Sənətdə keçən
ömür
VƏ YA BARMAQLARIN DİLİNDƏ OXUNAN NƏĞMƏLƏR...
"Uzun səsli, telli musiqi alətlərinin yeganə
nümayəndəsi kamançadır. Kamançada
çalınan musiqi səscə daha mükəmməl və
insanın səsinə daha yaxındır, kamança melodik
alətlərdən ən gözəlidir".
Üzeyir
HACIBƏYOV.
...Barmaqlarının
ilk dəfə nə vaxt kaman nəğməsi oxuduğunu dəqiq
xatırlamırdı - on yaşındamı, on iki
yaşındamı, bəlkə də on beş
yaşında idi. Yalnız o yadında idi ki, kamança
müəlliminin barmaqları kamanın tellərinə
sığal çəkdikcə səslərin ecazkar
düzümü, çaldığı muğam, mahnı, təsnif
onu uzaq, çox uzaq möcüzələr aləminə,
sehrlər dünyasına aparırdı...
Heyrətlənirdi
ki, aman Allah, necə olur, bu sinəsi odlu-alovlu, yanıqlı səslər
bəmə enib, zilə yüksəldikcə xalların rəngarəng,
əsrarəngiz, sonsuz çalarları inilti qopara-qopara
düşüncələrə gör necə də dağ
çəkirdi, dinləyicilərə həzin və həyəcanlı
duyğular, hisslər bəxş edirdi, hətta onları
kövrək xatirələrlə üz-üzə qoyurdu...
Düşünürdü ki, görəsən bu
barmaqların tilsimi, cadusu nədə idi ki, onlar kamançaya
dil verib onu insan kimi danışdırırdılar. Barmaqlar altında titrəyən,
sıxılan, gərilən simlər gah coşqun bir ehtirasla
fəryad edirdi, gah da isti, rayihəli, ətirli ana nəfəsi
kimi qəlblərdə çiçək-çiçək
arzulara qol-qanad, hərarət verirdi...
Öyrənirdi ki, kütləvi musiqi alətlərindən
biri olan kamança nəinki Yaxın Şərqdə, eyni
zamanda Azərbaycanda da incə ahəngi və xoş sədası
ilə əsrlər boyu insanların hüsn-rəğbətini
qazanıbdı. Ötən qərinələrdə sadə formada cəmisi
iki teldən (bağırsaqdan) ibarət ola
bu alət "fij", "fijək", "fiçək"
adlanıbdı. Xeyli illər ötəndən
sonra ona bir tel də əlavə edilibdi və
"rübab" adı ilə şöhrət
tapıbdı. Yenə də bir xeyli illər
bir-birini yola salandan sonra yeni musiqi alətləri meydana gəlibdi
və köhnə alətlərin təkmilləşməsi
ilə əlaqədar olaraq rübabın da forması
(xüsusilə çanağı) dəyişibdi, tellərinin
sayı artıbdı. Və nəhayət
o, indi kamança adlandırılan mükəmməl musiqi alətinə
çevrilibdi. Özü də Yaxın Şərq
ölkələrində, Orta Asiyada, eləcə də Qafqazda
geniş istifadə olunan bu musiqi aləti azərbaycanlılar
arasında daha çox inkişaf edibdi, ifaçılıq sənəti
nöqteyi-nəzərindən kifayət qədər kamilləşibdi və geniş
şöhrət qazanıbdı...
...Bu heyrətlənmə
də, düşünmə də, öyrənmə də əlli,
əlli beş il əvvəl olubdu...
...O, elə
heyrətlənə-heyrətlənə də,
düşünə-düşünə də, öyrənə-öyrənə
də əvvəl 19 nömrəli Uşaq Musiqi Məktəbində,
sonra isə Asəf Zeynallı adına Musiqi Texnikumunda
kamançadan orta ixtisas musiqi təhsilinə yiyələnibdi.
Bu da
qırx üç il əvvəl olubdu...
Daha səkkiz
il ötübdü və Üzeyir
Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyasında) ali təhsil
alıbdı.
Bu isə
otuz beş il əvvəl olubdu...
...Bu
gün isə...
Söhbətimin baş qəhrəmanı milli musiqi
ifaçılığı sənətimizin çox istedadlı
və sevilən nümayəndələrindən biridir. Öz müqəddəs
adı ilə hamının çöhrəsində
işıq yandıran, insanpərvər, təvazökar,
gülərüzlü, həssas qəlbə malik bir
insandır, sözün həqiqi və qibtə ediləcək
mənasında əsl xeyir-şər adamıdır.
Bəli,
o, qabiliyyəti ilə musiqi ictimaiyyətinin dərin rəğbətini
qazanmış Azərbaycan Respublikasının Əməkdar
artisti, dosent, professional kaman ustası Mirnazim Əsədullayevdir!
Düz
altmış beş il əvvəl avqust ayının 27-də
dünyaya gələndə və sonra orta məktəbi
bitirib Uşaq Musiqi Məktəbinə və daha sonra isə
Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olanda onun adı ancaq
doğulduğu Buzovna qəsəbəsi boyda idi.
Dörd il ərzində o, texnikumda musiqi nəzəriyyəsinin
əsaslarını öyrəndi, professional
ifaçılıq texnikasının sirlərinə yiyələndi,
sənət üslubunu təkmilləşdirdi, get-gedə fərdi
yaradıcılıq qabiliyyətini inkişaf elətdirdi.
Əməkdar
artist, tarzən Baba Salahovun rəhbərlik etdiyi xalq
çalğı alətləri ansamblına işə
götürüləndən sonra isə 18 yaşlı gənc
kamança ifaçısı tez-tez el şənliklərinə
ayaq açdı... və...
20
yaşının tamamında Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinin xalq
çalğı alətləri orkestrində birinci
kamançaçı kimi fəaliyyətə başlayanda
onun adı bir az da böyüdü, əvvəl Bakı, sonra
isə Azərbaycan boyda oldu.
Ona
görə ki, Mirnazim
Baba Salahovun rəhbərlik etdiyi xalq
çalğı alətləri ansamblında uzun illər fəaliyyət
göstərib təcrübəli müəllimindən
çox şey öyrənirdi, muğamlarımızın və
xalq mahnılarımızın iki əsas klassik üslubunu -
oxuyanı müşayiət etməyi və solo
çalmağı dərindən mənimsəyirdi. Məşq
zamanı Baba müəllimin dediyi bu sözləri tez-tez
xatırlayırdı: "Muğamatı şablon yolla ifa etmək
olmaz. Təkrar və təqlidçilik
ifaçının həqiqi sənətkar kimi
inkişafına ziyan verər. Ansamblın
hər bir üzvü həmişə
çalışmalıdır ki, öz ifaçılıq
xalları ilə, tapdığı rəngarəng boyalarla və
yenilik eşqi ilə dinləyicilərin ruhunu oxşaya
bilsin".
Klassik
üçlükdə kamançaçalanın
daşıdığı vəzifənin bütün məziyyətlərinə
vaqif olduğu üçün Mirnazim milli musiqi sənətimizin
ən azman xanəndələrini və müğənnilərini
- xalq artistləri Yaqub Məmmədovu, Hacıbaba Hüseynovu,
Əbülfət Əliyevi, Rübabə Muradovanı,
Şövkət Ələkbərovanı, Sara Qədimovanı,
Zeynəb Xanlarovanı, Arif Babayevi, Tələt Qasımovu,
Ağaxan Abdullayevi, Alim Qasımovu və onlarla digər
ifaçını Xalq artisti, istedadlı tarzən və
gözəl insan Ağasəlim Abdullayevlə birlikdə müşayiət edirdi.
Təsadüfi
deyildir ki, muğam ustadları Mirnazimi xanəndənin psixoloji
halını başa düşən və bunu nəzərə
alan, onu yeni-yeni barmaqlarla, xallarla ilhama gətirən,
özünəməxsus bədii-texniki vasitələrdən
bacarıqla istifadə edən istedadlı müşayiətçi
kimi tanıyırdı.
Tez-tez dövlət
tədbirlərində olurdu, rayonlarda, kəndlərdə, hərbi
hissələrin döyüşçüləri
qarşısında verilən konsertlər zamanı bir-birindən
maraqlı, rəngarəng proqramların
iştirakçısı kimi tamaşaçıların,
dinləyicilərin alqışları ilə
qarşılanırdı, sevilirdi, yadda qalırdı...
Bu gün isə onun adı dünya boydadır.
Belə
ki, Mirnazim kamanının səsinin ifa etdiyi incə,
füsunkar və məlahətli musiqilər Amerika Birləşmiş
Ştatlarında, Kanadada, Cənubi Koreyada, Fransada, Almaniyada,
İspaniyada, İsveçrədə, Hollandiyada,
Belçikada, Türkiyədə, Rusiyada, İranda,
İraqda...və adını çəkmədiyim neçə-neçə
xarici ölkələrdə milyonlarla
tamaşaçını ovsunlayıbdı.
Belə qastrolların biri daha uğurlu olub - 1992-ci ildə
Fransada xanəndə Hacıbaba Hüseynovun, tarzən Ağasəlim
Abdullayevin və kamançaçalan Mirnazim Əsədullayevin
ifasında Azərbaycan muğamları yazılmış
kompakt disk hazırlanıbdı və musiqisevərlərə
ərməğan edilibdi.
Bu
instrumental kamança ifaçısı harada olubsa olsun - istər
doğma
respublikamızda, istərsə də onun hüdudlarından
çox-çox uzaqlarda - həmişə Azərbaycan mədəniyyətini
ləyaqətlə təmsil edibdi, onun şöhrətini
yüksəklərə qaldırmaq üçün sənətinin
yaradıcılıq gücündən professionallıqla bəhrələnməyə
səy göstəribdi.
Əlinə kamança götürüb səhnəyə
və efirə qədəm qoyanda həmişə
çalışıbdı ki, sənət yoldaşları
arasında hissi dərinlik, obrazlı ifadə, məlahətli
ahəng, yumşaq tembr və incə çalğı
texnikası ilə seçilsin, kamança
ifaçılığının zəngin ənənələrini
qoruyub saxlaya bilsin.
Çox
sevindirici haldır ki, öz çalğı orbitindən
heç vaxt kənara çıxmayan əməkdar artist
Mirnazim Əsədullayev uzun illər ərzində daima sənət
qayəsinə sadiq qalıbdı!
Özünəməxsus ifaçılıq məharəti
və ustalığı ilə fərqlənən Mirnazim dinləyicilərin
zövqünü oxşamaq, musiqiyə təzə nəfəs,
təzə xallar gətirmək üçün həmişə
axtarışdadır. Heç vaxt ifa zamanı kənar xallara,
yad notlara yer vermir, musiqi nitqi anlaşıqlıdır. Onun ifaçılığı artıq və yersiz
sayılan çalğı tərzinə yaddır.
Bu gün
də Mirnazimin öz sehirli kamançasında
çaldığı muğamların, təsniflərin və
mahnıların heç biri o
birinə oxşamır, hər dəfə müxtəlif
xalları, musiqiyə uyğun gəzişmələri və
improvizasiyaları, aləti ifadəli oxutmaq, bədii elementləri
bir vəhdətdə birləşdirmək qabiliyyəti,
üslub sadəliyi, havanın daxili məzmununu doğru və
düzgün açmaq sənətkarlığı onun bənzərsiz
ifasından xəbər verir.
Onun gözəl muğam ifaçısı kimi fərdi
çalğı xüsusiyyətləri də vardır. Bu "Rast",
"Şur", "Zabul-segah", "Çahargah",
"Bayatı-Şiraz, "Humayun", "Şüştər", "Nəva", "Rahab",
"Orta mahur" kimi və digər xalq musiqi incilərinin təravətli
ifası zamanı da çox nəzərə çarpır. Bu muğamların hamısı onun ifasında lentə
yazılıbdı və Azərbaycan radiosunun və
televiziyasının "Qızıl fondu"nda
saxlanılır.
Bu ifaları dinlədikcə kamançanın
möcüzələr yaradan dörd siminin Mirnazimin təmiz
barmaqları və bu barmaqları dilə gətirən incə
ürəyi ilə birləşib nələrə qadir
olduğuna heyran kəsilməyə bilmirsən. Dahi bəstəkarımız
Üzeyir Hacıbəyovun bu sözləri isə heyranlığımızı
daha da artırır: "Kamança tardan daha kamil və daha
faiq (üstün - R.H.) bir aləti-musiqiyyə, melodik alətlərdən
ən gözəlidir"...
...Bir
zamanlar heyrətlənə-heyrətlənə,
düşünə-düşünə, öyrənə-öyrənə
sənətə qədəm qoyan Mirnazim bu gün artıq
özü sevə-sevə öyrədir, qazandığı
uğurlarla çalğı
ifaçılığını zənginləşdirərək
çoxlarını düşündürür, sənətə
verdiyi istedadlı və zəhmətkeş övlad töhfəsi
ilə dinləyiciləri, tamaşaçıları
yaxşı mənada heyrətləndirir.
Təhsil
Nazirliyi tərəfindən "İlin ən yaxşı
pedaqoqu" (2000) adına layiq
görülmüş Mirnazim Əsədullayev həm də
öz ifaçılıq imkanlarını pedaqoji işlə
düzgün əlaqələndirməyi bacaran təcrübəli
və peşəkar pedaqoqdur.
Uzun illər
Uşaq Musiqi Məktəbində və Musiqi Kollecində müəllim işləyibdi.
Hazırda Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində Xalq çalğı
alətləri ifaçılığı kafedrasının
dosentidir.
Milli mədəniyyətimizin
inkişafında xidmətlərinə görə 2007-ci il mayın 15-də ölkə Prezidentinin Sərəncamı
ilə "Azərbaycan Respublikasının Əməkdar
artisti" fəxri adına layiq görülübdü.
O, pedaqoji
və elmi yaradıcılıq fəaliyyətində bir
sıra uğurlara da imza atıbdı. Belə ki, təcrübəli
müəllim kamança və kanon alətləri üzrə
bakalavr təhsili alan tələbələr üçün
ixtisas və muğam proqramlarının, "Şur"
muğamının tarixinə dair" və "Şur"
muğamının ifaçılıq xüsusiyyətləri"
adlı metodiki vəsaitlərin, sənət
yoldaşlarının yaradıcılığına həsr
olunmuş onlarla elmi-publisistik məqalənin müəllifidir.
Peşəkar pedaqoqun tələbələrinin
çoxu son illər ölkəmizdə keçirilmiş beynəlxalq
musiqi festivallarında və müsabiqələrində
yüksək yerlər tutubdu, onların fitri istedadı və
ifaçılıq qabiliyyəti Prezident mükafatları və
fəxri adlarla dəyərləndirilibdi.
Mirnazim Əsədullayev gözəl ailə
başçısıdır. İki oğlu, iki gəlini,
üç nəvəsi var. Onu xoşbəxt ata adlandırmaq
olar. Atanın böyük oğlu, yetişdirməsi və
sənətinin davamçısı, Azərbaycan Milli
Konservatoriyasının dosenti, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, respublikanın Əməkdar
artisti, kamança ifaçısı Toğrul Əsədullayevi,
cəsarətlə demək olar ki, elə dünya dövlətlərinin
tamam-kamal yarısı tanıyır.
Belə
fikri söyləməyə mənəvi haqqımız
vardır: 35 yaşına təzə qədəm qoymuş bu
istedadlı musiqişünas müəllim elə
yaşının sayı qədər də dünyanın ən
qüdrətli, sayılıb-seçilən ölkələrində
milli instrumental musiqi ifaçılığı sənətimizi
böyük ləyaqətlə və yüksək mədəniyyətlə
təmsil edibdi. Toğrul müəllimin Azərbaycan
mədəniyyətinin inkişafındakı xidmətlərindən
çox danışmaq olar.
Elə təkcə
onun Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında
ölkəmizdə çox böyük müvəffəqiyyətlə
həyata keçirilmiş "Muğam-2007",
"Muğam-2011", "Muğam-2013" və
"Muğam-2015" Televiziya müsabiqələrində
respublikanın əməkdar artisti, Prezident
mükafatçısı, istedadlı və gözəl tarzən
Sahib Paşazadə ilə birlikdə kamança
ifaçısı kimi zəngin yaradıcılıq fəaliyyəti
və uğurları geniş həcmli bir kitabın
mövzusudur...
...Əlli
il, əlli beş il əvvəl heyrətlənə-heyrətlənə,
düşünə-düşünə məftun olduğu
kamançada Mirnazim Əsədullayev düz qırx beş
ildir ki, təmiz barmaqlarının yanıqlı dilində
kaman nəğməsi oxuyur...
Zəngin, rəngarəng, həzin melodiyalar, simlərin nəfəsi, barmaqların həssas qəlblə duyulan çırpıntısı, ürəyin hərarəti xəyallarımızı düşündürür, xeyirxah əməllərə yönəldir, mənəvi dünyamızı daha da zənginləşdirir və bu ölümsüz ürək titrədən nəğmələr Allahdan verilən istedadın işığında Xalq şairi Bəxtiyar Vahabzadənin tanış misraları ilə birləşib ruhumuzu qanadlandırır və bizə xoş duyğular bəxş edir:
O enən, o qalxan səslər, avazlar -
Yaz başı dağların selidir bəlkə?
Kamanın bağrında ağaran tozlar -
Yanan arzuların külüdür bəlkə?
Bu taxta parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi.
Odun
alovuna od şan-şan olur,
Bu səsin oduna alışır su da.
Taxta hər
atəşə alışan olur,
Bu niyə alışmır belə bir oda?
Bu səslər məlhəmdir könül ağrıma,
Onların önündə baş əyirəm mən.
Bu boyda dünyanı basıb bağrıma,
Öpüb-qucaqlamaq istəyirəm mən.
Açır könlümüzdə gül qönçə-qönçə,
Elə bil səslərdən kam alırıq biz.
Səslər - ümid, arzu, səslər - düşüncə,
Hər xalda bir pillə ucalırıq biz...
Elə bilirəm, mənimlə siz də tamamilə razılaşacaqsınız ki, bu ucalmanın bir sirri Əməkdar artist Mirnazim Əsədullayevin incə duyğular, nikbin ideyalar tərənnümçüsü olmağındadırsa, digər sirri də onun bədii zövqündə, zərif musiqi hissini standart, köhnəlmiş və yorucu muğam ahənglərinə sərf etməməyində, ƏSL SƏNƏTKARLARA xas olan yaradıcılıq yolu ilə getməyindədir.
Yolun həmişə işıqlı, nurlu, ruzi-bərəkətli olsun dəyərli SƏNƏTKAR və gözəl İNSAN!
Rafiq HACIYEV
yazıçı-jurnalist,
hüquqşünas, Həsən bəy Zərdabi
Mükafatı laureatı
Aprel, 2016-cı il.
525-ci qəzet.- 2016.- 11 may.- S.6