Qarabağ həqiqətləri
fundamental elmi araşdırmalarda
Siyasi elmlər
doktoru Elçin Əhmədovun Dövlət mükafatına
təqdim edilmiş “Ermənistanın Azərbaycana təcavüzü:
Təhlili xronika (1987-2011)” monoqrafiyası haqqında
düşüncələr
Elmin vətəni
yoxdur... Bu
postulatı postulat kimi qəbul etməmək
çətindir. Lakin məsələyə diqqətlə
yanaşanda bu fikri bəzi elm sahələrinə aid etmək
də olmur. Xüsusilə humanitar elmləri və xüsusilə humanitar
elmlərə daxil olan tarix elmini vətənsiz təsəvvür
etmək müşkül məsələdir.
Dünyanın
qloballaşma prosesi keçirdiyi indiki vaxtda ayrı-ayrı
ölkələrin tarixçiləri bu sahədə apardıqları tədqiqatlarda
çox vaxt ideoloji istiqamətdən çıxış edərək
tarixi özlərinə sərf edən istiqamətdən
araşdırmağa başlamışlar. Əlbəttə,
bu, saxta “tarixçilikdir”. Tarixi faktı
saxtalaşdırmaq heç bir ölkənin heç bir aliminə
şərəf gətirməz. Lakin tarixi
faktların interpretasiyası bir çox hallarda, həqiqətən
də, araşdırmaçıdan Vətən sevgisi, millət,
xalq təəssübkeşliyi tələb edir. Azərbaycanın bir əsrdən çox müddətdə
üzləşdiyi Qarabağ problemi Sovet ideoloji
kanonlarının tələbləri ucbatından
araşdırmaçıların nəinki Vətən
sevgisinə, heç obyektiv yanaşma prinsiplərinə də
imkan verməmişdir. Azərbaycanın
müstəqillik uğrunda mübarizəsi məqamında
qorbaçovların əlinə düşən girəvə
Qarabağda düşmənçilik fəsadları
yaratdı. Dağılmaqda və
sarsılmaqda olan imperiya Sovet cəmiyyətinin tələblərini
yayındırmaq üçün hələ uzun müddət
əvvəl hazırlanıb KQB anbarında qorunan Qarabağ məsələsini
ortaya atdı, Azərbaycan üçün bu gün də
davam edən ciddi bir siyasi problem yaratdı. Qarabağ
hadisələri başlanandan bu yana Azərbaycanın
görkəmli elm adamları problemlərdən
çıxış yollarını aramaqdadır. Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin yenidən hakimiyyətə qayıtması ilə
problemin həllinə aparan yollar müəyyən edildi.
Bu yollar sırasında Azərbaycanın haqq səsinin
beynəlxalq aləmə çatdırılması,
Qarabağ ətrafında erməni yalanlarının ifşa
edilməsi kimi vacib məsələlər aparıcı yer
tutur. İndi bununla bağlı hər kəs
bacardığı xidməti göstərməkdədir.
Xüsusilə elm xadimlərimiz bu sahədə
çox maraqlı əsərlər ortaya qoymuş və
qoymaqdadır. Bu sırada gənc alim,
siyasi və tarix üzrə araşdırmaları ilə
Qarabağ həqiqətlərini özünə elmi kredo kimi
qəbul etmiş Elçin Əhmədovun adını fəxrlə
çəkmək lazım gəlir. Elçin Əhmədovu
bir tədqiqatçı alim kimi Qarabağ həqiqətlərini
araşdırmaya sövq edən onun təkcə siyasi elmlərə
olan marağı deyil, həm də uşaqlıq illərini
keçirdiyi, itirilmə ağrısını hər an yaşadığı Şuşada
doğulması ilə bağlıdır. Bu mənada
onun apardığı elmi tədqiqatların uğurunu təmin
edən əsas faktorlardan biri və bəlkə də birincisi
alimin içindəki Vətən sevgisidir.
Ölkəmizin
və bir sıra xarici qurumların çeşidli
ödüllərini qazanmış Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının “Beynəlxalq münasibətlər və
xarici siyasət” kafedrasının dosenti, “Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin Əlaqələndirmə
Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin
rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədovun bu yaxınlarda oxuculara təqdim
etdiyi kitabları öz mahiyyəti və əhəmiyyəti
baxımından təkcə xarici siyasət məsələləri
ilə məşğul olan mütəxəssislər
üçün deyil, bütövlükdə içində
Vətən sevgisi, Qarabağ ağrısı daşıyan hər
kəs üçün çox maraqlı əsərlərdir.
Mən bu əsərlərə bələdəm və
onların hər biri erməni
yalanlarının ifşasından tutmuş, böyük
dövlətlərin, müvafiq xarici qurumların Qarabağ
probleminə münasibətini əks etdirən yüzlərlə-bəlkə
minlərlə elmi, ictimai, rəsmi dövlət sənədlərini
bir yerə topladığı və Vətən sevgisi
kontekstində interpretasiya etdiyi əsərlər kimi qiymətləndirə
bilərəm. Və birdən mən mətbuatda bu əsərlərin
ən sanballısının - “Ermənistanın Azərbaycana
təcavüzü:Təhlili xronika
(1987-2011)” monoqrafiyasının dövlət mükafatına təqdim
olunduğunu görüncə çox böyük sevinc hissi
keçirdim. Çünki bu kitab birbaşa
Qarabağ həqiqətlərini özündə əks
etdirir.
Mən
Elçin Əhmədovun Dövlət mükafatına təqdim
olunmuş “Ermənistanın Azərbaycana təcavüzü:
Təhlili xronika (1987-2011)” adlı həmin bircildlik
kitabını böyük maraqla oxumuşam. Bu
kitab Qarabağ hadisələrinə dair 1987-2011-ci illəri əhatə
edən sənədlərin təhlili xronikasını təqdim
edir. Təxminən 57 çap vərəqi
həcmində olan bu monoqrafiyada ötən əsrin 80-ci illərinin
sonlarından başlayaraq Ermənistanın Azərbaycana
qarşı ərazi iddiaları və bununla bağlı
apardığı işğalçılıq siyasətinin
hələ də davam edən prosesinin təhlili xronikası
öz əksini tapıb. Əsərin
annotasiyasında da deyildiyi kimi, “son 25 il ərzində
(1987-2011) Ermənistanın Azərbaycana qarşı təcavüzü
ilə yanaşı, eyni zamanda dünya birliyinin də bu
işğalla bağlı mövqeyi və beynəlxalq təşkilatların
münaqişəyə dair qəbul etdiyi sənədlər də
kitabda təhlil edilir”. Müəllifin
monoqrafiyada qarşıya qoyduğu bu ciddi və vacib problemin
araşdırılması, əlbəttə, çox
böyük zəhmət tələb edir. Lakin əvvəlcədən demək istərdim ki, tədqiqatçı
titanik zəhmət tələb edən bu vəzifənin
öhdəsindən bacarıqla gəlmişdir.
Müəllif monoqrafiyanın ilk səhifəsindən
oxucuya erməni təcavüzü ilə bağlı tarixi
faktları ardıcıl izləyəcəyini vəd edir. Araşdırma
Ermənistanın Azərbaycana qarşı ərazi
iddialarının tarixi köklərinə qısa ekskursla
başlayır və XX əsrin 80-ci illərinin ikinci
yarısından bəzi güc dövlətlərinin dəstəyi
ilə Ermənistanın bu iddiaları hərbi yolla genişləndirmək
məqsədlərinin mərhələlərini təhlil
edir. Bu təhlillər yaxın
keçmişin sənədləri əsasında
aparılır. Bu sənədlər və materiallar, əsasən,
üç istiqaməti - Ermənistanın etnik təmizləmə,
soyqırım və işgalçılıq siyasətinə
bağlı, böyük dövlətlərin və beynəlxalq
təşkilatların qəbul etdiyi qərar və bəyanatlar,
ayrı-ayrı dövlət və beynəlxalq təşkilatların
rəsmi şəxslərinin mətbuatda dərc edilən
fikirləri və s. əhatə edir. Bu sənədlərin
toplanması üçün müəllif 1200-dən
çox etibarlı mənbəyə müraciət
etmişdir. Bu mənbələr əsasında müəllif
ermənilərin Azərbaycan torpaqlarına
köçürülməsi, bu prosesin nəticəsində
xalqımıza qarşı aparılan etnik təmizləmə
və soyqırım siyasəti, Sovet dövründə bu
hesaba Azərbaycanın inzibati-ərazi
bölgüsünün pozulması və süni surətdə
Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, XX
əsrin sonunda Azərbaycana qarşı yenə də ərazi
iddiaları, hərbi təcavüz və
işğalçılıq siyasəti kimi fundamental tədqiqat
prosesi tələb edən bir araşdırma ortaya
çıxmışdır.
Monoqrafiyanın əsas təhlil obyektini Ermənistanın
Azərbaycana təcavüzünün ən yaxın tarixdəki
(1987-2011) faktlar təşkil edir. Müəllif,
çox haqlı olaraq, bu təcavüzün yeni dönəmdəki
faktını bədnam erməni “yazıçısı” Zori
Balayanın 1984-cü ildə nəşr etdirdiyi “Oçaq”
(“Yurd”) kitabının Ermənistanda türk dünyasına, o
cümlədən, Azərbaycana qarşı düşmənçilik
təbliğatının güclənməsi ilə
başlayır. Başlanğıcını bu tarixdən
alan hadisələrin təhlilləri
2011-ci ilin dekabrına qədər davam edir və tədqiqata cəlb
edilən və təxminən 27 ilin ağrılı proseslərini
əks etdirən yüzlərlə sənəd öz
izahını və ən azı, konstatasiyasını
tapır. Və həm də bütün bu
faktlar fonunda müəllif öz təhlillərində Ermənistanın
xalqımıza qarşı törətdiyi fəsadların
miqyasını göstərir. Hətta bu
məqamda həmin fəsadların ilk baxışda xırda
görünən detallarını belə qeydə
almağı unutmur. Məsələn, ermənilərin
ayrı-ayrı kəndlərə, şəhərlərə
hücumlarında qətlə yetirilən azərbaycanlıların
birər-birər qeyd olunması diqqətdən
yayınmır. Bütün bunlarla bərabər tədqiqatçı
Elçin Əhmədov faktlara tamamilə obyektiv mövqedən
yanaşaraq, 1993-cü ilə qədərki Azərbaycan rəhbərliyinin
səbatsızlığını, Ümummilli liderimiz Heydər
Əliyevin yenidən hakimiyyətə qayıtması ilə
Ermənistanın müharibədən çəkinməsinin
motivasiyalarını qələmə almışdır.
Bu monoqrafiyanın hətta ayrıca əlavələri də
oxucuya yeni və sanballı informasiyalar verir. Ermənistan silahlı
qüvvələri tərəfindən Azərbaycanın
işğal olunmuş rayonları, kəndləri, təbii-coğrafi
mövqeyi, tarixi abidələri və maddi-mədəniyyət
nümunələri, digər faktlar kitabda öz təhlilini
tapmışdır. Həm də bu faktlar və
təhlillər çox maraqlı foto-şəkillərlə
təqdim olunur.
Kitabın
maraqlı tərtibat formatı var, çoxçalarlı bu
formatda nəşrin supercildinin içəri qatında rus,
gürcü, hətta erməni müəlliflərinin ermənilərin
bir millət kimi pisniyyətli xarakterini açan, onların
Qarabağa və bütövlükdə bugünkü Ermənistana
gəlmə olduqlarını dilə gətirən sitatlar bir
daha oxucunun yaddaşına köçürülür və
Azərbaycanın haqlı mövqeyi beynəlxalq miqyasda təsdiq
edilmiş olur. Tarixi əsərlərindən sitatlar gətirilən
və ermənilərin iç üzünü cəsarətlə
açan B.B.Veliçko, N.N.Şavrov, A.S.Qriboyedov, Z.Korkodyan,
A.Samuel, İ.Çavçavadze və başqalarının
fikirləri əsərin ümumi ruhunu tamamlayır.
“Ermənistanın
Azərbaycana təcavüzü: Təhlili xronika (1987-2011)”
adlı monoqrafiya avantitul səhifəsində Heydər
Əliyevdən təqdim edilən bir tarixi tezisin mahiyyətini
özündə əks etdirir: “Qarşımızda duran əsas
vəzifələrdən biri son əsrdə xalqımıza
qarşı həyata keçirilən soyqırımı
haqqında indiki və gələcək nəsillərdə
möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə
bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə
nail olmaq, onun ağır nəticələrinin aradan
qaldırılmasına və bir daha belə halların təkrar
olunmamasına çalışmaqdır”. Məncə,
monoqrafiya Ulu Öndərin bu tövsiyəsinə xidmət edən
bir fakt kimi də qiymətləndirilə bilər. Və buna görə də Azərbaycan təhsil
sistemində şərəfli yeri olan Azərbaycan
Respublikasının Prezidenti yanında İdarəçilik
Akademiyasının bu əsəri dövlət
mükafatına təqdim etməsi faktı geniş ictimaiyyət
tərəfindən rəğbətlə
qarşılanıb. Tədqiqatçı
E.Əhmədov haqqında bəhs etdiyimiz monoqrafiyanı daha
da genişləndirərək bu dəfə üç kitabda
oxuculara təqdim edib. Mən bu məqamda həmin
kitablar haqqında da söz demək istərdim.
Müəllifin
istər haqqında bəhs etdiyim monoqrafiyasında, istərsə
də təzəcə
ərsəyə gətirdiyi həmin
üçcildliyin (üç
kitabın) hər birinin ilk avantitul vərəqində
Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan
Prezidenti İlham Əliyevin Qarabağ probleminə dair qiymətli
fikirləri epiqraf şəklində təqdim olunur. Bu fikirlərin hamısı Qarabağ, Azərbaycan,
Vətənin ərazi bütövlüyü, dövlət təhlükəsizliyi
kimi müqəddəs sahələrlə bağlı olub
kitabların ümumi məzmun kontekstinə istiqamət verir.
Məsələn; müəllifin “Ermənistanın Azərbaycana
təcavüzü” əsərinin 1-ci kitabında Ümummilli
liderin epiqraf kimi təqdim olunan aşağıdakı fikri əsərin
birbaşa araşdırma istiqamətinin fəaliyyət xətti
kimi qiymətləndirilə bilər: “Erməni millətçiləri
tərəfindən xalqımıza qarşı həyata
keçirilən soyqırım və təcavüz siyasətinin
iki yüz ilə yaxın bir tarixi vardır. Bu mənfur
siyasətin məqsədi azərbaycanlıları tarixi
torpaqlarından qovmaq, bu ərazilərdə erməni
tarixçilərinin və ideoloqlarının uydurduğu
“böyük Ermənistan” dövləti yaratmaq idi.
Müəyyən tarixi dövrlərdə bəzi
aparıcı dünya dövlətlərin planlarına
uyğun gələn bu siyasəti reallaşdırmaq
üçün müntəzəm surətdə ideoloji, hərbi
və təşkilati xarakterli iş aparılmış, tədbirlər
həyata keçirilmiş, ən müxtəlif üsul və
vasitələrdən istifadə edilmişdir.
Xalqımızın tarixi kobud şəkildə
saxtalaşdırılmış, maddi və mədəniyyət
abidələrimiz, toponimlərimiz erməni tarixçiləri
və “ideoloqlarının” təcavüzünə məruz qalmışdır”. Ümummilli liderimizin problemə belə dəqiq,
elmi-siyasi yanaşması E.Əhmədovun tədqiqatları
üçün yol göstəricisi rolunu
oynamışdır.
Haqqında bəhs etdiyim kitablar, o cümlədən,
1-ci kitab çox maraqlı illüstrativ materialları ilə də
diqqəti cəlb edir. Bu tarixi şəkillərin hamısı
Ümumilli liderimiz Heydər Əliyevin və Prezident İlham
Əliyevin Azərbaycan naminə beynəlxalq təşkilatlarda,
xarici ölkələrdə olan görüşlərindən
fraqmentləri əks etdirir. Diqqətlə
nəzərdən keçirdikdə bu çoxsaylı
illüstrasiyaların əsərin ümumi
kompozisiyasını necə tamamladığı adamda heyrət
doğurur. Həm də bu çoxsaylı
xəritələr, rəsmi fotolar (I, II kitablarda) Azərbaycanın
dövlət başçısının Azərbaycan naminə
xarici ölkə başçıları ilə
saysız-hesabsız görüşlərinin xronoloji
hesabatı təsiri bağışlayır.
E.Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü” silsiləsindən ikinci kitabı ermənilərin bizə qarşı etnik təmizləmə, soyqırımı, terrorçuluq fəaliyyəti və işğal əməliyyatı barədə ortada olan sənədlər və bu sənədlərə müəllifin interpretasiyalarını təqdim edir. Kitabın annotasiyasında da deyildiyi kimi, əsərdə “XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən mərhələsinin təhlili xronikası verilmişdir”.
Kitab Ermənistanın etnik təmizləmə, soyqırım, işğalçılıq siyasətinin Qarabağdakı fəsadlarını həm sənədlərlə, həm də əyani təsəvvür yaradan fotoşəkillərlə oxucuya çatdırılır. Kitabın maraqlı cəhətlərindən biri müəllifin giriş sözündə tarixi faktlara münasibəti və bu elmi münasibətin Ermənistanın murdar siyasətinin iç üzünü açmağa nail olmasıdır. Digər tərəfdən, Azərbaycan Prezidentinin Ermənistanın işğalçılıq siyasətinin ifşası ilə bağlı gördüyü tədbirlər, bu tədbirlərdəki fikirləri ətrafında müəllifin təhlil və qeydləri də problemin başlanğıcdan bu günədək olan gedişini dərk etməyə və nəticə çıxarmağa fakt verir. Kitabda erməni təcavüzünün xronikası, erməni terrorizminin fəsadları, Ermənistan tərəfindən işğal edilmiş rayonlar və onların etnoqrafik informasiyaları vacib faktlar kimi bizi mübarizəyə çağırır.
Məzmun və mahiyyət etibarı ilə bir-birini tamamlayan kitab dəstinin üçüncüsü Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq təşkilatların və böyük dövlətlərin siyasi xəttini nümayiş etdirən sənədlər toplusudur. Lakin bu, sadəcə sənədlər toplusu olaraq qalmır. Müəllif bu siyasətin xronikasını və mahiyyətini açan çox maraqlı təhlillər də aparmaqdadır. Müəllifin təhlilləri Azərbaycan Prezidenti İlham Əliyevin bu kitabın da avantitul vərəqində epiqraf kimi yer alan aşağıdakı tezislərindən qaynaqlanır: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir, Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda və ətraf bölgələrdə yaşamışdır, yaratmışdır. Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Biz heç vaxt imkan verə bilmərik ki, doğma torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılsın”. Oxucudan çox xahiş edərdim ki, müəllifin birinci kitabda Heydər Əliyevdən epiqraf kimi gətirdiyi və mənim də bu yazıda sitat kimi verdiyim fikirləri ilə İlham Əliyevin üçüncü kitaba epiqraf kimi daxil edilən fikirlərini bir-biri ilə müqayisə etsin. Onda bir daha əmin olacayıq ki, Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunu çox uğurla davam etdirən bugünkü dövlət başçısı İlham Əliyev Azərbaycan uğrunda, Qarabağ torpaqları uğrunda mübarizə ilə əlaqədar fikirlərində bir-birini necə tamamlayır. Seçilən və təqdim olunan bu sitatların dəyəri həm də bununla ölçülür. Və deməli, bir daha təkrar etməli oluruq ki, E.Əhmədovun araşdırma idealları öz mənbəyini ölkəyə rəhbərlik edən iki liderdən almaqdadır.
Bu əsərlər böyük və gərgin zəhmətin bahasına ərsəyə gəlib. Təkcə üçüncü kitabda müəllif 1245 mənbəyə müraciət edib. Əsərin sonunda ingilis və rus dillərində təqdim olunan xülasələr bu kitabları xaricilər üçün də xeyli əlçatan edir.
Əlbəttə, yəqin ki, bu gün ictimai
elmlərin tematikasında Qarabağ qədər ikinci bir vacib
mövzu yoxdur. Qarabağ bir millətin taleyi, bir ölkənin
milli ləyaqət məsələsidir. Bu mövzuya
qatılan hər kəs məhz bu postulatdan
çıxış etməlidir. Elçin Əhmədov bir
tədqiqatçı və bir vətəndaş ruhlu alim kimi
Qarabağ mövzusunu özünə həyat kredosu
seçib. Bu böyük və vacib sahəni hərtərəfli,
obyektiv və eyni zamanda Vətən sevgisi ilə
araşdırmaq işində ona dəstək olan ölkənin
sayılıb-seçilən alimləri var. Bu gün oxucuya təqdim
olunan “Ermənistanın Azərbaycana təcavüzü: Təhlili
xronika...” kitabının da, sonrakı üçcildliyin də
elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur. Bu ciddi və məhsuldar alimin, ictimai və dövlət
xadiminin Azərbaycanın geosiyasəti, xarici dövlətlərlə
münasibətləri, milli təhlükəsizlik siyasəti
və s. kimi onlarca məsələni özündə əks
etdirən 20-dən çox kitabı bütün hallarda həm
də Qarabağ probleminin araşdırılmasına
xidmət etmişdir. Belə bir alimin və dövlət
adamının haqqında bəhs etdiyimiz kitablara elmi
redaktorluğu həmin əsərlərə oxucu
inamını bir daha təmin edir. Digər tərəfdən,
bu kitablara tarix elmləri doktoru, professor, elmi mühitdə
özünü çoxdan təsdiq etmiş Musa Qasımlı və siyasi elmlər
doktoru, professor, xarici siyasət
məsələləri üzrə tədqiqatçı və
media eksperti Elman Nəsirov rəy vermişlər. “Ermənistanın
Azərbaycana təcavüzü...” kitabları Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun qrant layihəsi çərçivəsində nəşr
edilmişdir. “Litterpress” nəşriyyat evi kitabın ən
müasir poliqrafik üslubda çap edilməsinə xüsusi
səy göstərmişdir. Elçin Əhmədovun
haqqında bəhs etdiyimiz monoqrafiyası və üç
kitabdan ibarət yeni nəşrləri Qarabağ problemi ətrafında
son vaxtlar yaranan ən maraqlı tədqiqatlar
sırasındadır.
Cahangir
MƏMMƏDLİ
525-ci qəzet.- 2016.- 7 may.- S.10;16