Düşmən təcavüzkar əməllərindən
əl çəkmir
EMİN HƏSƏNLİ: "KİMYƏVİ SİLAHLARDAN İSTİFADƏ ETMƏK BƏŞƏRİYYƏTƏ QARŞI ƏN BÖYÜK CİNAYƏTLƏRDƏN BİRİDİR"
Məlum olduğu kimi, aprelin sonlarında
işğalçı Ermənistan ordusu növbəti dəfə
atəşkəsi pozaraq Azərbaycan mövqelərini atəşə
tutub.
Nəticədə dinc azərbaycanlıların
yaşadığı evlər, ictimai obyektlər
dağıdılıb, insan tələfatları qeydə
alınıb.
Bugünlərdə
isə həmin insident zamanı erməni hərbi birləşmələrinin
Tərtərin Əskipara kəndinə kimyəvi tərkibli (ağ fosforlu) partlamamış hərbi sursat
atdığı məlum olub. Xoşbəxtlikdən 122 mm-lik ağ fosforlu top mərmisi yaşayış sahəsinə
yox, pambıq sahəsinə düşüb. Ərazilərinin
Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları
kimyəvi tərkibli hərbi sursatın götürülməsi
təhlükəli olduğundan onu yerindəcə zərərsizləşdiriblər.
Ölkəmizdə akkreditasiya olunmuş 11 xarici
ölkə səfirliyindən 20 nəfər hərbi
attaşe də Tərtərə səfər edərək
kimyəvi mərminin olduğu əraziyə baxış
keçiriblər.
Məsələ
ilə bağlı Tərxis Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri,
hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistanda
terrorçu rejim hakimiyyətdədir: "Onlar heç vaxt
beynəlxalq hüququn norma və prinsiplərinə
əməl etməyiblər. Cəzasızlıq
şəraitində bu cür hadisələr davam etməkdədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı yaradılan ATƏT-in
Minsk Qrupunun hər üç həmsədr dövləti -
ABŞ, Fransa və Rusiya beynəlxalq hüququn tələblərindən
çıxış edərək Ermənistanı törətdiyi
əməllərə görə tənqid etmir, bu cür halların
qarşısının alınması üçün
heç bir addım atmır. Ona görə də,
azğınlaşmış Ermənistan öz təxribatlarından
əl çəkmir, cəbhədə atəşkəsi
pozur, dinc əhalini hədəfə alır, hətta kimyəvi
silahlardan istifadə etməkdən də çəkinmir".
Hərbi ekspert qeyd edib ki, 1992-ci ildə BMT-nin 47-ci
Baş Assambleyasında kimyəvi silahlardan istifadənin
qadağan edilməsi ilə bağlı Konvensiya imzalamaq təklifi
irəli sürülüb. İmzalanma mərasimi Fransa
Prezidentinin təşəbbüsü ilə Parisdə 1993-cü ilin 13 yanvarında həyata
keçirilib. Ötən dövr ərzində
Azərbaycan da daxil olmaqla 160 dövlət konvensiyanı
imzalayıb. 65-ci ölkə olan
Macarıstan tərəfindən ratifikasiya olunduqdan sonra, 29
aprel 1997-ci ildə konvensiya qüvvəyə minib. Azərbaycan konvensiyaya 9 noyabr 1999-cu ildə
qoşulub və o 30 mart 2000-ci ildə konvensiya Azərbaycanda
qüvvəyə minib. Ermənistan da bu
konvensiyaya qoşulan ölkələr sırasındadır.
İmzalanmış sənədə görə,
kimyəvi silahlardan istifadə etmək bəşəriyyətə
qarşı ən böyük cinayətlərdən
biridir".
Bu
yaxınlarda Çernobıl faciəsinin 30-cu
ildönümünün yad edildiyini deyən E.Həsənli faciənin miqyasından
danışaraq qeyd edib ki, hadisədən neçə illər
keçsə də, radiasiyanın fəsadları hələ
də Avropada dolanmaqdadır: "Fəlakət zamanı 7 minə
yaxın insan həlak olub, 25 min insan güclü radiasiya nəticəsində
ömürlük şikəst olub, on minlərlə insan isə
sonsuz qalıb. Bu faciədən sonra
Çernobılda doğulan uşaqların 90 faizində əlillik
yaranır. Kimyəvi silah elədir ki, onun
daşıyıcısı sağalmaz xəstəliyə
tutulur və müalicəsi qeyri-mümkündür".
QHT sədri
bildirib ki, bütün bunlara baxmayaraq Ermənistan bu gün də
kimyəvi silahlardan istifadə etməkdən çəkinmir:
"İşğalçı ölkə həm ordumuza, həm
də dinc sakinlərimizə qarşı kimyəvi silahlardan
istifadə edir. Çünki Sarkisyan rejimi
terrorçulardan ibarətdir. Ermənistan
rəhbərliyi törətdiyi 30-dan çox terror aktına
görə beynəlxalq hüquq qarşısında cavab verməlidir".
E.Həsənli
bildirib ki, cəbhədə Ermənistanın törətdiyi
təxribatlara qarşı Azərbaycanın cavabı
yalnız düşmənin hərbi mövqelərinə
verilir: "Silahlı Qüvvələrimiz kimyəvi silahlardan istifadə
etmir və heç bir zaman dinc əhalini hədəfə
almayıb və bundan sonra da almayacaq. Əgər
Azərbaycan bu cür silahlardan istifadə etsəydi, bəzi
beynəlxalq dairələrin ölkəmizə qarşı
narazılıqlarını eşidə bilərdik. Təəssüflər olsun ki, beynəlxalq aləm
ikili standartlardan hələ də əl çəkmir, konkret
mövqeyini ortaya qoymur".
Ermənistan-Azərbaycan
qoşunlarının təmas xəttində 2-5 aprel
döyüşləri nəticəsində düşmən
ordusunun ağır zərbələr aldığını
deyən ekspert bildirib ki, bu, işğalçı ölkə
ictimaiyyətində mövcud olan qorxu hissini daha da
artırıb: "Buna qədər Ermənistan rəhbərliyi
öz xalqını inandırmağa
çalışırdı ki, Azərbaycan Dağlıq
Qarabağı geri qaytara bilməyəcək, guya buna gücü
çatmayacaq. Ancaq real hadisələr bunu əksini
deməyə əsas verir. Bu gün Silahlı Qüvvələrimizin
hücuma keçəcəyindən ehtiyat edən ermənilər
işğal olunmuş torpaqlardan qaçmağa can
atırlar".
E.Həsənli
vurğulayıb ki, bu gün Azərbaycanda yüksək vətənpərvərlik
ruhunda yetişən gənc nəsil torpaqlarımızın
işğal altında qalmasına imkan verməyəcək:
"Hazırda torpaqların geri qaytarılması yalnız
müharibə yolu ilə mümkündür. Biz
dünya birliyinə inanırdıq ki, beynəlxalq hüquq
işləyəcək və BMT qətnamələri başqa
ölkələrdə yaranan problemlərlə bağlı dərhal
işlək vəziyyətə gətirildiyi kimi Dağlıq
Qarabağ münaqişəsinin həllinə də gətirib
çıxaracaq. Təəssüflər
olsun ki, 20 ildən artıqdır bu qətnamələrin Ermənistan
tərəfindən yerinə yetirilməməsinin şahidi
olduq. Çünki nə ABŞ, nə
Fransa, nə də Rusiya münaqişənin ədalətli
yolla həll olunması üçün konkret addımlar
atmayıb, Ermənistana işğalçı siyasət
apardığına görə təzyiq etməyib. Bütün bu illər ərzində cəbhəboyu
ərazilərdə yaşayan Azərbaycan əhalisi erməni
vandalları ilə üz-üzə dayanmağa məcbur olub.
Lakin erməni həbri birləşmələrinin
cəbhəboyu yaşayış yerlərini hədəfə
alması, dağıntılara, insan tələfatlarına səbəb
olmasına baxmayaraq azərbaycanlılar öz evlərini tərk
etməyib, əksinə mərdlik nümayiş etdirirlər.
Çünki Azərbaycan xalqı Silahlı
Qüvvələrimizə inanır. Müxtəlif
vaxtlarda Ermənistanın törətdiyi təxribatlarının
qətiyyətlə qarşısının alınması,
düşmənin dəfələrlə artıq itki verərək
geri otuzdurulması ordumuzun gücünü göstərir.
Prezident Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin dediyi kimi Azərbaycan dövlətinin,
xalqının səbri tükənməz deyil. Biz daha 25
il oturub torpaqların danışıqlar
yolu ilə həll olunmasına ümid bəsləyə bilmərik.
Bu məsələ konkret həllini
tapmalıdır. Azərbaycanda bu gün
birmənalı mövqe formalaşıb ki, Azərbaycan
torpaqları istənilən yolla işğaldan azad edilməlidir.
Biz atəşkəs müqaviləsinin imzalanmasından
keçən 22 il ərzində
danışıqlara sadiq qalmaqla Ermənistana öz güzəştimizi
etmişik. Azərbaycan bunu beynəlxalq
hüquqa hörmət naminə edib. Buna görə də
gələcək nəsillər, tarixçilər deyə
bilməyəcək ki, münaqişə sülh yolu ilə həll
oluna bilərdi, lakin Azərbaycan hərbi varianta
üstünlük verdi. İndi
Azərbaycan öz seçimini edəcək. Biz hərbi yolla olsa da, torpaqlarımızı
işğaldan azad edəcəyik. Ya Ermənistan
öz xoşu ilə torpaqlarımızı geri qaytaracaq və
Dağlıq Qarabağa Azərbaycan muxtariyyat verəcək,
ya da ordumuz öz gücü ilə işğala son qoyacaq.
Əgər hərbi varianta əl atmağa məcbur
olsaq, o zaman muxtariyyat məsələsi də gündəmdə
olmayacaq. Hətta Ermənistanın dövlət
kimi mövcudluğu da sual altına düşəcək".
Yeni Azərbaycan
Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma
şöbəsinin müdiri, Milli Məclisin deputatı
Aydın Mirzəzadə isə deyib ki, Tərtərin
Əskipara kəndində Ermənistan ordusunun
atdığı ağ fosfor bombasının
aşkarlanması onu göstərir ki, işğalçı
ölkə artıq ciddi çaşqınlıq içindədir.
O "SİA"ya bildirib ki, Ermənistan bütün sivil
mübarizə formalarından imtina edərək, bu gün Azərbaycana
qarşı çox böyük azğınlıqla
mübarizə aparmağa çalışır:
"Düşmən tərəfi işğal olunmuş
torpaqları işğalda saxlamaq üçün hətta
qadağan olunmuş silahlardan da istifadə edir. Məqsəd
isə Azərbaycanın da bu silahdan istifadə etməsidir ki,
Ermənistan sonra bu məsələdən beynəlxalq aləmdə
rəsmi Bakının qadağan olunmuş silahdan istifadə
etməsi barədə təbliğatına yol açsın.
İkincisi isə cəbhə xətti
yaxınlığında yaşayan insanlar arasında qorxu
yaradaraq onların da qaçmasını arzulayır. Cəbhənin erməni hərbçiləri tərəfindən
100 km-lərlə məsafədə yerli əhali
yaşamır. Azərbaycan tərəfdə
isə insanlar öz dədə-baba torpaqlarını qoyub
qaçmaq istəmir. Azərbaycan bu məsələni
çox ciddiyə alır. Artıq bununla
bağlı beynəlxalq ictimaiyyət məlumatlandırılır
və müvafiq tədbirlər görülür".
A.Mirzəzadə
əlavə edib ki, bütün bunlar Ermənistanın ciddi
provokasiyaya getdiyini, rəsmi İrəvanın artıq
heç bir beynəlxalq hüquq və insani normalarını
tanımadığını göstərir: "Amma Ermənistan
unudur ki, Azərbaycan özünün suveren
hüquqlarını ən yüksək səviyyədə
qorumaq əzmindədir. Beləcə Ermənistan
bu provokasiyalarının on qat cavabını alacaq".
Qeyd edək ki, Tərtərin Əskipara kəndinə
atılan kimyəvi hərbi sursat erməni silahlı bölmələrinin
beynəlxalq konvensiyalar tərəfindən qadağan
olunmuş silahlardan istifadəsinə dair ilk fakt deyil. Əfsuslar
olsun ki, beynəlxalq hüququn tələblərinə riayət
etməyən Ermənistan Azərbaycana qarşı dəfələrlə
kimyəvi silahlardan istifadə edərək bölgə
üçün böyük təhlükələr
yaradır, regionun təhlükəsizliyini təhdid altında
qoyur. Xarici dairələr isə Ermənistana
bu əməllərinə qarşı heç bir ciddi
addım atmır, yalnız ümumi ifadələrdən
istifadə edərək hadisəni pisləməklə kifayətlənirlər.
Buna görə də düşmən öz məkrli
niyyətindən, təcavüzkar əməllərindən, təxribatından
əl çəkmir.
Ceyhun ABASOV
525-ci qəzet.- 2016.- 13 may.- S.3