının
insan haqları və azadlıq uğrunda mübarizədə
fəaliyyətini xatırlatmaq
da yerinə düşər.
Bunu açıq
şəkildə bildirmək
lazımdır ki, Oljas bəy hər zaman açıq və dürüst hərəkət
edir, haqqı, ədaləti heç vaxt unutmur, vəzifəyə,
rütbəyə əhəmiyyət
verməyərək öz
prinsipləri əsasında
fəaliyyət göstərir. Elə buna görə də dostları ilə yanaşı ona qarşı müxalif fikirdə olan insanlar da
az deyil.
Fəqət hər şeyə
rəğmən o həm
milli, həm də beynəlxalq arenada böyük şöhrət qazanıb.
Siyasətə girişdiyi zaman
bir çox siyasətçilər siyasəti
hələ yeni mənimsəyirdilər. 1976-cı ildə onun adı Böyük Sovet Ensiklopediyasında qeyd ediləndə, Qorbaçovun adı heç kimə tanış deyildi.
Məncə, Oljas bəy
xalqı üçün
böyük xidmətlər
verib. Dünya mədəniyyəti və tarixində özünə yaraşan
bir yer tutur.
O, Qazaxıstan xalqlarının
birliyi və bərabərliyinə, Qazaxıstan
ilə digər dünya dövlətlərinin
əməkdaşlığına böyük töhfələr
verib. Bu səbəbdən
bəzi millətçi
insanların tənqidlərinə
rəğmən, bunu
söyləməliyəm ki,
Oljas həqiqətən
böyük vətənpərvərdir.
Vətəninin ehtiyaclarını çox yaxşı bilən və sülh uğrunda mübarizə aparan böyük vətəndaşdır.
O mənim əbədi dostumdur. Bəzən mübahisələrimiz olsa belə, o, hər zaman mənim ən yaxın dostum olaraq qalacaq.
Nursultan
NAZARBAYEV
Qazaxıstan Respublikasının Prezidenti
“Kardeş kalemler” dərgisi
Tərcümə: Xəyal RZA
525-ci qəzet.- 2016.- 7 may.- S.11