Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin 3 illiyi keçirilib

 

Mayın 12-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Avstriyanın dövlət hökumət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, parlamentarilər, bu ölkədə fəaliyyət göstərən müxtəlif mədəniyyət mərkəzlərinin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında mərkəzin yarandığı gündən indiyədək keçdiyi yola nəzər salıb, Azərbaycan mədəniyyətinin Avstriyada təbliği istiqamətində iki ölkə arasında mədəni əlaqələrin inkişafında oynadığı roldan bəhs edib.

 

Qeyd edilib ki, “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” devizini əldə rəhbər tutaraq mərkəz Azərbaycandakı müasirtolerant cəmiyyəti, müxtəlif xalqlar və dinlərin dinc birgəyaşayışını Avstriyada təbliğ edir. Bu məqsədlə mərkəz mütəmadi olaraq sərgilər, məruzə və film axşamları, müxtəlif konsertlər təşkil edir.

 

L. Qasımova deyib ki, Azərbaycan Mədəniyyət Mərkəzi milli mədəniyyətimizin təbliğ olunduğu məkan olmaqla yanaşı, həmçinin digər xalqların incəsənət nümayəndələrinin öz yaradıcılıqlarını təqdim etdikləri multikultural mədəniyyət ocağıdır. Bu məkanda həm azərbaycanlı, həm də digər ölkələrdən olan gənc istedadlar öz yaradıcılıqlarını təqdim edirlər.

 

Qeyd olunub ki, Mədəniyyət Mərkəzindən bir neçə yüz metr məsafədə yerləşən və dünyanın ən adlı-sanlı sənət ocaqlarından biri olan Vyana Dövlət Operasında Cakomo PuççinininTurandot” operası oynanılır. Həmin operada Kalaf obrazını canlandıran azərbaycanlı tenor Yusif Eyvazov dünyanın bu nüfuzlu opera səhnəsində uğurlu debüt edib. Mərkəzin qarşıya qoyduğu hədəflərdən biribu cür gözəl örnəklərdən bəhrələnərək, gənc istedadların Avropada tanıdılmasına töhfə verməkdir.

 

Tədbirin bədii hissəsində gənc pianoçu və bəstəkar Etibar Əsədlinin rəhbərlik etdiyi caz qrupu konsert proqramı ilə çıxış edib. Konsertdə Etibar Əsədlinin öz bəstələri ilə yanaşı, tanınmış bəstəkarlara məxsus əsərlər, caz improvizasiyaları təqdim edilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

 

525-ci qəzet.- 2016.- 14 may.- S.13