İçindən keçdiyim kitab
Ürəyi məhəbbətdən, qələmi cəsarətdən
doymayan, yollar yorduğumuz, bir sırada durduğumuz, sevib sevilən
gözəl cavanımız, qələm dostumuz Sabir Rüstəmxanlının
da 70 yaşı tamam oldu.
Keçən
ömür rəng idi,
Bir baxımlıq sərgidi.
Ay gidi
dünya, gidi,
Yaş hara gəldi çıxdı.
Nədən başlayım, necə başlayım,
heç özüm də bilmirəm. Səliqə-sahmanlı
bir sərgiyə baxanda belə nizamı saxlaya bilmirsən.
Bir eksponata diqqətlə baxırsan, o biri yaddan
çıxır, bəziləri nəzərdən
düşür.
Yox, yox dayan, bu şəkildən heç keçmək
olmaz:
“Azadlıq
meydanı”... İnsan dənizi, təlatümlü nigaran
adamlar...
Və tribunada gənc bir qələm əhli, millət
oğlu - nitq söyləyən Sabir Rüstəmxanlı. O ağır və qorxulu
vaxtlarda, hələ Sovet hakimiyyətinin qılıncından
qan daman bir zamanda, dövlət qəzeti
“Kommunist”in birinci səhifəsində çap olunmuş
möhtəşəm bir şəkil. Bəli,
kommunistlər də tərəfdardırsa, azadlıq və
müstəqillik yolunun üfüqləri görünməkdədir.
Əslində, bu hal azadlıq meydanına
böyük bir inam idi. Bu təlatümlü
yolun nəhəng dalğasında millət adından
danışan qeyrətli ziyalılarımız idi, ona baxanda
qürur hissi keçirtdiyimiz Sabir Rüstəmxanlı da
ön cərgədə.
Qürur
hissi ifadəsini təsadüfi işlətmədim; Azadlıq
və müstəqillik barədə ehtiyatla danışanlara
öz qələmi, öz sözü ilə cəsarət və
inam verirdi Sabir! Həm də ağsaqqal sənətkarlarımız
Sabirə meydan verməkdə çox maraqlı idilər.
Mən o vaxt M.İbrahimovun, Qabilin,
İ.Qasımovun, X.Rzanın üzündə o qürur və
kömək hissinin cizgilərini görürdüm.
Yaradıcılığında da belə idi; Sabir
Rüstəmxanlı “Gəncə qapısından” (şeirlər
kitabının adıdır) keçib yurd qeyrəti çəkən,
torpaqlarımızı yadların işğalından qoruyan,
bu yolda min əzab görmüş oğul itirən, öz
canını fəda edən Cavad xanın ruhunu ayağa
qaldırıb, qan yaddaşımızı coşdururdu Sabir. Bir şair kimi onun “Vətən...Vətən” şeiri dillərdə əzbər
söylənirdi o vaxt.
Ələkbər Sabirdən soruşurlar ki, sən
böyüksən, yoxsa Abbas Səhhət? Cavab verir ki, yaşda mən,
başda
Abbas Səhhət. Böyük şairimizin adaşı,
milləti vətəndaş həmrəyliyinə
çağıran həmrəyçimiz Sabir də bu əməli
ilə başda idi. Ona görə deyirlər ki, tarix təkrar
olunur. Arxivlərin küncündə qalan, taleyin
günahı üzündən tanıyıb bilmədiyimiz
canlarından keçmiş millət əzabkeşləri olan
Difai fədailəri barədə kitab yazıb, abidə qoyan kim oldu? - yenə Sabir
Rüstəmxanlı.
O vaxt səsi
çıxmayanlar da çox idi, bu səsi
çıxmazların adını çəkəndə
başqa bir gediş yadıma düşdü.
Təxminən
3-4 il bundan qabaq Yazıçılar
Birliyinin “Natəvan” klubunda Cəmil Əlibəyovun 80 illiyi
keçirilirdi.
Çıxışçılar onu görkəmli bir
ziyalı, çoxumuza köməkkeş olmuş isdedadlı
bir qələm sahibi kimi xarakterizə edib qiymətləndirdilər. Amma Cəmil
müəllim özü danışa bilmədi,
çünki axır vaxtlar xəstəlikdən səsi
çıxmırdı.
Deyəsən, bu sözdən sonra bir balaca qımışıq
oldu. Bu halda
Fikrət Qoca dedi: Elə indi də dili ola-ola səsi
çıxmayanlar çoxdur. Deyəsən,
burda da xırdaca bir gülüş getdi. Amma
Cəmil müəllim haqqa səsini çoxdan vermişdi.
Çünki yuxarda dediyim təlatümlü
Azadlıq meydanını və o meydanda Sabir Rüstəmxanlının
nəhəng şəklini o çap etmişdi - Kommunist qəzetinin
baş redaktoru kimi. Daha burda heç nə
demək lazım deyil.
Sözün düzü, mən şair dostumun şeirləri,
qələm məhsulları, ümumiyyətlə
yaradıcılığı haqqında yazmaq istəyirdim. Özüm də
bilmirəm belə niyə alındı? Nə isə...
Bilmirəm
kimdirsə bir yazarımız deyib bu sözü: Kim ki, bir
şair dostu haqqında söz deyir, elə özündən
başlayır, özünü təbliğ edir. Xahiş edirəm, mənim mənimi belə
saymayın.
Mən “Ömür kitabı”nın içindən
keçmişəm, “Xətai yurdu”nda olmuşam. Ərdəbildən
başlayıb, Yardımlıdan keçib, Şirvana üz
tutan, Muğandan yollanıb Bakı-Şamaxı-Qəbələ
adlı qədim şəhər yoluna
çıxaraq babaların köhnə hərəkət
yolunu görmüşəm. Bu yol indi də
aydın seçilib görünən Buynuz kəndinin ətəyindən
keçib Göy çay çayını aşan həmin
şəhər yoludur ki, deyirəm. Sabirlə
çox şərikli yollarımız var. O Baba dağına
ziyarətə gedib, mən də Yardımlı
dağlarında olmuşam.
Bir dəfə Yardımlı yaylağında olanda məni
lap heyrət bürüdü. Burdakı lalələri mən
heç yanda görməmişəm: Lalələrin qırmızısı
lap qırmızı, qara xalı lap qara, butaları lap
yaşıl idi. Sabirdən bunun sirrini soruşdum, dedi ki, bu
torpaq nə yetirirsə, onun rəngini tündləşdirir. Mən bildim ki, bu torpaqda yəqin ki, əlavə bir
güc var. Amma bir şeyə təəccüblə baxdım
ki, lalələri əməlli-başlı qırıb
töküblər, əzib məhv ediblər, yerində tək-tükləri
qalıb. Söylədilər ki, hər il
lalələr açılanda polislər gəlib lalələri
bu hala salırlar. Guya tərkibində narkotik
maddə var deyə, cavanlarımız istifadə edib məst
olmasınlar. Gözəlliyin belə hala
salınmasına dözə bilmirdim. Amma
gördüm ki, hücuma məruz qalan bu lalələr elə
Sabir Rüstəmxanlının timsalıdır. Meydan hərəkatından
başlamış müstəqillik yolunda mübarizə illərində
Sabir də dəyənəklərin zərbəsinə beləcə
məruz qalmışdı, əzilmişdi, döyülmüşdü,
başı yarılmışdı, dili dişinin arasında
qalıb kəsilmişdi, amma yenə bitib dikəlmişdi.
Bədənnüma
güzgü kimi parıldayıb ucalıqdan özünü dərələrdəki
daşlara çırpan yaralanmış Qu quşu kimi
çaya tərəf yol alıb ram olan Yardımlı şəlaləsini
“Rüstəmxanlı şəlaləsi” deməkdə bu
doğma şəlaləni şeirləşdirib şairə
bənzətməkdə necə də haqlı imiş Xəlil
Rza Ulutürk.
Nərgizi çox iyləyəndə və ya lalədə
məstlik səbəbi olduğunu bilmirəm. Amma məst
sözü yadıma bir əhvalatı saldı; Mən də
iştirakçı idim. Keçən əsrin
70-ci illərin hansı günündəsə Bakıda Sovet
Ədəbiyyatı günləri keçirilmək qərara
alınmışdı. Gələn qonaqlar
üçün İnturist mehmanxanasında otaqlar
ayrılmışdı. Otaqların biri də
qərargah idi. Günün tədbirləri
başlayanda qərargah da qonaqları qarşılamağa
hazır idi. Şair Fikrət Sadıq qərargahda
ikən, deyəsən, MK-nın şöbəsindən zəng
etdilər.
- Bura qərargahdı,
qastinsadır?
Fikrət
cavab verdi:
- Bəli,
bəli, qastinskidir...
- Moskvadan
qonaqlar gəlibmi? Rəhbəri kimdir?
- Oleq
Şestinskidir.
- Özü haradadır?
- Yorğun idi, bir balaca vurub yatıb
məstinskdir.
Fikrət Sadığın belə qafiyəli
zarafatları çox olurdu.
Oleq
Şestinski SSRİ Yazıçılar İttifaqının
katiblərindən biri idi.O gələn kimi ağ
cildli təzə şeirlər kitabını bizə hədiyyə
etdi. O kitabda bir fəsil var idi: “Ermənistan dağları”. Bu
şeirlərdə Oleq Qarabağ dağlarını,
Şuşanı Ermənistanın adına
çıxıb təsvir və tərənnüm edirdi. Bu ürəyimizdə qəzəb hissi doğursa da,
heç kəs üzə vurub danışmadı. Amma yenə də səsini çıxaran Sabir
Rüstəmxanlı oldu. Oleqin cavabını əməlli-başlı
verdi.
Dostluğun,
yaxınlığın meyarı nədir görəsən?... Mənim “Payızdan yaza yol varmı?”
şeirlər kitabımın ön sözünü Sabir
yazıb, amma unudub axırında imzasını
yazmamışdı. O yazı kitaba eləcə
imzasız düşdü. Mən xeyli narahat
oldum. Sabir dedi ki, heç narahat olma, biləcəklər
ki, bunu kim yazıb. Doğrudan
da heç kəs bu sualı mənə vermədi. Oxuyan bildi ki, özüm və sözüm haqda bu
xoş fikirləri Sabir Rüstəmxanlı yazıb.
Rəqəmlərimiz tərs düşəndə də
sözümüz, işimiz avand olub.
Bir dəfə kəndə gedəndə yolda yadıma
düşdü ki, Sabirin ad günüdür. Zəng edib bədahətən
onu belə təbrik etdim:
O baş
İsmayıllı, bu baş Yardımlı,
Bu baş səninkidir, o baş mənimki.
7 ilə
6-nın yerin dəyişsən,
Bir yaş səninkidir, bir yaş mənimki.
Bəli tərs rəqəmlər - 76-67 - bizi belə
söz avandına saldı.
Sabirin
“Əbədi sevda” adlı şeirlər kitabı uzun illər
oxucularla bir addımlayıb, təzələnib əbədi
sevda ömrü qazanacaq,bilirəm. O kitabda
belə bir bənd var:
Kainat
boydadır hər qum dənəsi,
Suyun hər damlası okean kimi.
Tarix
ölçüsündə bir andır ömrüm,
Tarixlər
ömrümdən keçdi an kimi!..
Mən
yox, buna bir el bayatısı cavab verir:
Əzizim,
minayə dəyər,
Zülflərin minayə dəyər.
İl var
bir günə dəyməz,
Gün var min ayə dəyər.
Bu
düzdür ki, ömür də hər an bir tarixdir, amma hər
bir anın min ayə dəyəndir, Sabir!..
Bu dəyərlərdən
biri də “Şair və şər” adlı düşüncələr
kitabındır ki, əvvəl-axır sən bu kitabı yazmalı idin. Bu, bəlkə də, sənin əsərin yox, tale
kitabındır. Bütün yaradıcılıq və
mübarizə boyu ürəyindəki təbəddülatlardan
doğan, hiss və həyəcanlarını yenidən
ayağa qaldırıb M.Hadinin romantik dünyası ilə
qovuşdurmaq, məslək və millət yolunda, çəkilən
əzablarda qələm şərikliyini,
çiyindaşlığını bildirmək
üçün yazmalı idin bu əsəri. Sən bir millət
oğlu kimi özünü, sözünü tamamlamısan bu
müqəddəs düşüncələr kitabında bəs,
M.Hadi üsyankarlığı, şair dərdi necə?...
“Dağa
dersən eşidər,
sonra verər
əksi-səda,
Daşa
dönmüşlərə
əks
eyləmədi fəryadım”.
Ah yazıq şairlər.. Daşa dönmüşlərin zərbəsindən ürəyi çilik-çilik olan, zamanla üz-üzə durub haqq sözü hesaba alınmayan cəfakeş şairlər!.. Müqəddəs kitablarda deyildiyi kimi, Peyğəmbərlərdən sonra gəlib, amma ayinləri və duaları eşidilməyən, böyük Nəsiminin dediyi “Çox dualar qılmışam mən Xaliqin dərgahına, çün muradım hasil olmaz, mən bu duanı neylərəm”, yanğılı ahını çəkən gileyli şairlər!... “Eşq yolunda can nisar edən ərlər.” - Ruhpərvər sadəlövh şairlər.. Nə deyim Vallah...
Bəs müdrik Xaqaninin ruhu necə?
“Biz ədl sarayıykən
zülm ilə xarab olduq,
Gör zalımlar olan qəsrə
neyləyəcəkdir dövran?”
Mədain xərabələri dilindən deyilmiş, İraqdan başlayıb, ta Şamaxıya kimi ölkələrdən, şahlıqlardan, möhtəşəm saraylardan, viranəliklərdən keçib ədalət axtaran şairin yollar boyu öz-özünə verdiyi sualdır, bu müqəddəs sual.
“Bizdə bu soyuq canları neylərdin,
İlahi?
Daş qəlbli insanları neylərdin,
İlahi?”
- Bəs Ələkbər Sabir nə gördü öz mühitindən?
Və sənin kitabında elə bil bu suallar altında sual yaradan qoca çəkməçinin giley dolu “Ey qoca Şirvan!...” deyimində gör nələr var?..
Mənim şair qardaşım, yuxarıda dediyimiz o mühitdən sual-cavablar qovşuğundan keçən təzə mühakimələr, müşahidələr, düşüncələr romanının tale və ömür kitabı kimi adı da belə olmalı idi: “Şair və Şər”.
Bu ömrün Milli Məclisin qalaq-qalaq yaddaş kitabında haqq və ədalət sözü və imzası var. Haqqa şahidlik etmək üçün bu sözlər zaman-zaman ayağa qalxacaq və eşidiləcək. DAK-ın sədri və həmsədri kimi Azərbaycan dünyasında millətimizin birgəlik və həmrəylik yolunda göstərdiyin cəhdlər qiymətini alacaq.
Mənim məslək, həmfikir, həmrəyçi xalq şairim, dostumuz, qardaşımız Sabir, 70 yaşın mübarək olsun!
Hələ ki, gedirik, gedək görək nə olacaq...
Musa YAQUB
525-ci qəzet.- 2016.- 14 may.- S.17