Səməd Vurğun poeziyasının erkən dövrü: ənənə, bədii metod və ədəbi-fəlsəfi qaynaqlar

 

"Zəmanəmizin nəcib şairlər nəslindən olan, bu mənalı şeir, sənət irsini, həyata, həqiqətə, insanlığa məhəbbət irsini yaradıcılıqla davam və inkişaf etdirən, Azərbaycan xalqının adına, şərəfinə və sənətinə layiq bir yaradıcılıq idealına, yaradıcılıq aləminə malik olan, Azərbaycan şeirinin fəxri, xalqın böyük nəğməkarı" adı ilə yad edilən Xalq şairi Səməd Vurğun poetik nəsillər üçün ədəbi məktəbdir.

 

Bu ilin may ayında "bu alovlu şair tribun"un (Mehdi Hüseyn) 110 yaşı tamam olur.

 

S.Vurğunun poetikası müxtəlif aspektlərdən öyrənilsə də, şairin 1920-30-cu illər şeirinin ədəbi-fəlsəfi qaynaqları haqqında demək olar ki, elmi-nəzəri fikir söylənilməyib. Şairin poeziyasına ədəbi-tənqidin diqqəti 1920-ci illərin sonlarından başlayıb. Əli Nazim onunla R.Rza mövqeyinə daha tez qiymət verib.

 

S.Vurğun bədii dünyagörüşü etibarilə həm türk-Avropa, həm də rus poeziyası ənənələrindən öyrənib. Yaradıcılığının 1920-30-cu illəri türk ədəbiyyatı, Tofiq Fikrət, N.Hikmət şeirinin təsiri altında daha çox romantik şeir ənənələri ilə bağlı olub. Mir Cəlal yazırdı: "Məktəblərdə tədris-tərbiyə vəsaiti olaraq Türkiyə kitablarından istifadə olunurdu. Kitabxanaların əsas fondu İstanbul kitabları idi. İstanbuldan gəlmiş müəllimlər nüfuz sahibi idilər. Ali təhsil və hərbi ixtisas həvəsində olan varlı balalarının çoxu İstanbula oxumağa gedirdi. Mirzə Məhəmməd Axundov, Cəlal Yusifzadə, Əlipaşa Hüseynzadə, Səməd Mənsur və bir çox şairlər az və ya çox dərəcədə türkçülük təsirinə qapılmışdılar". S.Vurğun həm də Avropa ədəbiyyatını öyrəndiyinə, bu ədəbiyyatdan tərcümələr etdiyinə görə yaradıcılığında Avropa romantiklərindən Corc Bayron, habelə, Şillerin təsiri güclü olub, poeziyasına bir romantik keyfiyyət aşılayıb.

 

Sənətkar rus, Moskva ədəbi mühiti ilə bağlı olduğundan averbaxçılıq, verxarınçılıq, subyektiv fərdiyyətçilik (abstraksionizm), avanqardizm, dekadentizm, sürrealizm, futurizm, hətta klassisizm onun baxışlarına yad olmayıb, bu barədə qiymətli fikirlər söyləyib. Lakin bütün bunlara rəğmən onun şeir sənəti əsrin əvvəllərində romantizm cərəyanından daha çox qidalanıb. Elə buradan belə bir sual da alınır: XX əsr poeziyasına problemli, metodoloji yanaşmada hansı meyar: realizm, yoxsa romantizm üstün keyfiyyətə çevrilməlidir? XX əsr faktoloji olaraq realizm əsri olub - sənətin, ədəbiyyatın əsasında sənət həyat üçündür prinsipi dayanıb. Bu dövrün poeziyası da təbiidir ki, realizm poeziyasıdır. O, romantik keyfiyyətdən sərf-nəzərdirmi, deməliyik ki, yox! Bunu qabartmağa, məsələn, Ə.Cavad, C.Cabbarlı, M.Müşfiq, S.Vurğunu romantizm müstəvisinə keçirib təqdim etməyə ehtiyac varmı? Qarışdırmayaq: M.Hadi, H.Cavid daha çox bəşəri poeziyanın stixiyası ilə, İ.Şinasi, T.Fikrət, N.Kamal, R.Tofiq, Ə.Hamid, bir sözlə, Türkiyə, Avropa (xüsusilə, Fransa) romantik məktəblərinin öyrəncləri ilə (Höte, Bayron, Şiller və s.) bağlı olub, möhkəm ədəbi bünövrə üzərində gəlib, təhsili və bədii-fəlsəfi görüşləri etibarilə fərqlənib. A.Şaiq, A.Səhhət və S.Səlmasinin də mövqeyini bu cür düşünmək olar. Ə.Cavad, C.Cabbarlı, M.Müşfiq və S.Vurğun isə təhsil tipi, sənət prinsipləri, bədii metodlar etibarilə daha çox milli məkan mənsubiyyətinə, realizm ənənələrinə bağlı olub. Onlar milli gerçəkliyin və milli mənəviyyatın ədəbi simalarıdır. Lakin bu da inkar olunmazdır ki, A.Şaiq, A.Səhhət, Ə.Cavad, M.Müşfiq, S.Vurğun Avropa romantik şeirinin təsirilə təmaslı olduğundan, onlardan daha çox tərcümələr etdiyindən şeirlərində romantik keyfiyyət daha qabarıq görünüb. Əslində onlar Sovet quruculuğu platformasında dayanıb yazdıqlarından, yaradıcılıqları güclü romantikalı realizm xüsusiyyətlərinə malik olub. Fikrimizcə, Səməd Vurğun yaradıcılığını Ə.Cavad, C.Cabbarlı və M.Müşfiq kimi daha çox romantikalı realist sənətkar kimi hüdudlandırmaq olar.

 

XX əsr - Sovet dövrü, quruluş əsridir. Həyat və ədəbiyyat onun uğrunda mübarizə aparıb. Bu səbəbdən Ə.Cavad, C.Cabbarlı, M.Müşfiq, S.Vurğun dövrünün realistləridir. Hətta ədəbi tənqid C.Cabbarlı və S.Vurğunu gah romantik, gah da romantik realizm sənətkarları kimi qələmə verib. Onlar sənətə həyat və sənət meyarı kimi baxdıqlarından əsərlərində romantik keyfiyyət vüsətli olub. Onların romantik sənət keyfiyyətləri bədii dünyagörüş məsələsidir. S.Vurğun 1924-1925-ci illərdə çox gənc, 18-20 yaşlarında olub. Təbiidir ki, ədəbiyyatda gedən təbəddülatlar onun şüuruna güclü təsir göstərib, fərdiyyətçi psixologiyasını dərinləşdirib, onu sürreal hala gətirib. Bu baxımdan şairi sosialist realizminə qədərki ədəbi şəraitdə də təhlil etmək gərəklidir. Bu dövr Səməd Vurğunun özünüaxtarış dövrüdür. Ona görə də şairin yaradıcılığının birinci dövrü (1924-1930-cu illər) xüsusi təhlilə ehtiyaclıdır. Haqqında aparılmış tədqiqatlar isə bu barədə lüzumlu bir fikir ifadə etməyib. Halbuki həmin illərin şeirlərində futurizm, dekadentizm, avanqardizm ədəbi cərəyanlarının təsir xüsusiyyətləri olub. Çünki bu dövr Hüseyn Cavid poeziyasına aludəliklə səciyyəvidir. Hətta S.Vurğun H.Cavidə xitabla "Sızıltılarım" (1926) adlı şeir də həsr edib. Bir parça:

 

Həsrətlər yorğunu şikəstə könlüm,

Ah, şu dərdli könlüm, şu xəstə könlüm,

Görmədim mürüvvət bir kəsdə könlüm,

Mən gülmərəm, aylar, illər ötüşsün!

 

S.Vurğun yaradıcılığının 1920-30-cu illər mərhələsi, əsasən, romantik keyfiyyətlə müşayiət olunub. Xüsusilə, o, N.Hikmətin "Günəşi içənlərin türküsü" əsərindən sonra onun ənənələri əsasında romantik keyfiyyəti realist-epik həyat istiqamətinə doğru yönləndirib. S.Vurğun türk şeiri ənənələrində nə qədər romantik dəyərlərə malik olubsa, rus şeiri ənənələrində o qədər realist dəyərlərə yiyələnib.

 

XX əsrin 20-ci illərində yaşlı nəsil, əsasən, əruzu işlətdiyi halda, gənclər sərbəst və heca şeirinə üstünlük verib. Əmin Abid qeyd edirdi ki, "ancaq sərbəst şeir Azərbaycan oxucularının ənənəvi şeir şəkillərinin mükəmməl bənd quruluşu və dəqiq vəzn tipləri əsasında formalaşan bədii-estetik zövqünü oxşaya bilmirdi. Adi, real həyat hadisələrindən yazmaq isə əruzun avazlı, romantik intonasiya xüsusiyyətlərinə o qədər də uyğun gəlmirdi". Əlbəttə, bu illərdə əruzla yazılmış bədii nümunələri inkar etmirik. Yeni həyatın nəbzi köhnə formada - qəzəldə və başqa janrlarda da döyünüb.

 

S.Vurğun 1930-cu illərə qədərki fərdiyyətçi (dekadent) şeirlərini "Ölən şeirlərim" adlandırıb. Əslində onun "ölən" ifadəsi "sərbəst şeirlərinə" də aiddir. Çünki 1932-ci ildən sonra şair demək olar ki, "sərbəstdə" yazmayıb. Bu, bizcə, onun klassik və xalq-aşıq şeiri üslubuna - ədəbi irsə olan müsbət münasibətindən irəli gəlib. S.Vurğun yeni tarixi şəraitdə bir təşkilatçı, milli şeirin, ahəng və intonasiyanın yaradıcısı olaraq Nizami, Füzuli, Sabir irsinin öyrənilməsi və təbliğatçısı kimi çalışıb, heca vəznində gələn xalq - aşıq şeiri üslubuna, formalarına üstünlük verib.

 

XX əsrin əvvəllərindən irəliləyən maarifçi-mötədil, inqilabi-maarifçi, xalqçı-"Molla Nəsrəddinçi" poeziya, əsasən, 1920-ci illərin əvvəllərində tənəzzül prosesi keçirib, o biri cərəyan - H.Cavid, Ə.Cavad, C.Cabbarzadə və başqalarının təmsil etdiyi ədəbiyyat zümrəsi isə yeni proletar ədəbiyyatı, proletkultçuluqla üz-üzə dayanıb. Bütün ideoloji təsisatlar siyasi hakimiyyət əlində cəmləşdiyindən H.Cavid və Ə.Cavad yolu ilə getmək istəyən M.Müşfiq və S.Vurğun da romantik ruhundan uzaqlaşıb, romantikalı realizm deyilən bir dünyagörüşə yiyələnib.

 

Dövrün ədəbi-nəzəri fikrinə, ədəbi prosesin bəzi nümunələrinə əsasən, pereverzevçiliyin, averbaxçılığın, voronskiçiliyin türk ədəbiyyatına təsiri yox olmayıb. S.Vurğuna da irad tutulub ki, onun 1920-ci illərin axırları, 1930-cu illərin əvvəllərinə aid olan şeirlərində Pereverzev, Averbax ruhu, təsiri vardır. Çünki S.Vurğun bir vaxt Moskvada təhsil alıb, rus ədəbi mühitinin təsirindən qidalanıb. O, bu illərdə əhval-ruhiyyəsinin qarışıq olduğu bir vaxtda idealist düşüncəyə daha çox bağlanıb, bir mistik-idealist kimi göylərə, romantik xəyallara dalıb, skeptik düşüncəyə, təxəyyülə varıb. Səməd Vurğun poeziyasının romantik ruhunun qaynağı bir də bununla: mistik-idealist baxışlarla bağlı olub...

 

XX əsr Azərbaycan poeziyasının üslub və forma cəhətdən öyrənilməsinin metodoloji zəminində fəlsəfi-ədəbi kateqoriyalar, "...izmlər", dünya ədəbi fikrinə yanaşma meyarları: neopozitivizm, ekzistensializm, strukturalizm, komporativizm, modernizm, sürrealizm, destruktivizm və başqaları dayanıb.

 

XX əsrin 20-ci illərində ədəbi cərəyanlar geniş yayılmışdı. Bunlar modern fikir və düşüncənin təsiri olaraq meydana çıxmışdı. Birinci Dünya müharibəsindən sonra Qərbdə (Avropa) və Şərqdə, habelə, Rusiyada ictimai-siyasi mühitlə əlaqədar olan ədəbi təsir geniş idi. Bu baxımdan Azərbaycan şeiri də belə təsirlərə həssas olmuşdu. Xüsusilə, M.Hadi, Ə.Hüseynzadə, H.Cavid, A.Şaiq, A.Səhhət, Ə.Cavad; habelə, M.Müşfiq, S.Vurğun, S.Rüstəm kimi 1920-30-cu illərin ilk kitab müəlliflərinin yaradıcılığında bu təsir aşkar duyulurdu. Həmin illərdə burjua cərəyanları hesab edilən fəlsəfi-ədəbi tendensiyalar bədii fikir və düşüncə dövriyyəsinə daxil olurdu. Nə qədər ki, klassik irs inkar edilirdi, ona nihilist münasibət bildirilirdi, o qədər ədəbi cərəyanlar "işlək" olaraq qalırdı.

 

S.Vurğun "Sovet poeziyası haqqında" məqaləsində etiraf edirdi ki, A.Blok, V.Bryusov, S.Yesenin kimi şairlərin simvolizmdən və dekadentizmdən uzaqlaşmalarına Oktyabr inqilabı səbəb olub. Şair onu da etiraf edirdi ki, "Oktyabr inqilabı bizim bir sıra qardaş respublikaların poeziyasının, məsələn, gürcü və Azərbaycan poeziyasının dekadent təsirindən azad olmasına kömək etdi".

 

Əli Nazim yazırdı ki, "kapitalizm dünyasının iqtisadi və sinfi ziddiyyətləri, xüsusiyyətləri və bu xüsusiyyətlərə uyğun bir ümumi üslubu vardı. Lakin bütün bu üslublarda Avropa texnikasının çox böyük bir təsiri (saçma - Ə.Ə.) olduğundan kapitalizm cəmiyyətinin ən irəli, hakim üslubu konstruktiv realizm, konstruktivizm, ekspressionizm (saçma - Ə.Ə.), daha doğrusu, bunların sintezindən ibarətdir". Tənqidçi rus ədəbiyyatındakı cərəyanlar və məktəblərin adlarını da nişan verirdi. Bunlar simvolizm, akmeizm, futurizm, imajinizm, ekspressionizm, formalizm, klassisizm, emosionalizm, kubizm, konstruktivizm idi.

 

Türk və rus şeirində izini göstərmiş ədəbi cərəyanlardan biri futurizm olub (latınca "gələcək" deməkdir). Əli Nazim qeyd edirdi ki, "Nazim Hikmətə bu yolu bəlkə də Qərbdən gələn cərəyanlar göstərdi. Bəlkə də, Emil Verxarn, Uitmen Nazimə ilk təsir etdilər. Lakin bizcə bu, elə bu qədər qaldı. Şəkil etibarilə olan təkamülü isə ona rus ədəbiyyatı, bilxassə rus futuristləri göstərdilər. Nazim o zaman futurist oldu və gələcəyin futurist şairinə xitabələr yazdı". Mehdi Hüseyn isə "Bizdə futurizm cərəyanı" (1926) məqaləsində yazırdı ki, "futurizmin bir çox nöqsanlı cəhətlərini qeyd edirik, həqiqətən bizim ədəbi həyatımızda tətbiqi çox olduğunu etiraf edəcəyik. Bu ədəbi məsləkə görə vəzn və şəkilə əsla əhəmiyyət verilməyib, yalnız mövzuya əhəmiyyət verirlər. Fəqət ədəbi bir əsərin yalnız mövzusu oxucunu lazımınca təmin edə bilməz... Ən əvvəl onu etiraf eləyim ki, yeni cərəyana göz yummaq və onu az zamanda aradan yox etməyə çalışmaq doğru deyildir. Fəqət, futurizm cərəyanı ilə yazanlar onun mütaliəsini yapmadan əllərinə qələm almış və vəznsiz, şəkilsiz bir nəzm deyil, nəsr vücuda gətirmişdirlər. Bu yazılar səslə (yəni şeir intonasiyası ilə) oxunmasa, heç bir qiymətə malik olmazlar. "Futurizm adlı ədəbi cərəyanın başçılarından biri Mayakovskidir. Bu əsərində sırf proletar həyatilə əlaqədar olur və yuxarıda söylədiyimiz kimi əsərin yalnız məzmununa əhəmiyyət verir..."

 

Futurizm XX əsrin 1910-20-ci illərində Avropa ədəbiyyatı və incəsənətində, avanqardizm cərəyanının tərkib hissəsi kimi meydana gəlib. Futiristlər mədəni irsi inkar edib. Bir vaxt N.Hikmət və V.Mayakovski futurist şeir yazıb, sonra şeirin ictimailiyi, sinfi, inqilabi, milli yollarına qədəm qoyublar. Xüsusilə, onlar Qafqazda, Azərbaycanda, Gürcüstanda görüşlər keçirib, şeirlər oxuyub, ədəbi qüvvələri səfərbər ediblər. Ə.Nazim, M.Rəfili, Ə.Fövzi, M.Müşfiq, S.Rüstəm, R.Rza xüsusilə futurist şeirin təsirinə məruz qalıblar.

 

(Ardı var)

 

Əlizadə ƏSGƏRLİ

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru

525-ci qəzet.- 2016.- 20 may.- S.4.