Vyana görüşü pozitiv məqamlarla
yadda qaldı
AZƏRBAYCAN ORDUSUNUN APREL ZƏFƏRİ ATƏT-in MİNSK QRUPUNU ERMƏNİSTANA KONSTRUKTİV DANIŞIQLAR MƏCRASINA QAYITMASI ÜÇÜN TƏZYİQ GÖSTƏRMƏYƏ VADAR ETDİ
Məlum olduğu kimi, mayın 16-da Vyanada Azərbaycan və
Ermənistan prezidentlərinin görüşü
keçirilib.
Əvvəlki
görüşlərdən fərqli olaraq bu dəfə
danışıqlarda ABŞ-ın dövlət katibi Con Kerri,
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov,
Fransanın Avropa məsələləri üzrə dövlət
katibi Harlem Desir, ATƏT-in Minsk Qrupunun həmsədrləri və
ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi
Anji Kaspşik də iştirak ediblər. Bu,
aprel döyüşlərindən sonra vasitəçilərin
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
prosesində aktivləşdiklərini, məsələyə
daha ciddi yanaşdıqlarını göstərir.
Bu və digər səbəblərə görə
ekspertlər Vyana görüşünü pozitiv hesab edirlər. Çünki
Ermənistanın ciddi səylərinə və müqavimətinə
baxmayaraq, Azərbaycan ordusunun 2-5 aprel tarixlərində 2000 ha ərazini
işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən
qəbul olundu. Ermənistan Vyana
danışıqlarına qədər ciddi cəhdlə
orduların təmas xəttinin 1994-cü ilin mayında
imzalanmış atəşkəs zamanı müəyyən
edilən xəttə çəkilməsinə
çalışıb, əks halda beynəlxalq ictimaiyyəti
atəşkəsin pozulacağı ilə şantaj edirdi.
Ermənistan
2014-cü ildə Paris danışıqlarından sonra
ATƏT-in Minsk Qrupu çərçivəsində davam
etdirilən sülh müzakirələrini pozub, hər dəfə
danışıqlarda irəliləyişə ümid
yarananda, cəbhə xəttində təxribatlara əl
atıb və danışıqları pozmağa
çalışıb. Almaniya federal kansleri
Angela Merkelin təşəbbüsü ilə bu ilin fevral
ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı
aparılmış müzakirələrdən sonra da aprelin əvvəllərində
Ermənistan növbəti belə təxribata əl atdı.
Bununla Ermənistan bütün beynəlxalq
müzakirələrin formal olduğunu nümayiş etdirir,
heç bir vəchlə danışıqlar masası
arxasında ciddi müzakirələr aparmayacağını
göstərirdi. Azərbaycan ordusunun aprel
zəfəri isə həm Ermənistanı
danışıqlar masası arxasına oturmağa məcbur
etdi, həm də ATƏT-in Minsk Qrupunu Ermənistana konstruktiv
danışıqlar məcrasına qayıtması
üçün təzyiq göstərməyə vadar etdi.
Həm Ermənistan, həm də ATƏT-in Minsk Qrupunun
üzvü olan dövlətlər anladılar ki, mövcud
status-kvonun zaman limiti bitib, status-kvonu uzatmaqla Azərbaycan
dövlətini işğal faktı ilə
barışmağa məcbur etmək mümkün deyil, bundan
sonra da münaqişə dondurulmuş vəziyyətdə
saxlana bilməz.
Azərbaycan dövləti, Azərbaycan xalqı
konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı,
münaqişəni istənilən vaxt beynəlxalq hüquq
çərçivəsində güc yolu ilə həllinə
qadirdir. Bununla da Ermənistan tərəfi mövcud
status-kvonun dəyişdirilməsi üçün konstruktiv
danışıqları davam etdirməyə məcbur edildi.
Eyni zamanda, Vyana danışıqlarında aprel
insidentinin araşdırılması məqsədilə
ATƏT-in yeni faktaraşdırıcı missiya yaratması qərara
alınıb.
Şübhə yoxdur ki, münaqişə
bölgəsində monitorinqlər aparacaq missiyanın gələcəyi
qənaət də ATƏT-in əvvəlki
missiyalarının rəyləri kimi Azərbaycanın xeyrinə
olacaq. Çünki Azərbaycan ordusu
özgə ərazisində deyil, Azərbaycan
Respublikasının beynəlxalq hüquqla tanınmış ərazisində
işğalçı ordunun təxribatlarına cavab verir.
Ermənistan ordusu yaşayış məntəqələrini,
mülki əhalini hədəfə alır, xəstəxanaları,
məktəbləri, əkin sahələrini bombardman edir.
Dinc sakinlərə qarşı beynəlxalq
konvensiyalarla qadağan edilmiş silahlardan, o cümlədən,
kimyəvi silahdan istifadə olunur. Bu faktlar
təsbit edilərək dəfələrlə beynəlxalq
ictimaiyyətin, ATƏT üzvü olan dövlətlərin nəzərinə
çatdırılıb. Azərbaycan isə
yalnız atəşkəsin pozulması hallarında,
düşmənin hərbi obyektlərini hədəfə
almaqla cavab verib. Son aprel hadisələri
zamanı da ordumuzun qarşısında qoyulmuş tələblərdən
biri də Dağlıq Qarabağda yaşayan mülki əhalinin
hədəfə alınmaması ilə bağlı olub.
Ona görə də ekspertlərin gəldiyi qənaət
belədir ki, Vyana danışıqları aprelin əvvəllərində
Azərbaycan ordusunun zəfərinin diplomatiya sahəsində
davamı kimi dəyərləndirilməlidir. Əldə edilmiş hərbi
və diplomatik üstünlük Azərbaycanın
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı mövqeyini gücləndirir və münaqişənin
beynəlxalq hüquq norma və prinsipləri
çərçivəsində həlli üçün
ciddi zəmin yaradır.
Məsələ
ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin
sədri Mübariz Əhmədoğlu bildirib ki, Ermənilər
Azərbaycan və Ermənistan prezidentlərinin Vyana
görüşünün nəticələrini özlərinə
sərf edən şəkildə təqdim etməyə
çalışırlar. Onun sözlərinə görə,
reallıq isə ondan ibarətdir ki, Ermənistan prezidenti Serj
Sarkisyana torpaqları Azərbaycana qaytarmaq, öz cəmiyyətini
azərbaycanlıların Dağlıq Qarabağa
qayıtmasına hazırlamaq üçün qısa vaxt
verilib.
Politoloq
bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin
görüşün yekunu ilə bağlı
hazırladıqları bəyanatda belə bir maddə var ki,
itkin düşən şəxslərin siyahısı dəqiqləşdirilməlidir:
"Əslində bu məsələ 2014-cü ildə
prezidentlərin Paris görüşündə
razılaşdırılmışdı. Ancaq
Sarkisyan Parisdən qayıdandan sonra öncədən
razılaşdığı təklifi rədd edərək
qoşunların təmas xəttinə yaxın ərazidə
-Azərbaycanın işğal altında olan torpaqlarında
genişmiqyaslı hərbi təlimlərə başlayıb.
İşğalçı ölkə rəhbəri
bununla itkin düşmüş şəxslərin
axtarışına imkan verməyəcəyini göstərib.
Halbuki razılaşmaya görə, itkin
düşənlərin siyahısının dəqiqləşdirilməsindən
əlavə müharibə zamanı həlak olanların dəfn
olunduğu məzarlıqlara baxış keçirilməli,
ekspert qrupunun meyitlərdən götürdüyü DNT
analizləri ilə öldürülənlərin kimlikləri
müəyyənləşdirilməli idi. Bununla öldürülənlərin erməni, yoxsa
azərbaycanlılar olduğu dəqiqləşdirilməli
idi. Ermənistan isə buna razı
olmadı. Çünki aşkar
olunacaqdı ki, öldürülənlərin əksəriyyəti
azərbaycanlılardır".
M.Əhmədoğlu
qeyd edib ki, prezidentlərin Vyana görüşündə bu məsələ
Sarkisyanın boynuna qoyulub: "İtkin düşən şəxslərin
kimliyi müəyyənləşməlidir. Bu
prosesin həyata keçirilməsi - erməni
işğalı zamanı döyüş gedən, eləcə
də məzarlıqların yerləşdiyi ərazilərin
göstərilməsi üçün mütləq şəkildə
Dağlıq Qarabağ, eləcə də ətraf yeddi rayonun
azərbaycanlılarından ibarət nümayəndə heyəti
ekspert qrupunun daxilində o yerlərdə işləməlidir.
Yəni, Vyana görüşündə əldə
olunan razılaşmaya görə qaçqınlar müəyyən
müddətlik də olsa, öz torpaqlarına
qayıtmalıdır. Hazırda vəziyyət
isə elədir ki, əgər azərbaycanlılar 1 həftə
də olsa, öz dədə-baba yurdlarına qayıtsalar, ermənilər
psixoloji tarazlıqlarını tamamilə itirəcəklər".
Mərkəz
sədri vurğulayıb ki, prezidentlərin Vyana
görüşünün çox əhəmiyyətli
geosiyasi nəticəsi var: "Bu görüşlə aprel
döyüşlərindən sonra təşəbbüsü
öz əlinə alan Rusiyanın bu
aktivliyinə son qoyulub. Diqqət yetirsək, görüş
zamanı masanın baş tərəfində ABŞ-ın
dövlət katibi Con Kerri, onun müavini Viktoriya Nulland və
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi
nümayəndəsi Anjey Kaspşik, Ermənistan prezidenti Serj
Sarkisyanın yanında Rusiya xarici işlər naziri Sergey Lavrov,
Azərbaycan prezidenti İlham Əliyevin yanında isə
Fransanın Avropa məsələləri üzrə naziri
Harlem Desir əyləşmişdi. Bu özü
də çox vacib bir məqamdır. Yəni,
bununla Rusiya açıq-aşkar nümayiş etdirib ki, Ermənistan
onların tabeliyindədir. Azərbaycan isə
heç bir dövlətdən asılı deyil və sivil
dünyanın tərkib hissəsidir. ABŞ-ın
məqsədi Rusiyanı zəiflətmək olsa da, biz
heç bir geosiyasi oyunda iştirak etməyəcəyik.
Azərbaycanın məqsədi yalnız öz
torpaqlarını erməni işğalından azad etməkdir".
Görüşün uğurlu nəticələrlə
yadda qaldığını deyən M.Əhmədoğlu əlavə
edib ki, Azərbaycan yaxın 1 ay ərzində müharibə
etmək niyyətində deyil. Onun sözlərinə görə,
lakin istənilən erməni təxribatına qarşı Azərbaycan
addekvat cavab verəcək: "Ölkəmiz mötəbər
idman yarışı -
"Formula-1" ərəfəsində olduğu
üçün biz 1 ay - 1 ay yarıma müharibə edəsi
deyilik. Əgər iyun ayının sonuna qədər
Ermənistan qəbul etdiyi şərtləri yerinə yetirməsə,
hər şey başqa cür olacaq".
Milli Məclisin
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin üzvü Zahid Oruc isə hesab
edir ki, Vyana görüşü əslində 4 günlük
aprel müharibəsinin təsiri altında keçib.
O "SİA"ya bildirib ki, illərdir Dağlıq Qarabağ problemini beynəlxalq gündəmin 10-15-ci dərəcəli məsələsi sayanlar gördülər ki, bir uğurlu əməliyyat - düşmən ölkənin təxribatına verilən cavab reaksiyası artıq nəticələrini göstərməkdədir: "Vyanada keçirilən görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında keçən 7 telefon danışığından sonra baş tutub. Bu görüşdən Azərbaycan üçün bir neçə nəticə çıxarmaq mümkündür.
Birinci növbədə biz əminik
ki, Azərbaycan Prezidenti bu danışıqlarda aprelin əvvəlində
baş verən uğurlu hərbi əməliyyatları siyasi
müstəviyə daşımağa çalışdı.
20 ildən artıq bir müddətdə erməni tərəfinin
məlum reallığı danışıqlarda bizə qəbul
etdirməsi qeyri-mümkün oldu. İkincisi, Ermənistan
prezidenti Sarkisyanın şərtləri mövcud idi ki, guya
onlar danışıqlara gəlməyəcəklər. Lakin məlum oldu ki, onun sözü də, şərtləri
də beynəlxalq aləm üçün siyasi məna
daşımır və heç bir çəkiyə malik
deyil. Üçüncüsü, faktiki olaraq Vyanada
danışıqlar gedərkən cəbhə xəttində
atəşkəs yenə də ən ciddi intensivliklə
pozulmaqda idi. Bunun özü sübut edir ki, Ermənistan
ordusu yeni bir reallıq yaratmaqdadır. Bu o deməkdir ki, ATƏT-in
Minsk Qrupu prosesin qarşısında dayana bilmir. Əgər onlar real
missiyalarını yerinə yetirə bilməyəcəklərsə,
artıq əvvəlki kimi sadəcə bəyanatlarla iş
bitməyəcək. Digər tərəfdən
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki,
bu görüş Amerikanın istəyi ilə baş tutub.
O bildirdi ki,
iyun ayında bu məsələnin
çözümü üçün həlledici raund
başlayacaq və Rusiyanın irəli sürdüyü mərhələli
həll modeli əsas götürüləcək. Bu
baxımdan hesab edirəm ki, Vyanada keçirilən
danışıqlar əhəmiyyətli idi. Lakin
bütövlükdə götürüləndə iyun
ayında növbəti görüşün keçirilməsinin
bildirilməsi bir daha onu deməyə əsas verir ki, Anjey
Kaspşikin idarəsinin sayını 30-a çatdırmaqla təmas
xəttində baş verənlərin qarşısında
zireh çəkmək mümkün deyil. Bilirsiniz
ki, Ukraynada 800-ə yaxın ATƏT müşahidəçisi
var. Onlar orada hərbi monitorinq aparırlar. Nəyinsə qarşısını ala bilirlərmi?
Düşünürəm ki, Anjey Kaspşikin
idarəsini genişləndirməkdənsə, məsələni
həll etmək lazımdır".
Ceyhun ABASOV
525-ci qəzet.- 2016.- 19 may.- S.5.