Nizami Gəncəvinin ədəbi kimliyi: filosof, şair, mücahid...

 

(Əvvəli ötən sayımızda)

 

Nizaminin "Sirlər xəzinəsi" dastanında şərh olunan ən önəmli anlayışlardan biri qəlbdir.

 

Təsadüfi deyil ki, şair dastanda qəlblə bağlı beş bölmə yazıb. İrfan düşüncə sistemində zühd həyatının, xəlvətin, təcridin, riyazət metodunun məqsədi qəlbi insanla uca Allah arasında pərdə olan mənfi duyğulardan təmizləmək, bu yolla qəlbin bəsirət gözünü açmaq, həqiqəti kəşf etməkdir. İrfan bilgi sistemində bunun adı mərifətullahdır. Mərifətullahın ölçüləri var:

 

- "... Allahı haqqı ilə təqdir etmədilər" ("Ənam", 6/91), Onu haqqı ilə tanımadılar, yəni mərifətullah uca Allahı doğru tanımaqdır;

 

- arınmış, nurlanmış, bəsirət gözü açılmış qəlb, yəni vəhylə inşa olunmuş qəlb və ağıl mərifətullaha qovuşa bilər;

 

- mərifət elmdir, elm də mərifətdir;

 

- mərifət elmi olan da arifdir;

 

- arif alimdir;

 

- mərifət xüsusi, təcrübi, əməli və tətbiqi bilgidir. Qəlbin verdiyi bilgi mərifət və irfan, ağlın verdiyi bilgi elmdir. Mərifətin qaynağı sezgidir (kəşf, ilham), elmin qaynağı dəlildir, mərifət irfani, elm zahiri bilgidir;

 

- mərifət və irfan elm və bilgi mənasını daşıyır;

 

- irfan əhli qəlb və kəşf yolu ilə əldə etdiyi bilgiyə mərifət, ağıl, dəlil, məntiqlə əldə etdiyi bilgiyə də elm deyir;

 

- arif mərifət əhlidir, o, kəşf yolu ilə (sezgi, vəcd, ilham) bilgi əldə edir;

 

- mərifətə (irfana, kəşf yolu ilə əldə edilən bilgiyə) sahib olan insanın bu özəllikləri var: o, öncə uca Allahı ad və sifətləri ilə tanıyır, Ona münasibətdə sadiq və səmimi olur, mənfi duyğulardan, vərdiş və xasiyyətlərdən təmizlənir, qəlbi parlaqlıq qazanır, sonra səbir edir, qəlbi davamlı olaraq Ona yönəlir, qeyrəti, cəhdi nəticəsində Onun təvəccühünü qazanır, nəfsinə hakim olur, nəfsi ona təsir etmək imkanını itirir, o, uca Allahdan başqasına dəvət edən heç bir şeyə etibar etmir, ancaq Ona təslim olur, qəlbi hüzura qovuşur, nəticədə, sirləri müşahidə edir, həqiqəti öyrənir. Bu hal mərifət halıdır, bu halı qazanan da arifdir;

 

- mərifət kəşf yolu ilə əldə edilən bilgi, bu bilgini qazanan da arifdir, vəlidir, ya da sufidir;

 

- mərifətin ilk addımı zühd həyatıdır, təcriddir;

 

- mərifətin əlamətləri var: heybət çoxalır, mərifət artdıqca Allah qorxusu da artır;

 

- arif olanın Ondan başqası ilə əlaqəsi, aşiq olanın şikayəti yoxdur;

 

- mərifətin mənbəyi uca Allahdır, sonu isə yoxdur;

 

- Onun zikri qulun qəlbini istila edəndə o, özünü unudar, nəfsani duyğular təsirini itirər;

 

- Onu tanıyanlar Ondan başqa hər şeydən əl üzərlər, susarlar;

 

- qəlbində ən çox Allah qorxusu olan Onun haqqında ən çox mərifətə sahib olan kimsədir, mərifət artdıqca qorxu da artar;

 

- mərifət sahibi olana bu dünya dar gələr;

 

- mərifət sahibi olan saf və təmiz olar, xoş bir ömür sürər, heybətli görünər, qəlbindəki məxluq qorxusu silinər, maddi şeylərə rəğbəti qalmaz;

 

- mərifətdə həya və itaət var;

 

- mərifət bir aynadır, həqiqəti göstərir;

 

- uca Allahı ən çox tanıyan kimsə ən çox heyrət edən kimsədir;

 

- arifin gözü ağlar, qəlbi gülər;

 

- arif torpaq kimidir, yaxşı insanlar da, pis insanlar da onun üzərində gəzər, arif bulud kimidir, hər şeyi kölgələndirər, arif yağış kimidir, sevdiyinə də, sevmədiyinə də su verər, arif hava kimidir, hər kəs onu tənəffüs edər;

 

- arif iki şeydən doymaz, ağlamaqdan və Ona həmd etməkdən;

 

- ariflər öz haqlarında əl çəkərək Onun haqqını icra edərlər;

 

- mərifətdə üç şey var: heybət, həya, ünsiyyət (zikr);

 

- arif düşünər ki, onun uca Allahdan başqa qoruyucusu yoxdur;

 

- hər şeyin bir cəzası var, arifin cəzası da uca Allahın zikrindən kəsilməsidir;

 

- arifin danışması çox zövq verir, ancaq susması daha faydalıdır;

 

- heç bir şey arifi kədərləndirməz, bulandırmaz, hər şey onunla saflaşar, durular;

 

- arif zahirdə xalq ilə, batində Haqq ilədir;

 

- mərifət uca Allaha təslim olan qəlbin həyatıdır, qəlbin qayəsi mərifətdir;

 

Nizami zühd həyatı yaşadığını söyləyir. O, könlünü uca Allaha bağlamışdır, bir an (nəfəs) belə Ondan ayrılmaq istəmir. Deyir ki, istəsə idim, zühdün qapısını bağlayıb məclisə gedərdim, insanların sırasına qoşulardım, məclisi qızışdırardım, ancaq mənim ağacım guşədə kök atmışdır, yerindən qoparılsa, kökü quruyar (süst olar). Qırx çilədən və min xəlvətdən sonra məclisə getmək işə yaramaz, sel daşıb coşan zaman Reydən Buxaraya səfər lazım deyil. Xalqa nə qədər az görünsəm, o qədər yaxşıdır, Humay az-az göründüyü üçün humayun oldu.

 

Nizaminin zühd həyatı dində, elmdə, irfanda dərinləşmə, oxuma, öyrənmə, yazma həyatıdır. O, insanları cəhalət adlı düşmənin pəncəsindən xilas etmək üçün canını fəda edir, gecə-gündüz çalışır, həqiqəti tanıdır, doğru yolu göstərir.

 

İrfan əhli olan ariflər insanın hürr olması, içindəki xəzinəni kəşf etməsi üçün zühd həyatını təklif edir. "Zühd" sözünün lüğəvi mənası "istəksizlik", "rəğbətsizlik", "önəmsizlik"dir. Bu sözün bir də terminoloji mənası var: dünyaya, yəni maddi olana, mənfəətə dəyər verməmək, tamahkar, ehtiraslı, çıxarçı, eqoist olmamaq, qəlbdə dünya və mənfəət sevgisi daşımamaq, maddə və mənfəətin qəlbə soyuq gəlməsi, həris olmamaq, qənaətkar olmaq, mənəvi dəyərlərin maddi dəyərlərdən üstün olduğuna inanmaq. Ariflərə görə, zühd həyatının və zahidin ölçüləri bunlardır:

 

- zühd əhlinin sözü hikmətdir;

 

- haramda zühd şərtdir, halalda isə fəzilətdir;

 

- zahid halına şükür edər;

 

- zahid səbirlidir;

 

- qənaəti sevər;

 

- ona ayrılan ruziyə razı olar;

 

- az mal ilə kifayətlənər;

 

- ehtiyacından artığını istəməz;

 

- dünyaya qarşı zahid olmaq qənaət sahibi olmaqdır. Quru çörək yemək və əba geyinmək deyildir.

 

- zahid dünya kirinə bulaşmaz;

 

- zahid əlindən çıxana üzülməz, ona verilənə də sevinməz;

 

- zühd dünyanı tərk etmək, sonra da kimin əlinə keçərsə, keçsin vecinə almamaqdır;

 

- zahid malını, aşiq canını verər;

 

- zühdün əlaməti mülk olan bir şey əldən çıxanda rahat olmaqdır;

 

- zühd qəlbdən səbəb fikrini çıxarmaq, əlləri mal və mülkdən silkələməkdir;

 

- zühd nəfsin külfətsiz şəkildə dünyadan uzaqlaşmasıdır;

 

- zahid dünyada qəribdir;

 

- uca Allahı tanıyan arif axirətdə də qəribdir;

 

- zühdündə sadiq olana dünya boyun əyərək gələr;

 

- zühd əldə olmayan şeyin könüldə də olmamasıdır;

 

- zühd içi ilə dışı bir olmaqdır;

 

- zühd uca Allaha güvənməkdir;

 

- zühd dünya nemətlərini tərk etməkdir;

 

- zühd uca Allahla insan arasında olan bütün maneələri dəf etməkdir;

 

- zühd qəlbdən maddənin təsirini silməkdir;

 

- zühd dünyanı kiçik görmək, qəlbdəki əlamət və təsirlərini silməkdir;

 

- zahid nəfsini tərbiyə ilə, arif Rəbbi ilə məşğuldur;

 

- zühd əlin mülk sahibi olmaqdan, qəlbin isə mülk sahibi olmaq üçün araşdırma aparmaqdan boş olmasıdır;

 

- zühd uca Allahdan başqa hər şeyə arxa çevirməkdir;

 

- bu üç özəlliyə sahib olmayan əsla zühdün həqiqətini anlamaz: ancaq uca Allahın rizasını qazanmaq üçün çalışmaq, tamahsız söz (mənfəət güdmədən danışmaq), baş olmaq arzusundan imtina etmək (vəzifə sahibi olmaqdan imtina etmək);

 

- zühd başqa şeydə deyil, sadəcə halalda olur, dünyada halal yoxdur, yəni azdır, bu halda, zühd də yoxdur, yəni nadirdir, az tapılan bir şeydir;

 

- şübhə etmə ki, uca Allah zahidə istədiyindən çox, dünyanı sevənə istədiyindən az, ikisi arasında olana isə istədiyi qədər verər;

 

- zahid uca Allah qorxusundan, cəhənnəm əzabından, arif isə uca Allah sevgisindən və ilahi nemətlərdən danışar;

 

- zühd dünyaya qarşı zahid olmaq, dünyanı sevənləri qınamaqdır;

 

- zühd dünyada olan şeyi dünyada olan kimsələrə tərk etməkdir;

 

- zahidlər ehtiyacları olmadığı zaman ehsan edərlər, fütüvvət əhli (arif, aşiq) isə ehtiyacı olduğu zaman verər;

 

- dünyaya qarşı zahid, ruhən comərd olmaq, xalqa qarşı səmimi davranmaq, ona nəsihət etmək gözəl əxlaqın əlamətləridir;

 

- zühd bir mələkdir, pisliklərdən təmizlənməyən qəlbdə oturmaz;

 

- bir kimsə insanlara zühd haqqında danışar, sonra da onların malına rəğbət edərsə, uca Allah o kimsənin qəlbindən axirət sevgisini silər;

 

- qul dünyada zahid oldumu, uca Allah ona bir mələk göndərər, bu mələk o qulun qəlbinə hikmət fidanı əkər;

 

- zühdün üç növü var, birincisi haramı tərk etmək, bu avamın zühdüdür. İkincisi halalın ehtiyac olmayan hissəsini tərk etmək, bu, seçilmişin zühdüdür. Üçüncüsü, uca Allah ilə ünsiyyətdə olmağa mane olan hər şeyi tərk etmək, bu da ariflərin zühdüdür;

 

- dünya bir bəzənmiş gəlin kimidir, ona rəğbət edənlər saçını daramaq və bəzəməklə məşğuldurlar. Zahid bu gəlinin üzünü kömürlə qaraldar, saçlarını yolar, paltarını yırtar. Arif isə uca Allahla ünsiyyətdə olduğu (özünü hər an Onun hüzurunda hiss etdiyi) üçün bu gəlinə iltifat etməz;

 

- zahidlər sadəcə özlərini düşünərək dünyanı tərk edərlər. Çünki onlar əbədi nemət üçün fani neməti tərk edən kimsələrdir;

 

- zahid özünü, arif isə Rəbbini düşünür;

 

- zahid nəfsindən öncə kisəsini əridər, pulunu xərcləyər, yalançı zahid isə kisəsindən əvvəl özünü əridər;

 

- Allah şərin hamısını bir evə doldurdu, dünya sevgisini də bu evə açar etdi. Xeyirin hamısını başqa bir evə doldurdu, zühdü də bu evə açar etdi.

 

Nizami sirr sahibi olduğunu söyləyir, ilk dastanının adını "Sirlər xəzinəsi" qoyur, sirrin irfan düşüncə sistemindəki mənasını açıqlayır:

 

- "Sirr" sözünün lüğəvi mənası "gizli", "bilinməyən", "örtülü" deməkdir. "Sirr" irfanın ən önəmli anlayışlarından biridir. İrfan məktəbinin (sezgi bilgi sisteminin, duyğuya bağlı öyrənmə məktəbinin) təmsilçilərinə (ariflərə) görə, "sirr" uca Allahla qul arasında gizli qalan hallardır;

 

- "Sirr" ruh kimi qəlibə qoyulmuş lətif (incə) bir şeydir, ancaq ondan fərqlidir, daha safdır. Ruhlar sevgi məhəlli, qəlblər mərifət məhəlli, sirlər müşahidə məhəllidir;

 

- Sirrin sirri də var ki, onu ancaq uca Allah bilir. İrfan əhli deyir ki, azad insanın (nəfsinin istəklərindən sıyrılmış, onu nəzarətə götürmüş, uca Allaha təslim olmuş insanın) könlü sirlər məzarıdır;

 

- Sirdə önəmli olan sevgi və dostluq halını gizli tutmaqdır. Onlar sirri yeddi yerə ayırırlar: "Sirri-Haqq" - uca Allahdan başqasının bilmədiyi sirr, "Sirri-xalq" - Haqq ilə qul arasında olan sirr, "Sirri-hal" - Haqqın muradının bilindiyi sirr, "Sirri-həqiqət" - uca Allahın əşyanın içinə qoyduğu həqiqət, elm, "Sirri-elm"- elmin həqiqəti və mahiyyəti, "Sirri-qədər" - qədərin sirri, "Sirri-təriqət" - təriqətin sirri, müridin bütün hallarını sadəcə mürşidinə söyləməsi;

 

- İrfan əhli deyir ki, sirr, gizli məna, həqiqətin bilinməsi, elm təslimiyyətə, qəlbin mənəvi kirlərdən arınmasına, nəfsə hakim olmağa bağlıdır, kəşf, sezgi, duyğu yolu ilə öyrənilir;

 

- Nizaminin "Sirlər xəzinəsi" dastanındakı "sirr" sözü mənanı, dəyəri, həqiqəti, elmi ifadə edir. Şair "sirr" sözünü "xəzinə" sözü ilə birgə işlədir, ona yeni anlamlar qazandırır, gizlilik, çoxluq, dəyər, xeyir mənaları yükləyir; 

 

- Sirr çox önəmlidir;

 

- Onu göz-bəbəyin kimi qoru, kimsəyə danışma;

 

- Sirrini qorumağa gücün çatmasa, kiməsə danışmaq məcburiyyətində qalsan, tələsmə, öncə əmək ver, öyrən, əsl dost tap;

 

- "Sirr" irfan düşüncə sisteminin ən önəmli qavramlarından biridir;

 

- "Sirlər xəzinəsi" dastanının adında olan "sirr" sözü irfan düşüncəsinin içini doldurduğu mənanı daşıyır;

 

- "Sirr" də ruh kimi incədir;

 

- "Sirr"də müşahidə, görmə var;

 

- "Sirr"in yeri qəlbdir;

 

- "Sirr"də irfan, mərifət, bilmək, tanımaq var;

 

- "Sirr" qəlbin mənfi duyğulardan təmizlənərək sezgi yolu ilə kəşf etdiyi mənadır;

 

- "Sirr" məna əhlinin bildiyi şeydir;

 

- "Sirrin sirri" də var, onu isə ancaq uca Allah bilir;

 

- "Sirr" ruhdan daha incədir, ruh qəlbdən daha şərəflidir;

 

- "Sirr" uca Allahdan başqasına meyil etməz, heç bir şeyə kölə olmaz;

 

- Qul ilə uca Allah arasında gizli qalan hallar da sirdir;

 

- Hürr (azad, nəfsinin köləliyindən qurtulmuş, yalnız uca Allaha qul olmuş) ərdəmli insanların qəlbi sirlər məzarıdır, onlar sirri kimsəyə danışmazlar;

 

- Nizami "Sirlər xəzinəsi" dastanında olan "Cəmşid və onun şəxsi mühafizinin hekayəsi" adlı bölməni sirrin mənasını, önəmini, onu qorumağın yollarını və zəruriliyini şərh etmək üçün yazıb.

 

Siracəddin HACI

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

525-ci qəzet.- 2016.- 19 may.- S.6.