Nizami Gəncəvinin ədəbi kimliyi:
filosof, şair, mücahid...
Camaləddin
əbu Muhəmməd İlyas bin Yusuf bin Zəkiəddin bin
Müəyyəddin əl-Gəncəvi Azərbaycan
türküdür, tövhid, iman, ədalət şairidir. O,
irfan bilgi sisteminə bağlıdır.
Nizaminin
müasirləri və sonrakı dövrlərin alimləri onu
tanıdarkən üç özəlliyini göstərmişlər:
O, dindardır, din alimidir, arifdir, irfan əhlidir, "əl-həkim",
"əl-kamil"dir (filosofdur, alimdir, mütəfəkkirdir).
İslam
bilgi (elm) sistemi üçdür: Bəyan bilgi sistemi,
bürhan bilgi sistemi, irfan bilgi sistemi. Bəyan
bilgi sistemi naslara, yəni uca Allahın nazil etdiyi elmə
bağlıdır, qaynağı Qurani-Kərimdir. Biz əminliklə deyirik ki, Nizami kamil din alimidir, Onun
dastanları Qurani-Kərimin bədii təfsiridir.
Bürhan (dəlil) bilgi sistemi ağıl və məntiqlə
öyrənilən elmdir, məsələn, fəlsəfə,
riyaziyyat, tibb bu sırada yer alır. Şübhə yoxdur
ki, Nizami alimdir, filosofdur, varlığın, həyatın,
insanın mənası ilə bağlı önəmli
ölçülər vermişdir.
İrfan bilgi sisteminin qaynağı sezgidir (ilham, kəşf),
mərkəzi insanın qəlbidir. İrfan bilgi sistemində iki ana damar
var: Seyri-suluki-ənfusi - insanın içə doğru
yolçuluğu, inziva, riyazət və başqa metodlarla qəlbi
arındırmaq, mərifətə (uca Allahı tanımaq)
qovuşmaq. Seyri-suluki-afaqi - içdən
dışa doğru yolçuluq, uca Allahın kainat ayələrinə
qoyduğu elmi öyrənərək Onu tanımaq. İrfan əhli olan aşiqlər, ariflər bu elm məktəbinə
bağlıdırlar. Onlar şeyx mürid
sistemi ilə çalışırlar, bağlı
olduqları məktəbin müəyyən etdiyi metod və
üsullarla insanın qəlbini mənəvi kirlərdən təmizləyirlər.
Bu yolla da arınmış qəlb ilahi mənaların
təcəlli etdiyi mərkəz halına gəlir. Biz əminliklə deyirik ki, Nizami arifdir, irfan əhlidir.
Təsadüfi deyil ki, şair "Sirlər xəzinəsi"
dastanında insan qəlbinin özəllikləri ilə
bağlı beş bölmə
yazmış, qəlbi "xacə" (müəllim)
adlandırmış, qəlbin tərbiyəsi
üçün riyazət metodunu təklif etmişdir. Bu metodun məqsədi mənəvi hal və məqamlar
əldə etməkdir. Ariflər hal və məqam deyərkən
bunları nəzərdə tuturlar:
-"hal"
sözünün lüğəvi mənası dəyişmədir,
hal dəyişməsə idi, hal adını almazdı, dəyişən
hər şey yox olur;
-masivadan
(uca Allahdan başqa hər şeydən) qəlbin əlaqəsini
kəsərək özünü hər an Onun hüzurunda
hiss etmək;
-hal qulun
niyyətidir, qəlbə gələn sevinc, hüzn,
rahatlıq, sıxıntı, şövq, dərd, heybət,
həyəcandır;
-hallar uca Allahın vergisidir, məqam isə
çalışaraq qazanılır. Hallar Onun səxavət
və lütfündən gəlir, məqamlar isə cəhd və
qeyrətə bağlıdır. Məqamı olan məqamında
təmkin sahibidir, hal sahibi isə halı içində hər
an yüksəlişdədir (məqamda sabitlik, halda isə dəyişmə
var);
-hallar
şimşək kimidir, parlayar və qeyb olar;
-hallar
davamlı olmasa, ard-arda gəlməsə, hal olmaz;
-hal
nurları zühur edincə parlayar, zühur edən bu
parıltılar güclənəndə gizli sirlər ortaya
çıxar;
-məqam
insanın təkrar edə-edə qazandığı, xarakter
halına gətirdiyi ədəb və əxlaqdır;
-bir
insanın məqamı çalışaraq
ucaldığı yerdir;
-məqam
riyazət (mücahidə, cəhd, çalışma) yolu ilə
qazanılır;
-məqamın
şərti var: bir məqamı gerçəkləşdirmədən
ondan sonrakı məqama göz dikmə, belə ki qənaət
məqamını gerçəkləşdirməyənin təvəkkül
məqamı doğru olmaz, təvəkkül məqamını
əldə etməyənin təslim məqamı doğru
olmaz;
Nizami
riyazət, yəni mücahidə, çalışma yolunu təklif
edərkən bunları nəzərdə tutur:
-"mücahidə"
sözünün lüğəvi mənaları var:
"cihad", "savaş", "savaşmaq", "cəhd",
"qeyrət", "çalışmaq", "riyazət"
(çətinlik), "pəhrizə əməl etmək";
-"mücahidə"
sözünün irfan bilgi sistemində terminoloji mənası
da var: "nəfslə savaşmaq", "nəfsə
savaş elan etmək", "qəlbi mənəvi kirlərdən
təmizləmək";
-mücahidəsi
(əməyi, cəhdi, fədakarlığı) olmayanın
müşahidəsi, yəni məna kəşfi də yoxdur;
-sıxıntı
və məşəqqət çəkməyənin qəlbi
təmizlənməz, qəlbi təmizlənməyən
hüzura qovuşmaz;
-mücahidənin
şüarı var: hərəkət bərəkətdir;
- irfan üç şey üzərində
qurulmuşdur: zərurət olmadıqca yeməmək, yuxuya məğlub
olmadıqca yatmamaq, məcbur qalmadıqca danışmamaq;
-nəfsi
əziz olanın dini zəlil olar, yəni nəfsinə dəyər
verən dininə dəyər verməz;
-başqasının
əməyi ilə yaşayan irfan əhli olmaz;
-mücahidə
və riyazət metodunun əsası var: uşağı
süddən kəsən kimi, nəfsi vərdişlərdən
kəsmək, hər zaman nəfsin arzusunun əksinə hərəkət
etmək;
-ac və
yuxusuz qalmaq asandır, mənəvi mikroblara bulaşmış
qəlbi təmizləmək isə çətindir;
-mücadilə
təşəbbüskar olmaqdır;
-rahatlıq
nəfsani arzulardan xilas olmaqdır;
-nəfsin
zindanındır, ondan çıxdınsa, əbədi
rahatlığa qovuşacaqsan;
Nizami
"Xosrov və Şirin" dastanında ona verilən nemətin,
istedadın, mənaların uca Allahdan olduğunu
vurğulayır, deyir ki, ilahi neməti haqq etməyin tək
bir yolu var, o da ilahi iradəyə təslim olmaqdır:
... Ancaq
ondan (Allahdan) fərman xətti gəlməyincə,
Heç
bir vücuda can gəlməz.
Hər
bir Allaha pərəstiş edən Allahı sevən deyil,
Özünü qiblə etdiyi üçün xudpərəstdir.
Allahpərəstlik
özündən üz döndərməkdir,
Gündüzlə gecənin ülfəti olmaz.
Allah ibadət
edənlərdən o adamı sevir ki,
Allah yolunda özünü unutsun.
Nizami,
vüsal şərabını o gecə içərsən
ki,
Onun (Allahın) yadı ilə (zikri, xatırlanması ilə)
özünü unutmuş olasan.
Nizami
irfan bilgi sisteminin ölçülərinə uyğun olaraq
uca Allahdan elm almağın şərtlərini
açıqlayır:
-könlünü
təmizlə ("bütxanəni bütdən təmizlə");
-bütləri
tapdala ("bütə ayaq bassan, tapdalasan, nicat taparsan");
-ilahi xəzinəni
(mənalar aləmini) tapmaq üçün çox
çalış ("bağlı tilsimi zəhmətlə
aça bilərsən");
-nəfsini
öldür, tərbiyə et ("nəfsin
gözlərini bir-bir kor elə");
-təsadüfə
bel bağlama, sirr təsadüflə açılmaz ("fələyin
naxışına aldanma, o, xəyaldır");
-hər
şeyin sahibinin, onları yaradıb hərəkət etdirənin
uca Allah olduğunu bil, Ona təslim ol ("dolananı bir
dolandıran var");
-hər
şeyi Allahdan bil, elmin qaynağı Odur, Onun elm xəzinəsi
tükənməzdir, Ona təslim ol, çalış və
dua et ("Onunla axtarsan, şəvədən
nur taparsan, Ondan istəməsən, Aydan nur tapa bilməzsən");
-uca Allaha
gedən yolda Peyğəmbəri özünə öndər
seç, Ona tabe ol, O, hidayət rəhbəridir ("dərdli
beynimə dərman et, onun dərmanını Mustafanın
ayağının torpağından et");
"Riyazət" (mücahidə) metodunun məqsədi
insanın qəlbini nəfsin əsarətindən xilas etməkdir. İrfan bilgi sistemində nəfs
deyərkən bunlar nəzərdə tutulur:
-nəfs
bir şeyin varlığı, özü, içi, zatı, həqiqəti,
canı, ruhu, bədənidir;
- irfan düşüncə sistemində nəfs
insan varlığının ən aşağı təbəqəsidir,
ona görə də Nizami nəfsə "torpaq", yəni
ən aşağı olan deyir;
-nəfs
cismani qəlibin içinə qoyulmuş bir varlıqdır, tərbiyə
olunmamış nəfs bütün mənfi xüsusiyyətlərin
qaynağıdır, ruhun ziddidir;
-tərbiyə
olunmamış nəfs pisliklərin, ağıl elmin, ruh
yaxşılığın, qəlb mərifətin və məhəbbətin
mərkəzidir;
-qəlb
nəfsə meyil edərsə onun, ruha meyil edərsə onun
özəlliklərini daşıyır;
-irfan əhli
tərbiyə olunmamış nəfsin düşmən
olduğunu bildirir;
-irfan əhli
nəfsə qarşı mücadiləni insanın vəzifəsi
sayır;
-irfan əhli
nəfs deyərkən insanın mənfi xasiyyətlərini və
əməllərini nəzərdə tutur;
-irfan əhli
insanın mənfi xüsusiyyət və əməllərini
iki yerə ayırır: insanın öz iradəsi ilə
qazandığı günahlar, ilahi iradəyə zidd olan əməllər,
bir də insanı pisliklərə yönəldən
duyğular;
-irfan əhli
deyir ki, insan tərbiyəyə möhtacdır, tərbiyə
yolu ilə nəfsə nəzarət mümkündür;
-nəfsə aid olan birinci qisim hökmlər haram olan və
edilməsi bəyənilməyən şeylərdir. İkinci qisim hökmlər
isə qəzəb, təkəbbür, kin, həsəd,
dözümsüzlük kimi insanı dəyərsizləşdirən
duyğulardır;
-nəfsani
arzuları tərk, onu qırmaq, istəklərinin ziddinə hərəkət
etmək bir tərbiyə metodudur;
-Nizami
deyir ki, dünyanın köləsi olmaq istəmirsənsə
(dünyaya kölə olan axirəti qazana bilməz), nəfsinə
qarşı müxalifət mövqeyində dayanacaqsan;
-nəfsə
qarşı olmaq ibadətdir;
-nəfsin
başını elm qılıncı ilə kəs;
-qəlbinin
səmasında nəfsin ulduzları doğarsa, uca Allahla
ünsiyyət günəşi batar;
-ibadətin
açarı düşünməkdir, doğru yolda
olmağın əlaməti nəfsə müxalifətdir;
-nəfsə
müxalif olmaq onun arzularını tərk etməkdir;
-nəfsin üsyanı mənfi, azmış, yoldan və
nəzarətdən çıxmış duyğuların
insanın varlığına hakim olmasıdır, insanın
ağıl və ruhun göstərdiyi yoldan
çıxmasıdır. Bu, nəfsin qudurması, qayda,
ölçü, nizam tanımaması, həddini
aşmasıdır;
-nəfsin
afəti deyərkən ondan doğan qüsurlar, müsibət,
bəla, təhlükə və zərərlər nəzərdə
tutulur;
-nəfsə
müxalifət uca Allaha, Onun əmrlərinə tabe
olmaqdır, nəfsə itaət də Ona üsyandır;
-nəfsə
müxalif olmaqda xeyir, müvafiq olmaqda şər var;
-tərbiyə
olunmamış nəfs ədəbsizdir;
-nəfsin
cilovunu əlindən buraxan həlak olar;
-tərbiyəsiz
nəfs dünyanın dostudur;
-ən
böyük nemət nəfs diyarından
çıxmaqdır;
-insan
üçün fəlakət nəfsindən razı
olmaqdır;
-cilovunu nəfsin
əlinə versən, o səni qaranlığa aparar;
Nizami deyir ki, nəfsinin əsarətindən qurtulan azad
olar. İrfan
düşüncə sistemində azadlıq:
- dünyəvi ehtiraslardan qurtulmaqdır;
- qulun (insanın) məxluqatın köləliyi
altında olmamasıdır;
- maddi gücün ona təsir etməməsidir;
- maddi olanların dəyərlisi ilə dəyərsizi
arasında fərq olmamasıdır;
- ancaq uca Allaha qul olmaqdır, Ona təslim olan
azad olar, azad olanın dəyəri olar, dəyərin azad
olduğun qədərdir;
- bu dünyaya kölə olmayan axirətdə
dünya məsələlərindən hesaba çəkilməz;
- həqiqi hürriyyət qulluqda kamal
halıdır;
- uca Allaha qulluqda sadiq olan başqalarına
kölə olmaq boyunduruğundan qurtular;
- nəfsani arzulara sahib olan kamil mənada hürr
olmaz;
- hürr və kərəm sahibi olan insan
dünyadan ölümlə çıxarılmadan öncə
özü dünyadan çıxar;
Nizami bəyan, bürhan, irfan bilgi sisteminin (məscid, mədrəsə,
təkkə; vəhy, ağıl, duyğu) yetişdirdiyi kamil
insandır, onun şəxsiyyəti, düşüncəsi və
dastanları hər üç sistemin (məktəbin) dəyərləri
ilə yoğrulmuşdur. Nizami vəhy,
ağıl və duyğunu, məscid, mədrəsə və
təkkəni bir-birindən ayırmır, əksinə,
onları bir-birinə bağlayır. (Məscid,
mədrəsə və təkkənin bir-birindən
ayrılması, qarşı-qarşıya qoyulması irfan
düşüncəsinin sonrakı mərhələsinə,
təriqətlər dönəminə aiddir və bu
bölünmə yanlışdır. Nizami
deyir ki, qəlb duyğuların mərkəzidir, o, dəyişkəndir
- "qəlb" sözü ilə "inqilab"
sözü eyni kökdəndir - onu vəhylə ağıla
bağla).
Nizami elə bir alim, elə bir filosof, elə bir arifdir ki, onu barmaqla göstərirlər, fikirləri ilə hesablaşırlar, ondan öyrənirlər. O, şeyxdir, pirdir, ustaddır, müəllimdir.
(Ardı var)
Siracəddin HACI
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi
525-ci qəzet.- 2016.- 18 may.- S.4.