Teatr-konsert müəssisələrinin fəaliyyəti
geniş müzakirə olundu
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Milli Kitabxanasında teatr və konsert müəssisələrinin fəaliyyətinə həsr edilmiş müşavirə keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirədə qurumun müvafiq şöbə və sektorlarının, respublikanın teatr-konsert müəssisələrinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin rəhbərliyi iştirak edib.
Nazir müavini Ədalət Vəliyev ölkəmizdə uğurla həyata keçirilən mədəniyyət siyasəti, dövlətin bu sahəyə diqqət və qayğısı barədə danışıb. O, 5 ildə Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı dövlət tərəfindən böyük işlərin görüldüyünü vurğulayıb. Qeyd edib ki, son illərdə teatrlara yeni nəqliyyat vasitələri verilib, qrim ləvazimatları, səhnə cihazları təqdim edilib. Əksər teatrların binası əsaslı təmir-bərpa edilib və yenidən qurulub. Bütün bunlar dövlət tərəfindən müvafiq sahənin inkişafına göstərilən qayğının bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, bəzi teatr-konsert müəssisələri hələ də tam gücü ilə işləməyə səy göstərmir, teatr rəhbərləri bəzən öz işlərinə laqeyd yanaşırlar. Bölgə teatrlarının fəaliyyəti də qənaətbəxş səviyyədə deyil. Teatrların repertuar tərtibində qüsurlar qalmaqdadır. Bəzən nazirlik tərəfindən təsdiq olunan repertuar sonradan teatr tərəfindən dəyişdirilir. Artıq bu istiqamətdə monitorinq aparılır. Nəticəyə görə konkret addımlar atılacaq. Respublika üzrə qastrol səfərləri yox dərəcəsindədir. Teatrlar bütün gücü gündüz tamaşalarına yönəldiblər.
Nazir müavini turizm şirkətləri ilə teatr-konsert müəssisələrinin birgə əməkdaşlıq məsələlərinə də toxunub. İstirahət mövsümü ilə əlaqədar olaraq bölgələrdəki turizm məkanlarında tamaşaların təqdim edilməsinin vacib olduğunu söyləyib.
Teatr-konsert müəssisələrinin muzeylər və rəsm qalereyaları ilə birgə əməkdaşlığının vacibliyini önə çəkən nazir müavini bildirib ki, premyeralardan əvvəl rəsm sərgilərinin təşkil olunması insanların istirahətini rəngarəng etməklə yanaşı, həm də yeni bir tendensiya yaradar.
Reklam, internet resurslardan istifadə, mətbuatla sıx əməkdaşlıq məsələləri barədə fikirlərini bölüşən Ə.Vəliyev teatr-konsert müəssisələrini mətbuatla mütəmadi əlaqə yaratmağa, fəaliyyətlərini informasiya şəklində tamaşaçıya çatdıraq daha geniş və eyni zamanda tamaşaçı diqqəti çəkməyə çağırıb.
Müşavirədə hər bir teatrda kollektivin
potensial gücünə uyğun
tamaşaların hazırlanması, aylıq repertuarın dəqiq
şəkildə nazirliyə təqdim edilməsi, turizm şirkətləri və teatr rəhbərlərinin sıx əməkdaşlığı,
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi
ilə birlikdə Bakı ətrafı qəsəbələr
və Abşeron rayonu
ərazisində birgə fəaliyyət göstərmək,
teatrların mətbuat xidmətlərinin fəaliyyəti, reklam işinin düzgün qurulması və s.
məsələlərlə bağlı tapşırıqlar
verilib.
525-ci qəzet.- 2016.- 13 may.- S.2.