Türk dünyasının
uşaqları işarələrin dili ilə
"danışdılar"
Dünyanın ünsiyyət problemi
ilə üzləşdiyi
bir vaxtda türkdilli ölkələrin
eşitmə və danışma qüsurlu uşaqları
bir araya gələrək işarələrin
dili ilə cəmiyyətə "ünsiyyət"
mesajı yolladılar.
Yarandığı gündən uğurlu
layihələrə imza
atan TÜRKSOY mayın
4-dən 7-nə qədər Türkiyənin Çankırı
Bələdiyyəsi ilə
birlikdə "Türk
Dünyası İşarə
Dili Mədəniyyət
və Sənət Festivalı"nı keçirərək
maraqlı bir layihəyə imza atdı. Festivalda Türkiyə,
Azərbaycan, Qazaxıstan
və Qırğızıstanı təmsil
edən eşitmə və danışma qüsurlu uşaqları sənətin
və rəqsin diliylə hər kəsi ünsiyyətə
dəvət etdi. Ölkəmizi festivalda Sağlamlıq
imkanları məhdud uşaqlar üçün
3 saylı respublika xüsusi internat məktəbinin 12 istedadlı
şagirdi layiqincə
təmsil etdi.
Bakıdan Ankaraya uçan təyyarənin sərnişinləri
arasında 12 şagird
ilk uçuşun sevincini
yaşayır. Ara-sıra müəllimlərinə, tərbiyəçilərinə suallar verir, öz "dillərində"
danışırlar. Ankaranın Esenboğa
hava limanında təyyarə yerə enir. Uşaqlar sevinclərini
alqışlarla ifadə
edir. Hava limanından birbaşa avtobusla Çankırıya
- işarət
dili festivalına ev sahibliyi edən
bölgəyə yollanırıq.
Anadolunun
kiçik şəhəri
- Çankırı
Eşitmə və danışma problemi olan şagirdlər
üçün səfər
adi səfər deyil. İştirak edəcəkləri
festivalın ideyası
75 min əhalisi olan kiçik bir Anadolu şəhərində
- Çankırıda yaranıb.
Son illər bir çox festivallara ev sahibliyi
edən bu şəhərdə işarət
dili kursları fəaliyyət göstərir
və bu kurslara olan marağı
nəzərə alan Çankırı Bələdiyyəsi
bu il TÜRSOY-la birlikdə Türkdilli ölkələr arasında
"İşarət dili
festivalı" keçirməyi
qərara alır.
Mayın 4-də Çankırı Bələdiyyəsinin
binasında uşaqların
əl işlərindən
ibarət sərgi nümayiş olundu. Azərbaycan
məktəblilərinin milli
ornamentlərlə işlənmiş
incə əl işləri də böyük maraqla qarşılandı. Bələdiyyə rəhbəri İrfan Dinc çıxış edərək belə bir festivalın dünyada ilk dəfə keçirildiyini bildirdi.
O, türk dünyasına
fərqli bir baxış qazandıran bu festivaldan duyğulandığını dilə
gətirdi.
Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin
TÜRKSOY-dakı təmsilçisi
Elçin Qafarlı
ilk dəfə keçirilən
festivala ev sahibliyi edən Çankırı bələdiyyəsinin
rəhbərinə, bu
festivalın keçiriməsində
əməyi olan hər kəsə minnətdarlığını bildirdi: "Bu layihə ilə biz türk dünyasının müxtəlif
yerlərində yaşayan uşaq və gəncləri bir araya gətirdik.
İnanıram ki, bu layihə hər il keçiriləcək və Türkdilli ölkələrin uşaqları
arasında ünsiyyət
körpüsü olacaq".
Sonra eşitmə
və danışma əngəlli uşaqların
qrup rəhbərləri,
müəllimləri çıxış
edərək ünsiyyəti
məhdud olan uşaqlar üçün
belə geniş imkan yaratdıqlarına görə festivalın təşkilatçılarına təşəkkür etdilər.
Görüşdən sonra Türkdilli ölkələrin uşaqları
milli geyimlərdə şəhər meydanına
doğru yürüş
etdilər. Şəhər sakinlərinin qarşısında
əvvəlcə Türkiyə,
sonra isə Azərbaycan qrupu ölkələrinin himnini
işarələrin dili
ilə təqdim etdilər. Digər ölkələrin qrupları isə işarələr vasitəsilə
musiqi nömrələri
ilə çıxış
etdilər. Meydana toplaşan
şəhər sakinləri
işarətlərin diliylə
"danışan" uşaqların
ifalarını maraqla
izlədilər.
Mayın
5-də Ankarada - TÜRKSOY-un baş
qərargahında qurumun
baş katibi Düsen Kaseinov festival iştirakçılarını qəbul etdi. O, qurumun layihələri haqqında qısa məlumat verərək
ilk dəfə keçirilən
festivalın əhəmiyyətindən
danışdı. "Uşaqlar
bizim gələcəyimizdir"
- deyən baş katib uşaqların qabiliyyətlərinin üzə
çıxarılmasında, Türkdilli ölkələrin
uşaqları arasında
ünsiyyətin yaranmasında
belə festivalların xüsusi
əhəmiyyət daşıdığını
qeyd etdi.
Tədbirdə Türk dünyasından
gələn nümayəndələr
- o cümlədən, Sağlamlıq
imkanları məhdud uşaqlar üçün
3 saylı respublika xüsusi internat məktəbinin direktoru Bahar Kərimova çıxış edərək
festivalla bağlı öz fikir və
düşüncələrini tədbir iştirakçıları
ilə bölüşdü.
Tədbirdə TÜRKSOY-un fəaliyyəti ilə bağlı qısa sənədli film təqdim
edildi və Türkdilli ölkələrin
eşitmə və danışma qüsurlu uşaqları geniş konsert proqramı ilə çıxış
etdilər.
Azərbaycan qrupu "Azərbaycan-Türkiyə" mahnısının
sədaları altında
səhnəyə çıxaraq
işarətlərin dili
ilə mahnı və rəqs təqdim etdilər.
TÜRKSOY-un baş katibi
Düsen Kaseinov bu təqdimatı ayaq üstündə alqışlayaraq öz heyranlığını gizlətmədi.
Türkiyə, Qazaxıstan,
Qırğızıstan uşaqlarının
da işarətlərin
dili ilə mahnı və rəqsləri böyük
maraqla qarşılandı.
Azərbaycan heyətinin "Sarı gəlin"i və xüsusi ilə "Qaytağı"
rəqsi konsertin ən yaddaqalan ifaları kimi festivala xüsusi rəng qatdı.
Tədbirin sonunda Düsen Kaseinov qrup rəhbərlərinə
TÜRKSOY adından xatirə
hədiyyələri və
təşəkkürnamələr təqdim etdi.
Festivalla bağlı xatirələr
Çankırı bələdiyyəsi Özəl Qələmlər Müdiri, eyni zamanda mədəniyyət və sosial işlər müdiri Muharrem Ovacıklıdan xahiş etdik ki, festivalla bağlı təəssüratlarını bizimlə bölüşsün:
- 2004-cü ildən Çankırı bələdiyyəsində çalışıram. İşə başladığımız vaxtdan sosial layihələrə xüsusi önəm veririk. Uşaqlarla, gənclərlə, yaşlı insanlarla bağlı fərqli layihələr həyata keçiririk. Bu kurslardan biri də İşarət dili ilə bağlıdır. Son 4 ildi işarət dili kurslarımıza gələnlərin sayı durmadan artır. Keçən il ilk dəfə olaraq qapalı idman salonunda işarət dili ilə bağlı geniş tədbir keçirdik. Çankırıda ilk dəfə belə bir tədbir keçirilirdi. Bu hər kəsin xoşuna gəldi. Bu layihəni genişləndirməyi qərara aldıq.
TÜRKSOY -la əvvəllər Novruz bayramı ilə bağlı və Orxan yazılarının duzlar üzərində işlənməsi ilə bağlı tədbirlər həyata keçirmişik. "İşarət dili festivalı"nı da TÜRKSOY-la həyata keçirmək istədik. TÜRKSOY bu layihəmizi dəstəklədi və nəticədə birgə layihəni gerçəkləşdirə bildik.
Bu festivalı keçirməkdə məqsədimiz Türk dünyasında yaşayan eşitmə və danışma əngəlli uşaqları işarələrin dili ilə bir araya gətirmək, cəmiyyətin onlara qarşı həssas və diqqətli olması, dünyada müharibələrin, qırğınların olduğu bir vaxtda işarətlərin dili ilə insanları ünsiyyətə səsləməkdir.
Bu festival imkan yaratdı ki, uşaqlar öz istedadlarını üzə çıxarsınlar, duyğu və düşüncələrini nümayiş etdirsinlər, öz dünyalarının nə qədər işıqlı və rəngli olduğunu hər kəslə bölüşə bilsinlər.
Biz hər il bu festivalı keçirməyi düşünürük. Azərbaycanlı qardaşlarım Türkiyəyə gəldikləri zaman onları Çankırıda gözləyirik.
Bakı şəhər Nizami rayonu sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı respublika xüsusi internat məktəbinin direktoru Bahar Kərimova öz təəssüratlarını bizimlə bölüşdü:
- Bizim məktəb 1969-cu ildən fəaliyyət göstərir. Hazırda məktəbimizdə 600-dən çox uşaq təhsil alır. Məktəbimizdə həm eşitmə və danışma, həm də əqli qüsurlu uşaqlar təhsil alır. Məktəbimizdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Məqsədimiz şagirdlərin yazılı və şifahi nitqini inkişaf etdirməkdir. Məktəbimiz müasir avadanlıqlarla təchiz edilib. İstedadlı uşaqlarımız çoxdu, demək olar ki, bütün sahələrdə şagirdlərimizin uğuru var. TÜRKSOY təşkilatı tərəfindən bu festivala təklif alanda çox sevindik. Bizim şagirdlərimiz dəfələrlə beynəlxalq tədbirlərdə iştirak ediblər. Ancaq ilk dəfə idi ki, TÜRKSOY tərəfindən dəvət alırdıq. Bu festival bizim üçün çox önəmli oldu. Türkdilli ölkələr bir araya gəldilər. Onlarla həmrəy olduq, əlaqələr yaratdıq, bu bizi çox sevindirdi, şagirdlər arasında o qədər isti münasibət yarandı ki, biz onlardan ayrılarkən bəzi uşaqlar göz yaşlarını belə saxlaya bilmədilər. Onlarla çox doğmalaşdıq. Bizim şagirdlərimiz işarət dili ilə də özlərini çox rahat hiss etdilər. Bu da böyük sevincimizə səbəb oldu.
Həm dövlətimiz tərəfindən, həm TÜRKSOY tərəfindən bu uşaqlara xüsusi diqqət, qayğı göstərildi.
Təhsil Nazirliyinə və TÜRKSOY-un rəhbərinə, Azərbaycan nümayəndəsi Elçin Qafarova minnətdarlığımızı bildiririk.
Bu festivalda eşitmə və danışığı qüsurlu olan uşaqlar cəmiyyətə "Biz eşitməsək də, danışa bilməsək də öz istedadımızla mahnı və rəqslərimizi işarətlərin dili ilə insanlara çatdıra bilirik. Biz ünsiyyətdən kənarda qalmırıq, biz ünsiyyətə girməyi bacarırıq" mesajını yolladılar.
"İşarət dili festivalı" xoş xatirələrlə yadda qaldı.
Bakı- Ankara- Bakı
Təranə VAHİD
525-ci qəzet.- 2016.- 17 may.- S.7