Kitaba və mütaliəyə
münasibətdə Heydər Əliyev nümunəsi
Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Heydər Əliyev kitaba və kitabxanaya da həmişə böyük dəyər vermişdir.
Kitabı
mənəvi zənginliyin
və elmlərə yiyələnməyin mühüm
açarı hesab edən Ulu Öndər
daima gəncləri və ətrafındakı
insanları mütaliə
etməyə, kitabla həmsöhbət olmağa
dəvət etmiş,
həyatda kamil insan kimi yetişməyin,
zəngin biliklərə
yiyələnməyin yeganə
yolunun mütaliədən
keçdiyini söyləmişdir.
Məhz
bu dəyər və diqqətin nəticəsi olaraq Heydər Əliyev hətta Azərbaycan üçün çox ağır olan 1995-1997-ci illərdə 4 dəfə
M.F.Axundov adına
Dövlət Kitabxanasında
olmuş və həmin kitabxananın işləri ilə yaxından maraqlanmışdır.
Bu səfərlər Milli Kitabxananın həyatında böyük
dönüşlərlə yadda qalmış və onun inkişafında
əhəmiyyətli rol
oynamışdır. Böyük fəxarət
hissi ilə qeyd etmək lazımdır ki, hazırda özünün
sürətli inkişafı
və modernləşmə
dövrünü yaşayan
Azərbaycan Milli Kitabxanasının yenidənqurma
konsepsiyasının əsası
da XX əsrin 90-cı
illərinin ortalarında
ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
İlk dəfə Milli Kitabxanaya gələrək
kitabxananın problemləri
ilə maraqlanan Ulu Öndər özünün ciddi çətinlik dövrlərini
yaşayan bu mədəniyyət məbədinin
fondlarının zənginləşdirilməsi
üçün tədbirlər
görməyi tapşırmışdır.
Ulu öndər Heydər Əliyev 1995-ci il
iyun ayının 3-də
Milli Kitabxanaya gələrək “Vətənə,
dövlətə, xalqa
sədaqət andı”
kitabının təqdimat
mərasimində iştirak
etmişdir. O zaman M.F.Axundov adına
Dövlət Kitabxanasının
fəaliyyətini və
orada çalışan
insanların əməyini
yüksək qiymətləndirən
Ulu Öndər demişdir: “Azərbaycan Respublikasının mədəniyyət
mərkəzlərindən biri olan M.F.Axundov
adına Dövlət
Kitabxanasına gəlmişik.
Kitabxana xalq, millət üçün
müqəddəs bir
yer, mənəviyyat, bilik, zəka mənbəyidir... Mən vaxtilə
bu kitabxanaya dəfələrlə gəlmişəm.
Amma bu gün kitabxananın
astanasından keçərkən
çox böyük hörmət və ehtiram hissi duyuram.
Kitabxanaya və burada
çalışan insanlara
hörmət və ehtiramımı bildirmək
istəyirəm”. Bu fikirlər Heydər Əliyevin kitaba, kitabxanaya bir elm məbədi, bilik xəzinəsi kimi necə dəyər verdiyini əyani şəkildə göstərir.
Kitaba, mütaliəyə böyük
maraq göstərən
və onlardan kifayət qədər bəhrələnən insan
bu fikirləri söyləyə bilərdi.
Ümummilli liderimiz kitabxananın fondunun yeni ədəbiyyatla
necə komplektləşdirilməsi
ilə də maraqlanmış və bu işin çox
vacib olmasını söyləmişdir. Ulu öndər kitabxanaya çox az
sayda yeni ədəbiyyatın daxil olduğunu görərək
demişdir: “Kitabxana elə bir yerdir
ki, gərək daim onun fondu
genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Ona görə də bizim bu mərkəzi
kitabxanamız gərək
daim yeni-yeni nəşrlərlə təmin
olunsun”. Eyni zamanda
bunu nəzərə alaraq öz şəxsi kitabxanasından
300 nüsxəyədək çox qiymətli kitabı Milli Kitabxanaya hədiyyə etmişdir. Bununla da o, böyük
və şərəfli
bir ənənəyə
başlanğıc vermişdir.
Ulu öndər kitabxanadakı çıxışı
zamanı bu məsələyə də
toxunmuşdur: “Mən
indi kitabxanaya xeyli kitab bağışladım.
Güman
edirəm ki, bunlar fondda öz
yerini tutacaqdır.
Zənnimcə, gələcəkdə bu təşəbbüs də davam edə
bilər”. Doğrudan da,
xalqımızın böyük
oğlunun bu dahiyanə çağırışı
cavabsız qalmadı.
Onun çağırışına
səs verən görkəmli alimlərimiz
və ziyalılarımız
mərhum akademiklərimiz
Ziya Bünyadov və Budaq Budaqov,
Xalq yazıçısı
Elçin, teatrşünas-alim
Ədalət Vəliyev
və başqaları
Milli Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli miqdarda kitablar bağışladılar.
Heydər Əliyev M.F.Axundov adına Milli Kitabxanaya növbəti dəfə 1997-ci il noyabrın 5-də “Azərbaycan qaçqınları” fotoalbomunun təqdimat mərasimi zamanı gəlmişdir. O vaxt ulu öndər Milli Kitabxananın fondundakı xarici ədəbiyyatlarla da maraqlanmışdır və məlum olmuşdur ki, bir neçə ildir, Milli Kitabxananın fonduna xarici dillərdə yeni ədəbiyyat daxil olmur. Diqqəti bu məsələyə çəkən ulu öndərimiz oradaca Baş nazirə göstəriş vermişdir ki, Milli Kitabxanaya xarici dillərdə yeni ədəbiyyatın alınması məqsədilə 5000 ABŞ dolları həcmində əlavə vəsait ayrılsın və bu vəsait hər il nəzərdə tutulsun. Ulu öndərin bu göstərişinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin gün dərhal bu barədə müvafiq qərar qəbul etmiş və həmin ildən başlayaraq hər il kitabxanaya xarici ədəbiyyat və xarici dövri nəşrlər almaq üçün 5000 ABŞ dolları həcmində vəsait ayrılmışdır. Bu gün bu məbləğ hamı üçün kiçik görünsə də, o zaman üçün çox böyük məbləğ hesab olunurdu. Nəzərə alsaq ki, həmin dövrdə Milli Kitabxananın illik büdcəsi bütövlükdə heç beş min dollar deyildi, bu zaman bu məbləğin kitabxananın fondunun xarici kitablar və dövri nəşrlərlə komplektləşdirilməsində böyük rol oynadığı daha aydın görünər.
Ulu Öndər Heydər Əliyevin Milli Kitabxananın fonduna öz şəxsi kitabxanasından bağışladığı kitablar bu gün həmin kitabxananın Nadir kitablar və Kitabxana muzeyi şöbəsində böyük qayğı ilə mühafizə olunur və kitabxana fondundakı ən qiymətli kolleksiya kimi oxuculara, gənclərə, kitabxananın qonaqlarına və kitabxanaya ekskursiyaya gələn məktəblilərə və universitet tələbələrinə böyük fəxrlə nümayiş olunur.
Bu kolleksiyanın tərkibinə nəzər salarkən
oradakı çoxsahəlilik və yüksək mütaliə mədəniyyəti diqqəti cəlb edir. Həmin kitabların içərisində incəsənətə, mədəniyyətə, arxitekturaya, Azərbaycan tarixinə, coğrafiyasına, Türkiyə və cənubi Azərbaycan ədəbiyyatına, ədəbiyyatşünaslığa, milli adət və ənənələrimizə, kənd təsərrüfatına, islam dininə və müxtəlif dinlərə, dünya ölkələrinin tarixinə və ictimai həyatına, Qarabağın tarixi və probleminə dair Azərbaycan, rus və dünya klassiklərinin və müasir yazıçıların əsərlərinə, uşaq ədəbiyyatı nümunələrinə və digər nəşrlərə rast gəlmək olur. Bütün bunlar bir tərəfdən Ulu Öndərin mütaliə dairəsinin genişliyinin bariz nümunəsi olduğunu göstərsə də, digər tərəfdən bu böyük şəxsiyyətin bütün elmlərə marağının nümunəsi kimi qiymətləndirilməlidir. Ulu Öndərin bütün elmlərə vaqif olduğunun hər birimiz dəfələrlə şahidi olmuşuq və bir sıra xarici jurnalistlərin ona verdikləri “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz və bu qabiliyyət Sizdə haradandır?” sualına Heydər Əliyev cavab verirdi ki, hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır. Doğrudan da bu kitablara, onların geniş tematikasına və həmin kitabların içərisində aparılan qeydlərə nəzər yetirərkən dahi şəxsiyyətin bu fikrinə tam əmin olursan. Yaxşı bir deyim var: “Nə oxuduğunu de, mən deyim sən kimsən”. Bu deyim kitabın, mütaliənin Ulu Öndərin həyatında oynadığı rola əyani misal ola bilər.
Xalqımızın Ümummilli Liderinin Milli Kitabxanaya bağışladığı kitabları vərəqləyərkən və orada Ulu Öndərin öz əli ilə apardığı qeydlərlə tanış olarkən bu dahi şəxsiyyətin mütaliə qabiliyyətinə və məsələlərə düşüncəli şəkildə müdaxilə etmə qabiliyyətinə valeh olmamaq olmur. Tarixi hadisələrə tarixçi kimi müdaxilə etmək, ədəbiyyat məsələlərinə ədəbiyyatşünas alim kimi münasibət göstərmək, incəsənət əsərlərinə və arxitekturaya böyük zərgər dəqiqliyi ilə yanaşmaq, Nizaminin, Füzulinin, Sabirin, Cəlil Məmmədquluzadənin, Şəhriyarın, Məmməd Arazın və başqa şair, yazıçı və dramaturqlarımızın əsərlərinə yaradıcı yanaşaraq müəyyən qeydlər etməsi Ulu Öndərin sadəcə mütaliəçi deyil, həm də geniş təxəyyülə malik bir insan olmasına dəlalət edir.
Bu qiymətli kolleksiyada diqqəti çəkən bir kitab da var ki, o da Ulu Öndərin Müqəddəs Həcc ziyarəti zamanı ona bağışlanan “Qurani Kərim” kitabıdır. Dahi Heydər Əliyev onun üçün çox əziz olan bu kitabı da Milli Kitabxanaya bağışlayarkən demişdir ki, “...Orada-islam dininin mərkəzi olan Məkkədə mənə Quranın nüsxəsini bağışlamışlar. Çox nəfis şəkildə buraxılmış bu nüsxələrdən birini də Dövlət Kitabxanasına verirəm”. Bu faktın özü də Ulu Öndərin Milli Kitabxanaya müqəddəs bir elm və mənəviyyat məbədi kimi yanaşmasının bariz nümunəsidir.
Milli Kitabxana Ulu Öndərin onun fonduna bağışladığı qiymətli kitabları zaman-zaman bu fenomen şəxsiyyətin yubileyləri münasibətilə keçirilən tədbirlərdə böyük fəxrlə nümayiş etdirir və gənclərə onlar haqqında böyük məhəbbətlə danışır. Həmin kitabları seyr edən gənclər bu dahi şəxsiyyətin elmi və təfəkkür dairəsinə, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasında kitabların və mütaliənin roluna, elmi biliklərə yiyələnməyin məhz kitablardan keçməsinə bir daha əmin olurlar. Bu kitab kolleksiyası bugünədək DİN-in Polis Akademiyasının və Sumqayıt Dövlət Universitetinin kursantlarına, tələbə və müəllim heyətinə nümayiş olunmuşdur.
Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə həmin
kolleksiya ilk olaraq cəbhə bölgəsində Tərtər
rayonundakı Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyəti
ilə Milli Kitabxananın birgə təşkil
etdiyi sərgi-konfransda nümayiş olunmuşdur.
Bu tədbirlərin
davamı olaraq bu həftə
Ulu Öndərin 93 illik
yubileyinə həsr olunmuş silsilə tədbirlərdə
- Milli Kitabxananın Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə keçirəcəyi
“Kitabxanaşünaslıq elmi və təcrübəsi:gələcəyə
çağırışlar” mövzusunda
Beynəlxalq Elmi konfransda,
habelə Azərbaycan Dövlət İqtisad
Universiteti və Bakı Dövlət Universitetinin Milli Kitabxana ilə birgə keçirdiyi
Sərgi-Konfrans çərçivəsində nümayiş olunmuşdur.
Kərim
TAHİROV
M.F.Axundzadə
adına Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət
işçisi, professor
525-ci qəzet.- 2016.- 7 may.- S.7