“Baş” da süjet sistemləri: tarixi fon və bədii uydurmalar, personajlar və xarakterlər

 

 

“Baş” romanında qəhrəman davranışı və psixoloji ovqatın yaradılma özünəməxsusluğuElçinin “Baş” romanı təhlil edilərkən bu əsərdəki obrazların tipoloji baxımdan və psixoloji aspektdə öyrənilməsi də az əhəmiyyət kəsb etmir.

Bu onunla bağlıdır ki, Elçinin “Baş”dan əvvəlki əsərlərində də müəllifin obrazlarının xarakteristikasında bir sıra psixoanalitik yanaşmalar mövcud olsa da, burada müəllif obrazları səciyyələndirərkən insanların obrazlarından hər birinin (Hüseynqulu xanın, knyaz Sisianovun, Abbas Mirzənin, Molla Müzəffər Ağanın, Stepan Razinin, Yemelyan Puqaçovun, Xacə Əbdül Rəhmanın, Mahmud bəyin, Lal Qafaroğlunun, Qəssab Balarzanın və qeyrilərinin) daxili aləmini və onların dərin mahiyyətini açmağa səy göstərmə özünü büruzə verməkdədir və bu da, təbiidir.

Elçin personajları xarakterizə edərkən onlardakı təbii, fizioloji, psixoloji, psixososial, hərbi faktorları bədii təsvirlərin köməyi ilə təqdim etməyə çalışır ki, onlar da məhz əsərdə bu şəxsiyyətlərin formalaşmasına necə təsir etdiyini əyaniləşdirir. Yuxarıda adlarını çəkdiklərimizdən hər biri müəyyən dünyagörüşü, əxlaq daşıyıcıları, həyata öz ölçüləri, öz “fəlsəfə”ləri ilə yanaşanlardır. Elçin insan qəlbinin həssas psixoloqu kimi öz ədəbi personajlarında (obrazlarında) daim insanın həyatla və ictimai-sosial mühitlə əlaqələrini təsvir etməyə istiqamətlidir. İstedadlı yazıçı kimi şəxsiyyətin izahı və təsviri ilə məşğul olan müəllif, həm də sanki onların hansı həyat prototiplərinin bədii priyom və üsullarla ortaya qoyulması haqqında düşünür. Belə olduğu halda müəllif şəxsiyyətin təsvirinə  hansı rakursdan yanaşmasından aslı olmayaraq,  o, onu mövcud olan psixi həyatın konkret real hissəsi kimi götürür ki, artıq o, öz fərdi keyfiyyətləri ilə düşüncələrdə özünə yer edib möhkəmlənmişdir. Bu baxımdan, düşünürük ki, Pavel Sisianovun, Hüseynqulu xanın, Abbas Mirzənin, Ağa Məhəmməd Qacarın və başqalarının psixoloji və fərdi keyfiyyətləri ustalıqla yaradılmışdır. Belə olduğu halda Elçin Azərbaycan, Cənubi Qafqaz, İran, hətta Rusiya etnoqrafik - tarixi mənbələri və bədii nümunələrdə adları çəkilənləri kifayət qədər doğru-dürüst xarakterizə etməyi bacarmış, onları xarakterik xüsusiyyətlərinə görə roman mətnində yerləşdirmişdir desək, yanılmarıq.

Elçinin “Baş” romanında müəllif qarşısında dayanan mühüm vəzifələrdən biri xarakterlərin fərdiləşdirilməsi, şəxsiyyətin daxili aləminin hiss və duyğularını, sarsıntılarını, onların mənəvi dünyasını əks etdirmək tələbləri dayanır. Bununla bərabər burada özünü büruzə verən mühüm məqamlardan biri də çoxsaylı ədəbi prototiplərdən eləsini ortaya qoymaq istəyi yaranmışdır ki, yazıçının diqqət mərkəzinə çəkdiyi xarakterlər öz psixologiyasına görə müvafiq həyat gerçəklikləri və konkretliyi ilə fərqlənmiş olsun. “Baş”ın müxtəlif səhifələrində biz aparıcı obrazların psixoloji halları və ovqatları ilə tanış olduqda məhz bu cəhətin daha aydın ifadə edildiyini görürük. Əsərin kiçik bir epizodunda knyaz P.D.Sisianovun imperator 1-ci Aleksandra göndərdiyi məktubunda “Bu yerlərdəki xalqlar üçün yeganə siyasət gücdür” (s.54) deməsində canişinin Qafqazda yaşayan xalqlara olan münasibəti, onun psixologiyasında oturanlar, onun daxili mahiyyəti özünü biruzə verir.

Bundan başqa “Baş”ın infrastrukturuna daxil edilmiş və knyaz Sisianovun psixoloji ovqatını təcəssüm etdirən yuxular və yuxugörmələr də əsərdə maraqlı assosiasiyalar yaratmaqdadır. “Hər tərəf qapqara qaranlıq idi və bu qaranlığa bir hənirti hissiyyatı yayılmışdı, elə bil, gözə görünməz nəsə, kimsə o qapqara qaranlıq içində hərəkət edirdi- bu nə idi? kim idi?- knyaz yuxuda bunu ayırd edə bilmirdi, başa düşürdü ki, bu qapqara qaranlıq və hənirti hissiyyatı yuxudadır, o, yatıb, yuxu görür. Birdən- birə siyrilmiş xəncərin yuxudakı o qaranlıq içində işıldaması ilə o xəncərin knyazın qarnına soxulması bir oldu və qarnına yeridilmiş o xəncərin buz soyuqluğunu knyaz elə yuxuda ikən hiss etdi, o saat da yuxudan oyandı - onun alnını soyuq tər basmışdı (s.54). Nümunədən göründüyü kimi, Elçin knyaz P.Sisanovun daxili aləminə, onun psixoloji durumuna uğurlu nüfuz edir, knyazın  içində gedən prosesləri, emotiv dəyişiklikləri, xarakterindəki şübhələri dərindən təsvir edir, onun psixologiyasının fərdi cəhətlərini sərgiləyir. Elçini “Baş” romanının personajlarının müxtəlif parametrləri, onlardakı səciyyəvi hallar, onların emosiyaları, həyati, ictimai, siyasi, mədəni-mənəvi keyfiyyətləri, varlığın və şüurun  ədəbi - fəlsəfi aspektləri, bədii maraqları, daxili monoloqları, daxili eqoizmi və s.  daha dərindən maraqlandırır. Elçin müvafiq tipaj yaratmaq üçün təfəkkürünün induktiv və deduktiv qütblərindən istifadə etməyə meyllidir. Öz ideyalarının təcəssümü üçün Pavel Sisianov obrazını təqdim edərkən o, induktiv yanaşmaya daha böyük üstünlük verir.

Yeri gəlmişkən qeyd edək ki, induktiv təfəkkürlü şəxsiyyətlər öz mahiyyəti etibarı ilə daha müşahidəli, diqqətli, həssas və hər şeylə daha dərindən maraqlananlardır. Belələri, adətən, qaçaraq nəticələr qəbul etmir, ən kiçik detalları diqqətdən kənarda qoymur.

“Bu hadisədən sonra knyaz Sisianov bir daha əmin oldu ki, gürcü çarlarının qohum - əqrabası Qafqazdan sürgün olunmasa, Gürcüstanda əmin - amanlıq olmayacaq və Gürcüstanın bölgələrində çarlıq iddiasında olanların qarşısını almaq başqa cür mümkün deyil. Əlahəzrət imperator Aleksandrı inandırmaq lazım idi ki, Gürcüstanda çar nəslinin bütün nümayəndələrini burada yaşamaq hüququndan məhrum etməyə icazə versin və knyaz Sisianov bütün qətiyyəti ilə əlahəzrətin özünə müraciət etdi və buna nail oldu” (s.58).

Əlbəttə, Elçin şəxsiyyət və hadisələri psixoloji baxımdan düzgün dəyərləndirən bir sənətkar kimi seçib qruplaşdırdığı şəxslər, şəxsiyyətlər üzərində bu və ya digər müahidələr apara bilər və belə olduğu halda yenə də insan psixologiyasının müxtəlif tərəflərini təsvir etməkdə o, yetərincə sərbəstdir. Belə müşahidələrin spontan, yaxud xaotik xarakterli olmasından asılı olmayaraq, onun obraza  münasibəti bu və ya digər personajın xüsusiyyətlərinə nəzərə çarpacaq dərəcədə təsir etməyəcəkdir. Burada müəllifin öz fərdi psixologiyasının bir sıra məhdudlaşdırıcı çərçivələrinin olduğu məlum olsa da, onların zəruriliyini də etiraf etmək lazımdır. Çünki bu çərçivələr ümumi şəkildə nəticə və ümumiləşdirmələrin yoxlanılmasındakı sistemə və qaydalara öz təsirini göstərir, obyektiv reallıqların ortaya qoyulmasını tələb etməklə sənətkarı subyektivizmə yuvarlanmadan qoruyur. Bununla bərabər həm də sənətkar özü realizə edə bilmədiyi,nəzərdən qaçırdığı məqamları mütləq realizə etməyə çalışır.

“Baş” romanında şəxsiyyətin tipoloji xarakteristikası məhz müşahidəli müəllifin şəxsiyyətin psixoloji xüsusiyyətlərini, onun davranışında olan təsadüfi hallar arxasından görməklə özünəxas şəkildə diqqəti cəmləşdirir. Bu və ya digər hərəkətdəki qanunauyğunluğu müəyyənləşdirməyə səy göstərir. Elə yuxarıda gətirdiyimiz parçadan sonrakı abzasdakı fikir dediklərimizin bariz illüstrasiyası kimi xidmət edə bilər. “Əlahəzrət imperator razılıq verdikdən sonra, knyaz Sisianov əmri və bilavasitə nəzarəti ilə hələ də Gürcüstanda qalmış şahzadələrin, çar ailələrinə mənsub olanların hamısı köçürülməyə başladı. Köçmək istəməyən, ən çox müqavimət göstərən isə knyaz Sisianovun yaxın qohumu çariça Mariya idi və ifritə Mariyanın övladları ilə birlikdə Rusiyaya göndərilməsini knyaz şəxsən general Lazarevin özünə tapşırmışdı.

Hayıf Lazarevdən ona yaraşmayan ucuz bir ölümlə öldü, o cür soldat bir Baba - Yaqanın qurbanı oldu.

Belə - belə işlər, Babua - Arçil ...

Və knyaz Sisianov birdən-birə Babua Arçili xatırladı” (s.58).

Əsərlə  yaxından tanış olanlar yaxşı bilirlər ki, “Baş” romanında Elçin nəinki baş qəhrəmanların, həm də ümumiyyətlə, bütün personajların şəxsi, fərdi xarakteristikasını əsərin alt qatında da olsa verir. Onların zəruri olduqda geneoloji və tarixi həyatına ekskurs edir. Onların hərəkətlərinin motivasiyasını ortaya qoyur. Bu baxımdan müəllifin Pavel Sisianovun və Lazarevin geneologiyasına nəzər yetirməsi təsadüfi hesab edilməməlidir. Hələ vaxtı ilə Pavel Sisianovun babası Rusiyaya köçüb orada yaşamışdı və onun həyata baxışları, dünyanı dərki rus təsiri, düşüncəsi altında formalaşmışdı. Gürcü olmasına baxmayaraq, o, rus quvernyorundan aldığı tərbiyəylə həyat baxışını, Cənubi Qafqaza rusların yiyələnməsini məqbul və zəruri saymışdı və sonra bu cəhət nəvə Pavel Sisianovun da düşüncəsində özünə yer etmişdi.

“Baş” romanındakı personajlar qalereyasında dərindən diqqət yetirdikdə sezilir ki, Elçinin bədii inikası psixi hadisələrin müasir və gələcəyə tuşlanmış vəziyyətinə söykənir və bunun əsasında yazıçı öz qəhrəmanlarını müxtəlif sosial - siyasi və mənəvi-ruhi situasiya və sınaqlarda yoxlayır. “Baş  polifonik roman olduğundan (çünki burada çoxsaylı personajlardan hər biri öz səsi, nəfəsi, öz dəst - xətti, öz istəyi ilə görünməkdə, fəaliyyət göstərməkdədir) sənətkar qəhrəmanlarından hər birinin iç dünyasını bütün parlaqlığı ilə ortaya qoya bilir. Bunu biz, demək olar ki, Hüseynqulu xanın, Pavel Sisianovun, Mahmud bəyin, Lal Qafaroğlunun, Hacı Muxtarın, Markiza Natalya de Lafonjenin, kapitan Suxaryovun, Qraf N.İ. Timofeyev - Boqoyavlenskinin və bir sıra digərlərinin timsalında açıq - aydın sezə bilərik.

“Baş” romanı üzərində təhlillər apararkən biz Pavel Sisianovu bəzi məqamlarda həm də F.M.Dostoyevskinin “Cinayət və cəza” romanının baş qəhrəmanı Radion Raskolnikovla müqayisə edirik. Əgər Radion Raskolnikov sələmçi qarını öldürüb Napoleon olmaq üçün bütün hamı tərəfindən etiraf edilmiş, ümumi qəbul olunmuş normaları pozmağa çalışmışdırsa və bunu ətrafdakılara böyük əzm və həvəslə nümayiş etdirmişdirsə, Pavel Sisianov “Bu yerlərdəki xalqlar üçün yeganə siyasət - gücdür” deyərək silaha söykənib Qafqazda yaşayan xalqları məhv etməyə üstünlük vermişdir. Və belə psixoloji durumda çıxış etdikdə o, sanki Radion Raskolnikovu özünəxas şəkildə təkrarlamış olur. Belə yanaşma onun həyat kredosunun ifadəsi kimi görünür. Əgər F.M.Dostoyevski romanda konkret psixologiya terminologiyasından kənarlaşıb, ədəbi-bədii qaydalara riayət etməklə Raskolnikov kimi cinayətkar tipini yaratmışdırsa, Elçin də öz bədii təfəkkürünə meydan verib Pavel Sisianovun insanlıq və canişinlik tragediyasını ortaya qoymuşdur.

Ümumiyyətlə, “Baş” romanının bütün xüsusiyyətləri üzərində müahidələr apardıqda biz Elçinin tükənməz nəsr yaradıcılığı potensialına söykənərək uğurlu - geniş maraqları əhatə edən, yüksək əqli potensiala və istedada tapınıb siyasətçi, hərbçi, canişin həyatının maraqlı detallarını seçib, ayrı-ayrı faktlara söykənərək müvafiq ümumiləşdirmələr etməyə müvəffəq olma bacarığını görürük ki, burada sənərkarın özü fərqli bir bədii düşüncə ilə işləməklə mühüm tarixi dövrün xoş olmayan, içimizi göynədən bir mənzərəsini yaratmağa imza atmışdır.

“Baş” romanında Elçin, hər şeydən əvvəl, şəxsin, yaxud şəxsiyyətin davranışının motivlərini, dünyanın mühüm hadisələrini obrazlar vasitəsilə yaratmağa çalışmışdır ki, bu da böyük nasirin titanik potensialının danılmaz keyfiyyəti kimi qəbul  edilməlidir. Eyni zamanda burada müəllif fikri və ideyası da məhz dolğun bədii obrazlar - personajların vasitəsi ilə ortaya qoyulur. “Baş”da şəxsiyyətin çoxtərəfli və çoxaspektli xüsusiyyətləri rasionalist, didaktik və elmi - tarixi reali və yanaşmalarla yox, müəllif tərəfindən tipik obrazın yaradılması ilə araya - ərsəyə gətirilmişdir. Bu müstəvidə Pavel Sisianovun Elçin təqdimatı həm psixoloji, həm ədəbi aspektdə kifayət qədər uğurludur. Əlbəttə, bədii ədəbiyyatda şəxsiyyətin tipologiyası məsələsi yeni bir şey deyil. Və burada tipik xarakterlərin tipik şəraitlərdə yaradılması təsviri də danılmaz həqiqətdir. Buna görə də tipik xarakterlərin təsviri üçün bu və ya digər situasiyalar sosial şəraitin həmin xarakterin ortaya gətirdiyi faktorlarla əlaqələndirilməli, həmin hallar təsadüflə yox, mühüm sosial - tarixi xarakteri və məsələlərin çözümü ilə çulğaşmalıdır. Yəni həmin şəxsin psixologiyası sənətkarın təsvir etdiyi şəraitdən irəli gəlməli, özünü doğrultmalı, şübhə yaratmamalıdır. Elçin Pavel Sisianovun obrazı əsasında şəxsiyyətin tipologiyasını yaradarkən o, heç də şəxsiyyətin davranışında yer almış davranış motivlərinin xrestomatik və çeynənmiş göstəricilərinə söykənməmiş, özü istedadlı bir nasir olaraq nəinki rasional, həm də irrasional psixi halları nəzərdən keçirməklə buna müvəffəq ola bilmişdir.

 

 

Nizami TAĞISOY

Professor

nizami.mamedov@mail.ru

525-ci qəzet.- 2016.- 14 may.- S.14