Yenə iki od arasında - (Səkkizinci
Qarabağnamə)
Böyük
yazıçı, tədqiqatçı və fikir adamı
Yusf Vəzir Çəmənzəminlinin xatirəsinə
ehtiramla...
Yazıçı Elçin Hüseynbəyli “Yenə iki od arasında” romanını təzəcə bitirib.
Müəllifin sözlərinə görə, hazırda əsər üzərində son redaktə işləri aparılır.
Şərti olaraq “Səkkizinci Qarabağnamə” adlanan,
Qarabağ tarixinin maraqlı məqamları ilə zəngin
olan bu əsərdən parçaları oxuculara təqdim
edirik.
ÖN
...Olur belə
şeylər, dostlar, olur. Hardan başlamağı bilmirsən:
uzaqdanmı, ortadanmı, yaxındanmı? Mən
uzaqdan başladım. Daha doğrusu, birinci
cümlə məni gözləmədi. Siz də onu
gözləməyin...
...1769-cu
ildə Rusiya imperatriçası, at ehtiraslı İkinci
Yekaterina saray məmurlarına buyurdu ki, Qafqazın yeni xəritəsini
hazırlayıb ona təqdim etsinlər. Bununla da o, sələfi
Birinci Pyotrun on doqquzuncu əsrdə başladığı
işi davam etdirdi, onun
siyasətinə sadiqliyini göstərdi: ermənilər
Qafqazda, o cümlədən də Azərbaycanda məskunlaşdırılsın.
Özü də elə-belə buyurmadı. Yaşı qırxı
haqlamış, Mopassan yaşına çatan Böyük
Çariça adətinə uyğun olaraq xüsusi mərasim
də təşkil elədi...
Bəlalarımızın
kökü də ordan başladı...
Sonra
1828-ci ilin fevralı gəldi və Türkmənçay
sülhünün şərəfinə Petropavlovsk
qalasından toplar atıldı: rusların qələbələrinin
sayı qədər: 101 dəfə... Ondan bir ay
sonra isə İrəvan və Naxçıvan
xanlığı ərazisində “Ermənistan vilayəti”
yaradıldı. 1921-də Ermənistan
Respublikası elan edildi. 1923-də Qarabağda daha bir erməni
vilayəti yaradıldı...
Qarabağlı
İbrahimxəlil xanın dediyi sözlər çin oldu: “Mən
ruslarla dostluğun əleyhinə deyiləm, ancaq qorxuram ki,
bura gələndən sonra erməniləri şirnikləndirə,
onları üstümüzə qaldıra bilərlər...”
Sonra...Sonrası
sonra oldu...
-Elə
deyil, ustad? - deyə xəbər aldım.
Ustad solğun və bulanıq gözlərilə mənə
baxdı və təsdiq əlaməti olaraq başını tərpətdi. Sonra gözlərini
yumdu. Həmin vaxt şəhvəti abrını üstələyən
Yekaterinanın, cırtdanboy qraf Karl Neselrodun, qızılayaq
general Zubovun, çardan incik düşdüyünə
görə qacarların tərəfində vuruşmağa
hazır olan bədbin və xəstə general Yermolovun, Cavad
xanın və İbrahim xanın ailəsini bir gecədə məhv
edən “tülkü” ləqəbli mayor Lisaneviçin,
rusların bələdçisi, xəyanətkar erməni mayor Madatovun,
Bakıda öldürülən Sisianovun, Şuşa
qalasında qanına qəltan edilən xacə şah Ağa
Məhəmmədin silueti gözləri önündən gəlib
keçdi. Onları heç zaman görməsə
də, xatırlaya bilirdi. Yaddaşı hələ
diriydi və həmin yaddaş genetik kodlarla ona
ötürülmüşdü...
lll
Hə, əziz
oxucum, öz üslubuma uyğun başlayıram: bir-birini
bağlayan rəngbərəng divarlar kimi...Divarlar harda
görüşür? Küncdə...
Baş ağrısı olmasın, dostlar. Əvvəl istədim ki,
romanı ustadın məzarını ziyarətlə
başlayam, amma Nijni-Novqorod vilayəti Cəzaların
İcrası Federal Xidmətindən məktub gəldi ki, məhkum
Yusif Vəzirovun dəfn olunduğu məzarlıq indi yoxdur.
Arxiv idarəsinin müdiri T.Y.Savinin imzaladığı 146
saylı arayışın qısa məzmunu beləydi:
“1940-cı ilin 11 iyununda anti-Sovet fəaliyyətinə görə
8 il həbs cəzası almış və
1941-ci il yanvarın 27-də islah əmək koloniyasına
göndərilmiş Yusif Mirbaba oğlu Vəzirovun məzarı
saxlanılmayıb”. Yəni yoxa
çıxıb. Sonradan mənə məlum
oldu ki, Betluqa çayının sol sahilindəki həmin məzarlıq
suyun altında qalıb. Bunu mənə Nijni-Novqorodda sahə
müvəkkili işləmiş uşaqlıq dostum Elmir
dedi: “Həmin ərazi daim sucuq
olduğundan orda “plotina” (su anbarı) tikilib”. Sonra istədim ki,
ustadın hər yaşına uyğun paltarını geyib
romana başlayam. Belə də onun ruhuna
qovuşa, başına gələn hadisələri, fikir və
düşüncələrini asan mənimsəyə bilərdim.
Amma orası da bəlli oldu ki, Yusif Vəzir həbs
olunarkən onun bütün əşyaları və geyimləri
götürülüb, amma geri qaytarılmayıb. Sovet
silistçilərinin tərtib etdiyi aktda hər şey
açıq-aydın göstərilmişdi: alt
paltarının sayından tutmuş ingilis paltosuna qədər,
eləcə də kitabxanaya üzvlük vəsiqəsindən
əlyazmalarına kimi. İstər-istəməz
bu fikirdən vaz keçdim və qərara gəldim ki, belə
bir süjet quram, romanı da ona yükləyəm: Bəy qan
düşmənçiliyini aradan qaldırmaq
üçün xanımına deyir: Ortancılı
hazırla. Ortancıl da xəstə. Ana
uşağının xəstəsini və
cılızını sevər, köməksiz olduğuna
görə...
Axırda bu süjetdən də vaz keçdim. Həddən
artıq sentimental idi və bu əsərə
uyğunlaşmaq istəmədi, mən də məcbur eləmədim.
Heç sizi də oxumağa məcbur eləmirəm.
Amma özünüzü vətənpərvər...yox...bəlkə
sizin vətənpərvər sözündən xoşunuz gəlmir...vətənpərvərlik
varlılara məxsus olduğuna görə...Ah, bu ingilislər...onda
olsun vətəncanlı, yəni özünüzü vətəncanlı
sanırsınızsa...
...Londonda
səfərdə olarkən gürcü dostum Bermingem
sarayının qarşısında mənə dedi: “Bu saraya
yaxşı bax, orda bütün talelər həll olunur, elə
Qarabağ da”...Bunu isə mən sizə deyirəm: hər
şey orda- keçmişdədir. Keçmişinizi
sevirsinizsə...keçmişini kim sevməz
ki... Onda mahiyyətcə “Səkkizinci Qarabağnamə”ni oxuyun...tarixinizi bilin. Bu tarixi öyrənməyə
çalışan, onu sizlərə anlatmağa can atan, milləti
yolunda canını fəda edən Yusif Vəzir Çəmənzəminlinin
həyatını öyrənin...onu yaxınlarınıza hədiyyə
edin. Çox olmadı ki?..
Nəsə. Akademik bilgilər sizi yora bilər. Onda
başlayaq. Zatən bayaqdan
başlamışıq. Onda davam edəlim...
İkinci
Yekaterina və təlxəkləri
...İkinci Yekaterina (qızlıq adı Sofiya) saray məmurlarının
hamısını növbəylə paçasının
arasından keçirəndən, dəstəyə düzəndən
sonra balacaboy qraf Neselrodun adını daşıyan sələfini
sinəsinə sıxdı. Qraf ayaqlarının
ucunda dikəldi və burnunu kraliçanın döşlərinin
arasına soxdu.
Yekaterina hər yarım saatdan bir paltarını dəyişsə
və yuyunsa da, kök olduğundan tərləyirdi. Dolu bədəni
olsa da, düz qaməti vardı. Əyninə ağ, sarı güllü atlasdan vertuqetta
(yubka) və qırmızı kofta geyinmiş, başına
qızılı parik qoymuşdu. Onun
köklüyü cavanlığın qalığıydı.
Çünki gəncliyində başdanxarab əri
Pyotr Fyodoroviçin acığına cavan
qvardiyaçılarla gen-bol əylənməyi sevirdi. Çünki səfeh Pyotr saray qulluqçusu,
başqa bir Yekaterina ilə arvadının gözləri
qabağında min hoqqadan çıxırdı. “Deməli, belə!? Əgər mən
ömürboyu sənə sədaqətli qalsam, onda həyatı
özümçün zindana döndərərəm!” 17 yaşlı hikkəli və cavan xanım belə
demiş və yazmışdı. Ona
görə də üç uşağının heç
biri ərindən deyildi. Heç indinin
özündə də təravətini itirməmişdi, pəhrizə
oturmaq fikrində də deyildi. Bir tərəfi
alman, bir tərəfi polyak olan imperatriçanın dərisi
ağappaq, üz cizgiləri simmetrik idi.
Böyük xanımın hakimiyyətə gəlməsində
xüsusi xidmətləri olan saray əyanları bu mənzərəni
seyr edir və için-için gülürdülər. Çünki bu mənzərə
onlara çox tanış idi. Və hər
dəfə bu məzəli oyunları həyata keçirəndə
kraliça soruşurdu:
-Qorxmadın
ki!?
Bu dəfə
o, balacaboy qrafa başqa sual verdi:
-Nə
hiss elədin?
Qraf kəkələdi:
-Qooxu...Gözəl
qooxu, kraliça...
-Yooox!.. Olmadı!..
-Çox
gözəl qooxu!..
-Hə,
bu başqa məsələ... Nə qoxusu?
-Qafqaz
qoxusu, ülya həzrətləri, Qafqazın qoxusu, -deyə
yaltaqlandı. Çünki Qafqazın yeni xəritəsi
onun dəftərxanasında hazırlanmışdı.
-Ha...ha...ha...Belə
de!!!
Sonra
cırtdanlar gəldilər: təlxəklər. Bir-birilərinin başına çıxıb,
xırda burunlarını, girdə sifətlərini
kraliçanın döşlərinin arasına
sıxdılar və üz-gözlərini turşudaraq, yerə
düşdülər. Göydə mayallaq
vurub yel buraxdılar. Onların ən bici,
kraliçanın mağmın ərinin süd qardaşı,
Mixail Fyodoroviç:
-Sizdən
vətən qoxusu gəlir, ülya həzrətləri.
Matuşka Rodinanın (Ana vətənin) iyi...
İkinci
Yekaterina:
-Ana vətən
bu qədərmi iyrənc və üfunətlidir!?- deyə yenidən güldü. - Onda qraf Orlov bu
barədə cavab verməli olacaq. Bəlkə onları da
özümün xaç suyumdan keçirim, -dedi və pərdənin
arxasına keçdi. Pərdənin arxasından şırıltı səsi
gəldi. İmperatriça kiçik ehtiyacını
qarşoka dıjıldadırdı...
Hamı Qriqori Orlova baxıb, bic-bic güldü.
-Ülya həzrətləri yaman
zarafatcıldır, -deyə Orlov pərtliyini gizlətmək
üçün gülümsündü.
-Gələ
bilərsiniz. - Pərdənin arxasından
imperatriçanın səsi eşidildi. -Ha...ha...ha!!!
İkinci Yekaterina hamıdan gənclik qisasını
alırdı.
Gənclikdə o, zülmkar qaynanası
Yelizavetanın danlaqlarına, onun oğlu və
özünün əri Üçüncü Pyotrun təhqirlərinə
çox dözmüşdü. İndi də onlar
dözməliydilər: məşuqları və yaltaq saray əyanları,
hətta məşuqu Qriqori Orlov, elə bütün
dünyanın özü də...
Yusif Vəzirin
iziylə
...Rusiya DİN-dən qanqaraldıcı məktub alsam da,
təslim olmaq fikrində deyildim. Məzarlıq yoxdu, həmin
yer ki, durur. Məyər Şah Abbasın,
Don Juanın at oynatdığı məkanlarda
olmamışammı? Olmuşam. Tarixi və onun ruhunu (elə insanların da) duymaq
üçün səfər mütləq vacibdi. Səfər çox mətləblərin
açarıdı...Səfər - sirrə aparan yoldu. Səfər - sirrin başladığı və
qurtardığı yer, məkandı. Səfər
düşüncələri isə rəngbərəng yuxular
kimidi...
-İstəyirəm ki, ora gedəm, - ağsaqqala belə
deyirəm.
O təəccüblənir,
xoş ətri olan siqaretindən bir qullab alır və deyir:
-Bayaq
özün dedin axı, oralar su altındadı.
-Elədi,
amma gözlə görmək bir ayrı məsələdi. Onun zövqü başqadı. Siz
bunu məndən də yaxşı bilirsiniz. Səfər eləməyi
xoşlayırsınız.
Doğrudan da ağsaqqal səfər eləməyi
çox sevir, bir ayağı göydə, bir ayağı yerdədi. Hərdən
mənə elə gəlir ki, səfər onun həyat tərzidi.
Bunu ona deyirəm. O da yüngülcə
gülümsünür.
-Orasını
başa düşdüm, -deyir, - amma hər səfərdən
zövq almaq da
olmur axı. Özü də sənin missiyan o
deyil, yəni zövq almaq deyil, romanın təyinatı da
başqadı. Bu, çox çətin işdi...
-Anlayıram.
Əlbəttə mənim missiyam zövq almaq deyil,- deyə hövsələsizlik edirəm... -
amma indi siz deyən məkanlara, yəni Qarabağa gedə bilmərəm.
Hamısı işğal altındadı. Azad zonalarda isə dəfələrlə
olmuşam...Özü də işğaldan əvvəl də
təəssüratlarım var, onları mütləq yazacam.
-Mən
demirəm ki, Qarabağa get. Aydın məsələdi
ki, indi ora gedə bilməzsən.
-Demək istəyirəm ki...
-Qısası, məndən nə asılıdırsa, eliyim? -deyə sözümü yarıda kəsir, yenidən siqaretindən bir qullab alır, astaca öskürür və siqareti külqabına basıb söndürür. - Yaxşı ki, sən çəkmirsən...
-Səfirliyə, -deyirəm, - bizim səfirliyə, Moskvaya məktub yazmaq lazımdı. -Qoy, icazə alsınlar, Yusif Vəzirin sənəd və əşyalarının verildiyi arxivə baxım. Bəlkə nəsə tapdım. Dəqiq bilirəm ki, nəsə tapa bilərəm. Belə də əsər maraqlı və dolğun olar. Hər əşyada bir sirr gizlənir.
-Axtaran tapar, -ağsaqqal təmkinini pozmadan deyir, - amma falçılıq eləmə.
-Yox, əşi, falçılıq nədi, mən həqiqəti yazmaq istəyirəm, - gözlərimlə gördüyümü.
-Onda uğurlar.
-Bəs məktub?
-Yaz da, -deyir və üzümə baxır... - Rus dilini ki, bilirsən. Həm də ora Azərbaycan dilində də yaza bilərsən, öz səfirliyimizdi...
-Hm... - deyə mızıldandım.
Dövlət telefonu zəng çaldı. O telefonun dəstəyini götürə-götürə:
-Get, yaz, dedi, - bir çətinliyin olsa, xəbər elə, ya da gəl...
Və yazdım...
Üstəlik səfirliyin adından Rusiya Daxili İşlər Nazirliyinə də məktub ünvanladım. Elə belə nümunə üçün. Fikirləşdim ki, işimin irəli getməsi üçün bürokratik bir aparatı narahat eləməyə dəyməz. Məmurlar yazı yazmağı yo, oxumağı və dərkənar qoymağı sevir.
Zənnim məni aldatmadı: “Sizin məktubunuz yaxşıdır, elə onu göndərərik...” Səfirlikdən belə cavab verdilər. Və göndərdilər də.
Məqsədə çatmaq üçün hər vasitə məqbuldur, eləmi!?..
“Elədi, dədə, elədi!” Öz sualıma özüm də cavab verirəm...
Elçin Hüseynbəyli
525-ci qəzet.- 2016.- 14 may.- S.22