Bakı səhnəsində görünən
"Ruhlar"
Mayın ilk günlərində Lənkəran Dövlət
Dram Teatrı düz iki gün ardıcıl olaraq, Bakı
tamaşaçılarının qonağı oldu.
Bu kollektiv Eduardo de Filipponun "Ruhlar" və Bəhram
Beyzayinin "İlan sultan" tamaşaları ilə öz
teatral simasını paytaxt sakinlərinə tanıtdı.
"Ruhlar" tamaşasının adından və
müəllifindən xəbər tutan kimi dərhal 2011-ci ildə
aktyor və rejissor Nicat Kazımovun Akademik Milli Dram Teatrında
quruluş verdiyi "Kabuslar" tamaşası yada
düşdü. Həmin tamaşa kifayət qədər
uğurlu rejissor işi ilə diqqət mərkəzində
olmuşdu. Maraqlı idi: görəsən Bakıya
qastrola gəlmiş və artıq adını qeyd etdiyimiz əvvəlki
tamaşanı xatırlayan teatrsevərlərin
qarşısında məhz bu pyeslə çıxış
etmək fikri bu teatra hansı münasibəti
qazandıracaqdı?
Mənəviyyat və əxlaq məsələlərinə
güzgü tutan tamaşa bütün dövrlərdə dəyərli
və aktualdır. Bu əsər öz
tamaşaçısına çirkaba bulaşmış cəmiyyətin
əhatəsində yaşamağa məhkum olaraq, öz daxili
aləmini qoruyub saxlamaq və ya bu bataqlıq içində
"yox olub" getmək seçiminin nə qədər
mühüm olduğunu aşılayır. Bu məqamda seçimin düzgün
aparılması isə ikiqat əhəmiyyət
daşıyır.
Ümumiyyətlə, qeyd olunan mövzu italyan incəsənətində
qırmızı xətt kimi keçir. Çox uzağa getmədən
elə müəllifin öz müasirləri olmuş
rejissorların və dramaturqların
yaradıcılığını nəzərdən
keçirmək buna əyani sübut ola
bilər. Təkcə bir rejissorun nümunəsində,
Pyetro Cerminin ən məşhur ekran əsərlərini
xatırlamaq kifayətdir ki, həmin misal öz təsdiqini
tapsın.
Teatrın rəhbəri Tofiq Heydərovun
çıxışından sonra bütün nəzərlər
səhnəyə zillənmişdi. Hər şey professor Santannanın əlində
tutduğu fanarla arxa qapıdan gəlişi və keçib
zalın önünə qoyulmuş iş masası
arxasında əyləşməsi ilə başladı. Elə ilk dəqiqələrdən fərqli
quruluş nəzərdən qaçmırdı. Sönmüş işıqlar, qaranlıq effekti, səhnənin
müvafiq yerlərində quraşdırılmış bir
neçə mikrofon da daxil olmaqla, tamaşanın ideyasına
xidmət edən hər bir detal olduqca maraqlı idi. Pərdə
açılan zaman artıq hər kəs tanış
süjet xəttini izləyirdi. Buna baxmayaraq, tam diqqət səhnədə,
çox az tanıdığımız
aktyorlarda, onların oyun tərzində və gənc rejissorun
maraqlı tapıntılarında idi. Mikrofonlar obrazların
baş verən hadisələr xaricinə çıxaraq
tamaşaçı ilə bir neçə saniyəlik canlı ünsiyyətə
keçməsi üçün vasitə rolunu
oynayırdı. Bir qədər haşiyəyə
çıxaraq qeyd edək ki, belə bir rejissor gedişi
artıq kinematoqrafiyamızın tarixindən bizə bəllidir.
Belə ki, 1987-ci ildə "Azərbaycanfilm"
kinostudiyasında çəkilmiş
"Araqarışdıran" bədii filmində rejissor
Yefim Abramov hələ o zaman eynilə bu cür, obrazların
izləyici ilə hadisələrdən kənar canlı
ünsiyyət qurmasına reportaj tipli kadrlarla bir neçə
dəfə vurğu salmışdı.
5 il bundan qabaq N. Kazımovun eyni əsərə
ölkənin əsas teatrının səhnəsindəki
quruluşunu görən tamaşaçılar istər-istəməz
öz fikirlərində həmin quruluşla müqayisələr
aparırdılar. Mövcud tamaşanın
quruluşçu rejissoru Tural Mustafayev səhnədə öz
dəst-xəttini olduqca maraqlı səpkidə qurmuşdu.
Aktyor oyunu ilk baxışdan Paskuale və Raffaele
obrazlarının dialoqu timsalında səhnənin soyuq
boşluğundan diqqət yayındırmağa istiqamətlənmişdi.
Aktyorların səhnəni idarə qabiliyyəti
və oyun texnikalarından istifadə hesabına bu ilk səhnə
geridə qaldı. Ardınca isə tam məsuliyyəti
ilə demək lazımdır ki, təxminən 2 saat müddətində
birnəfəsə oynanılan tamaşa artıq Bakı
tamaşaçısını tam ələ ala bilmişdi.
Bütün görünən və
görünməyən tərəfləri ilə - rejissor
işi, rəssam işi, əsərin ədəbi tərəfindən
gələn uğurlu məqamlar, aktyor ifası - bütöv
bir komanda olaraq, tamaşanın uğuruna zəmin yaratdı.
Lakin buna baxmayaraq, rejissorun əsərin səhnə
həllini - mövzudan gələn dramatizmi yumşaldaraq, belə
demək mümkündürsə, kifayət qədər
komediya janrına doğru meylləndirməsi tamaşanın
digər yaxşı tərəflərini də geriyə
salırdı. Hətta nə qədər
önəmli olmasa belə, artıq bu ruha köklənmiş
sıravi tamaşaçıların sayəsində kifayət
qədər ciddi və dramatik səhnələrdə belə
zaldan gülüş sədaları davamlı şəkildə
eşidilməkdə idi. Bölgə teatrlarının
paytaxtın səhnə ocaqları ilə müqayisədə
daha az tamaşaçı auditoriyası olduğunu nəzərə
alaraq, rejissorun bu addımını Lənkəran
tamaşaçılarının komediya ilə teatra cəlb
edilməsi "uzaqgörənliyi" ilə əlaqələndirmək
nə qədər məntiqli olsa da, bu, həqiqəti əks
etdirməyə də bilər.
İdeyanın rejissor və ya rəssamın təklifindən
irəli gəlməsindən asılı olmayaraq,
quruluşçu rəssam Mustafa Mustafayevin olduqca uğurlu səhnə
tərtibatı göz qarşısında idi. Aktyorların səhnənin
istənilən bucağında dekor elementlərinə
kiçik toxunuşu ilə bütün dekorasiyanı kabusvari
hərəkətə gətirmək kimi mühüm
tapıntı əsərin mövzusunun olduqca yaradıcı
şəkildə təqdimatı idi. Bununla belə
qeyd olunmalıdır ki, quruluşçu rejissor belə bir
mükəmməl vasitədən lazımi səviyyədə
istifadə edə bilməmişdir. Yuxarıda da qeyd
etdiyimiz kimi komediyaya meyllilik sanki yaradıcı heyətin bu
istiqamətdə "əl-qolunu bağlayaraq", tutarlı
rəssam tapıntısından ciddi bədii vasitə kimi yox,
yalnız fon görüntüsü yaratmaq xatirinə bir
neçə dəfə formal şəkildə istifadə etmək
məcburiyyəti yaradırdı.
Rejissor Tural Mustafayevin tamaşanın aktyor heyətinin
maraqlı və rəngarəng alınmasında böyük əməyi
olması da diqqətdən qaçmırdı. Obrazların
ayrı-ayrılıqda xarakter və daxili aləminin, arzu və
dünyaya baxışlarının, həyatın döngələrində
öz simalarını itirməyinin açılması,
şübhəsiz, rejissorun uğurlu fəaliyyətindən xəbər
verir. Əməkdar artist Adil Zeynalovun onu
qıcıqlandıran adamın ağzına pul basmaqdan belə
çəkinməyən, bütün tamaşa boyu "potensial
bank" təəssüratı oyadan Alfredosu, Əbülfəz
Axundovun ümidi obrazının da səsləndirdiyi kimi
"ruhların" səxavətinə qalan və
bütün işlərdə daima maddi maraq güdən
Paskualesi, Aynur Əhmədovanın qadın xoşbəxtliyinin
axtarışında olan hər zaman narahat Mariyası, Tərlan
Abdullayevin məqsədyönlü pafosu ilə qonaqları
vahiməyə salan Raffaelesi, Miraslan Ağayevin xisləti
etibarilə bir o qədər də Paskualedən fərqlənməyən
Qastonesi, Gülər Kərimovanın hay-küylü
Karmelası, Niftulla Əsgərovun müəmmalı professor
Santannası səhnədə orijinal idilər və dəqiq
istiqamətləndirilmiş xətt üzrə inkişaf
edirdilər. Armida rolunun ifaçısı
Qızılgül Quliyeva kollektivdə yeganə şəxs
idi ki, oyun tərzi Akademik Milli Dram Teatrında həmin
obrazı yaratmış aktrisa Laləzar Mustafayevanın ifasına
çox bənzəyirdi. Hər halda bunun
bir təsadüf olması ehtimalı daha böyükdür.
Əsas kişi qəhrəmanların
vizual baxımdan nisbətən yaşlı aktyorlar tərəfindən
ifa olunması, əlbəttə, rejissorun şəxsi qənaətidir
və bu barədə kiminsə öz fikrini zorla qəbul etdirməsi
yolverilməzdir. Lakin təklif variantı həmişə
açıqdır. Mariyanın həyat
yoldaşı Paskualeni ifa edən aktyor Əbülfəz
Axundovun, Alfredo rolunu ifa edən aktyor Adil Zeynalovla eyni zamanda
yaşlı olması bir qədər ziddiyyəti azaldan
faktorlardandır. Əgər həmin
obrazlardan istənilən biri müəyyən qədər gənc
yaşlı aktyor tərəfindən ifa olunsaydı, bu səbəb
Mariyanın iki yol ayrıcında qaldığı son səhnədə
ziddiyyətin dərinlik qatlarını daha da artıra bilərdi.
Aktyorların peşəkarlığı, eyni zamanda, səhnədə
ən çətin sınaq qarşısında
qaldığı zaman özünü daha parlaq büruzə
verməyə qadirdir. Belə ki, göz önündə bir
aktyorun səhnədə düşdüyü iki ən
çətin situasiyadan məharətlə, daha dəqiq desək,
peşəkarlıqla çıxması məqamı Lənkəran
Teatrının aktyor heyətinin ustalığından xəbər
verirdi.
Paskuale və Alfredonun final dialoqu da daxil olmaqla, mənəvi dünyasına hakim ola bilməyən insan faciəsinin son ştrixlərinin, obrazın öz dilindən tamaşaçıya bir mesaj kimi çatdırılması müəllif ideyasının açılmasında daha bir mühüm vasitə hesab oluna bilər. Ərin pullar içində yerdə sürünüb ağlını itirdiyi, varlı məşuq Alfredonun Mariyanı qaçmağa təhrik etməsi, Mariyanın isə daxili gərginlik içində çırpındığı, sanki taleyinin ciddi imtahana çəkildiyi son səhnədə yaradıcı heyət olduqca parlaq təəssürat oyadırdı. Bütün tamaşa boyu rejissor Tural Mustafayevin istifadə etdiyi hərəkətli və məntiqi yekunu olan mizanları, yuxarıdan sallanmış kəndirin belə bəzən sətiraltı mənalara rəvac verməsi, sonda bütün qəhrəmanların şərti yarımdairə halında qurulmuş ağ örtüklərin arxasında qərar tutmaqları kimi incə məsələlər tamaşada uğurlu ştrixlərin alınmasına gətirib çıxarırdı. Bəlkə də elə buna görə tamaşanın olduqca zəif və bədii cəhətdən səhnədə gedən hadisələrdən geridə qalan, aktyorların ifa temperamentinə uyuşmayan bəsit musiqi tərtibatı tamaşaçılarda sanki yoxmuş kimi təəssürat oyadırdı. Ən qəribəsi və təəccüb doğuranı o idi ki, tamaşanın musiqi işini hazırlayan Telman Qəniyev bəzi mənbələrdə tamaşanın bəstəkarı, bəzi mənbələrdə isə musiqi tərtibatçısı kimi qeyd olunurdu. Kənar diqqətin təmsilçisi olaraq, demək olar ki, məhz bu səpkidə, sanki həvəskar səviyyədə hazırlanmış musiqi tərtibatının istifadə olunub-olunmaması tamaşada demək olar ki, heç nəyi dəyişmir və keyfiyyətə təsir göstərə bilmir. Bir sözlə, əsərin ana xətti əsas götürülərək, səhnə əsəri üçün daha uğurlu musiqi tərtibatı hazırlana bilərdi.
İstənilən halda, paytaxt teatr ictimaiyyətində iki günlük bayram ab-havası yaratmağa nail olmuş Lənkəran Dövlət Dram Teatrının yaşaması uğrunda çarpışan səhnə fədailərimizə dərin təşəkkürümüzü bildirmək vacibdir. Səhnəyə zillənmiş yüzlərlə gözdən ikisi tamaşanı məhz bu cür gördü və qiymətləndirdi. Bu, hər kəsin adından danışmaq demək deyil. Bütün yuxarıda qeyd olunan qeyri-teatrşünasın təklif və iradlarına rəğmən "Ruhlar"ı yaradan qüvvələr var. Həmin qüvvələr özləri də bilmədən düşündürməyi bacarırlar. Çünki onlar bizə 2 saat müddətində insanın gözü ilə ruhları və bəlkə də ruhların gözü ilə insanı təqdim etdilər...
Babək
ABBASZADƏ
525-ci qəzet.-
2016.- 11 may.- S.8.