Sənsizlik

 

Sənsizliyin gözəlliyi

Sənsizlikdə imiş elə.

Həsrətimdən duyuq düşən

Hicranı demirəm hələ.

 

Sənsizliyin gözəlliyi

Sənsiz olanda bilinir.

Sənsizliyin özəlliyi

Mənsiz qalanda bilinir.

 

Səninlə hər şey gözəldi

Sənsizlik də ona bənzər.

Bu hər şeyin başlanğıcı

İlk baxışdan sona bənzər.

Ürəyimə düşdün

 

Elə düşdün ürəyimə,

Söz yerinə düşən kimi.

Ürəyim od tutub yandı,

Köz yerinə düşən kimi.

 

İndi ki, məni duyursan,

Qəlbimə təşrif buyursan.

Niyə yerində sayırsan

Öz yerinə düşən kimi.

 

Yerin ürəyimin içi,

Ömür yolun  ordan keçir.

Nə əkirsə, onu biçir,

Yoz, yerinə düşən kimi.

 

Ayrılıq bəhanəsi

 

Ayrılıqlar həmişə

Öz bəhanəsiylə qonaq gəlir.

Sən "olmaz" dediyin şeylər

tez-tez gündəmə gətirilirsə,

demək, növbəti dayanacaq

ayrılıqda dayanmayacaq.

 

Sürət daha da artacaq

olmazlar özlərinə yer edəcək.

Sənin görmək istəmədiyin situasiyalar

əslində ayrılığın əlamətləridir.

Ayrılıq isə bədii təyin deyil,

əbədi təyinatdır.

Ayrıldınsa, bəhanələrin də

canı qurtarır.

Onları da boş-boşuna

narahat etmirsən.

Hər şey üstünə gəlir,

amma sən heç yerə getmirsən.

 

Səbəbsiz bəhanələrin

nəticəsini alqışlamaqdan başqa

seçimin qalmır.

Yox əgər hələ bəhanələr qalıbsa,

onda bu ayrılıq olmur.

 

Sən ki yaxşı bilirdin...

 

Ömrümə gələnlərin,

Gedənlərin sayı yox.

Bu həyat mənimkidir

Bir kimsənin payı yox.

 

Gəlib neynəmişdin ki,

Gedib neynəyəsən?!

Məni göynətdin ki,

Özün göynəyəsən?!

 

Sən ki yaxşı bilirdin

Bilmədiyin hər şeyi.

Öyrəndin ki, getməyin

Dəyişmədi heç nəyi.

 

Ömrümə gələnlərin,

Gedənlərin sayı yox.

Bu həyat mənimkidir

Bir kimsənin payı yox.

 

 

Gülnar SƏMA

525-ci qəzet.- 2016.- 17 may.- S.7