O, vətəni,
vətən də onu uca tutdu...
20 YAŞLI ŞULAN BAYRAMOV ORDUMUZUN APREL ŞƏHİDLƏRİNDƏN BİRİ KİMİ ƏBƏDİYYƏTƏ QOVUŞDU
Vətəni
qibləgah edən şəhidlər
Aprelin 6-sı idi. Doğma Vətən
torpağımızda bizimlə ərazi müharibəsi aparan
ermənilərə öz gücümüzü göstərmişdik.
Dünya Azərbaycan əsgərinin öz tarixi
torpaqlarını geri almaq üçün etdiyi mücadilənin
dayandırılmasından yazırdı və
danışırdı... Həmin axşam
Sumqayıt növbəti şəhidini gözləyirdi.
Aprelin əvvəlində Vətən torpağının
kiçik bir hissəsini xilas edən əsgərlərimizdən
daha biri, Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 4 ünvanında qeydiyyatda olan 1996-cı il təvəllüdlü
Şulan Bayram oğlu Bayramovu.Azərbaycan Bayrağı məhəllədəki
insan izdihamında dəniz kimi dalğalanırdı. Şulan yaşda oğlanlar "Dur keç səngəri,
Azərbaycan əsgəri!", "Başını uca tut,
şəhid atası!", "Başını uca tut, şəhid
anası!" deyərək hayqırırdılar. Müharibə istəyirdilər, Şulanın yolunu
getmək, vuruşu bitirib, Vətən torpaqlarını geri
qaytarmaq əzmini göstərirdilər.Şulan Bayramovun
atası Bayramın və anası Türkanın isə
heç nədən xəbərləri yox idi. Qohumlarıgilə qonaq getmişdilər.
Türkana qəfil zəng vuran qonşusu ona dedi ki, dur gəl
evə, Şulan yaralanıb...Saray qəsəbəsindən
13-cü mikrorayona qədər olan 10-15 km yol 50-100 kilometrə
döndü ata-ana üçün. Məhəlləyə
çatanda binalarının qarşısındakı
izdihamı gördülər...
Anası
Türkan deyir:
-Aprelin
1-i həyat yoldaşımın doğum günü idi. Həmin günü Şulan da hərbi xidmətini
bitirib evə qayıtmalı idi. Lakin atasına zəng
vurub dedi ki, onları bir az gec buraxacaqlar. Vəziyyətin bu qədər gərgin olduğunu
demədi.Gəldim ki, evimiz adamla doludu. Hələ
inanırdım ki, balam sağdır, hələ ümid
edirdim. Qonşular, qohumlar da təsəlli
verirdilər ki, yalan olar. Ancaq mən
yoxluğuna inana bilmirdim. 10 ay idi oğlumu
görmürdüm. Səhər tezdən
balamı bayrağa bükülmüş tabutda gətirdilər.
Əmisi
Akif Bayramov:
- Bizim nəslimiz
elə həmişə bu Vətən yolunda əzabkeş
olub, yurddan-yurda, eldən-elə köçmək
yazılıb taleyimizə. Zəngəzur
mahalının Sisyan rayonunun Avdı kəndindənik. Babalarımız sürgünlər, davalar
görüblər. Ötən əsrin 1937-ci ilində
babamız Ədil kişi repressiya
qurbanı olub. Kişini repressiya edəndə 8
uşağı qalıb nənəmizin himayəsində.
Böyük nənəmiz repressiya illərində
ailələrinin, nəsillərinin, yurdlarının viran
qalması, şumlanması, talan-şulan olmasına görə
atamın adını Şulan qoyub. Atam isə
öz adını qardaşım Bayramın ilk oğluna qoydu
ki, ermənilərin bizə qarşı etdikləri viranəliyi,
talan-şulanı unutmayaq. Tarix boyu qismətimiz
belə yazılıb. Atamın qardaşı Cəmil
1941-45-ci il Vətən Müharibəsində
həlak olub. İndi Şulan balamız da o babalarının
yolunu getdi, onların taleyini yaşadı... Aprelin 6-da
qardaşım Bayram mənə zəng vurdu ki, get evə tez
çat, biz də gələcəyik, Şulan gəlir. Mən
də uşaqlarımı yığıb dedim ki, gedək
Şulanı qarşılamağa. Məhəllədəki
izdihamı görəndə dizlərim əsdi... Sən demə
qardaşıma zəng vurub, həqiqəti deməyiblər,
eləcə deyiblər ki, oğlunuz gəlir... O da çox
sadə, fağır adamdır, zəhmətkeş
insandır. Ürəyinə başqa bir fikir gəlməyib.
Sonradan bilib ki, oğlu həlak olub.
Şulanın atasınun üzünə baxmağa
insanda cəsarət lazımdır. O qədər sıxılıb, o qədər
sınıxıb ki... Başqa cür ola
da bilməz axı... Hər bir ata oğluna,
balasına güvənər, oğlu üçün arzular
tutar, onu özünə arxa-kömək, nəslinin
davamçısı bilər. Bu kasıb
evin mərd ailə başçısı olub Bayram. 1992-ci ildə Milli Ordunun könüllülər dəstəsində
Naxçıvan bölgəsində Azərbaycanın haqq
savaşında vuruşub. İrəvanda
evlərini tərk edib gələndən sonra
Sumqayıtdakı bu mənzildə məskunlaşıblar.
7 nəfər ikiotaqlı evdə əzab-əziyyətlə
yaşayıblar. 1995-ci ildə isə ailə
həyatı qurub.
Zəmanənin
üzü qara olsun... Evsizlik, işsizlik kimi
problemlərin əlində qalan Bayramovların 6
övladının hər birinin evində 2-3 uşaqdan
artıq doğulmadı. Bayramın da iki
oğlu oldu. Qismətləri ilə
barışdılar. Fəhləliklə
ailə dolandırdı, bala saxladı. Ata-ana
qayğısına qaldı. Özü tikintidə
işləyirdi. İşini oğlu
Şulana da öyrətmişdi. Gördüyü
işlərdə Şulan da ona kömək edirdi. İndi isə hündürboylu Bayramın qəddini
əymişdi 19 yaşlı Şulan. Oğlu haqqında
iki-üç kəlmə danışa bildi ata:
- Əsgər gedəndən sonra mənə zəng
vurdu ki, ən soyuq yer haradır? Dedim ki, Murovdur. Dedi, orda qulluq etmək
istəyir. Dedim, ay oğul ora sənlik deyil. Sən demə, mənə
zəng vuranda artıq Gəncədə özü ərizə
yazıb, Murova düşməsini xahiş edibmiş...
Şəhidin
anası Türkan davam etdirir söhbəti:
- Şulan əsgərlikdən məzuniyyətə gəlmişdi. Əmisinin rəhmətə
getməsindən xəbərsiz idi. Xəbər
biləndən sonra gedib, əmisinin qəbrini ziyarət
etmişdi. Oğlu öləndən sonra
qaynatam Şulan dayı da xəstə düşdü. Oğlum Şulan onun xəstəliyindən çox
məyus olmuşdu. Məzuniyyətdən
hərbi hissəyə qayıdandan sonra, hər gün
babasının şəklini çəkib ona göndərirdim.
İstəyirdi ki, babasından xəbəri
olsun. Babası iyulun 29-u rəhmətə
getdi, Şulanın da doğum günü iyulun 28-dir.
Doğum-ölüm tarixləri ilə istəkli baba-nəvə
bir-birinə daha da yaxınlaşdı. Kişi
rəhmətə gedəndən 40 gün sonra bildirdim xəbəri
ona. Telefonda o qədər ağladı ki... Dedim, istəyirsən səni gətizdirək.
Razı olmadı... İstəməzdi ki,
atasını artıq əziyyətə salsın. Xərcimiz çıxar deyə, bizi andiçmə
mərasiminə də getməyə qoymadı. Çünki atasının necə əzab-əziyyətlə
pul qazandığını bilirdi.
Kənarda
kresloda oturmuş bir qara örtüklü qadın hey
ağlayır, için-için sızlayırdı... Evdəkilər dedilər ki, aprel ayından bu günə
kimi gözünün yaşı qurumur. Şulan
nənəsi Reyhanın ilk nəvəsi idi.
Reyhan nənə
deyir:
-
Martın 27-də mənə zəng vurdu. Novruz
bayramı münasibəti ilə təbrik etdi. Elə bildim ki, evə buraxılıb. Dedi ki,
aprelin 1-i gələcək. Yolunu gözləyirdim,
aprelin 3-ü qızım Türkan zəng vurdu ki, ana
Şulanı cəbhə bölgəsinə aparıblar.
Dedim, inşallah qayıdar, narahat olma. O gecədən sonra
qaldım televizorun qabağında, şəhid olan əsgərlərə
yandım, Ordumuz üçün dualar etdim... 6-sı gecə
oğlum Sumqayıtdan zəng vurdu ki, bilet almışam,
uç gəl Naxçıvandan Sumqayıta. Bəs... Şulan yaralanıb. İnanmadım.
Başıma-gözümə döyə-dəyə
qaldım. Qonum-qonşu gecəylə məni yola
saldı... Gəldim gördüm ki, evimiz yıxılıb,
tifağımız dağılıb... Hamıyla gedən nəvəm
hamıyla qayıtmadı, səhər-səhər tabutda
qayıtdı evinə... Mən
Naxçıvanda hərbi hospitalda işləyirəm. Nəvəmin əvvəldən arzusu hərbçi
olmaq idi. Gəlib bir il yanımda oxudu
ki, Naxçıvandakı hərbi məktəbə qəbul
olunsun. 1 il oxudu. İmtahan verdi.
Hərbi-tibbi müayinədən keçmədi.
Gözlərinin zəif olduğunu dedilər.
O qədər ağladı ki, bəs arzusu ürəyində
qaldı. Sonra Bakıdakı Hərbi Dənizçilik
Məktəbinə qəbul olundu. Oranı
da oxumadı. Dedi ki, gedib hərbi xidməti başa
vursun, sonra gəlib təhsili davam etdirər... Biz nə fikirləşirdik,
nələr oldu... Nəvəmlə bağlı o qədər
arzularım var idi ki...".
Şulan Vətən torpaqlarının müdafiəsi
üçün cəbhə bölgəsinə gedəndə,
onun kiçik qardaşı Emin də 4 ay idi ki, hərbi xidmətdə
idi. Elə o da təmas xəttinə yaxın yerdə
xidmət edirdi. Qardaşının həlak olması xəbərini
alan hərbi hissə komandiri Emini
vaxtından əvvəl Sumqayıta məzuniyyətə
göndərib və deyib ki, qardaşın hərbi xidməti
bitirib, atan xahiş edib, gedib onunla görüşüb
qayıdarsan. Cibinə yolpulu da qoyub. Sumqayıtda qohumlardan biri Emini şəhər
avtovağzalında qarşılayanda uşaq narahatlıq
keçirib. Həyətə girəndə isə
qardaşının bayrağa bükülmüş tabutunun
evdən çıxarıldığını
görüb... Əmiləri, atası ilə
bir-birinə sarılıb ağlayıblar... 13-cü
mikrorayondakı məhəlləyə yığışan
insanlar Şulanın tabutunu alqışlarla, dalğalanan
bayraqlarla yola salıblar. Emin son dəfə
qardaşının tabutunu qucaqlayıb...
Şəhidin
əmisi Akif Bayramov deyir:
- Bütün şəhidlərimiz kimi, balamız Şulan da çox böyük hörmətlə, ehtiramla dəfn edildi. İtkimiz çox ağırdır... Şulanın şəhid olması çox arzularımızı yarımçıq qoyub. Atası xəstə bir kişidir. Şulan deyirdi ki, əsgərlikdən gələndən sonra atasına dayaq olacaq, qayğılarını çəkəcək, qoca vaxtı onlara sahib çıxacaq. Bayram özü ata-anasına sahib çıxan kimi... Ümid edirəm ki, bundan sonra dövlətimiz onları diqqətdən uzaq qoymayacaq".
2014-cü ilin avqust ayında mənfur ermənilərlə təmas xəttində yenidən çaxnaşma başlayandan sonra həmin hadisələrdə həlak olan şəhidlərimiz haqqında Şulan Bayramov sosial şəbəkədəki səhifəsində belə bir status yazmışdı:
"11 şəhid bilirsən nə deməkdir?! 11 insan deməkdir, 11 can deməkdir, 11 ailənin ümidi deməkdir, 11 ananın gözünün işığı deməkdir, 11 atanın gözünün dikdiyi nöqtə deməkdir, 11 ailənin 11 ayrı telefondan gələn zəngdən aldığı bəd xəbər və o xəbərlə həyatlarının məhv olması deməkdir, 11 valideynin sevinərək qucaqlaya bilmədiyi övlad deməkdir, 11 gələcək ailə başçısının ailə qurmadan həyata gözünü yumması deməkdir, artıq yoxdu o 11 gənc. 11 düşmən silahından açılan atəş nəticəsində məhv olmuş 11 igid candır... artıq 11 cənazə 11 yerdə torpağa əmanət edilmiş şəhiddir. 9 milyonluq Azərbaycan xalqının yaddaşına əbədi yazıldılar. Allah rəhmət eləsin..."
İndi Bayramovlar ailəsinin ağrılarıdır Şulanın yazdığı bu sözlər. Şulan Bayramov və apreldəki qalibiyyət vuruşlarında şəhid olanlar xalqımıza Qələbə sevincini yaşatdılar. Ağrı isə elə gənc Şulanın sağlığında yazıb qoyduğu həmin ağrıdır...
Aida Eyvazlı
525-ci qəzet.- 2016.- 19 may.- S.8.