Ruhun şad olsun, böyük müəllim!

 

 

İslam müəllim olduqca kübar, natiq, yüksək mədəni zövqə malik, qəlblərdə həyat quran əsl ziyalı idi. O, mənim orta məktəb müəllimim, məktəbimizin direktoru, rayonumuzun təhsil şöbəsinin müdiri, kəndimizin sayılıb-seçilən ziyalısı, ağsaqqalı olub...

Hər bir insanın şəxsiyyət kimi formalaşmasında şübhəsiz ki, məktəb həyatının özünəməxsus rolu var. Məktəb dövrü mənə bilik, bacarıq vərdişləriylə yanaşı, həm bütün şüurlu həyatıma sözün həqiqi mənasında təsir edən müdrik şəxsiyyətlərlə, dəyərli ziyalılarla əzəmətli qələm sahibləri ilə tanışlıq imkanı, onlarla həmsöhbət olmaq fürsəti verib. Mən nail olduğum bütün uğurlarıma görə həmin şəxsiyyətlərə dərin minnətdarlıq ehtiram hisslərimi ifadə edir, onları səmimiyyət hörmətlə bir daha xatırlayıram.

Bir vaxtlar Kəlbəcər rayonu Sarıdaş kənd orta məktəbində yalnız ibtidai sinif şagirdləri təhsil alırdı. Dörd otaqlı məktəb binası kiçik bir ərazidə yerləşirdi. Darısqal sinif otaqlarına cəm olan məsum körpələr nəyisə öyrənməyə yox, evlərinə tez qayıtmağa can atırdılar. Nəğmə, idman, əmək təlimi dərsləri demək olar ki, keçirilmirdi. Təlim-təcrübə sahəsi, idman meydançası, avadanlıqları, əyani vəsaitlər, həvəsləndirici vasitələr, praktik məşğələlər, şənlik tədbirlərdən əsər-əlamət yox idi...

Yaxşı ki, tarix müəllimimiz İslam Salahov rayon rəhbərliyinin, təhsil şöbəsinin işçilərinin diqqətini zamanında cəlb edib. Onlar gənc, bacarıqlı müəllimi doğulub boya-başa çatdığı kəndin məktəbinə direktor göndəriblər. Yeni direktor təlim-tərbiyə quruculuq işlərinə eyni vaxtda başlayıb. Təzə məktəb binası tikilib, işıqlı, geniş sinif otaqlarının sayı artırılıb. Otaqlar dərs ləvazimatları ilə təmin edilib. Məktəb o zamanın tələblərinə cavab verən müasir emalatxanası, kitabxanası, laboratoriyası, linqafon kabinəli sinif otaqları olan təhsil ocağına çevrilib. Məktəbin bağ sahəsi genişləndirilib. Orada yerli iqlim şəraitinə uyğun olmayan belə yaşıllıq meyvə ağacları becərilib. Yaxşı təhsil dalınca yaxın-uzaq qonşu kəndlərə üz tutanlar doğma məktəblərinə qayıdıblar. Beləcə, şagirdlər valideynlər ucqar dağ kəndinin təhsil ocağına sığınıb, istəklərinə nail olublar.

Qısa müddətdə Sarıdaş kənd orta məktəbi rayonun seçilən məktəblərindən olub. Şagirdlər dərsə, əlavə məşğələlərə həvəslə gəlib, bilik yarışlarına qoşulublar. Nəticədə məktəbin məzunları olan ali təhsilli mütəxəssislərin sayı xeyli artıb.

 

İslam müəllimin işini kollektiv idarəetmə ilə məhdudlaşmırdı. O, hər hansı qayğısı, ehtiyacı olan şagirdlərlə heç kəsin duymayacağı tərzdə fərdi söhbətlər aparır, problemləri aradan qaldırırdı. Yuxarı sinif şagirdlərini dinləyib istiqamət verir, ixtisas seçimində tövsiyələrini verib, bəzən də konkret mövqeyini bildirirdi. Hər insan, hər ziyalı bir ömrə bu qədər uğurları, nailiyyətləri, eyni zamanda bu qədər fədakarlıqları sığdıra bilmir. Lakin İslam müəllim bu səadətə yetmək xoşbəxtliyinə nail olmuş şəxsiyyət idi.

Mənim üçün İslam müəllim ilk növbədə dəyərli ziyalı olub. Dərsində oturmuş,  mülahizələrini dinləmiş, fikirlərinə qulaq asmış heç bir şagirdin onun simasında müəllimlik peşəsinin müqəddəsliyinin mahiyyətini dərk etməməyə haqqı yoxdur. İslam müəllim özünün müdrik müəllimlik keyfiyyətləri ilə şagirdlərinə bu müqəddəs peşənin mahiyyətini aşılamağı bacarmaq xoşbəxtliyinə sahib idi. Bu xoşbəxtlik hər peşə sahibinə, hər müəllimə nəsib olmur. Mən bütün müəllimlərə onun kimi müdrik müəllimlik keyfiyyətlərinə sahib olmağı arzulayıram.

Bu günlərdə İslam müəllimin anadan olmasının 80 illiyi tamam oldu. Sevimli müəllimimiz örnək ömrünü mənə, bacı-qardaşıma, qohum-əqrabama, kəndimizin uşaqlarına, o məktəbdə təlim-təhsil alanların hamısına həsr etdi. Mən o məzunların adından Ulu Tanrıdan ona rəhmət diləyirəm. Ruhun şad olsun, böyük müəllim!

 

Şahin ƏLİYEV

Sarıdaş kənd orta məktəbinin məzunu

525-ci qəzet.- 2016.- 17 may.- S.8.