“Quran motivləri əsasında
hekayələr” müsabiqəsinə
yekun vurulub
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Quran motivləri əsasında hekayələr” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimin açılışında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdullayev ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın təşəkkülü və inkişafında böyük xidmətlərini qeyd edib. O bildirib ki, bu gün ölkəmizdə multikulturalizm və tolerantlığın varlığı ulu öndər Heydər Əliyevin siyasətinin təntənəsidir. Dövlət müşaviri bu gün Azərbaycanın dünyaya təqdim edəcəyi bir çox dəyərlərinin olduğunu diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə tarixən formalaşmış dövlət-din münasibətlərinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib və bununla əlaqədar davamlı olaraq tədbirlər həyata keçirilir. Ölkəmizdə müxtəlif dini icmaların nümayəndələrinin sülh, dostluq şəraitində yaşaması Azərbaycanı bir çox ölkələr üçün multikulturalizm və tolerantlığın nümunəsinə çevirib.
Vurğulanıb ki, mənəviyyatın tərkib hissəsi kimi din həmişə möhtəşəm incəsənət və ədəbiyyat nümunələrinin yaradılmasına təşviq edib. “Quran motivləri əsasında hekayələr” müsabiqəsi ilk belə bir müsabiqədir və gənc müəlliflərin böyük yaradıcılıq potensialını üzə çıxarıb.
Sonra qaliblər mükafatlandırılıblar. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov qalibləri təbrik ediblər.
Professor, tənqidçi Tehran Əlişanoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımoğlu və “525-ci qəzet”in redaktor müavini Seyfəddin Hüseynlidən ibarət münsiflər heyəti birinci yerə “85-ci gün” hekayəsinə görə Mirmehdi Ağaoğlunu, ikinci yerə “157, 158” hekayəsinə görə Elçin Aslangili, üçüncü yerə isə “Katarsis” hekayəsinə görə Günel Eyvazlını layiq görüb.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli “Pərvərdigara” adlı əsərini, “Savalan” qrupu “İlahilər”i ifa edib, aktrisa Zemfira Əbdulsəmədova şeirlər səsləndirib.
Tədbirdə dövlət və hökumət
rəsmiləri, Milli Məclisin
deputatları, dini icmaların rəhbərləri,
elm və mədəniyyət xadimləri,
ictimaiyyət nümayəndələri iştirak
ediblər.
Müşfiq
525-ci qəzet.- 2016.- 13 may.- S.3.