Ceyhun Hacıbəyli irsində folklor motivləri
Ceyhun
Hacıbəyli-125
(Əvvəli
ötən sayımızda)
Ceyhun Hacıbəylinin "Nümunəvi sübut"
hekayəsinin mövzusu da populyar Şərq əfsanələrindən
götürülüb. Müəllif əsərin əvvəlində
göstərir ki, bütün Bağdad əhlini bir dərviş
ağlı ilə heyrətə gətirib, heyran edib. Heç bir alim, molla onunla mübahisəyə tab gətirmir.
Xəlifə Harun ər-Rəşid yaxın məsləhətçisi
Cəfərlə dərvişi sınamaq qərarına gəlir.
Cəfər görüşə ciddi
hazırlaşır. Xəlifə və məsləhətçisi
libaslarını dəyişib dərvişin
görüşünə yola düşürlər. Cəfər
əvvəlcədən hazırladığı üç
sualla dərvişə müraciət edir: "Deyirlər,
Allahın əli hər yerə çatır. Bu
necə olur? Hər şey Allahdan
asılıdırsa, onun iradəsi ilə baş verirsə,
insan öz pis əməli üçün
günahkardırmı? Şeytan oddan
törənibsə, oddan niyə qorxur?" Cəfərin sualları bitər-bitməz dərviş
yerdən bir ovuc torpaq götürüb onun başına
çırpır. Ara qarışır,
hay-küy düşür. Günahkarı
tapmaq, cəzalandırmaq üçün hakimin yanına
gedirlər.
Hakim şikayətçini dinləyəndən sonra
üzünü dərvişə tutur. Dərviş
halını pozmadan deyir ki, mən hərəkətimlə
onun suallarına cavab vermişəm. O məndən
Allahın hansı an, harada olduğunu soruşdu. Mən onun başına vurdum. Orada
ağrı əmələ gəldi. Ayağına
vursaydım, həmin an ağrı orada olacaqdı. O
soruşur ki, hər şeyi Allah idarə etdiyi təqdirdə
pis əməllərinə görə insan
günahkardırmı? İndi o mənə desin görək,
mən günahkarammı? O soruşur ki, şeytan oddan törənibsə,
oddan niyə qorxur? Mən onu torpaqla, onun əmələ
gəldiyi maddə ilə vurdum. İndi o desin görək,
o qorxdu, yoxsa yox?
Xəlifə dərviş haqqında eşitdiklərini
öz gözü ilə görür və onu
mükafatlandırır. Görundüyü kimi, hekayədə toxunulan mövzu,
təsvir edilən hadisələr sadə olsa da, dərin
ideya-bədii dəyəri var: Ağlın təntənəsi!
Dərviş obrazı folklordan süzülərək
yazıçı təxəyyülünün sayəsində
yeni keyfiyyətlər əxz edir, yaddaqalan, ibrətamiz yeni qəhrəmana
çevrilir. Verilən sualların ağırlığı,
çətinliyi dərvişi qorxutmur, o məntiqin
gücünə söykənərək əsaslandırılmış
cavab verir. Müəllif bu hekayə ilə
ağlın qüdrətinə, qələbəsinə
inandığını bədii yolla bir daha oxucusuna
çatdırır, onu da inandırır.
"Doğru cavab" felyetonunda da ("Proqress", ¹ 5)
Ceyhun bəy məharətlə mövcud hökumətin
yararsızlığını, xalqı
aldatdığını göstərir və bu zaman daha
çox şifahi bədii nümunələr
üçün xarakterik olan və "Molla Nəsrəddin"
ədəbi məktəbinin üslubunu xatırladan piyomdan
istifadə edir. Ac xalq hökumətdən çörək
tələb edir. Hökumət isə xalqın tələbindən
yayınmaq üçün şərt təklif edir: əgər
xalq bilsə ki, xalqın bu tələbi üçün
hansı cavab hazırlanır, o zaman çörək veriləcək,
yox bilməsə, çörək olmayacaq! Xalq isə bu
şərtə belə cavab verir: Hökumət belə cavab gözləyir
ki, biz ondan heç nə istəməyək. Nağıllarımızı
xatırladan "Tamamilə qənaətbəxşdir"
("Proqress" ¹ 5) felyetonunda hökumət nümayəndələrinin
hiyləgərliyindən, xalqı aldatmaqla baş
dolandırmalarından bəhs edilir. Müxtəlif fəlakətlərdən
zərər çəkən xalq dövlət xəzinəsinə
iki xahişlə müraciət edir: Müəyyən miqdarda
kömək etmək və həmin məbləği ödəmək
üçün bir il möhlət vermək.
Xalqın bu tələbinə xəzinənin
nümayəndəsi cavab verir ki, sizin birinci istəyinizə,
ikinci xahişinizə əməl edirəm. Birinci xahişlə başqasına müraciət
edin.
"Bu, elə özüdür" (Proqress, ¹ 5)
felyetonunda müəllif mövqeyini bir qədər də sətrləşdirir,
bu dəfə tənqid hədəfi daha yuxarı dairəyə
- vəzirə tuşlanır. Xalq üsyanını
yatırmaq üçün vəzir cürbəcür tədbirlərə
əl atır, üsyançıları asır,
sürgün edir. Lakin üsyan daha da
alovlanır. Vəzir bir dəfə yuxuda
uzun saqqallı bir şeytan görür, fikirləşir ki,
xalqı yoldan çıxaran yəqin, elə budur.
Şeytanın saqqalını əlinə keçirib
qışqırır: "Ah, sən lənətə gəlmiş
şeytan! Heç bu saqqalından utanırsan, bəlkə bu
saqqal sənə Allah adamlarını yoldan
çıxarmağa, suyu bulandırmağa lazımdır?". Vəzir qəfil yuxudan
ayılır və öz saqqalından möhkəm
yapışdığını görür. C.Hacıbəyli çox yığcam şəkildə,
ustalıqla xalqın vəziyyətini, üsyanın səbəbini
göstərir və ona bais dövlət rəhbərlərini
öz dili ilə ifşa edir. Bu hekayədə
də müəllifin xalq arasında müxtəlif hadisələrlə
bağlı gəzən lətifələrdən ustalıqla
bəhrələndiyi açıq-aşkardır.
Yazıçının
mühacirətdə qələmə aldığı bədii
və publisistik əsərlərində- "Mindiyimiz səfinə",
"Toy", "Baş tutmayan ziyarət", "Səhər",
"Məmmədqulunun səyahəti", "Müəzzinin
lənəti", "Stalinin öpüşü və ya
staxanovçu Fatimə", "Nejdanovun işi", "Bir
il xəyallarda... və bütöv bir ömür",
"Batum təəssüratı", "İlk Azərbaycan
operası necə yarandı" kimi hekayə və xatirələrində
Ceyhun Hacıbəyli şifahi bədii nümunələrdən
- atalar sözü, məsəllər, alqış,
qarğışlardan bacarıqla isifadə edib. Nasirin bədii obraz kimi baş və sevimli qəhrəmanı
Hacı Kərimdir. Onun Hacı Kərimlə
bağlı 8 hekayəsi - "Hacı Kərimin səhəri",
"Zəruri şər", "Hacı Kərim iş
başında", "Hacı Kərim qonaqlıqda",
"Hacı Kərimin məhəbbəti", "Hacı Kərimin
səfərə hazırlığı", "Hacı Kərim
toyda", "Hacı Kərim hamamda" adlı əsərləri
mühacirətə qədərki dövr
yaradıcılığının məhsuludur. Mühacirətdən sonra da Ceyhun bəy bu
mövzuya müraciət edib, yuxarıda adları çəkilən
hekayələrdən bəzilərini fransız dilinə
çevirib, "Baş tutmayan ziyarət" adlı daha bir
hekayə də qələmə alıb. İstisnasız
olaraq bütün hekayələr folklor nümunələri,
motivləri ilə zəngindir.
Alqış və qarğışlarla dolu səhnələrin
olduğu "Hacı Kərim iş başında" hekayəsi
qəhrəmanın hiyləgər, fırıldaqçı,
mənəviyyatca kasıb, eyni zamanda zirək, çevik,
ayıq olduğunu göstərir. O, dükana parça almağa gələn
müştəriləri əliboş yola salmamaq
üçün dəridən-qabıqdan çıxır, hər
cür dona girir, hər şərəfsizliyə əl
atır: ən əvvəl kənddən gələn utancaq,
çəkincən müştərilərə onların
imtina edəcəklərini bildiyi halda, təkidlə çay,
sonra hətta kabab təklif edir; bu yolla "tələyə
düşməyən ovuna" atam sizə qurban",
"anam sizə qurban" - deyə "şirin" dilini
işə salır; parçanın baha
satıldığını fikirləşməsinlər deyə,
and- aman içməyə başlayır: "Sizdən ən
yaxın adamlarım kimi bir qəpik də artıq almaram. Yalan
deyirəmsə, müqəddəs məscid məni vursun! Yalan deyirəmsə, Yezidəm". Bunlar da kara gəlməyəndə müştərini
tərifləməyə başlayır, ona indiki təbirlə
desək, komplimentlər yağdırır: "Maşallah,
maşallah, necə yaraşıqlısan, bəd nəzərdən
uzaq! Qızım olsaydı, sənə verməsəydim,
it oğluyam!" Hacı Kərim yalan
söyləmək ustasıdır. Övladları hələ
uşaq olsa da, onları səriştəli tacir kimi öyməkdən
utanmır, usanmır: "O, parçanı kəndlilərə
göstərdi: - Möcüzə maldır, baxın, toxunun! Dünən oğlum Firənistandan gətirib. Hamısını satmışam, qalan elə budur.
Dünyanın harasına getsəniz, belə mal tapmazsınız,
tapsanız, atama lənət!". Ceyhun
Hacıbəylinin qəhrəmanı nəinki kəndliləri,
az qalır oxucunu da dediklərinə
inandırsın.
Hacı Kərimin bazarda təsviri həm
gülüş, həm nifrət, təəccüb, həm də
acı təəssüf doğurur. O, öz həmkəndlilərinə
parçanı sırımaq üçün and-aman edir,
"ata-babasını qəbirdən çıxarır",
özündən ixtiyarsız o qədər həvəslə,
həyəcanla, ehtirasla müştərilərə
dil-ağız edir ki, axırda təngənəfəs olur,
bununla belə istəyinə də çatır.
"Baş
tutmayan ziyarət" hekayəsindəki Əbdül Kərim
hələ "Hacı" titulunu əldə etməyib və
"Bəlkə, sən qiymətdə aldadırsan" -
sualı ilə ona müraciət edən müştəriyə
əzəmətli səslə "Müqəddəs Kəbə
belimi qırsın, əgər mən sizə insafsız qiymət
deyirəmsə", yaxud "Əgər yalan deyirəmsə,
ziyarət etdiyim müqəddəs Məkkə məni yerimdəcə
ildırımla vursun" - deyə bilmirdi. İndi
Əbdül Kərim ən yaxşı halda yazıq görkəmlə
hər kəsin işlətdiyi bayağı, duzsuz, təsirsiz
andlardan istifadə edirdi: "Yalan deyirəmsə,
uşaqlarım ölsün", "Meyidini görüm, səni
qəbrə qoyum, əgər..." Bəzən belə
ikibaşlı və çox mənalı ifadələr nəinki
müştərinin ürəyincə olmur, onu cəlb etmir, əksinə
Əbdül Kərimi çıxılmaz vəziyyətə
salır: "Elə öz meyidini gör. Özünü
qəbrə qoy" - deyə uzaqlaşan alıcı
yaxınlıqdakı Məşədi Qasım və ya Kərbəlayi
Əhmədin dükanına tərəf gedirlər".
Hacı Kərimin baş qəhrəman
olduğu digər hekayələrdə də müəllif
öz duyğu və düşüncələrini oxucuya daha
canlı, obrazlı, təsirli çatdırmaq
üçün folklor nümunələrindən yerli- yerində
və bacarıqla istifadə edib.
(Ardı var)
Abid Tahirli
525-ci qəzet.-
2016.- 13 may.- S.4