Qonaqsevməz dünyanın şairi...

 

 

Kəmaləddin Qədimin istedadlı və məhsuldar şair olduğunu çox adam bilir, hiss olunur ki, ədəbi ictimaiyyətin onun yaradıcılığına daha həssaslıqla və səxavətlə yanaşır.

 

Azərbaycan Yazıçılar Birliyində yeni kitablarının təqdimat mərasimi keçirilir, söz sahibi olan həmkarları yaradıcılığı barədə ürəklə danışır, tənqidçilərimiz şeirlərini təhlil edir, orta və ali məktəblərdə, müxtəlif təşkilatlarda oxucularla görüşü təşkil olunur.

 

Son illərin virtual dostluğuna imkan verən sosial şəbəkədə də Kəmaləddin Qədim yetərincə populyardır.

 

Xeyli sayda tanışları, dostları, keçmiş şagirdləri, onunla yaxından ünsiyyətdə olanlar hər səhər şairin paylaşdığı maraqlı və duyğusal şeirləri oxumağa adət ediblər.

 

Onun yaradıcılığını yaxından izləyənlərdən biri kimi inamla deyə bilərəm ki, dadı-duzu kvamında olan bu şeirlərin bir çoxunun mövzusuna məhz onun yaradıcılığında rast gəlirəm və bu da bir ədəbiyyat adamı, poeziya xiridarı kimi məni çox sevindirir.

 

Nədən yazır Kəmaləddin Qədim?

 

Hamımızın ağrısından, içimizdə illər boyu pünhan saxladığımız duyğulardan, uca Yaradanla həsbi-halımızdan, kimsəylə bölüşməyə cəsarət etmədiyimiz çox dəruni və gizli çırpıntılarımızdan, yurd, vətən həsrətimizdən, Tanrıya ünvanladığımız inam dolu dua və iltimaslarımızdan...

 

Əvəzində nə alırıq bu şeirlərdən; bir az təsəlli, bir az işıq, bir ovuc ümid, tapındığımız Tanrı ilə aramızdakı toxunulması, görünməsi namümkün olan tarıma çəkilmiş etimad bağlarının üstünə düşən kövrək və titrək işıq selində uçuşan toz zərrəsi kimi xəfif və cəzbedici bir kəpənək zərifliyi, pərvanə fədakarlığına çatmaq cəhdimizin gerçəkləşməsi an məsələsi olan sevincini:

 

Mən səni yerdən öyrəndim,

Mən səni fəzadan bildim -

 

demək ərki ilə üz tutduğumuz və:

 

Ürəyimi gözlərimə taxıram...

Allah görünür...

 

- deyə biləcəyimiz qədər Tanrıya yaxınlığımız, bu qaçaraq zaman kəsiyində həqiqətə vardığımız bir məqama yetirir bizi. Anlayırıq ki, əslində, biz bu böyük dünyanın zərrəsinə çevrildiyimizi zənn edərkən, içimizdə "bir mənin də olduğunu" fərqimizə varmırıq, sadəcə onun xofunda, cazibəsində dolanırıq və günlərin bir günü məlum olur ki, sən demə, bizim özümüzü anlamağımız da Onun bizi dərkinin fövqündə heç nədir! Onun qüdrəti qarşısında biz o qədər aciz, o qədər köməksiz, o qədər kövrəyik ki... Bu isə Onun qapısının kandarına belə ayaq basa bilməyəcəyimiz qədər gerçək bir aksiomdur. Və elə o andan başlayan bu gerçəklik-yəni bizim özümüzü tanımaq çabamızın yetərsiz gerçəkliyi ilə göz-gözə qalmağımızı dərk etməmizin səbəbi də məhz Onun :

 

Mən məni bilməm ki, Tanrım

Sən məni bildiyin qədər!"

 

- açmasındadır!

 

Yəqin razılaşarsınız, bu "özünüdərkdən" sonra insanın dünyanı yenidən bölüşdürmək, özünün olmayana sahiblənmək, ağalıq cəhdi və Allahlıq iddiası o qədər gülünc və mənasız görünür ki:

 

Buraxın bu dünyanı,

Bir az yaşama qalsın!

Yer bölünüb qurtarıb

Bu göy, bu səma qalsın!

 

- deyəndə də bu Şeytan yuvasına çevrilmiş yer kürəsində səsimizi duyacaq kimsələri çıraqla axtarmağa məhkum olduğumuzun fərqindəyik.

 

Necə yazır, Kəmaləddin Qədim?

 

İçindən kəsilə-kəsilə, yuxusundan, rahatlığından, adi insanı duyğulardan öz xoşuna əl çəkdiyi anların acısını dada-dada, tüstüsü göz göynədən, istisi qəlb qovuran bir həssaslıqla:

 

Ən ağır yükdü ömür,

Yaman tünlükdü ömür.

5-10 günlükdü ömür

Onunda ayrılıq var!

 

- deyə bildiyi anların həsrət havasında yazır şair:

 

Necə gəlib keçdi, necə yazıdı,

Nə başdan çən, duman, dərd ayazıdı.

Eh, bu da bir cürə qara yazıdı,

Yazanı vardısa, yazdıranı var!

 

Bu yazdıranın adını bilənlər bilir, bu hikməti duyanlar duyur, bu görkü yaşayanlar onun dolanbac labirintindən çıxış yolu tapmaq təşnəsində olarkən anlayır.

 

Kəmaləddin Qədimin yaradıcılığının əsas və düşündürücü mövzusu uca Yaradan, fani Dünya, ulu Sevgidir...

 

Yaş ötdükcə, həyat müəlliminin verdiyi dərslər insanın (xüsusən də şairin) bəsirət gözünü açdıqca, bir vaxt başının buludlara dəydiyini, ayağının yerdən kəsildiyini hiss etmənin sirr pərdəsi yavaş-yavaş qalxır: anlaşılan bircə bu olur ki, şirin arzuların, əlçatmaz xəyalların və yalançı gümanların əsarətindən çıxmaq mümkünsüzmüş, sən sadəcə bu dünyada: "Daha sonumu yazıram"-deyə biləcək qədər adilmişsən:

 

Dünya, yaxandan əl çəkib,

daha sonumu yazıram.

Dağ çəkirəm sinəmdəki

dağa...sonumu yazıram!

 

İstedadlı və duyğusal insanların, dünyada Tanrının yaratdığı nə varsa hamısının tam və bütöv görmək istəyənlərin həmişə bir arzusu olur: bu dünyanın İlahi düzənini qoruyub saxlamaq üçün hər əzaba, hər imtahana, sınağa tab gətirmək, sinə gərmək inadkarlığı, bu arzunun gerçəkləşməsinin mümkünsüzlüyünü bilə-bilə özünü ovundurmaq yalanı. Kəmaləddin Qədim də ta ibtidaidən bu günümüzədək davam edən Xeyirlə Şərin savaşında tərəzi daşlarının kimin əlində və kimin cibində olduğunu, bu əbədi rəqabətin züy tutanlarının kimliyini bilsə də, geri çəkilmək niyyətindən daha çox, bir "keşkəyə", bir "bəlkəyə" bağladığı ümidə, gümana güvənir və bununla da yenə də özünü "aldatdığını" etiraf etmək istəmir! Çünki o keçib gəldiyi ömür yolunun bütün dar döngələrində qazandıqları ilə itirdiklərinin həmişə bir-birini izlədiyini, tərəzinin gözlərindəki tarazılığı pozmaq istəmədiyini dərk edir:

 

Elə yaşayasan haqqa, yaşasan,

Haqq üçün dərələr, dağlar aşasan.

ola, bir az da işıqlaşasan.

Arayıb, gəzdiyin Biri görəsən!

 

O Birin - Birincinin hökmünə hər kəs tabedir! Onsuz dünyanın düzəni olmaz, Onsuz günah içində boğulan cəmiyyətin nizamını kimsə tənzimləyə bilməz:

 

Çox kiçikdi, darısqaldı yer Ona,

Baş əyməkdə ocaq ona, pir Ona.

Bir canım var, verəsiydim bir Ona,

Bir sevdiyim qıza qurban gedirəm...

 

Əslində Onun sevgisidir, Ona tapınmağıdır şairi Onun yaratdığına sarı aparan:

 

Sənsən səbəbkarı göz yaşlarımın.

Gəl dayan altında, yu günahını...

 

Günahı göz yaşı ilə yumaq bu qədər asan olsaydı deməzdi ki:

 

Tək sevmişdin, gör necə qoyub getdin tək məni,

Keçmiş yadına salmaz, görməz gələcək məni.

Gəl də, son nəfəs kimi çək içinə, çək məni,

Elə çək ki, sinənin dağları görünməsin!

 

Amma "sinə dağlarının görünməməsi" üçün bir nəfəslik həsrətin, bir udumluq nifrətin ciyərlərə darlıq edən havasına da bel bağlamaq bağlamaq olmur, şair! Haqq aşığı nə vaxt "günahının" bədəlindən qaça bilib axı:

 

Açam, gülümü görəsən,

Yanam, külümü görəsən.

Gəlib günümü görəsən

Çatanda əlim özümə...

 

Niyə yazır Kəmaləddin Qədim?

 

Sual bir qədər ritorik səslənsə də, sözün təsir gücünü yaxşı bilən bir həmkarı olaraq elə onun da fikrindən keçənlərin təxminən mənim düşüncələrimlə həmahəng səslənəcəyini təxmin etdiyimdən qətiyyətlə bu suala belə cavab vermək istəyirəm:

 

- Dünyanın, daha dəqiqi, yer üzündə yaşayan milyonlarla insanın, Şeytana uyub, İblisə aldanıb, Nəfsinə düşkün, Tamahına qul olub təbiətin nizamını pozmağa can atması ilə başlanan 21-ci əsrin gətirdiyi bəlalara etiraz edən işıldaquşlar kimi qaranlıqda özünü ora-bura çırpıb bu sərsəm eyforiyanı dayandırmaq istəyənlərin səsinə səs vermək amacı ilə...Bir vaxtlar xoşbəxt anlarının beşiyi olmuş evinin, kəndinin, onu əhatə edən mühitin, min bir arzu ilə böyütdüyü körpələrini əmanət edə biləcəyinə güvənib yaşadığı dünyanın bugünkü qəddarlığı qarşısında dəhşətə gəldiyi üçün şairin gücü sözdən başqa heç nəyə çatmır:

 

Sən adlı yiyəsi ölüb bu evin,

Bu evin sən adlı varisi çatmır.

Yarısı daş-kəsək olub bu evin,

Yarısı sən idin...yarısı çatmır.

 

Kəmaləddin Qədimin ömrünün ən gözəl və unudulmaz çağlarını yaşadığı yurd yerlərinə həsr etdiyi şeirlərinin hamısında özümü də gördüm, onunla bərabər uşaqlıqdan mənə də doğma olan o müqəddəs diyarla bağlı xatirələrim çözələndi. Bir vaxtlar dünya səyyahlarının "Min ev Sədərək" kimi haqqında maraqlı fikirlər yürütdükləri, səyahətnamələrində " Böyük və abad yaşayış məskəni" kimi səciyyələndirdikləri bu yerlər, nə yaxşı ki, bizdən daha etibarlı, daha vəfalı, möhkəm yaddaşlıdır. İndi palçıq barılar arasında qocalan uçuq-sökük kərpic evlərin hörümçək torlu divarlarında bizim saralıb-solmuş şəkillərimizi qoruyub saxlayan otaqların buz soyuqluğu həqiqət kimi üzümüzə dirənib:

 

Hələ divarında gənclik şəkilim,

Tozdan görünməyir telim, kəkilim.

Çəkilib min dürlü nazım çəkilib,

Alınıb min dürlü qadam bu evdə.

 

Şair çırpına-çırpına, təntiyə-təntiyə o tozlu şəkillərə aparan ot basmış yolları, cığırları axtarır:

 

Nə qalıb ki, gör, adamlıq,

Deyilmiş ki, yer adamlıq.

Yan-yörəndə bir adamlıq,

Bir künc yoxmu, dalan yoxmu?

 

21-ci əsr həm də Böyük köç əsridir! Meqapolislərdə yaşamaq həvəsində olanlar nəhəng şəhərlərin boğanaq havasında və başgicəllədən basırığında, göydələnlərin vahiməli "gözləndə" yaşamağı bulaqların saf suyundan, cənnəti xatırladan təbiətindən daha üstün tuturlar.

 

Adamı bir incik baxışı tutur,

Tutur qar-boranı, yağışı tutur.

Adamsız evlərin qarğışı tutur,

Adamsız evlərin Tanrısı çatmır!

 

Kəmaləddin Qədimin nəfəsi içində təngiyən o kənd evlərinə bir dua kimi oxuna biləcək şeirini bəlkə elə o saralmış şəkillərin yanına asaq? Bilmək olmaz ki, bu dünyanın işini! Bir də gördün nəvələr, nəticələr günlərin bir günü bizim "səhvimizi" düzəldib bu yerlərə dönmək fikrinə düşərək bizdən daha çox doğallığa, təbiətin bakirə gözəlliyinə can atacaq və köks dolusu bu təmiz havadan udub kəkilli oğlanların, hörüklü qızların ilk məhəbbət hekayələrinin yazıldığı o palçıq hasarlı evlərə tələsəcək və divardakı o Duanı oxuyacaqlar:

 

Qalmışdın boş qəfəs kimi,

Gəldim dəli həvəs kimi.

Çəkdin məni nəfəs kimi,

Dirildim evim-eşiyim.

 

Kəmaləddin Qədimin sevgi şeirləri məhz o yerlərin, bu gün az qala yaddaşların bir küncünə sıxışdırılan kəndin (kəndlərimizin) havası, suyu, insanları kimi saf və gözəldir:

 

Kiməm ki, bir quru səsəm səninçün,

Ay könül taxtımı uçuran, gözəl.

İnanma, ölürəm desəm səninçün,

Mən hələ səninçün uçuram, gözəl...

 

Bu uçuşun Bermund üçbucağından keçmək sınağı da varmış:

 

Salmaram çətinə seçimdə səni,

Tək qoymam bu gözəl biçimdə səni.

Ölüb apararam içimdə səni,

Qala kimlərəsə, qala, qoymaram.

 

Kəmaləddin Qədimin şeirləri müqəddəs pünhanlığı, dupduru saflığı, inadkar dirənişi, qapqara nifrəti və nəhayət, böyük və tükənməz Tanrı eşqi ilə yadda qalır və hər bir oxucu müəllifin iç dünyası ilə təmasa açar olan bu mükalimələrin hamısını bircə kəlmə "Ol"un Hikməti ilə yaradan Onun tükənməyən işığında və qüdrətində hiss edir:

 

Bir ucu göydəydi, göydən salmışıq,

Girib içimizə şeytan, salmışıq.

Yormuşuq, taqətdən, heydən salmışıq,

Yapış da bu ömrün qolunnan, gedək.

 

Ürəyimizin həmişə kiminsə həsrəti, göynərtisi ilə uyuduğunu bilsək də, içimizdə heç dağılmaq niyyətində olmayan bir dumanın yapışqan ovqatına bulaşsaq da, Ruhumuz ağrısını heç vaxt korşalmayan yaddaşımızın yuxu gecəsinə daşısaq da anlayırıq ki, şairlər yer üzündə Tanrının elçisidir və onlar hər kəsdən daha yaxşı bilir ki: "Dünya qonaq sevən deyil"! Uğuruna xeyir, Kəmaləddin Qədim!

 

Telli Pənahqızı

525-ci qəzet.- 2016.- 19 may.- S.7.