Unudulmazlıq imtiyazı
Faşizm
üzərində Qələbə günü kimi qeyd olunan 9
May artıq arxada qalsa da, qarşıdan 22 iyun, yəni Hitler
Almaniyasının Sovet İttifaqına hücumunun,
Böyük Vətən Müharibəsinin
başlanmasının 75 illiyi gəlir.
1941-1945-ci illər müharibəsində SSRİ-nin tərkibində
Azərbaycanın yüzminlərlə övladı
vuruşub, canlarından keçib,
sağlamlıqlarını itiriblər.
Həmin
qeyrətli soydaşlarımızdan biri - Böyük Vətən
Müharibəsinin fədakar iştirakçısı,
düz 20 il bundan qabaq haqqında
kitab yazdığım, Ağdamın bəy kişilərindən
olan Surxay Qurbanovu bir daha oxucuların yadına salmaq istədim.
Və burasını da qeyd edim ki, o vaxt mən həmin
kitab üzərində işlərkən Surxay müəllimi
yaxından tanıyanlarla da görüşmüş, yeri gəldikcə
onların xatirələrinə də üz tutmuşdum. Hələ ötən əsrin
80-ci illərindən etibarən yaxından
tanıdığım, o vaxtlar "Azərbaycan gəncləri",
sonralar isə "Mədəniyyət" qəzetində
çalışan, özümə və yazılarıma
hörmətlə, diqqətlə yanaşan unudulmaz
şairimiz Şahmar Əkbərzadə də o kitab
üçün geniş bir xatirə yazmışdı. Bugünlərdə Surxay müəllimi yeni bir
yazı ilə anmaq istərkən mərhum Ş.Əkbərzadənin
əlyazmasını bir daha oxudum. Fikirləşdim
ki, gözəl şairimizin, ömrü qısa dostumuzun 75
illiyi ərəfəsində, Surxay müəllim haqqında məhz
onun yazdıqlarını oxuculara çatdırmaqla hər
ikisinin xatirəsinə ehtiram göstərmiş olaram.
Ruhları şad olsun!
...Dünyaya
sevgimin haradan başlandığını fikirləşəndə
gözlərim qarşısında dağlar canlanır və
o dağlarla yanaşı məğrur insanlar dayanır.
Adları ürəyimin başında həkk olunanların
arasında bir şəxsiyyət də var: Ağdamın
yaraşığı, müəllimlər müəllimi
Surxay Qurbanov.
Hər
onu ananda haçansa yazdığım misralar yadıma
düşür:
Könlümdə
bir dəli həsrət kişnədi,
Onsuz gözlərimdə dünya heç nədi.
Ömrümün acılı-şirinli günlərini
vərəqlədikcə doğrudan-doğruya görürəm
ki, Surxay müəllimsiz bu dünya gözlərimdə
yarımçıq olardı. O, mənim dünyamı tamamlayan
ayrıca bir dünya idi-mənalı, özü bütöv,
sözü bütöv, üz-gözündən nur yağan
dünya!
Dağına, daşına, ağacına,
bulağına heyran olduğumuz yer üzünü müdrik,
pak insanlardan aldığımız dərslərə görə
sevməmişikmi? Heyranı olduğumuz adamlar sevdirib mənə
yer üzünü. Nizami havayı yerə
insana "Yer üzünün əşrəfi" deməyib.
Mənim üçün yer üzünün əşrəfiydi
Surxay müəllim.
"Yer üzünün əşrəfi" ilə
tanışlığımızın qəribə
tarixçəsi var. Ağdama yenicə təyinat
almışdım. Çəmənli kəndində müəllim
işləyirdim. Maarif işçiləri
evində müharibə aparan Vyetnama kömək etmək,
könüllü qan vermək məsələsi müzakirə
olunurdu. Söz aldım. Təşəbbüsə dəstək verəcəyimizi
açıqladım. Amma səhiyyə nazirinin, birinci
katibin "gününü göy əskiyə
bükdüm": "Burdan Vyetnama, yalan olmasın, 12 min
kilometrdir. Oranın halına yanırıq.
Çox yaxşı! Bəs Ağdamın 12
kilometrliyində yerləşən Çəmənli kəndinə
niyə əl tutmuruq?! O boyda kənddə adicə tibb məntəqəsi
açmaq heç kimi maraqlandırmır. Bəs Çəmənliyə
kim qan verəcək? Adamlar
yiyəsizlikdən ölüb itir. Budumu
bizim insanlığımız? Öz qədrini
bilməyənin qədrini kənardakılar bilə bilməz.
Vyetnama qan verənlərə xəstəxana açmaq
Moskvalıq deyil, birinci növbədə Bakının və
Ağdamın borcudur..."
Mənim
səsimə vur-tut bircə kişi yerdən
səs verdi. Nazir də, katib də
alındılar. Söz verdilər ki, bu
işə təcili əncam çəkəcəklər.
İclas dağılanda yerdən dillənən
ağsaqqal mənə yaxınlaşdı. Bu Surxay müəllim
idi. Çəmənlinin təəssübünü
çəkən, mənim harayıma hay verən, o birilər
kimi susmayan, ağır oturub batman gələn Surxay Qurbanov
özünə xas zəhmi-zabitə ilə sözümə
söykək verdi: "Müəllim
doğru deyir, özümüzə umac ovandan sonra özgələrə
əriştə kəssək, yaxşı olar".
Sonralar ünsiyyətimiz möhkəmləndi. Sən demə, harayıma
hay verən kişi anamın aman-zaman
qardaşı, atam əvəzi istəkli dayım və müəllimim
qulam Ağayevin qardaşlığı imiş. Bizi lap yaxından
dayım tanışdırdı. O gündən Surxay müəllimə
təkə-təklikdə "dayı" deməyə
başladım. Özüm müəllim olsam
da, o vaxtdan bu müdrik insanı doğma müəllimim hesab
edirdim. O, sadəlikdən, ağır oturub batman gəlməkdən,
mehribanlıqdan, istəkdən, dostluqdan, məğrurluqdan dərs
verməyi bacarırdı... Özü də necə?
Dərs alan onun dilindən heç vaxt
mehribanlıq, dostluq, məğrurluq kəlmələrini
eşitməzdi. O, mehribanlığın, məğrurluğun
canlı heykəli idi...
Surxay müəllimi görənlər istər-istəməz
özünü yığışdırardı. Görüb götürmək
istəyənlərə hərəkəti,
oturuşu-duruşu, səliqə-səhmanı ilə dərs
verərdi.
Onun kişiliyi, mərdliyi, uzaqgörənliyi haqqında
dayımdan çox eşitmişəm və özüm də
bir çox hadisələrin şahidi olmuşam.
Surxay dayı 30-cu illərdə Ağdam Pedaqoji
Texnikumunda oxuyanda tale onu Kəlbəcərin Qaraxancallı
obasından olan İsmayıl Hacıyevlə üzləşdirmişdi. Elə birinci kursdaca dost olub
qardaşlaşmışdılar.
İsmayıl
da bir İsmayıl idi ha! (Şair Bəhmən
Vətənoğlu bir şeirində onu "əhli-hallar əhli-halı
İsmayıl" adlandırıb).
Qəbri nurla dolsun. Gerçəkdən də əhli-hallar əhli-halı
idi. Onu da Surxay müəllimin,
dayımın üzünə yaxşı
tanıyırdım. (Bunu deməsəm
dilim yanar. Ağdam da, Kəlbəcər də
Surxay Qurbanov və İsmayıl Hacıyev kimi kişilərin
yoxluğu ucbatından düşmənə tapdaq oldu).
İsmayıl Hacıyev Surxay müəllimin həyatda
yeganə dostu idi ki, ömür-gün yoldaşı Səidə
xanımla bacı-qardaş kimi görüşərdilər. Bu məhrəmliyin
kökü uzaqlara gedib çıxırdı. İsmayıl Hacıyev Surxay müəllimi toyunda
sağdış olmuşdu. Qədimlərdə
sağdış qan qardaşlığına bərabər
tutalardı. Bu el qanununa ölənəcən
sadiq qaldı ikisi də. Hər ikisi dost yolunda
canından, qanından keçməyə hazır kişi idi.
İsmayıl Hacıyev üç dəfə güllələnmə
maddəsi ilə həbsxanada yatmışdı. Müharibədə
Sovet hökumətinin əleyhinə işləmişdi.
Berlində Məhəmməd Əmin Rəsulzadənin
tapşırığını, Müsavat partiyasının
iradəsini oğul kimi həyata keçirmişdi. Bundan duyuq düşən Sovet orqanları ondan
heç nə qopara bilməmişdilər. Onu işgəncələrə düçar eləmişdilər.
Şirürəkli İsmayıl sitəmlərə
dözmüşdü. Müharibə
vaxtı Kəlbəcərə onun qara xəbəri də gəlib
çatmışdı. Əllinci illərin
əvvəlində Vətənə dönən
İsmayıl Hacıyevin gəlişinə çoxları
inanmamışdı. Onun öldü xəbəri
istəklilərini, o cümlədən, Surxay müəllimi
yamanca sarsıtmışdı. Həyat
yoldaşı Səidə xanımla bu bəd xəbəri
ağır keçirmişdilər, ona gizlincə
"Yasin" də oxutmuşdular.
İsmayıl Hacıyev Vətənə dönəndə
Surxay müəllim prokurorluq orqanlarında
çalışırdı. Gəncə Vilayət
prokurorluğunda yüksək vəzifə
daşıyırdı. Əsirlik işgəncələrindən
yaxa qurtarıb qayıdanda dostlar Gəncədə
tapışmışdılar. İsmayılı
təzədən tapmağın nə olduğunu "o
dünyadan" qardaşı qayıdıb gələn bilər.
Bircə onu deyə bilərəm ki, bir əhvalatdan rəhmətlik
İsmayıl kişi heç öləndə
də xəbər tutmadı. Bu, sirr kimi
qaldı. Tez-tez görüşən, dərdləşən
qardaşların ürək dostları olması xəbəri
yuxarı orqanlara da gedib çatır. Günlərin
bir günü Surxay müəllimi DTK-ya
çağırırlar.
- Sən
nə haqla Sovet hökumətinin qatı düşməni ilə
ünsiyyətdə olursan? Ya o, ya da vəzifən! İkisindən
biri...
Surxay Qurbanov heç kimə heç nə demədən
ərizə verib dinməz-söyləməz Gəncə vilayət
prokurorluğundan - yüksək vəzifəsindən əl
çəkdi.
Ağdama qayıtdı. Yenə
də öz peşəsinə, müəllimliyə
başladı. Bunu dostu İsmayıldan
gizli saxladı.
Surxay
Qurbanov belə kişi idi! Ərizə
yazanda ürəyində "Yüz belə vəzifə
İsmayılın bir tükünə qurban" demişdi.
Mən dayımı, Surxay Qurbanovu, İsmayıl
Hacıyevi xeyir-şərdə bir yerdə
görmüşdüm. Bir-biri ilə nəfəs
alırdılar. İsmayıl kişi
hərdən kürlük eləyərdi. Tez-tez
Ağdama gələr, onları öz yanına aparmağa can
atardı. Özü Mingəçevirdə
yaşayırdı. İmkanlı adam
idi. Şirürəkli İsmayıl səliqə-səhmanlı,
dərs buraxmayan müəllim dostlarını - Surxay Qurbanovu
və dayımı (hər ikisi Ağdamda orta məktəb
direktoru idi) Mingəçevirə dəvət edər,
onların qulluğunda durmaqdan həzz alırdı. Surxay müəllimlə diz-dizə oturmaqdan ləzzət
duyurdu. O, dostlarına ürəyinin yağını
yedirtməyə hazır idi...
...Surxay
müəllim də öz növbəsində dostu
İsmayılı Ağdama çəkməyə, burada binə
qurmağa tələsdirərdi. Axır ki, İsmayıl kişi təslim olub Ağdamda kök
salmağa razılıq vermişdi. Bircə onu
bilirəm ki, İsmayıl Hacıyevin həsrətini incələmək
üçün Surxay Qurbanov olmaq lazımdır. Qəribədir, onlar göz-gözə baxanda da
bir-birinin həsrətini çəkərdilər. Belə dünya idi mənim dünyam-Surxay müəllim
və onun dostları.
Heç yadımdan çıxmaz. Surxay müəllim
"Bakı" mehmanxanasının geniş salonunda oğlu
Şamilə toy eləyirdi. Elə bil qəribsəyirdi.
Qardaşlarının, istəkli
dostlarının "kürlüyünü" eləyirdi.
Onlar toyda yox idilər. Səbəb
tam üzürlü idi. Masabəyinə nə
demişdisə, Qurbanovların adından danışmaq mənə
həvalə olundu.
Tutulduğumu
hiss eləyəndə, mənə ürək-dirək verdi:
- Dur
ayağa bacıoğlu, dayılarını əvəz elə.
Elə hesab elə ki, heç mən də toyda
yoxam. Sən Şamilin balaca əmisisən.
Qalx ayağa! Ağsaqqal səni seçirəm.
O vaxt mənim 28-29 yaşım olardı. "Azərbaycan
gəncləri" qəzetinin əməkdaşı idim.
"Ağsaqqal" seçilməyimin nə
demək olduğunu məndən başqa kimsə anlaya bilməzdi.
O zaman Sədi Şirazinin "Qardaş qanımdandır, o da
dost ola" misrasını bütün əzəmətilə
dərk elədim. Mən bütün
duyğularımı Surxay Qurbanov dostluğunun əlçatmazlığı
üzərində köklədim. Gerçəkdən
də onun munisliyi əlçatmaz idi. Ünyetməz
idi onun uca sədaqəti. Onun müdrik,
ağıllı məsləhəti ilə sənətkar
dostumun da dərd burulğanından
çıxdığına da canlı şahidəm.
Xalq şairi Hüseyn Arifin başına gələn
müsibətə - zaman-zaman oğlu Arifin ölümünə
bütün Azərbaycanın yandığı vaxtlar idi. Şair dərddən
havalanmışdı. Ariflə münasibətimizi,
bir-birimizə istəyimizi bilən Hüseyn müəllim
redaksiyaya zəng vurur, tez-tez görüşürdük.
Belə qərara gəldim ki, şair dostumu Qarabağa
aparıb bir az ovundurum. Təklifim
canına yatdı. Ağdama getdik. Qulam dayım Hüseyn Arifi ürəyimcə
qarşıladı. Mahrızlıda gecələdik.
Səhər məktəblilər onu
gül-çiçəklə, bülbül kimi cəh-cəh
vura-vura, şairin öz şeirləri ilə
qarşıladılar. Eyni dəm-dəstgah
Ağdamda Surxay müəllimin direktor olduğu 3 nömrəli
orta məktəbdə də təkrar olundu.
...Hüseyn
Arif süfrə arxasında kövrələndə Surxay
müəllim əlüstü şairi ələ aldı:
-
Hüseyn müəllim, sizə bir həqiqəti deməsəm,
Allaha ağır gedər. Bütün Azərbaycan
Sizi sevir, illah da gənclərimiz. Onlar
Sizin duyğularınızla nəfəs alır. Şeirləriniz könüllərdən-könüllərə
elçi gedir. Bəs belə olan yerdə,
görün, Azərbaycanda Sizin nə qədər
oğullarınız var. Siz təkcə Arifin yox, həm də
onların atasısınız. Siz
özünüzü qorumalı, onlara da ata olduğunuzu
unutmamalısınız. Arif qismət
payı idi. İndi o biri Ariflərinizə
arxalanın. Bu Arifin ruhuna da xoş gedər.
Görün bir qız oğlunuz Arifin xatirəsinə nə
yazıb:
"Təbii
sularla yumaram səni,
Suyun gözlərimin qarasındadır".
Bunu yazan da elə Arifin qız qardaşıdır. Gör Azərbaycanda nə
qədər istəkli övladların var! Onların da
atasısan sən!
Hüseyn müəllim yerindən dik qalxdı. Surxay müəllimə
sarıldı: "Əlvida, Arif balam, səni məzarda da
yatmağa qoymurdum. Ta, bir də səni incitməyəcəyəm.
Bu gündən sənin yaşıdlarına ata
olmalıyam. Bunu mənə xalqım anlatdı"-dedi.
Surxay müəllim şairi ovundurmağı ilə elə
bil dünyanı təzədən mənə
bağışladı. Mən yox, həm də şairə.
Hüseyn Arif qəmdən ayazıdı. Ata dərdi, sənətkar
sitəmi, el atası olmaq məsuliyyəti parlaqlandı şair
gözündə. Surxay müəllim belə
müəllim idi.
Mən
onun barəsində düşünəndə istəkli
dostum, qardaşım ağdamlı Zeynal Məmmədovun bir kəlamını
da xatırlamaya bilmirəm: "Hər qoltuğunda jurnal gəzdirənə
müəllim deməzlər. Onlar olsa-olsa
pedaqoqdurlar. Bax, müəllim Surxay
Qurbanovdur. Dərdə bax, ona da müəllim deyirlər,
filankəsə də..."
Yazıya nöqtə qoyar-qoymaz başda Surxay müəllim olmaqla yuxarıda adlarını çəkdiyim dünyasını dəyişmiş istəkli adamlar sıralandı gözlərimin qarşısında. Nə yaxşı ki, tale məni xalqımın belə oğullarına ürcah eləyib. Dünyanın dadını-duzunu, ləyaqətini, şərafətini onların hesabına tanımaq qismətimə düşüb. Yoxsa Yer üzü mənim üçün heç nə olardı. İndi onlar cismən yoxdurlar. Lakin qəlbən mənimlədirlər. Surxay Qurbanovun işıqlı çöhrəsi dərya kamalı qarşısında həmişə baş əyir, onun ruhunu fatihələrlə anmağa özümə borc bilirəm. Heyf Surxay müəllimdən! Onun vaxtsız ölümü (guya vaxtlı ölüm var?) ilə barışa bilmirəm. Niyə yaxşıları tez aparır əcəl? Ölüm də, dərd-qəm də yaxşıları sevir.
"Düzlər düzdə qalar" sözə bax, sözə,
Bu söz babalardan mirasdır bizə.
Meşədə
əyrilər girsə də gözə,
Ağacın düzünü ölüm gözləyir.
Niyə asi düşürəm, məgər Nizami,
Şamil, Niyazi, Habil, Namiq elə Surxay müəllimin pöhrələnmiş
yadigarları deyilmi?!
Şahmar ƏKBƏRZADƏ
525-ci qəzet.- 2016.- 19 may.- S.8.