Afaq Məsud dünyası
Dördüncü yazı
Yazıçının yaradıcılığı
haqqında “Bu, Afaq Məsuddur”... adlı maraqlı bir məqalə yazmış
tənqidçi Vaqif Yusifli mətləbə birbaşa yox, dolayısı ilə keçir ki, bunun da əsas
məzmun- mündərəcəsi
Afaq Məsudun ədəbiyyata
ənənəvi yolla
deyil, elə əvvəldən özünəməxsus
novatorluqla, gözlənilməz
üslubla gəlməsindən
ibarətdir.
Ümumiyyətlə, Afaq Məsuddan danışanlar
həmişə söhbəti
nəsillərarası münasibətlərdən,
daha doğrusu, ziddiyyətlərdən başlayır,
sonra isə yazıçının üslubunun,
təhkiyə tərzinin,
obrazlarının tamamilə
yeni olduğunu qeyd edirlər. Və hətta söhbət gəlib o yerə çatır ki, Afaq Məsud öz novatorluğu ilə mövcud kanonları dağıdır, ənənəvi
çərçivələrdən kənara çıxır...
“Başlıcası, ona
görə ki, bu nəsrin özü lap ibtidadan mümkün qədər ənənəvi- trafaret meyarlara uyğun gəlmirdi... Mənası
budur ki, yazıçı
istedadlı olduğu qədər də professional olmalıdır.
İstedad qandan, kökdən
gəlir, professionallıq
isə gərgin səylərin, böyük
zəhmətin bəhrəsidir.
Afaq Məsudda istedadla professionallıq vəhdət
halındadır”.
Tamamilə doğru olan bu qənaət (yaradıcılıqda “zəhmət”
anlayışının, əlbəttə,
adi “zəhmət”dən
çox- çox fərqli bir şey olduğunu nəzərə almaq şərtilə)
bir də ona görə maraqlıdır ki, yazıçının öz “dağıdıcılıq”
missiyasını istedadla
yanaşı professionallıqla
həyata keçirdiyini
təsbit edir. Bu isə o deməkdir ki, Afaq Məsud üslubu, manerası “dağıdıcı”
olduğu qədər də (bəlkə, ondan da artıq) “qurucu”dur. Və nə qədər paradoksal görünsə
də, yaradıcılığın (yeniliyin!)
fəlsəfəsi ondan ibarətdir ki, burada həm
“dağıdıcılıq”, həm də “quruculuq” inkişafa xidmət edir.
Vaqif Yusifli yazır:
“Hiss olunurdu ki, ilk hekayələrindən başlayaraq,
Afaq bütün yazılarında nəsrə
məxsus bəzi stereotipləri, artıq ehkama çevrilmiş donuq sintaksisi, təhkiyə
tərzini qırıb dağıtmağa
çalışır. Yəni
əslində, bu dağıtmaqdan daha çox nəyi isə
tikməyə, qurmağa
oxşayırdı. İllər
keçəcək və
Afaq “Azadlıq” qəzetinə verdiyi
müsahibədə deyəcək
ki: “Mən heç vaxt nəyinsə dağıdılmasının”
tərəfdarı olmamışam.
Üstəlik də söhbət ədəbiyyatdan
gedir - dediyiniz “dağıdılma” prosesi,
ola bilər Azərbaycan ədəbiyyatının
çərçivələrinin dağıdılması yox,
mənim əsərlərimin, uzun illərdən bəri ədəbiyyatımızın canına hopan milli- ənənəvi, ictimai- etik, mənəvi- əxlaqi və ilaxır, ilaxır normalarına bir qədər biganə ovqatda yazılmasından alınan
təsirdi. Ola bilər,
bu ovqat Siz deyən kimi dağıdıcıdı?.. Hər halda azadlığın
müxtəlif formalarda
dağıdıcı nəticələri
olur. Mənim əsərlərimin də
dağıdıcı qüvvəsi
ola bilər
daxili azadlığındadı”.
“Mədəd” hekayəsinin
qəhrəmanını yazıçı
belə təqdim edir:“...İstirahət
gününü maraqlı
keçirməkdən ötrü
Mədədə heç
kim lazım olmurdu. Nəyə görə kinoya kiminləsə getməliydi,
yan- yana, dirsək- dirsəyə oturub bir filmə ikilikdə baxmalıydı?.. Təklikdə
baxanda məgər filmin ləzzəti gedirdi?.. Yaxud
niyə kafedə mütləq kiminləsə üzbəüz
oturub kiminsə üzünə, ağzına
baxa- baxa çörək yeməliydi?..
Bu nə vəhşilik
idi, ümumiyyətlə?..”
Təklik
Mədədin həyat,
yaşam fəlsəfəsidir,
təbii stixiyasıdır...
Və əsası bu, onun azadlığıdır...
“Ümumiyyətlə, insan
münasibətlərilə bağlı Mədəd
çox şeyi anlamadığını dərk
edirdi. Başa düşə bilmədiklərindən
ən başlıcası
- bir-
birlərindən heç
bir vəchlə əl çəkmək istəməyən adamların
bitib-tükənməz ünsiyyət həvəsi idi. Adamların ardı- arası kəsilmədən bir- birilərinə zəng vurub saatlarla telefondan
asılmaları, bununla
da doymayıb bir- birinin evlərinə gedərək, orda gecədən keçənə
qədər hey nə
haqdasa həvəslə danışa- danışa “döşək çürütmələri”
onda həmişə qəzəbli bir heyrət doğururdu”.
Mədədin “azadlıq” anlayışı
ilə birbaşa əlaqəsi olmayan qeyri- adi bir
xüsusiyyəti də
var...
“Televizoru yandırıb
üzbəüzdəki kreslosuna
yayxandı. Qəzetləri bir də o üz-
bu üzünə çevirib diqqətlə
iylədi və fikirləşdi ki, qəribədi,
əvvəllər yalnız
qəzetləri iyləyirdi,
mətbəə şriftinin,
qəzet kağızının
iyindən həzz alırdı. Axır vaxtlarsa hər
şeyi iyləyir.
Pencəyini də, süfrəni də, əllərini də, televizorun ekranını da... Axır vaxtlar iyləmək
- onun üçün
yemək, yatmaq, nəfəs almaq kimi, gündəlik həyat ehtiyacına çevrilib. Özü
də qəribə
olan budu ki, hər qoxudan
bir ovqata düşür. Süfrənin qoxusundan narahatçılıq
hissi, dəmir qaşığın qoxusundan
kədər, pencəyinin
qoxusundan nəyinsə
nisgilini duyur”.
Məsələ gəlib o yerə çıxır ki, Mədəd özünün
iyi barədə fikirləşməyə başlayır. Və “fikirləşir ki, bəlkə, öz iyi heç yerli- dibli yoxdu?..”
Fikrimizcə, qəhrəmanın öz
hissləri, duyğuları,
ümumən öz aləmi ilə tək qalmaq istəyi azadlıq inersiyasının təzahürüdürsə,
hər şeyi iyləməsi həmin inersiya hüdudlarında təhtəlşüur bir
maraqla özünü
axtarmaq cəhdidir.
Bu xarakterli insanın, təbii ki, qarşısında
dayanan ən böyük problem evlənməkdir.
“...Evlənmək məsələsi
yadına düşəndə, ürəyi
az qalırdı dayana”...
Ancaq evlənməyə
də məhkumdur. Çünki
bunun qocalmağı, xəstələnməyi, qulluğu
var... Adam olduğunu qohum- əqrəbaya (və cəmiyyətə)
sübut eləməyi
var...
Cürbəcür təkidlər də bir tərəfdən...
Axır
ki, Mədədi evləndirirlər...
“Evlənən günün
səhərisindən arvadıyla
evin içində gizlənpaç oynadılar.
Arvadı mətbəxə girdi, Mədəd eyvana çıxdı, arvadı
eyvana çıxdı,
Mədəd hamamxanaya
qaçdı. Arvadı hamamxanaya cumdu,
Mədədi orda tapmadı. Mədəd başını qaşımaq üçün
əlini qaldıranda arvadı onun başını qaşıdı.
Çəkməsinin bağını bağlamaq
üçün çömələndə arvadı becid tərpənib bağları ondan qabaq bağladı. Su içmək üçün
əlini stəkana uzadanda suyla dolu
stəkan burnuna dirəndi...
Onu dəli
məhəbbətlə sevən
arvadının cəngindən
qurtulmaq üçün
Mədəd olmayan işlər arayıb axtarırdı. Bir köynəyi ona beş dəfə yudurtdu, bitkilər və cücülər haqqında məlumat toplamaq
üçün onu gah kitab mağazasına,
gah kitabxanaya göndərdi.
Arvadı isə Mədədin göndərdiyi yerlərdən bumeranq kimi üstünə qayıtdı, burnuna dirənib gözünün qabağından çəkilmədi ki, çəkilmədi”.
Vaqif Yusifli yazır:
“Afaqın hekayələrində (bu, bütövlükdə onun bütün nəsrinə xas olan bir xüsusiyyətdir) hər şey (obrazın hiss- həyəcanları, görüntüləri, dünyaya baxışı, daxilini tərpədən nə varsa...) sanki bir məqsədə xidmət edir - son ANI kəşf eləmək... Son AN... klassik hekayələrdə olduğu kimi situasiyanın sona varması hadisənin səbəbdən nəticəyə- yekuna gəlib yetməsi, obrazın “təmiz” qələbəyə, yaxud “nikbin” məğlubiyyətə ürcah olması... kimi düşünülsə, onda Afaqın heç bir hekayəsinin adını çəkmək istəməzdik, yəni nümunə tapa bilmərik. Son An... bu hekayələrdə bəlkə də, sonluq yox, başlanğıcdır. Hər şey sanki dağılır, fikirlər, düşüncələr parçalanır, qəlpələnir, hardasa yenidən birləşir. Hisslər, duyğular çözələnir, çox vaxt da heç adı məlum olmayan qəhrəmanların taleyində məchulluqlar aydınlaşa- aydınlaşa sonra yenə məchulluğa dönür. Obrazın keçirdiyi hisslər, daldığı düşüncələr, gəldiyi qənaətlər bu fikri təsdiqləyir ki, SON AN Afaq Məsud üçün bir insan dünyasını, insanlararası münasibətləri (təbii ki, ən incə çalarları və mürəkkəblikləri) psixoloji aspektdə açıqlamaq, bəlirləmək üçün bir açardır, əslində, SON AN yox, İLK ANdır. Onun hər hansı əsərinin sonluğu bizi qətiyyən “burada hər şey aydınlaşdı” fikrinə gətirib çıxarmır, biz heç də rahat nəfəs almırıq, nigarançılıq azalmır”...
Bu çoxşaxəli (və təfsilatlı) mülahizə Afaq Məsud yaradıcılığının (və üslubunun) poetikasını, daha doğrusu həmin poetik özünəməxsusluğun çox mühüm bir tərəfini müəyyənləşdirmək baxımından, həqiqətən, dəyərlidir...
Mədədin evlənməsilə, yəqin ki, “klassik hekayələr”də yazıçı nikbin bir sonluq tapıb qəhrəmanı “vəziyyət”dən bir təhər çıxarardı, onun “kompleks”i ortadan götürülərdi... Ancaq Afaq Məsud insan təbiətinə bu cür “soyuqqanlı” yanaşmır, “hisslərin süjeti”ni axıra qədər (və amansız bir cəsarətlə!) davam etdirir.
Və yazıçı elə bir dil- üslub nümayiş etdirir ki, elə bil cümlə cümləyə, söz sözə, səs- səsə ürək döyüntüsünün harmonik ritmləri kimi calanır:
“...Mədədin ürəyinə dammışdı ki, bu qızı da rədd eləsə, nənəsi demişkən, “bayquş tənhalığına düçar olacaq, qocalıb yatağa düşəndə, evin bir küncündə, kirli yorğan- döşəyində zarıya- zarıya uzanıb qalacaq, bir qurtum su üçün heysiz- heysiz zarıyacaqsa da, inildəyib ağlayacaqsa da, səsini eşidən olmayacaq, susuzluqdan quruyub qaxaca dönən dili damağına yapışa- yapışa, taqətsizlikdən əsə- əsə ayağa qalxıb pəncərənin qabağına sürünəcəksə də, orda pəncərənin laylarını taybatay açıb qışqırmaq, adamları köməyə çağırmaq istəyəcəksə də, səsi çıxmayacaq, nəfəsi gəlməyəcək və o elə ordanca - pəncərənin mühəccərindəncə, bədəninin yarısı çölə sallanmış vəziyyətdə də canını tapşıracaq... Amma kimə?.. Məsələnin qaranlıq tərəfi də elə bu idi...” Onun bu tənhalıq faciəsinin tamaşasına bütün həyət, bütün küçə yığışacaq və bu, ailə həyatının qədrini bilməyən insanların yaddaşında silinməz bir iz buraxacaq, yaddaqalan bir dərs olacaq”...
Bu, azadlığını əldən vermək istəməyən, bütün “heyvani” gücü ilə “insaniliy”ə müqavimət göstərən, ancaq məhz insan olduğuna və ya sayıldığına görə məğlub olan bir varlığın həyəcanlarının “təhkiyə”si - sintaktik fonetikasıdır...
Və təhkiyə davam edir:
Bir dəfə Mədəd bunu yuxuda da görmüşdü. Yuxuda pəncərədən asıldığı yerdə qəfildən dirilib ayağa qalxmışdı, pəncərənin məhəccərinə çıxıb səsi gəldikcə bütün həyətə:
- Ay camaat, məni dinləyin!! Ailə - insan həyatında mütləq vacib olan həyat əhəmiyyətli zərurilikdir!!.. - deyə çığırmışdı.
Bu qızla da evlənməsəydi, axırı mütləq belə olacaqdı... - Mədəd fikirləşdi və qızın, ucları xırda- xırda qıvrılan saçlarına baxdı, yarımçıq kompotunu birnəfəsə başına çəkdi”...
Gücü özgə nəyə çatardı ki?!.
Nizami Cəfərov
525-ci qəzet.- 2016.- 14 may.- S.15