Kral Əbdüləziz adına Fondun nümayəndə heyəti Şərqşünaslıq İnstitutunda

 

Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Fondunun baş direktoru doktor Fəhd Əbdüləziz əs-Səmmarinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü, professor Gövhər Baxşəliyeva ilə görüşüb.

Bu barədə AMEA Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Vüqar Məmmədovun yaydığı məlumatda bildirilir.

Görüşdə qonaqları salamlayan G.Baxşəliyeva, onlara institutun tarixi, strukturu elmi fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. İnstitutun müxtəlif şöbələri üzrə aparılan aktual tədqiqat işlərindən danışan direktor onların yalnız orta əsrlərlə deyil, eyni zamanda müasir dövrlə əlaqəli olduğunu xüsusilə qeyd edib. Ərəb ədəbiyyatında azərbaycanlı alimlərin elmi fəaliyyətlərinin öyrənilməsinin ölkəmiz üçün olduqca vacib olduğunu qeyd edən G.Baxşəliyeva dahi Nizami Gəncəvinin yaradıcılığından onun ərəb mənbələrindən etdiyi iqtibaslardan danışıb. G.Baxşəliyeva bildirib ki, Əbülfərəc əl-İsfəhani, Yaqut əl-Həməvi, İbn Səllam s. kimi klassiklərin əsərləri ilə yanaşı yeni dövr ədəbiyyatının nümayəndələri Mixail Nueymə, Cübran Xəlil Cübran, Nəcib Məhfuzun, müasir dövrün görkəmli mütəfəkkirlərindən Taha Hüseynin digərlərinin yaradıcılıqları institut əməkdaşlarının tədqiqat obyektinə çevrilib.

Ərəb ölkələrində baş verən hadisələrin Azərbaycan xalqı tərəfindən böyük ürək ağrısı ilə müşahidə edildiyini həmin mənfi halların tezliklə aradan qalxmasını arzuladığını bildirən G.Baxşəliyeva Ermənistanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə etdiyi təcavüz səbəbilə onunla heç bir əlaqə yaratmayan Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyinə, şəxsən Kral Salman bin Əbdüləzizə xüsusi təşəkkürünü ifadə edib. G.Baxşəliyeva bildirib ki, Səudiyyə Ərəbistanı Krallığı Türkiyə Cümhuriyyətindən sonra məlum təcavüz səbəbilə Ermənistanla heç bir əlaqə yaratmayan dövlətlərin ön cərgəsindədir.

İnstitutla tanışlıqdan məmnun olduğunu bildirən qonaq, bu elm müəssisəsində görülən işləri yüksək qiymətləndirib. Doktor Fəhd Əbdüləziz əs-Səmmari rəhbərlik etdiyi qurumun Şərqşünaslıq İnstitutunun apardığı elmi tədqiqatlara dəstək verməyə, o cümlədən, digər elmi sahələrdə institutla əməkdaşlıq etməyə birlikdə yeni elmi mövzular üzərində işləməyə hazır olduğunu bildirib. Rəhbərlik etdiyi fondun 1972-ci ildən fəaliyyət göstərdiyini fondun idarə heyətinin rəhbərinin Kral Salman bin Əbdüləziz olduğunu xüsusilə qeyd edən qonaq bu günə qədər 400-dən artıq elmi nəşrlərin müəllifi olduqlarını bildirib. Fondun çap etdiyi bir neçə kitab atlasları Şərqşünaslıq İnstitutuna təqdim edən qonaq Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirliyi vasitəsi ilə digər nəşrləri instituta göndərə biləcəklərini vurğulayıb.

Daha sonra qonaqlar institutun əməkdaşları ilə görüşüblər. Doktor Fəhd Əbdüləziz əs-Səmmari müsəlmanların tarix boyu bütün mədəniyyətlərə, dinlərə hörmətlə yanaşdıqlarını və bunun ali islam əxlaqı olduğunu qeyd edib. Müsəlmanlar arasında mövcud olan ideoloji və məzhəb problemlərinin bir kənara qoyulmasının və müxtəlif dinlərə, mədəniyyətlərə, fikirlərə hörmətlə yanaşmanın vacib olduğunu bildirən qonaq bir ziyalı, tarixçi və ədəbiyyatçı kimi elmi həqiqətlərin üzə çıxarılmasının və onların geniş oxucu kütləsinə təqdim edilməsinin çox əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə İnstitut əməkdaşları onları maraqlandıran sualları qonağa ünvanlayıblar. Bundan əlavə İnstitutun müxtəlif şöbələrini təmsil edən əməkdaşlardan Vilayət Cəfərov, Laura Orucova, Elvüsal Məmmədov, Gülər Qafqazlı apardıqları tədqiqat işləri haqqında məlumat veriblər.

Sonda doktor Fəhd Əbdüləziz əs-Səmmariyə öz təşəkkürünü bildirən G.Baxşəliyeva bu görüşün elmi əməkdaşlığın başlanğıcı olacağına əmin olduğunu dilə gətirib.

 

CAVİD

525-ci qəzet.- 2016.- 13 may.- S.4