İctimai teleradio: milli
maraqlara xidmət modeli
Azərbaycan müstəqillik əldə edəndən dərhal
sonra bütün sahələrdə olduğu kimi, media aləmində
də sürətli inkişafın təməli qoyuldu.
Kütləvi informasiya vasitələrinin inkişafı
isə media sisteminin tipologiyasını genişləndirdi. Yazılı
və elektron informasiya sahəsində öz informasiya siyasətini
formalaşdıran çeşidli media qurumları meydana
çıxdı. Xüsusilə televiziya
və radio sahəsində özəl sektorun inkişafı cəmiyyətin
bilgiləndirilməsi, maarifləndirilməsi işində
çox böyük rol oynadı. Bu sahədə
inkişafın və dövlət qayğısının nəticəsi
olaraq Azərbaycanda ayrıca informasiya siyasətinə,
ayrıca tipoloji xarakterə malik olan İctimai Teleradio meydana gəldi.
Azərbaycan
cəmiyyətinin sosial sifarişi ilə, Azərbaycan dövlətinin
demokratik dəyərlərə yüksək münasibətinin
nəticəsi olaraq 2005-ci il avqustun 29-da efirə
çıxan İctimai Teleradio ötən illər ərzində dövlətçiliyimizin
qorunması və daha da inkişaf etdirilməsi, milli-mənəvi
dəyərlərimizin təbliği və zənginləşdirilməsi,
cəmiyyətin bilgiləndirilməsi və müntəzəm
maarifləndirilməsi sahəsində əlindən gələni
əsirgəməmişdir. Teleradionun
yaradıcı və texniki əməkdaşları
özünün bütün fəaliyyətini qərəzsiz,
dəqiq, obyektiv, vicdanlı, ədalətli informasiya üzərində
qurmuş, ayrı-ayrı proqram formatlarında cəmiyyəti
maraqlandıran, narahat edən problemləri müzakirə
müstəvisinə çıxararaq onların həllinə
aparan yolların xalqın dilindən eşidilməsinə nail
olmuşdur.
İctimai Teleradio bütün məqamlarda yalnız
ictimai maraq prinsiplərinə söykənmiş,
qloballaşan dünyada milli dəyərlərimizin qorunub
saxlanılması və zənginləşdirilməsi,
dilimizin, tariximizin, elmi nailiyyətlərimizin,
bütövlükdə ölkəmizin inkişafına dəstək
vermişdir.
İctimai teleradionun əsas funksiyaları
sırasında cəmiyyətin maarifləndirilməsi ilkin yer
tutur. Əslində bu teleradionun beynəlxalq arenada meydana
çıxması son 20-30 ildə kommersiya teleradio
sisteminin-reklam maraqlarına görə daha çox sensasion və
əyləncəli proqramlara yer vermək məcburiyyətində
qalan elektron medianın qarşısına çıxmaq məqsədi
güdmüşdür. Ona görə də
bu qurum öz mahiyyətində maarifləndirmə
funksiyasını daha qabarıq göstərir.
Azərbaycan teleradio məkanında fəaliyyət
göstərən İctimai Televiziya və Radio Yayım
Şirkəti də bu funksiyanı inamla yerinə yetirməkdədir. Bu ciddi vəzifəni
yerinə yetirmək üçün teleradioda öz işinə
peşəkarlıqla yanaşan yaradıcı kollektiv
formalaşmışdır. Kollektivin
yaradıcılıq amalı ilk növbədə Azərbaycanın
bugünkü inkişaf istiqamətinə bağlıdır.
Xeyli müddətdən bəri "Eurovision" kimi Avropa,
dünya miqyaslı bir musiqi yarışında ölkəmizin
iştirakının təmin edilməsində, hətta bu
yarışda günün birində birinci yerə
çıxmağımızda İctimai Teleradionun
böyük xidməti var. Lap yerinə düşmüşkən,
bir neçə gün əvvəl - mayın 10-da
"Eurovision" təşkilatçılarının
tanınmamış bir sıra qondarma "respublikaların"
siyasi atributlarının yarış salonuna gətirilməsi
qadağasına məhəl qoymayan Ermənistan təmsilçilərinin
qondarma "DQR" bayrağını burada həyasızcasına
nümayiş etdirməsi əvvəlcə Avropa Yayım
Birliyi təşkilatçılarının nəzarətindən
yayındı. Azərbaycan İctimai Teleradio direktorunun
müavini Şaiq Məmmədov səlis ingilis dilində bunu
təşkilatçılara irad tutanda yarışın
moderatoru ona mane olmaq istəsə də, Azərbaycan jurnalisti
Qarabağın Azərbaycan torpağı olduğunu təkidlə
bəyan etdi və "Eurovision"un siyasiləşdiyini
bildirdi. Bundan dərhal sonra İctimai Teleradionun
Baş direktoru Cəmil Quliyevin Avropa Yayım Birliyinə xəbərdarlıq
məktubuna cavab olaraq həmin qurum ermənilərin bu hərəkətini
ifşa edən bəyanat yaydı. İTV
reportyorunun kəskin iradından və İTV rəhbərliyinin
kəskin xəbərdarlığından dərhal sonra
"Eurovision" təşkilatçılarının Ermənistanı
ifşa edən bəyanatı oldu və bir neçə
gün dünyanın ən nüfuzlu mətbuat orqanları
Ermənistanın bu çirkin niyyətini bir daha ifşa edən
materiallarla çıxış etdilər. Bunu da
İTV-nin 2016-cı il "Eurovision" qələbəsi
hesab etmək olar.
2015-ci
ilin İlk Avropa
Oyunlarının dünyaya təbliği işində
də ictimai teleradio çox
böyük fəallıq göstərdi.
Öz texniki imkanları ilə də müasir tələblərə
cavab verən İctimai Teleradionun kollektivi
tamaşaçıları maraqlandıran
çoxçeşidli proqram formatları
yaratmışdır. Tamaşaçıların diqqətlə izlədikləri
"Aktual mövzu", "Ortaq məxrəc",
"Müzakirə vaxtı", "Açıq dərs",
"Qarabağ həqiqətləri" kimi proqram
formatlarının uzunömürlülüyü onların
uğurlu fəaliyyətindən xəbər verir. Bu proqramları teleməkanda öz peşəkarlığı
ilə tanınan jurnalist-aparıcılar
tamaşaçılara təqdim edirlər. Məsələn, "Aktual mövzu", "Ortaq
məxrəc", "Açıq dərs" kimi
proqramların maarifçilik işi ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilir. Doğrudur,
bəzən mətbuatda çıxış edən ekspertlər
İctimai Televiziyanın tipologiyasını nəzərə
almadan bu TV-dən sensasiya, hətta "inqilabi"
çıxışlar tələb edirlər. İTV-dən siyasətə qarışmaq umanlar əgər
bu qurum haqqında AR Qanununa bələd olsalar görərlər
ki, ictimai yayım siyasi maraqlardan uzaq olmalıdır. Nəzərə
almaq lazımdır ki, İctimai Teleradio millətin milli-mənəvi
dəyərlər sistemini qorumaq və zənginləşdirmək,
dövlətçiliyə və müstəqilliyə mane ola
biləcək faktlara qarşı mübarizə prinsiplərini
əsas götürür və nə qədər ki, Azərbaycan
Ermənistanın və onun havadarlarının
hücumları qarşısındadır, İctimai Teleradio hətta
dövlətin informasiya təhlükəsizliyi kimi çox
vacib bir sahənin qoruyucusu qismində də fəaliyyət
göstərəcək.
Məlumdur ki, İctimai Televiziya və Radio
Yayımları Şirkətinin əsas fəaliyyət istiqamətlərindən
biri İnformasiya və ictimai-siyasi proqramlar departamentinin
işi ilə bağlıdır. Bu departament
özünün xəbər proqramları və bir sıra
analitik verilişləri ilə artıq çoxdan
tamaşaçı rəğbətini qazanmışdır.
Kommersiya TV kanallarının reklam bazarı
uğrunda mübarizə ilə bağlı müxtəlif
proqram formatlarından fərqli olaraq, İctimai Teleradio
özünün əsas vəzifəsini - bilgiləndirmək,
maarifləndirmək işini yerinə yetirməkdədir. İnformasiya və
ictimai-siyasi proqramlar departamenti Azərbaycan dövlətçiliyi,
azərbaycançılıq mövqeyindən
çıxış etmiş, özünün təqdim
etdiyi informasiyalarda vətəndaşlıq mövqeyini əsas
tutmuşdur. Bu istiqamət - İnformasiya və
ictimai-siyasi proqramlar departamentinin milli maraqlar istiqaməti, habelə
peşəkarlıq fəaliyyəti ilə də bu gün cəmiyyətin
diqqət mərkəzindədir.
Hamıya məlumdur ki, Qarabağ hadisələri
başlanan gündən Azərbaycan mediasının əsas vəzifələrindən
biri bu hadisələrdə ölkəmizin haqq səsini beynəlxalq
ictimaiyyətə çatdırmaqdır. İctimai Televiziyanın
"Carçı" xəbərlər proqramı
yarandığı gündən özünün loqosunda Ermənistanın
Azərbaycana qarşı işğalçılıq
müharibəsini və BMT-nin Ermənistanın Azərbaycan
torpaqlarından geri çəkilməsini təkid edən 4 məlum
qərarının hələ də yerinə yetirilmədiyini
bu loqo hər gün dəfələrlə dünyaya car
çəkir. Təkcə bu faktın
özü İctimai Televiziyanın milli maraqlara peşəkarlıqla
xidmətinə bir misaldır.
İctimai Televiziya və Radio Yayımları Şirkəti
yarandığı gündən informasiya və ictimai-siyasi
proqramlarının fəaliyyət dairəsini genişləndirib
və yeni tendensiyalara uyğun müvafiq layihələr
hazırlayaraq tamaşaçı və dinləyicilərə
təqdim etmişdir. Əsas informasiya proqramı olan
"Carçı"nın peşəkarlıq və operativlik imkanları
indi daha da genişləndirilib.
Gün ərzində bir dəfə rus dilində olmaqla,
ümumilikdə beş dəfə
tamaşaçılara təqdim edilən informasiya
buraxılışlarında "İctimai Televiziya və
radio yayımı haqqında" Qanunun bütün müddəalarına
əməl olunur. Ölkənin bölgələrindən
informasiyaları daha böyük auditoriyaya çatdırmaq
üçün həftənin altı günü axşam
saat 21:05-də efirə çıxan "Carçı
Region" proqramı artıq iki ildir ki, fəaliyyət
göstərir. Ölkə iqtisadiyyatının
inkişaf istiqamətlərinin yeni hədəfləri bu
proqramda xüsusi nəzərə alınır. "Carçı" informasiya proqramı
İTV-nin fəaliyyətində əsas yer tutur, həm də
ona görə ki, bu proqram ölkənin və dünyanın
informasiya mənzərəsini yaratmaqla, cəmiyyətin bilgiləndirilməsi
və maarifləndirilməsi işinə xidmət edir.
"Carçı" informasiya proqramı günün
aktual və prioritet xəbərlərini
haysız-küysüz təqdimatı ilə də
maarifçilik missiyasına xidmət edir. Departamentin rəhbəri
Elgün İbrahimov jurnalist peşəkarlığının
bir sıra istiqamətlərini xəbərlər
proqramında uğurla həyata keçirir. Təkcə aprelin əvvəllərində
Qarabağda baş verən hadisələrin və onunla
bağlı ictimai rəyin təqdimini verən
informasiyaları xatırlamaq kifayətdir. Ordumuzun
dörd günlük döyüş uğurları, bu
uğurlardan doğan xalq ruhu informasiyaların aparıcı
mövzusu oldu. Belə hadisələr
zamanı dövlətin informasiya təhlükəsizliyi, hərbi
sirlərin qorunması işində İTV
reportyorlarının fəaliyyəti nümunə rolu oynaya
bilər. Bu peşəkar reportyorların
torpaqlarımız uğrunda şəhid düşmüş
əsgərlərimizin dəfn mərasimlərindən
hazırladıqları xəbərlər hər kəsi Vətən
sevgisinə çağırır. Xarici
jurnalistlərin və xarici diplomatların cəbhə bölgəsinə
səfərləri peşəkar jurnalistlərin şərhlərində
çox maraqlı məqamlarla yadda qaldı. Jurnalist Mais
Ağayevin "Azərbaycan əsgəri" sərlövhəli
sənədli-bədii (!) filmvari reportajı bir silsilə kimi indi də
davam etməkdədir.
"Carçı"
informasiya proqramına bağlı "Həftənin
yekunu" həm populyar, həm də intellektual təqdimat
üsulu ilə həftə ərzində ölkədə və
beynəlxalq aləmdə baş verən hadisələrin
analitik təhlili ilə böyük iş görməkdədir.
Proqramın aparıcısı Şaiq Məmmədov
özünün hadisələrə bələdliyi, həftə
ərzində baş verən və ictimai maraq kəsb edən
hadisələri peşəkar təhlilləri ilə yeddi
günün telepanoramını yaradır. Bu proqram
ölkə Prezidentinin həftə boyu fəaliyyətindən
tutmuş dünyanın mühüm olaylarına qədər
hər şeyə peşəkar nüfuzu ilə
tamaşaçının yaddaşında qalır.
Qeyd etmək yerinə düşərdi ki, cəmiyyəti
narahat edən bəzi sosial yüklü mövzular fərqli
formatda "Müzakirə vaxtı" ilə ekranlara gətirilir. Həftənin
ən aktual sosial-iqtisadi yenilikləri "Diqqət Mərkəzi"
verilişi vasitəsilə izləyicilərin diqqətinə
çatdırılır.
"Ortaq Məxrəc" uzun müddətdir ki, cəmiyyətin
maraq dairəsində olan problemləri ölkənin
tanınmış ziyalılarının iştirakı ilə
ictimai müzakirəyə çıxarır. Lap bu günlərdə həmin
proqramda Qarabağ mövzusu xarici mətbuatda necə
işıqlandırılır kimi vacib bir problem müzakirə
edildi. Proqramın ekspertləri - tanınmış jurnalist və
ictimai xadimlər - Vüsalə Mahirqızı, Əflatun
Amaşov, Rauf Arifoğlu, XİN-in mətbuat rəhbəri
Hikmət Hacıyev bu problemin bir çox parametrlərini
peşəkarlıqla təhlil etdilər. Əlbəttə,
proqramın peşəkarlıq məsuliyyəti daha çox
istedadlı telejurnalist Vəsilə Vahidqızına
bağlıdır. Bu jurnalistin aktual
mövzunu müəyyən etmək, ictimai marağı duymaq
və ekspertləri seçmək peşəkarlığı
proqramın uğurlarının əsas təminatçısıdır.
Artıq bir ildən çoxdur ki, "Aktual
mövzu" analitik proqramı efirdə fəaliyyət
göstərir. Bu proqram, adından da
göründüyü kimi, ən aktual hadisələri həmin
problemlərin daxili mahiyyətinə yaxından bələd
olan ekspertlərlə müzakirəyə çıxarır.
Proqramda müzakirəyə
çıxarılan məsələlərin hamısına
ictimai maraq prinsipindən yanaşılır.
Təkrar etmək yerinə düşər ki, hər bir
teleproqramın uğuru, əsasən, onun
aparıcısından asılıdır. "Aktual
mövzu"nun aparıcısı Anar Yusifoğlu hadisələrə,
mövzuya tam bələd olması, geniş biliyi və
erudisiyası ilə bu proqramın uğur qazanmasına nail
olmuşdur. Televiziya analitik
proqramının bütün məqamlarda vətəndaşlıq
mövqeyi ilə jurnalist peşəkarlığını
birləşdirmək bacarığı Anar Yusifoğlu məktəbi
formalaşıb.
Son
zamanlar müntəzəm olaraq, ayda iki dəfə efirə gedən
"Qarabağ həqiqətləri" proqramı Qarabağ
problemini çox müxtəlif istiqamətlərdən
müzakirəyə çıxarır və xüsusi qeyd edək
ki, bu proqram mediada müsbət qiymətləndirilməkdədir.
Çünki proqramın aparıcısı
filologiya elmləri doktoru Elçin Əhmədov da, proqrama dəvət
edilən qonaqlar da Qarabağ problemlərinə çox
yaxşı bələd olan insanlardır.
"Gənclər,
elm və təhsil departamenti"nin
yaratdığı proqram formatları xüsusi olaraq
İctimai Teleradionun maarifçilik missiyası üzərində
qurulmuşdur.
Departamentin təqdim etdiyi proqramlar, xüsusilə
"Açıq dərs" müzakirəyə
çıxardığı aktual mövzularla yadda qalır. Proqramın
aparıcısı Orxan Cabbarlı özü həm də bir
universitet müəllimi olaraq xarizması, problemlərə
yaxınlığı ilə tamaşaçı hörməti
qazanıb.
İctimai
Teleradionun strukturunda "Səhər proqramları
departamenti"nin xüsusi çəkisi
var. Bu departament həftə müddətində hər gün
3 saat canlı efirdə maraqlı təqdimatları ilə
tamaşaçı rəğbətini çoxdan
qazanmışdır. Təsadüfi deyil ki, televiziya tənqidçiləri
səhər proqramını "mini televiziya"
adlandırırlar. Bu gün yerli teleməkanda
müxtəlif səpkili səhər proqramları
mövcuddur. İctimai Televiziyanın
"Yeni Gün" səhər proqramı bu sırada
özünəməxsusluğu və orijinallığı ilə
seçilir.
"Yeni
gün" getdikcə təkmilləşərək
seçdiyi mövzuların rəngarəngliyinə, təqdim
etdiyi sujetlərin aktuallığına, müxtəlif sahələri
təmsil edən qonaqların auditoriyasına və s. göstəricilərinə
görə maraq doğurur. İzləyici bir
neçə saat ərzində zəhmətkeş və
istedadlı bir kollektiv tərəfindən
hazırlanmış proqramda ölkənin ən müxtəlif
peşə adamları, maraqlı insanları ilə ünsiyyətdə
olur, canlı musiqi dinləyir, mədəniyyət və incəsənət
adamlarının yaradıcılıq planlarından xəbər
tutur. Proqramın rəhbəri
Elnur Kələntərli və aparıcıları- Saleh
Bağırov, Aynur Fətullayeva və Azər
Süleymanlı özlərinin yaradıcılıq
üslubları ilə tamaşaçıları çox
razı salırlar.
Dünya ictimai yayım konsepsiyasının əsas tələblərindən
biri də milli, dini azlıqların hüquq və
azadlıqlarına xüsusi diqqət yetirməkdir. İctimai
Televiziya fəaliyyətə başladığı ilk
günlərdən bu konsepsiyanı öz işinin tərkib
hissəsi elan edib. 80-dən artıq
xalqın nümayəndələrinin yaşadığı
Azərbaycanda milli və dini tolerantlığın təbliği,
bu məqamın İctimai Televiziyanın proqram siyasətinin əsas
prinsipinə çevrilməsi vacib şərtdir. Ona görə də bu gün "Yeni Gün"də
azsaylı xalqların və milli azlıqların folklor
nümunələri geniş təbliğ olunur.
İctimai
Televiziyanın
"Carçıfilm"
Yaradıcılıq Birliyində təkcə 2015-ci ildə müxtəlif
dövrlərdə fəaliyyət
göstərən Azərbaycanın
məşhur mütəfəkkirləri, elm, mədəniyyət
və incəsənət aləmində tanınmış
ziyalılarımızın teleportretləri, ölkəmizdə
yaşayan müxtəlif xalqların adət-ənənəsini
əks etdirən filmlər, eləcə də
torpaqlarımız uğrunda şəhid olan
oğullarımızın göstərdikləri qəhrəmanlıqlardan
bəhs edən onlarca sənədli və televiziya filmi
istehsal olunaraq tamaşaçılara təqdim edilib.
Bu uğurları təmin edən əsas faktorlardan biri
departament rəhbəri Hikmət Yaqubovun peşəkarlıq fəaliyyəti
ilə bağlıdır. Hikmət Yaqubov Azərbaycan
telemühitində istedadlı rejissor, ssenarist və jurnalist
kimi çoxdan öz təsdiqini tapmış bir kadrdır.
İctimai Televiziya bir tərəfdən Azərbaycanın
öz istehsalı olan klassik filmlərin, digər tərəfdən
dünya kinematoqrafiyasının ən yaxşı nümunələrini
bizə təqdim edir. Bu sətirlərin müəlliflərindən
biri dilçilik elmimizə, üsluba daha çox bağlı
olaraq xüsusi qeyd etməyi lazım bilir ki, İTV-nin dublyaj
peşəkarlığı xüsusi qiymətə layiqdir.
İctimai Televiziyanın "Musiqi, bədii və əyləncəli
verilişlər departamenti" öz proqram formatlarında
maarifçilik və əyləncə xarakterini birgə yerinə
yetirir. Bu departamentin tamaşaçılara təqdim etdiyi və
əslində "əyləncə" hesab olunan verilişlərin
böyük əksəriyyəti milli ruhu ilə həm də
maarifçilik xarakteri daşıyır.
İctimai Radionun da bir sıra maarifçi proqramları
dinləyicilərin diqqətini cəlb etməkdədir. Əlbəttə,
burada da ilk növbədə radionun xəbərlər
departamentinin fəaliyyəti barədə bir daha danışmaq
lazım gəlir. Radionun xəbərləri
bütün gün ərzində-səhər saat 9-dan
axşam saat 9-dək efirə çıxır və Azərbaycanın,
dünyanın hər saatla bağlı xəbərlərini
dinləyicilərə çatdırır.
İctimai
Radio "Türkiyənin səsi" Radiosu ilə birgə
layihəsi olan və hər gün - bazar günü də
daxil olmaqla - saat 12-də efirə çıxan "Qorqud
ata" proqramı, xeyli vaxtdan bəri fəaliyyət göstərən
"Vətən tarixi", "Bura Azərbaycandır",
"Tarixdə yaşayanlar", "Qarabağ tarixi",
"Azərbaycan inciləri", "Bir bizdən, bir sizdən"
kimi yeni layihələri ilə Azərbaycanı dünyaya
tanıtmaqdadır.
Radionun
Musiqi və Əyləncəli Verilişlər Departamenti tərəfindən
efirə çıxan "Yeni gün", "Music box",
"Hit parad", "Dahiləri anarkən", "Dünya
inciləri", "Muğam dünyası", "Fərqli
nahar" və s. proqramlar öz məzmun və xarakteri ilə
maarifləndirmək və əyləndirmək
funksiyasını eyni vaxtda yerinə yetirir ki, bütün
bunlar yaradıcı kollektivin birgə əməyinin nəticəsidir.
Biz bu məqamda ən azı avtomobildə yol gedərkən
əlinizin altında olan bir neçə radio kanalının
düymələrini basıb onların nə ilə fərqləndiyinə
diqqət etməyinizi istərdik. Bu kiçik eksperiment
zamanı İctimai Radionun milli maraqlarımıza, milli-mənəvi
dəyərlərimizə necə xidmət etdiyinin şahidi
olacağınıza əminik.
İctimai
Teleradionun bütün proqramlarının qarşısında
bir məqsəd durur: Azərbaycan dövlətçiliyini,
onun milli-mənəvi dəyərlər, milli maraqlar sistemini
qorumaq və zənginləşdirmək. Bu
işdə İctimai Teleradio kollektivini heç bir qüvvə
yolundan döndərə bilməz.
Nizami
CƏFƏROV
Cahangir
MƏMMƏDLİ
525-ci qəzet.- 2016.- 17 may.- S.4.