Mübarək məkanda, uca ünvanda qərar tutan qəhrəman  

 

Vətəni qibləgah edən şəhidlər

 

 

Tarixlərin, savaşların şahidi Qobustan... Qoynunda gəzən övladlarının ayaqları dəyən yerlər əslində min illərin savaşlarının məzarlarından, insan sümüklərindən yaranan torpaqdır.

 

Bəlkə elə buna görə də, hər zərrəsində bir şəhid qanı, bir insan ömrü yaşadığından torpaq belə müqəddəs və əziz olur. İnsan dünyanın harasına gedirsə getsin, doğulduğu, havasını, suyunu daddığı Vətəni üçün bir gün darıxır. Qoynunda 1 gün, 10, 50 il yaşadığı torpağın nəfəsini , ətrini duymaq istəyir. Vətən o şəhid məzarlıqlarından, o torpaqlardan yaranır.

 

Şirvanın tarix kitabına dəyərli səhifələr yazan Qobustan rayonunun Qarabağ müharibəsi başlanandan 84 şəhidi olub. Tanrının dərgahında bu ülvi məqama aprel ayının əvvəlində Vətən torpaqlarının azad olması vuruşlarında bir oğlumuz da qovuşdu. Orxan Ələsgər oğlu Müstəcəbov 1993-cü il martın 5-də Qobustanın Bədəlli kəndində doğulub boya-başa çatmışdı. 23 illik qısa ömrünün qısa hekayəti belədir. Anası Şəhla Müstəcəbova danışır:

 

- Üç oğlum var. Uşaqların atasını erkən itirdim.  Ələsgər rəhmətə gedəndə 40 yaşı var idi. Böyük oğlum Elmir 16, Royal 13, Orxanım isə 7 yaşında idi. Bu gördüyün daxmada min bir zülmlə, əzabla böyütdüm o uşaqları. Böyüyümüz Xanəsgər əmi Ələsgərin ili çıxan günü, mənə dedi ki, ay gəlin, böyük oğlun Elmiri ver özüm saxlayım. Vəziyyət ağır idi. Başqa əlacım qalmamışdı. Ağsaqqalımız qapıya diləklə gəlmişdi. Özünün övladı olmurdu. Bacısı qızını götürüb saxlayırdı. Elmiri də aparıb yanında saxladı, ev-eşik sahibi elədi, elə bacısı qızı ilə də evləndirdi. Bu iki uşağı da saxlamağa əmiləri, dayıları kömək oldu, biri paltarını aldı, biri ayaqqabısını. Mən də həyət-bacada əlləşdim. Toyuq-cücə saxladım ki, uşaqlarım ac qalmasın. Yoxsa ki, dövlətdən aldığım 80 manatla uşaq böyütmək olardı?! Orxan elə körpəlikdən zirək uşaq idi. Payız oldumu, çıxırdı bu dağların döşünə, kəndin uşaqları ilə payız göbələyi yığıb magistral yolda satırdılar. Polis də kəsirdi başlarının üstünü, göbələklərini dağıdır, qablarını sındırırdı, ki, bir də yola çıxmasın uşaqlar, qəfil qəzaya rast gələrlər. Ağır illər idi. Kənddə-kəsəkdə iş yox idi ki, gedib işləyib, balalarımızı dolandıraq...

 

13-14 yaşından sonra Bakının da yolunu tanıdı. Kəndin uşaqlarına qoşulub gedib ev tikənin, divar hörənin əlinin altında işlədi, vedrə daşıdı, evimizə köməyi dəydi.  2011-ci il aprelin 2-də əsgər getdi. Bir gün hərbçi əmisi Gülxan Müstəcəbova zəng edib deyir ki, mən də MAXE olmaq istəyirəm. Gülxan onu nə qədər dilə tutursa, fikrindən döndərə bilmir. 9 ay əsgəri xidməti keçəndən sonra, öz arzusu ilə MAXE sıralarına yazılır, hərbi təlimlərini orada keçir. 200 xüsusi təyinatlı dəstədə qulluq etmək istəyən əsgərlərdən 4 nəfər içərisində onu da seçiblərmiş. Əsgərlikdən gələndən sonra əhd etmişdi ki, ilk maaşını alanda Şıx Eyyub Babada qoç qurban kəsəcək. Dediyi kimi də elədi, qurbanını kəsdi, hamıya payladı, özü dilinə də vurmadı...

 

Erməni tapdağı altında olan torpağımızda kəşfiyyatçı kimi Orxan Müstəcəbovun uğurlu əməliyyatları olub. Belə əməliyyatların birindən sonra mükafat olaraq ona medal da vermişdilər. Anası oğlunun medalını öpüb gözünün üstünə qoyur.

 

- O, evə gəlib səhər obaşdan qayıdanda ürəyim əsirdi. Həmişə narahat idim, - deyərək, qoşa bulağa bənzər gözlərinin dayanmayan yaşını silib, söhbətinə davam edir Şəhla bacı. - Qorxurdum ki, yuxulu olar, qəza törədər. Dəfələrlə yolda ehtiyatlı olmasını tövsiyə etmişdim. Bir dəfə dedi, ana, Allah eləməsin ki, yolda qəzaya düşüb ölüm. Bu çox ucuz ölüm olar. Allah mənə ölüm qismət edəndə də şəhidlik versin. Ən gözəli şəhid olmaqdır. Allahın yanında çox böyük ucalıqdır.

 

Oğlum Royal Müşfiq qəsəbəsində yaşayır. Mən də orada yaşayırdım. Bura - Bədəllidəki kənd evimizə az-az gələrdik. Axırıncı dəfə martın 19-da hamımızı yığıb gətirdi kəndə ki, bayramı burda keçirək. Gedib bütün qohum-əqraba ilə görüşüb, halallaşıbmış. Dostları ilə görüşüb, onlara deyib ki, bəlkə heç qismət olmadı bir də görüşməyimiz... Nə bilim, balamın ürəyinə hardan dammışdı ki, ömrü belə qısa olacaq?! Təxminən 1 ay olardı ki, hərbi hissədən 1 otaqlı ev almaq üçün raport yazmışdı. Deyirdi ki, yol gəlib-gedəndə yoruluram, ana, gəl yanımda qal, həm darıxmaram, həm də yollarda vaxt itirmərəm. 1 ay bundan əvvəl dedim ki, bala, get özünə Müşfiq qəsəbəsindən torpaq sahəsi al, qardaşına yaxın ol, bu il də evləndirərəm səni. Uşaq sözümdən çıxmırdı. Gedib bankdan 12 min pul götürdü. 3 sot torpaq aldı Müşfiq qəsəbəsindən. Həmin bankın pulunu bu yaxınlarda dövlətimiz ödədi. Sağ olsun, prezidentimiz İlham Əliyev, sağ olsun Mehriban xanım Əliyeva. Bizə maddi yardım edildi. Yoxsa bu qədər millətin, gəlib-gedənin qarşısına necə çıxardıq... Oğlum qapımı yaman qonaqlı-qaralı elədi.

 

Martın 30-u Orxanı təlimə yola saldıq. Sonra qardaşı Elmirə zəng vurub, telefonuna kontur yükləməyi xahiş etdi. O gündən sonra Orxana zəng çatmadı. Fkirləşdim ki, yenə təlimdədir. Ancaq cəbhə zonasında ermənilərin yenə aləmi bir-birinə qatmasından xəbərimiz vardı. Televizora baxırdıq. Aprelin 3-ü dedilər ki, 10 nəfər şəhid olub. Aprelin 4-ü dedilər ki, 3 nəfər də şəhidimiz var. Hardan biləydim ki, mənim oğlum da o ilk şəhidlərin sırasındadır. Orxanın telefonlarına zəng çatmayanda artıq narahat olmağa başladım. Uşaqlara dedim ki, hərbçi, polkovnik əmisi Gülxana zəng vurub xəbər bilsinlər. Sən demə, Orxan Tərtərdə ön cəbhədə, Gülxan Cəlilabadda xidmət edir. Gülxan bir neçə saatdan sonra zəng vurub, Orxanın ayağından yaralandığını, Gəncə hospitalında olduğunu dedi... Ağlayıb özümü öldürdüm ki, məni aparın, Gəncəyə... Dedilər ki, ora gedib-gəlmək çətin olar, Orxanı buraya, xəstəxanaya gətirirlər...

 

Başımı aldada-aldada məni Müşfiq qəsəbəsindən gecə ilə bu evimizə gətirdilər. Gördüm ki, həyət doludur adamla. Yollara işıq çəkirlər, çınqıl töküb hamarlayırlar... Yenə də inanmadım. Qohum-əqrabanı, dost-tanışı həyətimizdə görsəm də, ürəyimdə hələ bir ümid var idi. Fikirləşirdim ki, yəqin ayağından bərk yaralanıb. Öz-özümə deyirəm ki, hə, nolsun, bir ayağı yaralı olar, ya da yarısını kəsərlər, salamat qalar amma... Heç ağlıma gətirə bilməzdim ki, Orxanım ölə bilər. Səhərə yaxın, balamın bayrağa bükülü tabutunu gətirdilər.

 

Şəhla bacı şəhid balası haqqında danışdıqca oğlu Elmir anasının əllərinin ovcunu tutub ovuşdurur. Anası ağladıqca o da kövrəlir. Sonra Elmir də qardaşı haqqında danışır:

 

- Qardaş itkisi çox ağırdır. Ancaq təsəllimiz budur ki, həmin döyüşdə şəhid olan oğullarımız da, qardaşım Orxan da azad etdikləri Vətən torpağında can veriblər. Talış yüksəkliyini alıb keçiblər qabağa, "dayan" əmri alana qədər irəli gediblər! Qələbə sevincini yaşayıblar. Onlar geri aldıqları torpaqlarda mövqelərini bərkidiblər, düşmənləri öldürüb, qisas alıblar.

 

Evin ortancıl oğlu Royal isə şəhid qardaşı haqqında bunları deyir:

 

- Orxan könüllü olaraq bu yolu seçdi. Hərbi xidməti başa vurduqdan sonra da. "Torpaqlarımız azad olunana qədər hərbidə çalışacam" - dedi. O, daim öz peşəsi ilə öyünərək, Ali Baş Komandanın əmrini, doğma Qarabağımızın erməni qəsbkarlarından azad ediləcəyini gözləyirdi. Qardaşım öz istəyinə nail oldu, bir hərbçi kimi böyük vətən sevgisi ilə şəhidlik zirvəsini fəth etdi. Ancaq anam üçün, bizim üçün, doğmalarımız üçün çox çətindir. Bu ağrını ancaq balası şəhid olanlar bilər. Qardaşımın yoxluğunu hər yerdə hiss edirik. Sağ olsun rayonumuzun baş həkimi Emin doktor. Anam üçün bir tibb bacısı ayırıb. Dava-dərmana da pul alınmır. Anamı nəzarətdə saxlayırlar. Özü tez-tez zəng vurub xəbər bilir. Hamı şəhid ailəsinə belə yanaşsa, bütün səlahiyyətli orqanlar öz üzərlərinə düşən vəzifəni bu cür icra etsə, şəhid ailələrinə də təskinlik olar ki, əzizləri unudulmur, xatirəsinə hörmət var. Qardaşımın adı, xatirəsi əbədiləşdirilərsə, anamın dərdinə bir az məlhəm olar. İndi kənd cavanları Orxanın şəklini maşınlarında gəzdirirlər.

 

"Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi olduğu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar" - bu fikirləri isə Orxan Müstəcəbovu aprel ayının 5-də Vətən torpağına əmanət edərkən dostları, hərbçi yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri söyləmişdilər. Biz də onlara qoşulub deyək: Məkanın mübarək olsun, Vətən oğlu!

 

 

 

Aida Eyvazlı

525-ci qəzet.- 2016.- 17 may.- S.8.