Dağlar türkün
ruhudur
Məlum
olduğu kimi, Türkiyədə nəşr
olunan “Koroğlu” jurnalının may sayı
Xalq şairi Sabir Rüstəmxanlıya
həsr edilib.
Dərgidə yaxın günlərdə
70 yaşını qeyd
edəcək ədibin
türkcəyə çevrilmiş
şeirləri, eləcə
də müxtəlif qələm adamlarının
yazıları və şair haqqında fikirləri, təbrikləri
yer alıb.
Biz də təbriklərə
qoşulur, dərginin
bu sayının tərtibçisi, redaktoru,
şeirlərin və
yazıların tərcüməçisi,
Azərbaycan ədəbiyyatının
yaxın dostu İmdat Avşarın jurnalda yer alan yazısını
oxucularımıza təqdim
edirik.
Sovet İttifaqının
dağılması gənclik
illərimizə təsadüf
etdi. Universitetə ayaq
basdığımız o illər
(1988-1992) içimizdə milli
ruhun közərdiyi, hətta alovlandığı
inqilab sonrası illərdi... Sovet İmperiyasının xəfifcə
aralanan “Dəmir pərdəsi” arasından,
duman-çən içində
fəğan edən türk ellərini görməyə, ordakı
qardaşlarımızın səslərini eşitməyə
başlamışdıq...
Biz Türkiyədə:
Hanı
mavi dənizlərim,
Üç qitədə nal izlərim.
Kormu oldu bu gözlərim
Cəsusları seçməz daha...
- deyə kədərli,
soyuq türkülər
söylərkən birdən-birə
illərdir Azərbaycanda
təzyiq altında əzilsə belə hələ də gur, həyat dolu səsləri, daha doğrusu, səsimizin ata yurdlarında ucalan əks-sədasını eşitməyə
başladıq...
Keçər qardaşların məğlubiyyəti,
Üç qitə yolunda ayağım yorğun.
Vətən güclü isə,
ucadır bayraq
Vətən yıxılanda bayrağım
yorğun...
Yavuz Akpınar
və İbrahim Bozyelin nəşr etdirdiyi “Qardaş ədəbiyyatlar” dərgisində
yayımlanan yazıları,
şeirləri təşnə
içində oxumağa
başlamışdıq. Jurnalın
az qala hər
sayında şeirləri
çap edilən Xəlil Rza Ulutürk, Məmməd İsmayıl, Məmməd
Araz, Məmməd Aslan, Sabir Rüstəmxanlı
kimi şairlərin şeirlərini dəfələrlə
oxuyur, əzbərləyirdik.
Məmməd İsmayıl, Sabir
Rüstəmxanlı adlarını
beynimə həkk etmişdim. Bu iki qüdrətli şairlə
dost olacağımı haradan
biləydim ki? Sonra Azərbaycanı müstəqilliyə
aparan Meydan Hərəkatı başladı.
Artıq
Azərbaycandan görüntülər
də gəlirdi və şeirlərini böyük coşqu ilə oxuduğumuz şairlərdən Xəlil
Rza Ulutürk, Sabir Rüstəmxanlının
meydandakı çıxışlarına
şahid olurduq. Sağ əlini havaya qaldırmış, meydandakı yüz minlərə xitab edərək odlu nitqlər söyləyən
o gur saçlı, yaraşıqlı şair
hamımızın qəlbində
ayrı bir yer tuturdu. Azərbaycanı, söz-söz, misra-misra azadlığa daşıyan
bu şair Sabir Rüstəmxanlıdan
başqası deyildi və biz onu qiyabi sevirdik. Sabir Rüstəmxanlıyla
tanış olmağı, onunla danışmağı, dərdləşməyi,
bu duyğularımı
ona çatdırmağı
çox istəsəm
də o illərdə
qismət olmamışdı.
İllər sonra, 2003-cü ildə
dostum Aslan Quliyev zəng etdi və:
- Sabir bəy bir romanını türkcəyə tərcümə
etdirmək istəyir,
ona səndən danışdım, telefonunu
da verdim, sənə zəng edəcək, - dedi.
Elə sevinmişdim ki, təxminən iki ay Azərbaycandan gələcək
o zəngi gözlədim...
Zəng etdiyində ona nələr söyləməliyəm, deyə
hazırlaşmışdım... Zəng etdi, danışdıq... Dostluğumuz, ağabəy, qardaş münasibətimiz də o
zənglə başladı,
görünməz sevgi
bağlarıyla bir-birlərinə
bağlandı ruhumuz.
Uzun illər böyük qardaşını
itirmiş adamın yenidən qardaşına qovuşduğu andakı sevinci yaşamışdım...
Onun Azərbaycan gəncliyinə
yol göstərdiyi və gəncliyin istənilən problemi öz tarixinə dönərək həll edə biləcəyinə
işarə vurduğu
“Difai fədailəri”
romanını türkcəyə
çevirib, nəşr
etdirmişdim. Bu vəsiləylə onu Kayseriyə dəvət etdim. “Yeni üfüqlər” dərnəyinin
köməyi ilə bu kitabın tanıtımını və
nəşrini həyat
keçirdik, İmza günü təşkil etdik...
Ertəsi gün onu Kayseri şəhərinin sahibiymiş kimi qürurla ucalan Ərciyəs dağına apardım... Soyuq bir fevral günüydü. Ərciyəsin keçid verdiyi tək nöqtə olan Tekir yaylasında maşından düşüb, bu ehtişamlı dağın ətəyində fasilə verdik və zirvəni seyrə daldıq. Sərt külək əsir, qarı hər tərəfə sovururdu. Ərciyəs dağının zirvəsi dumandan, borandan görünmürdü. Dağlardan, türk millətinin, türk ozan və şairlərinin dağlarla olan bağından danışmağa başladıq... Tanrı dağları, Altay, Balkan, Qafqaz... Şəhriyar, Koroğlu, Dadaloğlu... Heybətli dağlar və ulu ozanlar keçdi gözümüzün önündən...
Mən:
- Ustadım, tariximizdə, ədəbiyyatımızda, dastanlarımızda, şeirlərimizdə dağların çox önəmli bir yeri var. Bunun səbəbi nədir? - soruşdum.
Sabir bəy bir müddət eşitmirmiş kimi susdu və birdən:
- İmdat bəy, dağlar türkün ruhudur, - dedi. - Min tufan görsə də, əsla əyilməz.
Sabir Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd adlı bir dağ kəndində doğulmuş, uca dağlar qoynunda yetişmiş bir el oğludur və ulu dağların oğlu sayılır bu üzdən. Ondakı əyilməz ruhun qaynağı da budur... Bəzi oğullar bir ailə üçün doğular, bəzilərisə bir millət üçün... Bir millət üçün doğulan və bu il 70 yaşı tamam olan müdrik şairimiz Sabir Rüstəmxanlını təbrik edir, ona uzun ömür arzulayıram.
Tərcümə: Cavid
QƏDİR
525-ci qəzet.- 2016.- 7 may.- S.19