Günel Eyvazlı “Cadugər”i
təqdim edib
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin
(AYB) “Natəvan” klubunda
Günel Eyvazlının
“AYB kitab” layihəsi çərçivəsində çap olunan “Cadugər” kitabının
təqdimatı keçirilib.
Tədbiri AYB katibi Rəşad
Məcid açaraq, öncə G.Eyvazlını
bugünlərdə “Ədəbiyyat
qəzeti”nin “Əli bəy Hüseynzadə mükafatı”na
layiq görülməsi
münasibətilə təbrik
edib:
“Bundan əlavə,
o, Azərbaycan Yaradıcılıq
Fondunun təşkil etdiyi müsabiqənin qalibi olub. Günel bizim
çox zəhmətkeş
gənclərimizdəndir. Ardıcıl şəkildə mətbuatda esseləri, məqalələri ilə
çıxış edir.
O, yaradıcılıq fəaliyyəti
ilə özünü
təsdiq edən gənc yazarlarımız arasında xüsusilə seçilir”.
AYB katibi İlqar Fəhmi gənc yazarın ədəbiyyata
gəlməsi və yaradıcılığı haqda
məlumat verib:
“2000-ci illərin əvvəllərində
ədəbiyyata münasibətdə
gənclər arasında
bir soyuqluq var idi. Gənclər ədəbiyyata o qədər
də meyil etmirdilər. Rəşad Məcid
gənclər üzrə
katib təyin olunandan sonra ədəbi gənclikdə
bir canlanma yarandı. Həmin dövrdə xeyli
sayda gənc yazar ədəbiyyata gəldi, onlarda bədii yaradıcılığa
ciddi şəkildə
maraq yarandı. Günel məhz həmin nəslin davamçılarından
biridir”.
Tədbirdə yazıçılar Kənan Hacı, Əyyub Qiyas, jurnalist Ceyhun Musaoğlu, tənqidçilər
Vaqif Yusifli, Cavanşir Yusifli, Yazıçılar Birliyinin
mətbuat katibi Xəyal Rza və başqaları da çıxış edərək gənc yazarın ədəbi fəaliyyəti ilə bağlı düşüncələrini
bölüşüb, ona
yaradıcılıq uğurları
arzulayıblar.
Sonda G. Eyvazlı
oxucular üçün
kitablarını imzalayıb.
Müşfiq
ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 14 may.- S.12