“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

I cild (noyabr 1918 - aprel 1920)

Son söz hökumətə veriliyor

 

Fətəli Xan: (Natiqlərə cavab verərək) Sosialistlərdən birisi nitqində dedi ki, hökumət gördügi tədbirlər kafi degildir. Çünki məsələ bu vəqtədək həll edilib qurtarmamışdır. Əgər kafi dərəcə tədbir görülsəydi ixtilaf imdiyədək sülh təriqilə yatırılıb qurtarardı. Fəqət bən dedim və yenə diyoram ki, hökumət bu uğurda çox çalışmışdır. Hələ iyul ayında Azərbaycan hökuməti qonşu millətlərə müraciətlə təklif etdi ki, sərhəd məsələsinin həlli üçün bir beynəlmiləl komisyon təşkil olunsun. Bu da həll edə bilməzsə məsələ hökm vasitəsilə həll edilsin. Fəqət o vəqt bizim təklifimizə heç bir cavab çıxmadı. İkinci dəfə bir ay bundan əvvəl hökumətin təşəbbüsü ilə Gürcüstan səfirimiz yenə bu uğurda çalışmağa iqdam etdi və gürcü hökumətilə bir yerdə Zaqafqasiya konfransı dəvəti üçün layihə hazırladı. Tiflis konfransının dəvətini əvvəlcə biz təklif etmişik. Öylə degil ki, guya onlar təklif etmişlər, biz dəxi razı olmuşuz. Layihə hazır oldu. Təşrini-saninin 10-da iclas təyin edildi. Fəqət Ermənistan mürəxxəsləri gəlmədilər. Konfrans dörd dəfə təxirə salındı. Ararat hökuməti yenə nümayəndə göndərmədi. Bir hökumət böylə işləri təklif edər, yazar, çağırar, daha gedib başqa hökumətləri qollarından tutub konfransa gətirə bilməzlər ki. Bu surətlə hökumət bu uğurda çox çalışmışdır və əgər nəticəsiz qalmışsa, təqsir Azərbaycan hökumətində degildir.

Digər natiqlərdən Qara bəy diyor ki, əskəri işlərə diqqət verilməmişdir. Xayır, böylə degildir! Hökumət bu xüsusda da çox çalışmışdır. Bu barədə müfəssəl məlumat verməgi bəzi səbəblərə görə lazım bilmiyoram və nə edildigini bu gün demək istəmiyoram. Ancaq burası var ki, bir çox işlər görülübdür. Qoşun təşkilati işləri məşhur general Mehmandarova mühəvvəl edilmişdir və əskəri işlər üçün para müzayiqə edilmiyor.

Bədə Əhməd Cövdət sosialistlər fraksiyası tərəfindən və sədr, “Müsavat” tərəfindən edilən təhriri təklif (formula)ları oxuyurlar. Beş dəqiqə tənəffüs elan ediliyor.

Tənəffüsdən sonra:

Məhəmməd Əmin - Müsaidənizlə ümum fraksiyalar tərəfindən müttəfiqən qəbul edilmiş olan formulayı oxuyoram:

Vaqe olan istizahə cavabən hökumət rəisinin Qarabağ məsələsi və bu vilayətdə vəhşiliklər icra edən Andronikin çətəsi həqqində verdigi izahatı eşidərək Azərbaycan Məclisi-Məbusanı vətənin təmamiyyəti-mülkiyyəsi, Azərbaycan Cümhuriyyətinin heysiyyəti, cümhuriyyət əhalisinin təmini-asayiş və hürriyyətinə aid olan məsələdə görəcəgi daha qəti siyasi və daha şiddətli və əskəri tədbirlər görməsini tələb edərək, bu tədbirlərin icrasında məbusan heyətinin daimən himayət və etibarına məzhər olacağını bəyanla növbədəki məsələlərin müzakirəsinə keçir.

Təklif ittifaqi-ara ilə qəbul olunur.

Erməni-gürcü ixtilafı həqqində

Qarabağ məsələsi bitdikdən sonra erməni-gürcü ixtilafı məsələsinə keçərək sosialistlər tərəfindən parlamana təhriri surətdə verilmiş olan təklifi Əhməd Cövdət əfəndi oxuyur. İstizahın məzmuni:

Bu axır vəqtlərdə Tiflisdən alınan teleqraf xəbərlərinə görə iki qonşu hökumət olan Gürcüstan ilə Ermənistan dövlətləri arasında ixtilaf əmələ gəlib qanlı toqquşmaya səbəb olmuşdur. Bu vaqeənin Zaqafqasiya millətləri üçün böyük əhəmiyyəti olub onları fəlakətlərə düçar edə biləcəgindən müsəlman sosialistlər fraksiyonu məsələnin parlamanda müzakirə edilməsini və bu yolda lazımi təşəbbüsatda bulunmasını təklif ediyor.

 

Sədr istizahı ruscaya tərcümə etdikdən sonra Səfikürdskiyə söz veriliyor.

 

Bitmədi.

 

“Azərbaycan”, 24 dekabr 1918, ¹72

 

Azərbaycan Məclisi-Məbusanında Yeni kabinə təşkili

 

Məclisi-Məbusanın 5-ci iclası qanuni-əvvəlin 26-sı gündüz saat 12-də təyin edilmişdi.

 

Saat birdə müavini-sədr doktor Həsən bəy Ağayev iclası açaraq müzakirə olunacaq məsələləri elam ediyor. Növbədəki məsələlər bunlardır:

 

1- Varid olan məktubat

 

2- Fəhlə komissiyası intixabı

 

3- Büdcə komissiyası seçkisi

 

4- Məclisi-Müəssisan dəvəti qanunu hazırlamaq üçün bir komissiya intixabı

 

5- Yeni kabinə təşkili həqqində

 

6- Bəyannamələr

 

7- Son həbslər həqqində istizah

 

8- Rüşvətxorluq həqqində rus fraksiyasının istizahı

 

Varid olan məktubat bundan ibarətdir ki, Gorus qəzasından Ağaoğlu Əhməd bəy həzrətlərinin parlamana məbus intixab edilmiş olduğu həqqində məhəllindən teleqraf və etibarnamə alınmışdır.

 

Bakı qəzasından parlamanda məbus bulunmadığından “İttihad” firqəsi parlamana müraciətlə Bakı qəzasına 2 yer verilməsini istida ediyor. Məhəmmədbəyovun məbusluqdan istefası, Qasım bəyin məzuniyyəti, Ukrayna Radası (Bakı) ərizəsini mütaliə edib də öz qərarını bildirmək üçün bu kağızlar etibarnamə komisyonuna verilibdir. Bundan sonra yeni kabinə təşkili məsələsinə keçərək Rəisi-Vükəlayə söz veriliyor.

 

Fətəli xan Xoyski - Şiddətli və sürəkli alqış içində kürsiyi-xitabətə çıxaraq yeni təşkil olunan hökumətin gələcək mərəmnameyi-fəaliyyətini müxtəsərən təsvirlə böylə bir nitq irad ediyor:

 

- Möhtərəm məbuslar! Sizin rəisinizin xahişinə görə bu mühüm, çətin və qorxulu bir zamanda yeni kabin təşkili bənə mühəvvəl edildi. Vəziyyəti aşkardır ki, siz bəndən yaxşı bilirsiniz. Yeni kabinə təşkilini öhdəmizə götürməkdə nə qədər məsuliyyət olduğu da sizə məlumdur. Siz biliyorsunuz ki, beş illik cahan müharibəsindən sonra sülh konfransı qarşısında bizim əsl mühüm məsələmiz istiqlaliyyətimiz məsələsi olacaqdır. Bu istiqlalı təsdiq etdirməgi bu halətdə siz hökumətə tapşırıyorsunuz və biz bu ağır vəzifəyi öhdəmizə alıyoruz. Hökumət hamı vəzifəhlərindən qabaq istiqlaliyyətimizi müdafiə və mühafizə etməgi özünə borc biliyor. (Alqış) Keçənlərdə burada hər fraksiya tərəfindən oxunan deklarasiyalar bu vəzifəyi boynumuza götürüb əmələ gətirmək üçün bizə zəmanət veriyor. Fəqət Azərbaycan istiqlaliyyəti ondan ibarət degil ki, özümüz ilə özgə dövlətlər arasında bir sədd çəkək. Aşkardır ki, müstəqil Azərbaycan hökuməti ümum dövlətlər ilə rabitə hüsulinə çalışacaqdır. Bu rabitə əvvəlcə qonşu dövlətlər, ümumiyyətlə sabiq Rusiya ərazisində təşəkkül tapmış dövlətlər, xüsusən Rusiyanın özü ilə hasil olmalıdır. Özgə millət və dövlətlər ilə hökumət yalnız başına degil, sizin köməginiz və göstərdiginiz yol ilə rabitə əmələ gətirəcəkdir. İstiqlaliyyətimizin hamımız üçün əziz və sevgili olduğuna əminiz. Fəqət burası ancaq ümumi sülh konfransında qəbul edilib tanınacaqdır. Biz ümidvarız ki, hürr Amerikanın bütün cahana deklarasiya elan etmiş olan hürriyyətpərvər rəisi-cümhuri, demokratik İngiltərə və Cümhuri-Fransa heç vəqt kəndi istiqlalına ciddücəhd ilə çalışan bir millətin hüquqini tapdalayıb, hürriyyətini əlindən almazlar. Bu cür hökumətlərin nümayəndələrindən ibarət cahan məhkəməsi olan sülh konfransında bizim sözümüz eşidiləcəkdir. Bunu deməgə bənə ümid verən müttəfiqlərin şəhərimizdə bulunan nümayəndələrinin bizimlə etdikləri rəftar və müamilədir. Özümə borc biliyoram deyim ki, onlar bizimlə heç pis rəftar etməyib, biləks istiqlaliyyətimizi almaq yolunda müzahirət tərzində müamilədə bulunmuşlardır. (Alqış) Bən ümidvar oluyoram ki, gələcəgə bəslədigimiz ümid və amalımız vücuda gələcəkdir.

 

Möhtərəm məbuslar, hökumət çox şadlıqla bəyan ediyor ki, işlərimizi sülh ilə aparmaq məsələsində hamınızın rəyi birdir və böylə aparmağa hamınız bərabər çalışırsınız. Heç vəqt qan tökülmək tərəfdarı degil idiniz. Aşkardır ki, sizin göstərməniz hökumət üçün də bir yol olacaq və hökumət bu yol ilə gedəcəkdir. Hökumət həmişə çalışacaqdır ki, özgə dövlətlər ilə bizim aramızda həll edilməmiş qalan məsələlərin həpsi sülh təriqi ilə həll olunub qurtarsın. Fəqət bizi çox məyus edən bir şey var, o da topraq məsələsi üstündə gürcülər ilə ermənilərin arasında qan tökülməsidir. Hökumət çalışıyor ki, böylə məsələlər sülh ilə həll edilsinlər. Bu xariciyyə nəzarətimizin vəzifəsidir. Xariciyyə nəzarətinin borcudur özgə dövlətlər ilə öylə bir rabitə hasil etsin ki, aramızda qalxan məsələlər sülh ilə xitampəzir ola bilsinlər. Məlumdur ki, xariciyyə nəzarəti başqa dövlətlər ilə həm siyasi, həm ticarəti rabitə yapmalı, həm də işləri sülh ilə əmələ gətirməlidir. Amma sülh ilə əmələ gətirmək o degildir ki, hökumət özü üçün heç bir qüvvə hazırlamasın. Gərək hər dövlət daima özünü müdafiə etmək üçün qüvvə bulundursun. Ona görə həm daxili, həm xarici düşmənlərə qarşı bizim istiqlalımıza hücum edənlər müqabilinə müdafiədə bulunmaq üçün lazım olan qədər qüvvəmiz olsun gərək. (Mərkəzdən və soldan alqış) Keçmişdə sabiq hökumət böylə bir qüvvə təşkili üçün çalışmışdır; təşkilat və hazırlıq yapmış, iş başında adam qoymuşdur. İnşaallah az bir vəqtdən sonra bunların həpsi felən vücuda gələcəkdir. Ola bilər ki, keçmişdə bəzi xətalar olmuşdur. Lakin şimdi artıq böylə xətalar olmamalıdır. Əskəri qüvvə təşkili üçün lazımi tədabir ittixaz edilməlidir. Ümidvar oluyoruz ki, bu uğurda parlaman dəxi bizə kömək edib lazımi büdcəyi qəbul edəcəkdir.

 

Möhtərəm məbuslar! Bən özümü borclu biliyoram bu gün sair nəzarətlər həqqində də sizə məlumat verəm. Daxili işlərimizdə bir çox nöqsanlar vardır. Əlbəttə heç öylə bir hökumət olmaz ki, onun böylə nöqsanları olmasın. Hökumət özü yaxşı biliyor ki, nöqsanlar daxiliyyə işlərinin başında duran adamlardan asılıdır. İş başında duran adamlar milləti, cəmaəti sevən, iş bacaran yaxşı adamlar olsun gərək. Bundan maəda millət özü də gərək hökumətə müavinət etsin. Amma təəssüflər olsun ki, millət öz hökumətinə bu qüvvəti vermiyor, o iqtidarı göstərmiyor, lazımlı adamlar iş başına gəlməyib qırağa qaçıyorlar. Halbuki millət nümayəndələri bilməlidirlər ki, bu işlər cəmaət işi, vətən və millət işidir. Bundan boyun qaçırmaq olmaz. Fəqət bizdə öylə degildir. Hökumət işində qulluq edənlərə məvacib az veriliyor. Halbuki hər adam alış-veriş ilə bu məvacibdən çox artıq qazana bilər. Şübhəsiz ki, hökumət də hamıya istədigi qədər məvacib verə bilməz. Ona görədir ki, bacarıqlı bildigimiz hər kəsi qulluğa dəvət ediyoruz, qazanc az olduğundan boyun qaçırıyor. Cəmaət, millət bunu anlamalı və hökumət işlərindən qaçmamalıdır. Bununla da inşaallah hər bir işi əmələ gətirib daxilimizdə hər şey öz yoluna düşəcəkdir. Hökumət özünü borclu biliyor ki, Rusiya inqilabının fütuhatı olan ümum hürriyyətləri müdafiə eləsin. (Sol və mərkəz alqış) Bu işdə hökumət tək işləyəməz: millət özü hökumətinə kömək etməlidir. (Soldan “doğrudur” - alqış) Hökumət biliyor bu hürriyyətlərin həpsi verilməli, təmin edilməlidir. Bu hürriyyətlər, bu imtiyazlar verilməsə dövlət işləri düz getməz. Bir də daxili işlərimizdə mühüm bir məsələ var: bir məmləkətdə yaşayan ümum millətlər özlərini o məmləkətin, o dövlətin doğma övladı kibi görməlidirlər. Biz türk islamları heç bir zaman özümüzü vətən övladı kibi görməyib, həmişə ögey olduğumuzu hiss etmişik. Şimdi biz öylə şərait hasil etməliyiz ki, vətənimizdə yaşayan millətlərin həpsi özünü bir dərəcə vətən övladı kibi görsünlər. Biz özümüzə rəva görmədigimizi sairlərinə də rəva görməməliyiz. (Mərkəz və soldan alqış) Ona görədir ki, məmləkətimizdə yaşayan ümum millətlərin milli-mədəni ehtiyaclarını tamamilə təmin etməliyiz. Bizim içimizdə əsrlərdən bəri bizimlə yan-yana yaşayan millətlər var. Onlardan birisi də erməni millətidir. Müsəlmanlar da, ermənilər də unutmamalıdırlar ki, onlar min illərdən bəri bir yerdə yaşamışlar və bundan sonra da min illərcə bərabər yaşayacaqlardır. Bu millətlərin həpsini hökumət gərək bir gözdə görsün (Alqış).

 

(Ardı var)

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 14 may.- S.21