İmperiyalar və onların süquta
sürüklənməsi
Proloq
(Əvvəli
ötən şənbə saylarımızda)
1812-ci ildə Napoleon Rusiyaya müdaxilə etməyi qərara
aldı, bu, onun süqutunun başlanğıcı idi. Lakin
Rusiyanın Kontinental sistemdəki defekti onu başqa bir
seçim qarşısında qoymadı.
Napoleon belə böyük ölkəyə müdaxilənin riskindən agah olsa da, 1812-ci ilin iyununda onun Böyük Ordusu 600 min nəfərdən ibarət olmaqla, Rusiyaya daxil oldu. Napoleon ümid edirdi ki, qələbə rus ordusu ilə tezliklə görüşməkdən və onu məğlub etməkdən asılı olacaqdır. Lakin Rusiya qüvvələri ona döyüş verməkdən imtina edir və yüz millərlə geri çəkiləndə öz kəndlərini yandırır, Napoleon ordusunu qidadan və atlarına yem tapmaqdan məhrum edirdi. İsti və xəstəlik də ordudan öz rüsumunu alırdı. Rusiya ərazisinin geniş məkanı qoşunları elə bil ki, səhraya aparıb çıxarırdı. Ruslar, nəhayət, vuruşmaq üçün Borodinoda dayandılar. Napoleon həlledici olmayan və baha başa gələn qələbə qazandı. 45 min rus döyüşçüsü öldürülmüşdü, fransızların itkisi 30 min nəfər idi, lakin onlar yaxında heç yerdə yerləşmək imkanı tapa bilmirdilər. Böyük Ordunun qalan qoşunları Moskvaya gəldi, səhərisi onlar şəhəri odda gördülər. Qida və sursat olmadığından Napoleon Moskvanı oktyabrın sonuna yaxın tərk etdi və dəhşətli qış şəraitində Rusiyadan “Böyük geri çəkilmə” etdi. Yalnız 40 min əsgər 1813-cü ilin yanvarında Polşaya qayıtdı. Bu hərbi bədbəxtlik sonra bütün Avropanı azadlıq müharibəsinə apardı, onun kulminasiyası 1814-cü ilin aprelində Napoleonun məğlubiyyəti oldu.
Fransızların məğlub edilmiş imperatoruna icazə verildi ki, Elba adasında hökmdar rolunu oynasın, bu Toskananın sahilində idi. XVIII Luinin şəklində Burbon monarxiyası Fransada bərpa edildi. Lakin yeni kral kiçik dəstəyə malik idi və Napoleon gəmilərlə Elbadan geri, Fransaya qayıtdı. Əsgərlər onu əsir etmək istəyəndə, o, şinelini açıb, onlara müraciət etdi: “Beşinci alayın əsgərləri, mən sizin İmperatoram... Əgər sizin aranızda öz imperatorunu öldürəcək adam varsa, mən buradayam!” Heç kəs atəş açmadı. Əsgərlər “Vive l`Empereur! Vive l`Empereur!” deyə qışqıraraq, onun tərəfinə keçdilər və Napoleon 20 mart 1865-ci ildə zəfərlə Parisə daxil oldu.
Dövlətlər onu məğlub etsələr də, şikayətlənirdilər ki, bir daha “Dünyanın düşməni və sakitliyini pozan” adlandırdıqları adamla vuruşmalı olacaqlar. İlk növbədə düşmənlərinə zərbə vurmağı qərara alan Napoleon yenə də yeni bir ordu yaratdı və yaxındakı Belçikada dayanmış müttəfiq qüvvələrinə hücum etmək üçün hərəkət etdi. İyunun 18-də Vaterlooda Napoleon hersoq Vellinqtonun komandanlığı altında birləşmiş Britaniya və Prussiya ordusu ilə qabaqlaşdı və qanlı məğlubiyyətdən əzab çəkməli oldu. Bu vaxt qalib müttəfiqlər onu Müqəddəs Yelena adasına sürgün etdilər. Napoleonun xatirəsi yalnız Fransanın siyasi həyatında nümayiş olunmaqda davam etdi.
13.İkinci Fransa imperiyası
III Napoleonun hökuməti (1852-1870-ci illər)
Bonapart düşüncəsində aydın şəkildəki
avtoritar idi. O, Fransanın yalnız 15 il ərzində
Konsulluğun və İmperiyanın ləyaqətli inzibati, hərbi,
ədalət, dini və maliyyə təşkilatına malik
olduğunu qeyd edirdi və həmin dövrün
institutlarına (Napoleon dövrünə) qayıtmağı
vacib sayırdı. O, xarici siyasətdə az şeyə nail
olmuşdu. Xüsusən onun Meksikadakı
imperialist macərası uğursuzluqla yekunlaşdı. Meksika
bazarında fransız mallarının ağalıq etməsini
axtarmaqda olan imperator III Napoleon 1861-ci ildə fransız
qoşunlarını Meksikaya göndərdi ki, orada öz mənafelərini
himayə etsin. Ölkədə qayda bərpa edildikdə,
Britaniya və İspaniya orduları oradan geri çəkilmişdi.
Fransız qüvvələri isə qalırdı və
1864-cü ildə III Napoleon ershersoq Maksimilian
Avstriyalını Meksikada yeni imperator səviyyəsinə
yüksəltdi. Fransız qüvvələri vətəndə
lazım olanda, Maksimilian ordusuz imperatora çevrildi. O 1867-ci
ilin mayında liberal Meksika qüvvələrinə təslim
oldu və iyunda edam edildi. Onun edam edilməsi Fransa imperatorunun
nüfuzuna ciddi bir zərbə idi.
III
Napoleonun Krım müharibəsində (1854-1856-cı illər)
iştirak etməsi yeni mükafat gətirən bir iş idi. Napoleon imperiyasının varisi olan III Napoleonun
motivasiyası ondan ibarət idi ki, Fransanı 1814-1815-ci illər
sülh müqavilələrinin məhdudiyyətlərindən
azad etsin və onu Avropanın baş arbitri etsin. Osmanlı imperiyasının tənəzzülündə
də o, öz məqsədlərinə doğru addımlar
atmaq imkanını görürdü.
Krım
müharibəsi həm də Şərq sualına cavab vermək
üçün digər cəhd idi: görəsən kim Osmanlı imperiyasının
parçalanmasından başlıca faydanı götürəcəkdir?
XVII əsrdə Osmanlı imperiyası cənubi-şərqi
Avropaya nəzarət edirdi, lakin 1699-cu ildə
Macarıstanı, Transivaniyanı, Xorvatiya və Sloveniyanı
itirdi, onların hesabına Avstriya imperiyası genişləndi.
Rusiya imperiyası öz şərqində
1783-cü ildə Krımı və 1812-ci ildə
Bessarabiyanı tutmaqla, həmçinin Osmanlı
imperiyasının ərazisini qəsb etmişdi. XIX əsrin başlanğıcında Osmanlı
imperiyası öz tənəzzülünün yeni
dövrünə qədəm qoydu. 1830-cu
ildə Yunanıstanda millətçilərin qiyamı ölkənin
müstəqilliyi ilə nəticələndi. 1827-ci ildə Serbiya muxtariyyətə iddia etdi və
1830-cu ildə Osmanlı imperiyası bunu tanıdı. Ruslar 1829-cu ildə Moldaviyanın Dunay əyalətlərində
və Valaxiyada protektorat əldə etdi.
Avropanın cənubi-şərqi ərazilərində
Osmanlının səlahiyyəti yoxa çıxdı. Avropa hökumətləri
imperiyanın öz imtiyazlarından açıq imtina etməsinə
fəal maraq göstərirdilər. Onlar təkcə
Rusiyanın Türkiyə barədəki ambisiyalarından
qorxmurdular, həm də bu zonada öz mənafelərinə
malik idilər. Avstriya Balkanlarda daha
çox torpaq qoparmaq istəyirdi, bu arzu isə Rusiya ilə
labüd münaqişə ehtimalı demək idi. Fransa ilə Britaniya kommersiya imkanlarına görə
və həm də Aralıq dənizinin şərqində hərbi-dəniz
bazası yaratmaq marağında idi.
Krım müharibəsi Rusiya ilə Osmanlı imperiyası
arasında 1853-cü ildə başlandı, bu vaxt Rusiya
Palestinada xristian kilsələrini himayə etmək hüququ tələb
etmişdi, bu imtiyazlar isə artıq fransızlar
üçün genişlənmişdi. Osmanlılar
imtina etdikdə, ruslar Moldaviyanı və Valaxiyanı
işğal etdilər. Danışıqlar
uğursuz olduqda, Osmanlı imperiyası Rusiyaya 1853-cü ilin
oktyabrında müharibə elan etdi. Sonrakı
ilin mart ayında Böyük Britaniya və Fransa Rusiyaya
müharibə elan etdilər. Niyə
Britaniya və Fransa bu addımı atdı? Britaniyalılar qorxurdular ki, təcavüzkar Rusiya
Osmanlı ərazisini tutmaqla və ya Dardanelə olan
çoxdankı istəyinə görə Osmanlı hökumətinin
nəzərə çarpan zəifliyindən fayda
götürməyə cəhd edəcəkdir. Beləliklə, bu hərəkət Rusiyanı
Britaniya hərbi-dəniz qüvvələrini Aralıq dənizinin
şərqindəki nəzarətinə meydan oxumağa qadir
edəcəkdir və onu Şərqi Avropanın ən
güclü dövlətinə çevirəcəkdir.
III Napoleon hiss etdi ki, ruslar Fransanı təhqir etmişlər,
əvvəlcə Vyana Konqresində və bu vaxt isə
Osmanlı imperiyasında yaşayan xristianları himayə etmək
sahəsində onları əvəz etmək təkliflərinə
görə. Fransızlar həm də Osmanlı
imperiyasının süqutundan və orada Rusiyanın təsirinin
böyüməsindən qorxurdular. Rusiya
isə Avstriyanın dəstəyinə ümid edirdi,
çünki 1849-cu ildə rus qoşunları Avstriya hökumətini
xilas etmişdilər. Ondan bir neçə il keçmişdi, bu vaxt isə Avstriya baş
naziri qısaca şərh vermişdi: “Biz dünyanı öz
nankorluğumuzla təəccübləndirəcəyik” və
beləliklə Avstriya neytral qaldı. Rusiya təkbaşına
vuruşmalı oldu.
Britaniya və Fransa Qara dənizdəki Krım yarımadasına
hücum etməyi qərara aldılar. Balaklava
döyüşündə Britaniya Yüngül
briqadasının (süvarilərinin) özünü intihar
qaydasındakı hücumu sonralar daha çox
xatırlanırdı. Uzunmüddətli
mühasirədən sonra Sevastopoldakı rus istehkamları
1855-ci ildə təslim oldu. Bu, çar I Nikolayın
ölümündən 6 ay sonra baş verdi.
Onun varisi II Aleksandr tezliklə sülh xahiş
etdi. 1956-cı ilin martında bağlanan
Paris müqaviləsinə görə, Rusiya Bessarabiyanı
geri qaytarmağa və Qara dənizin
neytrallığını qəbul etməyə məcbur edildi.
Üstəlik, Moldaviya knyazlığı və Valaxiya beş dövlətin himayəsi altına
qoyuldu.
Krım müharibəsi hər iki tərəfə baha
başa gəldi. 250 mindən çox əsgər
müharibədə həlak oldu, ölümün 60 faizi xəstəliklərdən,
xüsusən xoleradan baş vermişdi. Bu
itkilər daha çox olardı, əgər Florens Naytingelin
(1820-1910-cu illər) cəhdləri olmasaydı. Onun təkidi ilə sanitar şəraitlərinin
ciddiləşməsi çox sayda həyatı xilas etdi və
orta sinfin öyrədilmiş qadınlarının şəfqət
bacısı professiyasına yüksəlməsinə kömək
etdi.
Krım müharibəsi Avropa dövlətlərinin uzun
müddət mövcud olmuş əlaqələrini pozdu və
Avropadakı razılığı məhv etdi. XIX əsrin
birinci yarısında status-kvonu dəstəkləyən iki əsas
dövlət - Avstriya və Rusiya, müharibədə Avstriya
Rusiyanı dəstəkləmək istəmədiyinə
görə, artıq düşmənlərə
çevrilmişdilər. Məğlub
olan, alçaldılan, təhkimçi ordusu ilə
açıqca zəifləyən Rusiya sonrakı iki onillik ərzində
öz daxili işlərini qaydaya salmaq üçün Avropa məsələlərindən
kənara çəkildi.
Böyük Britaniya müharibədəki rolunda ümidi
boşa çıxdığından, Kontinental işlərdən
özünü geri çəkdi. Həmçinin
Avstriya öz neytrallığına görə haqq ödəməli
olduğundan, bu vaxt artıq böyük dövlətlər
arasında dostsuz qalmışdı. Avstriyanın
beynəlxalq vəziyyəti dəyişkən idi. Yeni beynəlxalq situasiya İtaliya və
Almaniyanın birləşməsini mümkün etdi. Prussiyanın yol göstərməsi ilə
Almaniyanın birləşməsinin təşəbbüskarı
və icraçısı Bismark olmaqla, O, bu işdə
böyük uğur qazandı. Bismark kamil
siyasətçi və opportunist idi. o,
həm də siyasi oyunçu deyildi, mülayim idi və
yalnız bütün digər diplomatik alternativlər işə
yaramadıqda və həm də bütün hərbi və
diplomatik faydaların öz tərəfində olduğuna əmin
olduqda müharibəni başlayırdı. Bismark
çox vaxt tam realist kimi qələmə verilirdi, Realpolitikin
XIX əsrdəki ən görkəmli icraçısı idi.
Kim ona müxalif olsaydı, həmin adamdan zəhləsi
gedirdi. O, bir səhər öz arvadına demişdi: “Mən
bütöv gecəni yatmıram. Mən
bütün mənalarda bütöv gecəyə nifrət
etmişəm”. O, böyük məsələləri “dəmir
və qanla” həll etməyə üstünlük verirdi.
1870-1871-ci illərdəki Fransa-Prussiya müharibəsində Bismarkın məqsədi həyata keçdi. 1866-cı ildən Prussiya Şimali Almaniyada ağalıq edirdi və Avstriya, Almaniya işlərində hansısa bir əhəmiyyətli rol oynamaqdan təcrid edilmişdi. Bismark belə bir fikrə gəldi ki, Fransa heç vaxt fransızların təhlükəsizliyinə potensial qonşu olan güclü alman dövlətinin mövcudluğu ilə razılaşmayacaqdır. III Napoleona isə öz daxili problemlərini həll etmək üçün diplomatik zəfər lazım idi. Fransızlar Almaniyada hadisələrin dönüşündən heç də xoşhal deyildi və prussiyalıları alçaltmaq üçün imkanlar axtarırdı.
Uğurlu inqilabdan sonra kraliça II İzabella devrildikdə, İspaniya taxt-tacı prins Leopold Hohentsollernə təklif edildi, o, Prussiya kral sülaləsinə uzaq qohum idi. Bismark, təkcə Fransa bunu rədd etdiyinə görə bu imkana sevindi. Əgər Leopold İspaniya taxtına yerləşdirilsəydi, Fransa faktiki olaraq Hohentsollern sülaləsi ilə əhatə olunacaqdı. Fransızların imtina etməsi Prussiya kralı I Vilhelmin öz qohumunu namizədlikdən geri çəkilməyə məcbur etməsinə səbəb oldu. Bismark kralın hərəkətindən məyus oldu, yalnız ona görə ki, məhz fransızlar öz istəklərinə nail olmuşdu. Diplomatik qələbələri ilə kifayətlənməyərək, onlar I Vilhelmə təsir göstərdilər ki, o, Fransadan rəsmi üzr istəsin və vəd etsin ki, bir daha heç vaxt Leopolda namizəd olmağa icazə verməyəcəkdir. Kral Bismarkı fransızların tələbi ilə tanış etmişdi, kansler öz növbəsində fransızları daha artıq təhqir etmək üçün teleqramı qəzetlərdə çap etdirdi. O, yaxşı bilirdi ki, Fransa rəhbərliyi hirslənəcək və müharibə elan edəcəkdir. Fransa Bismarkın gözlədiyi kimi də reaksiya verdi və Prussiyaya 15 iyul 1870-ci ildə müharibə elan etdi.
(Ardı var)
Telman
Orucov
525-ci qəzet.- 2016.- 14 may.- S.20