Şəhid zabitin parlaq həyat və qəhrəmanlıq salnaməsi
- Vətəni qibləgah edən şəhidlər
Şəmkirin Şiştəpə kəndində 1976-cı il noyabr ayının 2-də dünyaya
göz açan Vüqar atası Nurəddin Yusifovun ilk övladı idi.
1993-cü ildə Vüqar
kənd məktəbini
müvəffəqiyyətlə bitirərək, Türkiyə
Quru Qoşunları
Ali Hərbi Məktəbinə
daxil oldu. Hərbçi peşəsini özü seçmişdi. Çünki el-obasından şəhid olan neçə igidin yasında iştirak etmişdi, Xocalı fəlakətinin
ağrısı var idi ürəyinin başında. 1998-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub, vətənə qayıtdı.
Müdafiə Nazirliyinin “N” saylı
Xüsusi Təyinatlı
hərbi hissəsində
taqım komandiri kimi fəaliyyətə başladı. Bir müddət
sonra qrup komandiri, 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi,
2003-cü ildə isə
tabor komandiri vəzifəsinə
təyin olundu. Dəfələrlə medallarla təltif
edildi, Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər
ucaldı. Azərbaycanla Strateji Əməkdaşlıq
edən Amerika Birləşmiş Ştatlarında,
Pakistanda, Polşada tərəfdaşlıq kurslarında,
təlimlərində iştirak
edərək, peşəkarlığını
daha da artırdı.
Həddindən artıq təvazökarlığına
görə uğurları
haqqında çox da xəbər yayılmırdı. 2014-cü
ilin avqustunda cəbhəyanı yaşayış
sahələrimizə düşmənin
yeni təxribatının
qarşısının alınmasında
isə xüsusi xidmətlərinə görə
fərqlənmişdi. Bu il martın
19-da polkovnik rütbəsini
alanda da, ailədə kimsənin bundan xəbəri olmamışdı.
Qardaş
itkisi necə ağır imiş...
Vətən şəhidimiz, torpaq
şəhidimiz Vüqar
Yusifovun 10 il
bundan əvvəl qurduğu ailəsi ilə Sumqayıtda yaşayırdı. Sumqayıtdakı evinə gəldim. Əvvəlcə uşaqları ilə
söhbət edib, ataları haqqında soruşmaq niyyətim var idi. Gözlədiyimin tam əksinə oldu.
Vüqarın ailəsi, qohumları
dedilər ki, evə çox qonaq gələndə uşaqları yaxın qonşunun evinə ötürürlər. Çünki
uşaqlar hələ
də ataları ilə bağlı acı xəbəri tam qavraya bilmirlər...
Üzümə dikilən gözlərə
baxa bilmirəm. Vüqar Yusifovun
bacısının, həyat
yoldaşının, qaynanasının,
böyük qaynanasının,
baldızının gözləri
üzümə dikilib.
Qaynı
Kənan Əliyev söhbəti açır.
Evdəkilərə Vüqardan
yazmaq istədiyimi deyir:
- Sumqayıtda yaşadığından
mənə çox yaxın idi. Onunla 10 ildə elə doğmalaşmışdım ki,
özümə böyük
qardaş bilirdim.
Çox mərd adam idi.
Elə bilirəm ki, yetim qalmışam. Həmişə qardaş
arzulamışdım Allahdan,
Allah verdi onu mənə, ləzzətini dadızdırıb,
tez də apardı...
Sonra Vüqarın qaynanası Rəfiqə Əliyeva danışır:
- Vüqar qohum-əqraba arasında özünə
elə hörmət qazanmışdı ki... Ürəyində hamıya yer
var idi. Kimsənin xətrinə dəyməzdi.
Evə nə qədər yorğun gəlsəydi də, iki
qızından, bir oğlundan məhəbbətini
əsirgəmirdi. Yorğunluğuna baxmayaraq, aparıb onları gəzdirirdi.
Böyük qızı Ayan
bu yaxınlarda ona demişdi ki, ata hamının
atası məktəbə
gəlir, sən bizim məktəbə gəlmirsən. Həmin günün
səhərisi qızı
özü məktəbə,
sonra rəsm dərnəyinə apardı.
Uşağın ürəyi istəyən
hər yerdə göründü.
Bacısı Dünya Yusifovadan
soruşdum qardaşını:
- Hərdən elə bilirəm ki, harasa gedib. Yenə gləcək,
yenə boynumu qucaqlayacaq. Qardaş məhəbbəti başqa
cür olur, itkisi necə ağır imiş... İki qardaşım, iki bacım var. Vüqar ailədə böyük uşaq idi. Ata və ana
babalarım Böyük
Vətən müharibəsində
iştirak ediblər.
Həmişə onların müharibədəki
şücaətlərindən danışıb fəxr edirdi. Sonra da özü
hərb sənətini
seçdi. Elə məktəb
vaxtından vətənpərvər
idi. Məktəbdə də hamıdan
birinci olurdu. Heç vaxt ağlıma da gətirməzdim ki, qardaşım nə vaxtsa, hardansa qayıtmayacaq... Heç nəylə təsəlli
tapa bilmirik. Bəlkə Azərbaycanın
işğalda qalan torpaqları azad olunsa, o zaman rahatlıq tapaq... Ata-anama, ailəmizə o baxırdı... Kaş özü sağ olaydı, biz elə kasıbçılığımızı edərdik...
Kənan
əlində çərçivəyə
salınmış bir
rəsm gətirdi. Əsgər şəkli idi. Dedi ki, Vüqar
şəhid olmamışdan
15 gün əvvəl
qızı Ayan çəkib. 9 yaşlı qız
uşağının rəngli
boya ilə çəkdiyi əsgər
şəklinə baxanda
titrəyiş keçdi
canımdan. Göz yaşlarım
içərisində soruşdum
ki, bu nə
möcüzədir? Anası
Lalə danışdı:
- Martın 15-də Sumqayıtdakı
Texniki Elmlər Litseyində rəsm müsabiqəsi elan etdilər. Ayan da Sumqayıt
şəhərində keçirilən
məktəblilərin rəsm
sərgisində birinci
yerin qalibi oldu. Atası bu şəkli
görüb o qədər
sevindi ki, həmin gün onları aparıb gəzdirdi. Ayan atasına, atası
da Ayana sürprizlər etdi.
Gözləri dola-dola
atasına dedi ki, müəllimə mənə göy qurğaşı çəkməyi
dedi, mən isə əsgər çəkəcəyəm deyib,
səni çəkdim...
Atalarını itirdiklərini dillərinə
gətirməyə cəsarət
etmirlər. Onların yanında
atasının yoxluğundan
danışmağa da
ehtiyat edirik. Gedib-gəlib
üzümdən öpürlər.
O gün Ayan deyir ki, ana,
mən səni indi daha çox
istəyirəm. Deyirəm ki,
nə olub qızım? Deyir, bilmirəm
nə olub, ancaq indi qardaşım
Yusifi də, səni də hamıdan çox istəyirəm. Bəzən
indiki zamanda, bəzən də keçmiş zamanda danışırlar ataları
haqqında...
Son döyüşlər başlamazdan bir-iki gün əvvəl Lalə bir yuxu görüb: “Gördüm ki, məni yerə uzadıblar. Bədənimə çoxlu mismarlar vururlar. Evə isə Vüqarın tabutunu gətirirlər. Bayrağa bükülü... Oyanıb Vüqara zəng vurdum. Adətən mənə icazə vermirdi işdə olduğu zaman ona zəng etməyə. Deyirdi ki, özüm zəng vuracam. Soruşdum, necəsən. Dedi salamatçılıqdır. Daha heç nə demədim. Fikirləşdim ki, yuxudur da... Aprelin 4-ü səhər obaşdan başladım Vüqara telefonla mesajlar yazmağa. Sonradan məlum oldu ki, “Məni tək qoyma” deyə bir mesaj yazdığım anda Vüqar şəhid olubmuş.
Lalənin gözlərinin yaşı quruyub. Vüqardan danışanda sağ adamlar kimi danışır. Lalə 10-cu sinifdə oxuyanda onu bəyənib, inadkarlıq göstərərək qızı və ailəsini razı sala bilib Vüqar. Sonra Lalənin institut bitirməsinə də şərait yaradıb. Deyirmiş ki, Cəbrayılı alacağam sənin üçün...
- Bir dəfə də dedi ki, iki qızımız var, bir oğlumuz da olmalıdır ki, gələcəkdə sənin dayağın olsun. Evə sığışmırdı. Onun üçün ən gözəl yer xidmət etdiyi hərbi hissə idi. Evə gələndə uşaqları ilə tay-tuş olurdu. Belinə çıxırdılar, onlara qoşulub yerdə sürünürdü, oynayırdı. Sonra da deyirdi ki, hərbi hissədə məni belə görsələr, inanmazlar ki, bu mənəm. Qızlara vətənpərvərlikdən o qədər danışmışdı ki, işdən evə qayıdanda Ayan və Aytən ondan soruşurdular, ata erməni öldürdün?! Deyirdi ki, qızım az qalıb, öldürəcəyik. Təqribən 1 ay əvvəl bizi yığıb Şəhidlər Xiyabanına apardı. Elə bil onlardan halallıq alırdı. Ötən il Ayanın doğum günündə bizi Şahdağa apardı. Axı o həm də alpinist idi. Dostu ilə bir zirvəyə çıxıb oraya Ayanın şərəfinə Azərbaycan bayrağı sancdı. Ürəyində zirvələrə bayraq sancmaq həsrəti gəzdirirdi həmişə.
Söhbətimizin bu yerində Aytənlə Ayan gəldilər. Uşaqları görüb çaşdım. İndi nə deyim, necə danışdırım bu qızcığazları... Yaxşı ki, özümü tez ələ alıb, qara hörüklü Ayanın və Aytənin üzündən öpdüm, dedim, Ayan, sənin əsgər rəsminin sorağına gəlmişəm. Əvvəlcə inandı. Gözləri güldü. Sonra sual etdim ki, niyə elə şəkil çəkdin?! Susdu. Dedim ki, ən çox sevdiyin rəsmin hansıdır? Dedi, “Əsgər rəsmi”.
- Daha hansı rəsmi çəkmək fikrin var?
- Ailəmizin rəsmini çəkəcəyəm. Atam ortada, yanında anam, mən, balaca bacım Aytən və qardaşım Yusif...
Ayan gedib o biri otaqdan rəsmlərini gətirdi. Sumqayıtdakı Texniki elmlər təmayüllü məktəbin 3-cü sinfində oxuyan 9 yaşlı qızın rəsmlərinə baxıb, heyran olmamaq mümkün deyildi. Dedi ki, istəyir ki, Sumqayıtda bacısı Aytənlə çəkdikləri şəkillərin sərgisi təşkil edilsin. Onu sevindirmək üçün, söz verdim ki, dostlarımızdan xahiş edəcəm, may ayının sonuna kimi iki bacının əl işlərindən ibarət sərgi təşkil edilsin.
6 yaşlı Aytən kənardan dayanıb söhbətimizin bitməsini gözləyirdi. - Aytən, anan dedi ki, tez-tez atanı yuxunda görürsən?
- Hə... O gün yenə yuxumda gördüm. Bir dəfə məni qovmuşdu... İndi qovmadı. Atam sehirbaz olmuşdu... Getdik mağazaya, mənə gəlincik aldı, şirniyyat aldı... Nə istədimsə hamısını aldı... Yuxumda mənə dedi ki, sizin üçün darıxmışam. Sonra üzümdən öpüb getdi...
- Atan haqqında, sən nə demək istəyirsən, Ayan?
Sözüm ağzımda qaldı, sərt bir baxışla mənə baxıb, otaqdan getdi Ayan... Barışmaq istəmir. Atasının yoxluğunu bilən bu 9 yaşlı qızcığaz ürəyini də boşalda bilmir ki, anasının xətrinə dəyər... Ancaq o boyda atasızlıq ağrısını içərisində çəkə-çəkə özünü bu kiçik yaşında bu əzaba, ağrıya öyrətmək istəyir. Bağrımı paramparça elədi Ayan. Mənə bir mərdlik, mərdanəlik dərsi danışdı sərt baxışlarıyla...
lll
Laləgildən ayrılandan iki
gün sonra şəkil
istəmək üçün Kənana zəng
vurdum. Dedi ki, Aytənlə Qafqaz Universitetinin qonağı olublar.
Universitetdə ümummilli lider
Heydər Əliyevin anadan olmasının
93 illiyi ilə bağlı keçirilən
tədbirdə Azərbaycan şəhidləri də
anılıb, şəhid polkovnik Vüqar Yusifov isə universitet tərəfindən “İlin
adamı” mükafatına layiq görülüb. Həmin tədbirə Aytən
Yusifzadə hərbi forma geyinərək gedib. Universitetdə atasına aid
mükafat kiçik
qızı Aytənə təqdim olunub.
Aida Eyvazlı
525-ci qəzet.- 2016.- 14 may.- S.16