Ceyhun Hacıbəyli irsində folklor motivləri
Ceyhun Hacıbəyli-125
"Ceyhun
Hacıbəyli və folklor" mövzusundan bəhs edərkən,
fikrimizcə, problemə bir neçə aspektdən (Ceyhun
Hacıbəyli - folklor toplayıcısı, folklor tədqiqatçısı,
folklor nümunələrindən yaradıcı şəkildə,
yerli-yerində istifadə edən yazıçı kimi)
yanaşmaqla daha sanballı, daha dolğun və doğru elmi-nəzəri
nəticələr əldə etmək olar.
Folklor toplayıcısı və tədqiqatçısı
kimi Ceyhun Hacıbəylinin fəaliyyəti ilə əlaqədar
dərc olunmuş materiallar artıq sahə mütəxəssisləri
arasında müəyyən fikir formalaşdırıb. Şübhəsiz
ki, bu rəyin ərsəyə gəlməsində fəlsəfə
doktoru Bayram Ağayevin böyük xidmətləri olub.
Bildiyiniz kimi o, Ceyhun Hacıbəylinin hələ mühacirətdən
xeyli əvvəl topladığı, yazmağa
başladığı və 1934 -cü ildə Parisdə
fransız dilində nəşr olunan "Asiya"
jurnalında dərc etdirdiyi "Qarabağın dialekt və
folkloru (Qafqaz Azərbaycanı)" adlı əsərini
dilimizə çevirərək 1999-cu ildə kitab şəklində
"Ozan"nəşriyyatında buraxdırıb. Bu sətirlərin
müəllifi Ceyhun bəyin folklorla bağlı
araşdırmaları haqqında vaxtı ilə mətbuatda məqalələrlə
çıxış edib.( C. Hacıbəyli
folklor tədqiqatçısı kimi. "525-ci
qəzet", 3 fevral 1999; "Dədə Qorqud", elmi-ədəbi
toplu, ¹ 4, 2004. AMEA Folklor İnstitutu).
Yuxarıda
deyildiyi kimi, C. Hacıbəylinin "Qarabağın dialekt və
folkloru (Qafqaz Azərbaycanı)" adlı əsəri
haqqında müəyyən mülahizələr söylənilib
və inanırıq ki, bundan sonra da Ceyhun bəyin folklor
toplayıcısı və tədqiqatçısı kimi fəaliyyəti
barədə daha geniş bəhs ediləcəkdir. Biz bu dəfə Ceyhun Hacıbəylinin istər
mühacirətəqədərki və istərsə də,
mühacirət dövrü bədii və publisistik
yaradıcılığında rast gəlinən folklor
nümunələrindən və ümumiyyətlə, onun
irsindəki folklor motivlərindən söz açmaq istərdik.
Azərbaycan, rus və fransız dillərində yazan
Ceyhun Hacıbəyli hər üç dildə qələmə
aldığı yazılarda Azərbaycan folklor xəzinəsindən
gen-bol istifadə edib. Əcnəbi dildəki əsərlərində
müəllif folklor nümunələrindən ya hərfi, ya
bədii tərcümə yolu, ya da olduğu kimi verməklə
bəhrələnib. Azərbaycan
Maarifçilik hərəkatının, maarifçi-realist nəsrimizin
tanınmış nümayəndəsi Ceyhun bəyin ilk
yaradıcılıq sınaqlarından hekayə, felyeton və
məqalələrində folklordan məharətlə istifadə
etməsi təsadüfi deyil. O, ətalət, cəhalət,
mövhumat içində çapalayan, boğulan cəmiyyəti
maarifləndirmək, insanların həyat və təfəkkür
tərzini dəyişmək, onları biganəliyə,
laqeydliyə, mütüliyə, köləliyə, zülmə,
ədalətsizliyə son qoymaq, elmə, maarifə, mədəni
tərəqqiyə səsləmək üçün əsərlərində
xalqın özünün əsrlər boyu
yaratdığı milli-mənəvi sərvətdən -
şifahi ədəbi nümunələrdən istifadəyə
üstünlük verirdi. Ceyhun bəy əmin
idi ki, canlı, obrazlı, lakonik, didaktik, ibrətamiz deyimlər
daha təsirli, həm də milli düşüncə tərzinə
doğmadır.
Ceyhun Hacıbəyli Şərq folklor nümunələrinin
- əfsanə, rəvayət və nağıllarının
mütərəqqi ideyasından yaradıcılıqla istifadə
edərək yeni, yerli mühitə uyğun, aktual
mövzularda hekayələr qələmə alırdı. Bu baxımdan onun
"Barışmaz ata" ("Kaspi" qəzeti, 1912-ci il 22 aprel, ¹ 91), "Nümunəvi
sübut" ("Kaspi" qəzeti, 1912-ci il 11 may, ¹ 105),
"Müdrik hakim "("Kaspi" qəzeti. 1912. 3 may. ¹ 100) və digər hekayə, felyetonları diqqəti
çəkir. "Barışmaz ata"
kəskin süjetlidir. Hekayə həyəcansız
oxunmur. Hadisələr gah aramla, gah da
ildırım sürətilə cərəyan edir. Əsərin əvvəlində C. Hacıbəyli
göstərir ki, Amrul-As Abu Nisar tayfasının çox
şöhrətli kişilərindəndir. Onun zəngin var-dövləti, saysız-hesabsız dəvələri,
gen-bol həyatı dillər əzbəridir. Amma çoxu bütün bunlara görə yox, onun
xanım-xatın həyat yoldaşı Zeynəbə görə
Amrul-Asa paxıllıq edir, ona həsəd aparırdı.
Ərəb gecəsi Zeynəbin
üzünün nuru ilə işıqlanırdı. Zeynəb bazara çıxanda adamlar onu günəş
əvəzi qarşılayırdılar. Onun
gözləri alışıb-yanırdı. O, güləndə
adamlar özlərini itirirdi. Zeynəbin
zümrüd dişləri, parlaq gözləri çoxunun qəlbini
fəth etmişdi.
Bir gün Amrul-As Zeynəbin ona xəyanət etdiyini
görür, dəhşətə gəlir. "Bundan
sonra yaşamağa dəyməz"- deyib intihar etmək istəyir.
Körpə qızı Fatimənin ona uzanan əlləri
və göz yaşları özünəqəsdin
qarşısını alır. Lakin
Amrul-As sakitləşmir, rahatlıq tapmır. Elə həmin gecə namusunun,
duyğularının təhqir edildiyi yerdən, öz
tayfasından əbədi ayrılmaq qərarına gəlir.
Qızı Fatimə ilə yola
düşür. Dəvə karvanı bir
çaya yaxınlaşır. Çayı
keçmək və yolu davam etmək lazımdır. Bir köşək şıltaqlıq edir, sahibinin hədə
və oxşamalarına baxmayaraq, çaya
düşmürdü. "Vaxt keçir,
ərəb həyəcanlanırdı". Bu zaman Fatimə
atasını səsləyir və deyir: "Ata, bax, o kənardakı
dəvəni görürsən? Onu çaya sal,
keçsə, balaca da keçəcək". Təəccüblənmiş ərəb
qızının dediyi kimi hərəkət edir. Onun arxasınca da köşək suya
düşür və çayı keçir.
Ata
üzünü qızına tutur: "Ağıllı
qızım, bu sənin ağlına hardan gəldi?
"Ata,
bu dəvə onun anasıdır, axı" - deyə
qızcığaz cavab verdi.
Ərəbin
üzünü duman bürüdü, gözlərində
şimşək çaxdı:
-Ana,
ana... Elə isə sən də məhv ol ki,
ananın yolu ilə getməyəsən.
Fatimənin al qanı gümüşü qumun
üstünə töküldü".
Mövzusu qədim ərəb əfsanəsindən
götürülən bu hekayədə Ceynun bəy övlad
tərbiyəsində, ailənin möhkəmliyində
qadının rolunu göstərməyə
çalışıb. Elə bədii əsərlər var ki,
müəllif bu və ya başqa obraza öz məhəbbətini
gizlətmir. Elə əsərlər də
var ki, müəllif qəhrəmanlara münasibətini
açıq bildirməsə də, ayrı-ayrı epizod,
dialoq, yaxud təsvirlərdən müəllifin obrazlara
qarşı mövqeyini oxucu duyur. Bəzən
də müəllif hadisə və obrazları yalnız
oxucuya təqdim etməklə kifayətlənir. "Barışmaz ata" belə bədii nümunələrdəndir.
Oxucunun bir tərəfdən kəskin süjetli hekayədəki
hadisələr, digər tərəfdən müəllifin
mövqeyi düşündürür: Görəsən,
müəllif barışmaz atanın- Amrul- Asın hərəkətini
təqdir, yaxud tənqid edir? Obrazların dialoq və
hərəkətlərində "müəllifin
görünməməsi" bir tərəfdən, oxucunu daha
dərindən düşünməyə vadar edirsə, digər
tərəfdən bu hekayənin bədii dəyərini
azaltmır.
Başqa bir xalq yaradıcılığı nümunəsi
əsasında yazılmış "Müdrik hakim" hekayəsi
kompozisiya, mövzu və ideya baxımından çox
maraqlıdır. Burada xeyrin şərlə, doğrunun
böhtanla, həqiqətin yalanla mübarizəsi müxtəlif
obrazlar vasitəsilə əks etdirilib. Xəlifə Harun
ər-Rəşid tacir paltarında atı ilə Bağdada
qayıdanda ona bir axsaq kişi rast
düşür. Axsaq xəlifəyə
yalvarır ki, şikəstəm, yazığın gəlsin,
məni də atın təkində şəhərə apar.
Xəlifə etiraz etmir. Atlılar
şəhərə çatanda Harun ər-Rəşid
axsağa müraciət edir ki, mənzilə yetişdik,
düşə bilərsən. Axsaq xəlifəyə
deyir ki, mən yox, sən düşməlisən. Axı, at mənimdir. Xəlifə
təəccüblənir, axsağın hay-küyü onu
çaşdırır. Axsaq getdikcə toplaşan
adamlara üz tutur: "Ay camaat, mən şikəstəm,
heç piyada gəzə bilmirəm. Atımla
Bağdaddan gəlirdim. Bu tacir mənə
yalvardı ki, yorğunam, məni də şəhərə
kimi götür. Mən də onu atın təkinə
aldım. İndi mənə deyir ki, atdan düş,
at mənimdir". Vəziyyətin getdikcə
gərginləşdiyini görən Harun ər-Rəşid təklif
edir ki, hakimə müraciət edək. Onlar
hakimə üz tuturlar. Hakim xəlifə ilə
axsağa qulaq asıb yem verməmək şərti ilə
atı tövləyə bağlamağı, mübahisə edənləri
isə sabah gəlməyi tapşırır.
Ertəsi gün hakim qərarını elan edir. Bəlli olur
ki, at tacirindir. Heç demə, hakim gecə
ikən özünü axsaqlığa vurub tövləyə
girmiş, ac at bu gəlişə heç bir reaksiya verməmişdi.
Hakim tacir libasında tövləyə daxil
olanda isə at hərəkətə gəlmiş, kişnəmiş,
yem istəyib. "Deməli, at
tacirindir" -hakim bu qənaətə gəlib. Harun ər-Rəşid hakimin fərasətinə,
müdrikliyinə, qabiliyyətinə, güclü məntiqinə,
ədalətinə heyran qalır və onu şeyxülislam təyin
edir.
Hekayənin
süjeti sadə, həcmi kiçik olsa da, müəllif
oxucunu zəngin və ibrətamiz hadisələrlə tanış etməyə müvəffəq
olub. Xalq yaradıcılığından
qaynaqlanan kəskin dialoqlar, kontrastlar, obrazların dinamizmi,
güclü məntiq hekayənin səciyyəvi xüsusiyyətlərindəndir.
Hekayədə təqdim olunan axsağın
C.Hacıbəyli əslində mənəvi şikəstliyini
daha çox qabardıb. Onun
yalançı hay-küyü, böhtanı, həyasızlığı
bu surətə qarşı bir nifrət hissi oyadır. Şərq, Azərbaycan şifahi ədəbi
nümunələrində hakim-qazı obrazı adətən,
kütbeyin, ədalətsiz və rüşvətxor təsvir
edilir. C.Hacıbəyli isə bu ənənə
ilə getməyib, müdrik hakim obrazını yaradıb.
O, dərhal nəticə çıxarmır, məsələlərə
ağılla, təmkinlə, ehtiyatla yanaşır, nəticədə
güclü məntiqə söykənən müdrik qərar
verir. Hekayənin əhəmiyyəti böyükdür... O,
oxucuda ağlın, ədalətin, həqiqətin gec-tez təntənəsinə
inam yaradır, adamları yalandan, fırıldaqdan
uzaqlaşmağa səsləyir.
(Ardı var)
Tahirli Abid
525-ci qəzet.- 2016.- 11 may.- S.4.