İki məntəqə var, biz gedən yolda - cənnət içimizdi, cəhənnəm - çöldü!

 

Hamı çəkilsin

 

Yaşım bircə an yaşında,

canım sudu, bir də ki, qan...

Hamı çəkilsin başımdan,

bir mən qalım, bir də anam.

 

Cənnət qabarır döşümdən -

körpə qanmaz nədir günah...

Hamı çəkilsin başımdan,

bir mən qalım, bir də Allah.

 

Allah da, anam da boşuna

çapırsa altımda kəhər...

Hamı çəkilsin başımdan,

bir mən qalım, bir də dəftər.

 

Uçsun kəpənək, yansın şam,

yellənsin beşikdə eşqim...

Hamı çəkilsin başımdan,

bir mən qalım, bir də heç kim.

 

Lütf edin, məzarım daşında

ömürüm gül açsın ağ-ağ...

Hamı çəkilsin başımdan,

bir mən qalım, bir də torpaq!

 

2015

 

Kimi oyadım

 

Daş kimi bərkiyib döşəli taxtım,

qüssə dev-dev gəlir...

                     necə cəng edim?

Mən kimi oyadım bu gecə vaxtı,

gecənin bu vaxtı kimə zəng edim?

 

Canım can möhtacı,

                      canım can acı;

Səbr yox üfüqün oyaq vaxtına.

Bəlkə sevgilimə telefon açım -

gördümmü heç onun oyaq vaxtını?..

 

Axı nə mənası... durum, geyinim,

yuxudan oyadım narı, noxudu?-

Mənzili çöllərdi çöl çiçəyinin,

küknar ağacının qapısı yoxdu.

 

Dünyada nə qədər qapı var - bağlı,

döyməyə bir qapı yoxdu bu gecə,

gen sinəm açıqdı...

                     o da ki, dağlı;

sinəmə sancılan oxdu bu gecə.

 

Qarışıq, dolaşıq...

                      ruhumun saçı!

Xirqədən içəri, dondan içəri.

Tək mənim darvazam taybatay açıq -

bəlkə əcəl keçə ondan içəri...

 

Ha yana yollayım didərgin baxtı,

başımı salmağa bir damım varmı,

Mən kimə zəng edim bu gecə vaxtı,

Allahdan savayı adamım varmı?

 

2015

 

Vaqifin nağılı

 

Sənə min şükür, xuda;

doğulcağın çağladım...

Nənəm dedi: Namxuda,

çağa qəşəng ağladı,

demək, yaxşı çağadı.

 

Anam dedi: - Dincəlmir,

nəyə yollasan gedir,

işi dəndi, başaqdı,

yarıdır haçan gedir,

Vaqif yaxşı uşaqdı.

 

- Danışır göylər ilə;

zehni qəmə tək iti,

hafizəsi kirgitdi,

məktəbdə söylədilər, -

- Vaqif yaxşı sagirddi.

 

Boy-buxun soy iləndi!

Çıxdım kəndin üzünə,

Çox analar boylandı,

eyham vurdu qızına:

- Vaqif yaxşı oğlandı.

 

- Sədaqətdi çeşidi;

beş işinin beşi də

külfətidi, işidi, -

bunu xanmım dedi:

-Vaqif yaxşı kişidi.

 

- Kölgəsi qalın olsun, -

dilə gəldi yadlar da, -

fağır-fuğura damdı,

adı qalsın adlarda,

Vaqif yaxşı adamdı...

 

Dördü mindi belinə,

nəvənin biri düşdü,

Qırmanc alıb əlinə

hirsi belə bölüşdü:

- Dəh-dəh, dəh-dəh, uç, atım!

Beşi birdən gülüşdü:

- Vaqif yaxşı qocadı...

 

... Dəfn günü mürdəşir

qopardı ayrı həşir:

- Pakdan pakdı sinəsi,

görünməyib beləsi,

bu ki, cənnət gülüdü,

Allah rəhmət eləsin,

Vaqif yaxşı ölüdü!

 

2015

 

Ocaq başında

 

Qatillə arabir arşın;

can... və arxada divar...

Həyatın, əziz qardaşım,

belə də bir şəkli var!

Nə fərqi əli bıçaqlı

bacın, oğlun, ya qızındı,

kimdi haqlı, kimdi haqsız? -

dünya işi çox uzundu...

 

Divara dirənmiş hamı!..

İmdad divar daşındadı,

Allahdı vuran adamı -

düşmən ocaq başındadı...

 

2015

 

Biz gedən yol

 

Nə olar, qoy baxım ayrı baxımdan,

daş dələn nəzərlər daşıma batmır.

Allah, ağzımı əy, keç günahımdan,

o dünya söhbəti başıma batmır.

 

O dünya söhbəti başıma batmır -

bəlkə, mətləb iri,  başım xırdadı?

Mənim axirətə qüdrətim çatmır;

Kotanım ilişir...  şum axırdadı!

 

Hanı süd arxı ki, deyim:

                               -Buyur iç...

Ürküt taleyini,  tut arığından,       

cəhənnəm alovu püskürdümü heç

məzar uçuğundan,   gor yarığından?

 

Axirət peçinə yarmaça basan

şeytanı, qulu da görən olmayıb.

Hanı əhlət daşı, hanı qır qazan? -

Körpü heç, qılı da görən olmayıb.

 

Mömünlər qaçdımı pisin yanından,

behiştdə əl-ayaq yuyan çıxdımı?

Çürümüş sür-sümük, cism yanından

heç denən bircə yol tiyan çıxdımı?

 

Qoca can can atmaz boş əmək üçün, 

Suyun ortasına od əkim, olmaz!     

Əsl həqiqəti tərpətmək üçün

məzar açmalıyam, oda ki, olmaz!

 

Yaşasın Peyğəmbər, sağ olsun molla -

insan oğlu, qardaş, öl oğlu öldü.

İki məntəqə var, biz gedən yolda -

cənnət içimizdi, cəhənnəm - çöldü!

 

2015

 

Ana yasaq

 

Kimsə söyləməsin eləyirəm;

bəni adəm nədi,

 bəni heyvana

anasından əvvəl ölməyi

 yasaq eləyirəm!

Analardan əvvəl ölməsin qızlar -

analar yetim qalar...

Analardan əvvəl

ölməsin atalar-

anaların sinəsi

kimsəsiz sinə daşıtək

parçalanar, çat-çat olar!

O ki qaldı namuslu oğula -

onun anasından əvvəl

ölməyə haqqı yoxdu,

Çünki

namuslu oğul çiynində çatılmalıdı

anaların son taxtı;

oğulun çiynidi ananın bəxti!

... Analar ölməsin həyatdan qabaq-

analardan əvvəl nənələr ölsün,

analardan qabaq  babalar ölsün,

fərəhsiz, korocaq balalar ölsün,

ölsün qoca dərdlər, bəlalar ölsün.

 

Analardan qabaq Allah ölməsin -

sonacan yaşasın ana canında;

yoxsa kim şivən qoparar,

kim dizinə döyər, kim üz cırar,

ətirli, təzə-tər ehsan halvasını

           kim çalar Allahın ehsanında?

 

2015

 

Baxış fərqi

 

Canım kökdən gələn borca bələnib,

bənzətmə köhnədi il baxımından.

Bülbülü boyalı sərçə bilənin

kordu bəbəkləri gül baxımından.

 

Getdi min-min memar -

  saraylar qurub...

Ruhlar məskəni di qızaran qürub!

Diriyəm, gör neçə məntəqə durur,

vaxt mənə işləyir yol baxımından.

 

Dözümüm çətirdi qızmara, qara -

cınqırım çıxmayıb, çəkiblər dara...

Nə olsun xırdayam, qarışqalara

qiymət qüsurludu fil baxımından.

 

Dünyanın malını nadan dərd eylər -

Yaradan fanini sonda pərt eylər.

Olsa da arada qalın pərdələr

simsaram tanrıyla tül baxımından.

 

Olanım-olmazım sözdür həyatda -

qəlbim dil-dil ötür sinəmin altda...

Bəlkə də qalaram ədəbiyyatda

ana ətri verən dil baxımından.

 

2015

 

Səs-küy

 

Ana qalxar ata ləkdən

hökküldüyə-hökküldüyə.

Cucuqlar baxar bələkdən

cükküldüyə-cükküldüyə.

 

Nadan daşlar baş qanadar,

qırov tutar yaş qanadı...

körpə dizi daş qanadar

şaqqıldıya-şaqqıldıya.

 

Düşüb isti həvəsinə

samavarın əvəzinə

qaynayırıq öz-özünə

pıqqıldıya-pıqqıldıya.

 

Səhərlər dur, axşamlar yat -

cavanlıq da şansdı babat...

Ömrü səssiz biçir saat

çıqqıldıya-çıqqıldıya.

 

Sonra yolu baqqal tutur,

dinc dilindən naqqal tutur,

dörd tərəfi çaqqal tutur

vaqqıldıya-vaqqıldıya.

 

Nə saçlar var, nə qotazlar...

yerə girsin başı dazlar! -

Aralıdan ötür qızlar

qaqqıldıya-qaqqıldıya.

 

Xəzəllənir qapı-baca,

Ayaq kötük, qollar haça...

Tufan bilib baxır qoca

fındıq boyda şıqqıltıya.

 

Dəyirmanın daşı iri,

daşın daşda qalır yeri,

Sümük sıxır sümükləri

taqqıldıya-taqqıldıya.

 

Vaqif, qatla kitabını,

yığışdır iynə- sapını,

Əzrayıl döyür qapını

tuqqulduya-tuqqulduya...

 

2015

 

Doymamaq

 

Altımda atdan doydum,

qohumdan, yaddan doydum,

qızdan, arvaddan doydum -

səndən doymadım, ömrüm!

 

Çeynəyib əlifi, lamı

tamsındım qarışıq tamı...

paraymış bütövün tamı -

səndən doymadım, ömrüm!

 

Rəhm et karvan yoldaşına,

candı dırnaqda daşınan...

Həzm etdim kəbə daşını

səndən doymadım, ömrüm!

 

Yedim savabı, günahı -

qırağa qoydum Allahı!

Dadında nə dad var axı? -

səndən doymadım, ömrüm!

 

2015

 

Birinci mərtəbə

 

Həyatım boyu bir dəfə gördüyüm və görən kimi bir könüldən min könülə aşiq olduğum, hansı səbəbdənsə az müddət içində unutduğum bütün gözəllərə ithaf olunur. Bu şeiri də ona görə yazdım ki, gözəl qızlar yeriyəndə heç olmasa ayaqlarının altına baxsınlar...

 

Qənirsiz ismi pünhan

qəfil qarşıma çıxdı.

Ürəyim tutmadı qan,

qanım başıma çıxdı -

birinci mərtəbədə,

birinci mərtəbədə!

 

Daldım xülya zilinə,

Tanrı verib siftəmi.

Məhəbbət mənzilinə

sandım dartar lift məni

birinci mərtəbədən,

birinci mərtəbədən.

 

Hanı addım irəli,

hanı bir addım geri?

A daş, bir tərpən görüm,

yeri, a kəssək, yeri

birinci mərtəbədə,

birinci mərtəbədə!

 

Kim gəlib tapar məni -

yerə yapışıb bədən.

Bəlkə çırpıblar məni

yüzüncü mərtəbədən

birinci mərtəbəyə,

birinci mərtəbəyə?

 

Fələk darlığa mail -

Vədi dalanda alır...

Bəlkə elə Əzrail

canı alanda alır

birinci mərtəbədə?

birinci mərtəbədə...

 

Qafil quldu həvəsə -

sağ canım zədən-zədən...

Namərdəm bir də ensəm

onuncu mərtəbədən

birinci mərtəbəyə,

birinci mərtəbəyə...

 

2015

 

Qəribə xoşbəxtlik

 

Hətta cazibə var qarada, çildə -

Vurğun kəs “niyəni”, “nədəni” sevmir.

Məcnun min illərdi çürümür çöldə,

çünki ruhu sevir, bədəni sevmir.

 

Yerdi istinadgah Yerdən uçmağa -

fərq etməz, nəşədən, dərddən uçmağa...

Quşa qüvvə verir hər dən uçmağa,

əslinə qalanda quş dəni sevmir.

 

Varlığın, şəksiz ki, sevgidir ilki,

odur sulandıran qupquru tingi.

Boyuna ip ölçün o aşiqin ki,

bürünür yorğana, kəfəni sevmir.

 

Oda tut canını, köz uman adam,

Dəli ruzgarlara döz, duman adam!

İçinin nuruna göz yuman adam

Qürbətə can atır, vətəni sevmir...

 

Kainat boydadı bir sevda küncü -

Qəmim yağlı kökə -

  üstündə küncüt!

Bütün aşiqlərdən xoşbəxtəm, çünki,

mən onu sevirəm, o, məni sevmir!

 

2015

 

Meşədə axşam

 

İtirəm addım-addım;

gör haçandı düşənəm?

Yadımdan çıxıb adım,

kollar quduz, meşə nəm -

pis yerdə axşamladım!

 

Quru mələfə kimi

qanı qurudur hər yan.

Qorxu kələfi kimi

hörümçək toru hər yan-

pis yerdə axşamladım.

 

Hicran odunu udsam

dərə batar tüstümə.

Çaşıb adını tutsam

yarğan gülər üstümə -

pis yerdə axşamladım!

 

Əcinnə sürü-sürü,

cin su verir qaşıqda.

Daz başımda tel hörür

hal qızlar sarmaşıqdan-

pis yerdə axşamladım.

 

Üz qırışım su yolu,

alnım əcəl puçuru.

Geriyə yol qeyb olub,

irəli uçurumdu...

pis yerdə axşamladım!

 

Dəlilər də dar çağda

girməz meşəyə... qansa...

Yel çığırır çardaqda -

bəlkə şərqarışansan,

bəlkə axşamdı adın?

 

2015

 

Sahman

 

Hər axşam işdən çıxıb

dərhal evə gedirsən,

O evdə nə var axı,

sən orda nə edirsən?

 

Dəyişib paltarını,

yuyursan əl-üzünü,

Yüngülvari daranıb

toxdadırsan özünü...

 

Təsəvvürümə görə

böyük zala keçirsən,

Su verirsən güllərə,

bəlkə elə özün də

bir qurtum su içirsən...

 

Sığallanır çarpayı,

Döşəməni silirsən...

Yır-yığışdan savayı

daha nə iş bilirsən?

 

Bu da həyət -

 sərindi...

Bir ovuc günəbaxan!

Həsrətin dişlərində

bir bax, cırtlanır yaxam.

 

Əl məndən, səndən ətək -

heçdi bu yır-yığışlar!

Bir azdan qar gələcək,

başlayacaq yağışlar...

 

...Əgər razılıq versən

yığışardım qəlbinə.

Sən ev içində sərsəm,

mən də çöldə divanə...

 

2015

 

Qansız savaş

 

Nəyim var, paylayıb müstəntiqlərə

üstünə şər atıb tutduracağam,

Özün bir tərəfə, nahaqca yerə

nəslinə qara qan udduracağam!

 

Nəmdi, qəmsüzəndi kiprik şoqərib -

tökdün gözlərimi dik qürur ilə.

Taygöz quldurbaşı cildinə girib

yolunu kəsəcəm qırx quldur ilə.

Elə hey susursan...

      Ağzında dil var,

notaya eyham yox əsnəkdən başqa.

Məni də başdüş, ayrı nə yol var

dilini dibindən kəsməkdən başqa?

 

Vuracam düşəri, sarsılsın himi,

yerlə-yeksan olsun qalanın diki.

Amansız savaşdan nişanə kimi

bir saxsı parçası tapılsın təki.

 

Səbbin, hövsələnin həddi var axı,

Can hanı sülhə yol açana kimi?

Qəhr olsun sirr qəsri-

  sən ordan çıxıb

imdada üstünə qaçana kimi!

 

Səngərlər küncündə daşa dönür can;

sümüklə gələnlər goracan gedər.

Varmı gordan sonra ayrı bir məkan? -

bu savaş qurtarmaz, oracan gedər...

 

Yetər müharibə, kəcavəm, əylən,

ədalət qıraqda, cüt can ortada.

Bir kəlmə:

 - Mən səni sevirəm, - söylə,

qalxsın düşmənçilik, bu qan ortadan!..

 

2015

 

Ən yaxşı hal

 

Bəlkə də açarsan qapını döysəm -

dəhlizdə yataram...

                ən yaxşı halda.

Mənzildə ikimiz...

             Çox da ki, təksən;

Əlindən tutaram ən yaxşı halda...

 

Eşqində cavabın tərsi nə gəzir,

“Yox”un ox -

 deşməyə tər sinə gəzir...

Savab yolun azıb tərsinə gəzir,

günaha çataram ən yaxşı halda.

 

Şəksiz ayrılırıq sonuncu dəfə -

gərək hesab edək hər anı nəfə...

Süfrədə soyuyar son fincan qəhvə,

başımı qataram

               ən yaxşı halda.

 

Dərdindən oyaqlar yuxu bağlayıb,

Sevən sevinməz ki...

                      çoxu ağlayıb!

Şivən qopararsan yoxu ağlayıb...

sarımı udaram ən yaxşı halda.

 

Yanaram, heyrətdən buz tək olarsan,

Yetişər son fərman...

                   köz tək solarsan,

sən həsrət divinə dustaq olarsan,

mən yaxa didərəm

                   ən yaxşı halda!

 

2015

 

Halallaşma

 

Qara tellər, o saç hanı? -

bürün ömrümün ağına,

Eşqinlə solan qocanı

çatdır ölüm yatağına;

sonra hara gedirsən, get!

 

Fərman buyur, sən ey məbud,

əcəl bir an gec ötüşsün,

Ağ güzgünü burnuma tut

son ahımın izi düşsün;

sonra hara gedirsən get.

 

Yola tapşır yol daşını,

başa qara bağlama sən.

Gizlincə sil göz yaşını,

duymasınlar ağlamısan...

sonra hara gedirsən get!

 

2015

 

Səni sevdiyimə görə

 

Qohum-qardaş küsdü məndən

Səni sevdiyimə görə.

Anam da əl üzdü məndən

Səni sevdiyimə görə.

 

Buludun gözü sulandı,

Günəş qüruba yollandı...

Ayın ciyəri xallandı

Səni sevdiyimə görə.

 

Ağız açdı çöl üstümə,

Tikan taxdı kol üstümə,

İt tək hürdü yol üstümə

Səni sevdiyimə görə.

 

Can odladım, közü qaldı

Pozulmayan yazı qaldı

Təkcə Allah razı qaldı

Səni sevdiyimə görə...

 

2015

 

Bəlalı baş

 

Alçaqdan alçaqdı ömür -

can tükədir boş əməyə.

qocalmışam, dilim dönmür

səni sevirəm deməyə

 

Olanım baş, bir də divar-

divar dözməz baş döyməyə.

Alnımı çırpdığım daşlar

alnımda gülməsə, nə var

səni sevirəm deməyə?

 

Varlığımı çəkir dərə...

kimi çağırım köməyə?

Gərək Allah rüsxət verə

səni sevirəm deməyə...

 

2015

 

Son sevgi

 

Axır ki, ilişir şübhəli oğru,

Bostanlar sovulur...

 gəlhagəl deyil.

Gedirəm sonuncu sevgimə doğru,

ölüm qucağını açıb,

  gəl, deyir...

 

2015

 

Dil ayrılığı

 

Latınca cızılan ilahi bütsən,

Mən isə yazıram kirildə, gülüm.

Bizim dilimizi işdi, diriltsə

Sevgi əlifbası dirildər, gülüm!

 

2015

 

Dekabrist

 

Çar Rusiyası zamanı katorqaya göndərilən inqilabçıların xanımları böyük sədaqət və məhəbbət hissinin təsiri altında əzablı yollardan keçərək ərlərinin görüşünə gedirdilər...

 

Sibirə gedirəm Sibirə gəlir -

arvadım əl çəkmir yaxamdan rəsmən.

Haçan ki, ölürəm qəbirə gəlir,

belə çıxır ki, mən dekabristəm...

 

2015

 

Sürücü

 

Əlim-qolum qandallı,

ömrüm həyata sürgün,

Nə günün yarağıdı,

nəyə yarayır sevən?

Eşq hanı, ürək hanı,

bəlkə olum sürücün,

səhər işə gətirim, axşam aparım evə...

 

2015

 

Div başı

 

Aşiq udur daş, divar ;

qan-quyu bənizində.

Heyvərə div başı var

hər gözəlin dizində...

 

2015

Bəhmənli Vaqif

525-ci qəzet.- 2016.- 14 may.- S.18-19