Görkəmli dilçi alim və
bacarıqlı elm xadimi - Akademik Tofiq Hacıyev - 80
Müasir
Azərbaycan dilçilik elminin ən parlaq simalarından, ən
görkəmli nümayəndələrindən biri filologiya
üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü,
Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və
Kültür Qurumunun fəxri üzvü Tofiq Hacıyevdir.
Düşünürük
ki, akademik Tofiq Hacıyevin Azərbaycanda dilçiliyin,
xüsusilə də ədəbi dil tarixinin
araşdırılması sahəsində tutduğu yüksək
məqamının və böyük xidmətlərinin
sübutu olaraq təkcə aşağıdakı bir neçə
fakta nəzər salmaq yetərlidir:
1. Tofiq
Hacıyev indiyədək dilçilik sahəsində Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü
seçilmiş az sayda ən görkəmli,
ən nüfuzlu alimlərdən biridir.
2. Tofiq
Hacıyev türkologiya sahəsindəki xidmətlərinə
görə Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix
və Kültür Qurumunun Azərbaycandan olan az
sayda fəxri üzvlərindən biridir.
3. Tofiq
Hacıyev türkologiya sahəsindəki xidmətlərinə
görə Türkiyə Cümhuriyyətinin “Ləyaqət”
nişanına layiq görülmüş az
sayda Azərbaycan alimlərindən biridir.
4. Tofiq
Hacıyev 41 kitabın və 500-dən çox məqalənin
müəllifidir. Aydındır ki, bu qədər
elmi əsəri olan dilçi alimlərin sayı heç də
çox deyildir, barmaqla göstərilən qədərdir.
Akademik Tofiq Hacıyevin həyat yoluna nəzər
saldıqda onun ilk növbədə yüksək istedadı,
çalışqanlığı və zəhmətkeşliyi
ilə seçilən, milli təəssübkeşli bir
ziyalı, təpədən dırnağa qədər əsl
elm adamı olduğunu görürük. Tofiq İsmayıl oğlu
Hacıyev 1936-cı il may ayının 1-də
Cəbrayıl rayonunun Soltanlı kəndində anadan
olmuşdur. O, 1953-cü ildə orta təhsilini doğma Soltanlıda aldıqdan sonra indiki
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə
daxil olaraq 1958-ci ildə oranı fərqlənmə diplomu ilə
bitirmiş və Universitetin aspiranturasında
saxlanılmışdır. Görkəmli
dilçi alim akademik Məmmədağa Şirəliyevin rəhbərliyi
ilə “Azərbaycan dilinin Cəbrayıl şivəsi”
mövzusu üzərində araşdırma aparan gənc tədqiqatçı
bu elmi işini 1962-cı ildə namizədlik dissertasiyası səviyyəsində
başa çatdırmış və onu uğurla müdafiə
etmişdir. Tofiq Hacıyev bu ilk dəyərli
tədqiqatında Cəbrayıl şivəsində Azərbaycan
dilinin qərb və cənub ləhcələrinin xüsusiyyətlərinin
olması qənaətinə gəlmiş və yeniliyi ilə
seçilən bu fikrini elmi şəkildə əsaslandırmışdır.
Tofiq
Hacıyev 1962-1967-ci illərdə M.F.Axundov adına
Azərbaycan Pedaqoji Dillər İnstitutunda müəllim və
dosent vəzifələrində çalışmış,
1968-ci ildən isə Azərbaycan Dövlət Universitetində
pedaqoji fəaliyyətini davam etdirmişdir. 1969-cu
ildə 33 yaşında olarkən “XX əsrin əvvəllərində
Azərbaycan ədəbi dili” mövzusunda doktorluq
dissertasiyasını müdafiə edən T.Hacıyev 1971-ci
ildə indiki Bakı Dövlət Universitetinin professoru
seçilmişdir. O, 1984-cü ildən
ömrünün sonunadək Bakı Dövlət
Universitetinin Türkologiya kafedrasının müdiri vəzifəsində
çalışmışdır. Görkəmli
alim bu dövrdə dilçilik, xüsusilə də
türkologiya üzrə ciddi elmi araşdırmaların
aparılmasına, adı çəkilən sahə üzrə
milli kadrların yetişdirilməsi məsələsinə
böyük önəm vermiş, səmərəli
elmi-pedaqoji fəaliyyət göstərmişdir.
Akademik Tofiq Hacıyevin çoxşaxəli və məhsuldar
elmi yaradıcılığında Azərbaycan ədəbi
dili və onun tarixi məsələləri xüsusi yer tutur. Yuxarıda da
qeyd olunduğu kimi, alimin doktorluq dissertasiyası məhz bu
mövzuya - XX əsrin əvvəllərinin Azərbaycan ədəbi
dilinin araşdırılmasına həsr olunmuşdur. Onun bu məsələ ilə bağlı bir
sıra sanballı monoqrafiyaları işıq üzü
görmüşdür. “Satira dili”, “XX əsrin əvvəllərində
Azərbaycan ədəbi dili”, “Sabir: qaynaqlar və sələflər”,
“Molla Nəsrəddin”in dili və üslubu” - alimin bu qəbildən
olan kitablarıdır. Ədəbi dil tarixi sahəsində
böyük nüfuz sahibi olan T.Hacıyev adı çəkilən
monoqrafiyalarında XX əsrin əvvəllərində Azərbaycan
ədəbi dilinin inkişaf meyillərini, özəl keyfiyyətlərini
dərinliyinə və incəliyinə qədər
araşdırmış, ümumiləşdirmələr
aparmış və elmi yeniliyi ilə seçilən bir
sıra mühüm elmi fikirlərini ortaya qoymuşdur. Alim ədəbi dilimizin əski qatları ilə də
ciddi şəkildə məşğul olmuş və bu sahədə
ilk qələm təcrübəsi olan “Azərbaycan ədəbi
dili tarixi (təşəkkül dövrü)” adlı dərslik-monoqrafiyasını
1976-cı ildə ərsəyə gətirmişdir.
Respublikamızın ən qabaqcıl təhsil ocaqlarından
biri olan Azərbaycan Dövlət Universitetinin tələbələri
üçün dərs vəsaiti olaraq
hazırladığı bu kitabında müəllif milli
düşüncə sisteminə söykənərək
xalqımızın və onun dilinin qədim tarixi ilə
bağlı bir sıra ciddi müddəalarını irəli
sürmüş və oğuz-səlcuqların Azərbaycana
ilk gəlişinin II minilliyin əvvəllərində baş
tutduğunu möhkəm elmi dəlillərlə sübuta
yetirmişdir. Bu zaman artıq nüfuzu bir ədəbi dil
tarixi mütəxəssisi kimi tanınan professor T.Hacıyev ədəbi
dilimizin tarixi ilə bağlı araşdırmalarını
sonralar da uğurla davam etdirərək bir sıra sanballı
monoqrafiya və kitablara imza atmışdır: Kamil Vəliyevlə
birgə hazırladığı “Azərbaycan dili tarixi”
(1983), “Azərbaycan ədəbi dili tarixi”, II hissə (1987), Zərifə
Budaqova ilə birgə hazırladığı “Azərbaycan
dili” (1993). 1991-ci ildə “Elm” nəşriyyatında
işıq üzü görmüş “Azərbaycan ədəbi
dili tarixi” adlı sanballı kitabın da əsas müəllifi
prof. T.Hacıyevdir. Kitabdakı bölmələrin
çoxu T.Hacıyevə məxsusdur: “Kitabi-Dədə
Qorqud”un dili, “Azərbaycan ədəbi dilinin yazılı
dövrü (İnkişaf mərhələləri
haqqında)”, “XIII-XVI əsrlər ədəbi dili”, “XVII-XVIII əsrlər
ədəbi dili”, “XIX əsr ədəbi dili”, “XX əsrin əvvəllərində
ədəbi dil”.
Akademik
Tofiq Hacıyevin Azərbaycan ədəbi dil tarixi ilə
bağlı ən sanballı elmi araşdırması, 2012-ci
ildə “Elm” nəşriyyatında işıq üzü
görmüş “Azərbaycan ədəbi dilinin tarixi”
adlı iki cildlik dərslik-monoqrafiyasıdır. Ümumi həcmi 900 səhifəyə yaxın olan
bu sanballı araşdırma təkcə universitet tələbələri
üçün deyil, eyni zamanda ədəbi dil tarixi sahəsində
çalışan araşdırıcıların, mütəxəssislərin
ən başlıca və mötəbər elmi qaynağı
və masaüstü kitabı rolunu oynamaqdadır. Qeyd edək
ki, Azərbaycan ədəbi dilinin tarixi bir fənn olaraq
çoxdandır ki, ölkəmizin ali təhsil
ocaqlarında tədris olunur və bu sahədə əsas
söz sahibi heç şübhəsiz ki, akademik Tofiq
Hacıyevdir. Alim Azərbaycan ədəbi dilinin
tarixi ilə bağlı fikirlərini ölkədə baş
vermiş tarixi, ictimai-siyasi və mədəni hadisələrin
fonunda öyrənmiş və bütün bunları
bütöv bir tarixi-dilçilik hadisəsi kimi dəyərləndirmişdir.
Azərbaycan ədəbi dilinin ümumtürk ədəbi
dilinin tərkib hissəsi olduğunu vurğulayan alim bu problemlə
bağlı onu da qeyd edir ki, ədəbi dilimiz müəyyən
mədəni yüksəlişin məhsuludur. Dövlətlərin yaranması, dövlətlər
arasında yazışmaların başlanması, ümumiyyətlə,
yazılı nitqin qeydə alınması ilə ictimai-mədəni
hadisə kimi ədəbi dil müəyyənləşir.
T.Hacıyev Azərbaycan türklərinin ölkəmizdə
aborigen xalq olması məsələsinə də
aydınlıq gətirərək yazır: “Azərbaycanlılar
etnik və dil kökünə görə türkdür. Bu türkcə heç bir başqa sistemli dilin
assimilyasiyası deyil”.
Akademik
T.Hacıyev adı çəkilən kitabında ədəbi
dilimizin dövrləşdirilməsi məsələsində
də öz sözünü deyir və Azərbaycan-türk ədəbi
dilinin tarixini iki dövrə bölür: yazıyaqədərki
dövr; yazılı dövr. Birinci dövrə
aid örnəklər sırasında daşlar üzərindəki
yazılar, folklor nümunələri, onomastik vahidlərin
etnik tərkibi və digər faktlar qeyd olunur. Ədəbi
dilin başlanğıcında, birinci dövrünün əsasında,
kökündə ilk əmək nəğməsi, ilk atalar
sözü, ilk mif-əfsanənin durduğunu vurğulayan
müəllif onu da qeyd edir ki, ədəbi dil
anlayışı geniş mənada insanlığın
müəyyən inkişaf səviyyəsi ilə sıx
şəkildə bağlıdır və həmin
dövrün məhsuludur. Ədəbi dilin II
dövrünə gəldikdə isə alim sözügedən
dərslik-monoqrafiyasında artıq yazılı ədəbiyyatımızı
təmsil edən söz sənətkarlarının, şair və
yazıcıların əsərləri üzərində
araşdırma aparır və bir sıra elmi ümumiləşdirmələrini
ortaya qoyur. Qeyd edək ki, bu dövrün materialları təkcə
ədəbi mətnlərlə məhdudlaşmır, burada
klassik lüğətlərin (Hüsaməddin Xoyinin
“Töhfeyi-Hüsam”, Hinduşah Naxçıvaninin
“Əs-sihah əl-əcəmiyyə” və Cəmaləddin
İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan”)
dil materialları da təhlilə cəlb olunur və ədəbi
dilin üslub və normaları məsələsi də ətraflı
şəkildə araşdırılır. Onu
da əlavə edək ki, eyni sözləri ədəbi dilin təkcə
qədim dövrünə deyil, eyni zamanda XX əsrin əvvəllərinə
də aid etmək lazımdır.
Akademik T.Hacıyevin adı çəkilən dərslik-monoqrafiyasının
I hissəsində olduqca maraqlı müqayisəli elmi təhlillər
də aparılır ki, bu sırada Nəsiminin dili ilə
böyük söz ustadı Füzulinin dilinin
qarşılaşdırılması xüsusi yer tutur. Kitabdakı bu
hissə istər həcminə, istərsə də təhlil
dərinliyinə görə seçilir. Füzuli
yaradıcılığında, xüsusilə də mütəfəkkir
şairin şeir dilində xalq dili ilə yazılı dilin məharətlə
çulğaşdığını diqqətə
çatdıran müəllif vurğunu olduğu bu
böyük söz ustadını ədəbi dilimizin banisi
kimi təqdim edərək yazır: “Avropa elmində milli ədəbi
dil deyilən səviyyəni Azərbaycan türkcəsi
üçün Füzuli hazırladı” (I hissə, s.298).
Yeri gəlmişkən qeyd edək ki, T.Hacıyevin
Füzulinin dilinə həsr etdiyi ayrıca bir monoqrafiyası
da işıq üzü görmüşdür: “Füzuli:
dil sənətkarlığı” (1994).
Yuxarıda qeyd olunduğu kimi, akademik Tofiq Hacıyevin
elmi yaradıcılığı çoxşaxəlidir və
təkcə dilçiliklə kifayətlənmir, eyni zamanda ədəbiyyatşünaslığın
bir sıra sahələrini, mühüm problemlərini də əhatə
edir. Bu mənada alimin ana kitabımız olan “Dədə
Qorqud” dastanları ilə bağlı monoqrafiya və
kitabları, çoxsaylı məqalələri ölkəmizdə
qorqudşünaslığın inkişafına öz
töhfələrini vermişdir. Alimin ədəbiyyatşünaslıqla
bağlı araşdırmaları sırasında AMEA-nın
Ədəbiyyat İnstitutunun son zamanlar çapa
hazırladığı “Azərbaycan ədəbiyyatı
tarixi” kitabının I cildindəki (2006) “Kitabi-Dədə
Qorqud”, II cildində (2007) yer alan
Orxon-Yenisey kitabələri, Yusif Xas Hacibin “Qutadqu-biliq” əsərləri
haqqındakı oçerk-portretləri xüsusilə
böyük əhəmiyyət daşıyır və bu
yöndəki gələcək araşdırmalar
üçün yaxşı bir zəmin rolunu oynayır.
Tofiq Hacıyev tərcümə sahəsində də səmərəli
fəaliyyət göstərərək türkologiya və
tarixi dilçiliklə bağlı bir sıra dəyərli əsərləri
ruscadan dilimizə çevirmişdir. Bu sırada Murad Adcinin
“Qıpçaq çölünün yovşanı” və
“Dünya və türk: munis tariximiz”, B.Serebrennikov və
N.Hacıyevanın birgə müəllifləri olduğu məşhur
“Türk dillərinin müqayisəli qrammatikası”
kitablarının, eləcə də İbn Mühənnanın
“Hilyətül-insan və həlbətül-lisan” lüğətinin
tərcümələri böyük elmi əhəmiyyəti
ilə seçilir. Qeyd edək ki
Atatürk Dil Qurumu B.Serebrennikovla N.Hacıyevanın adı
çəkilən kitabını T.Hacıyevin tərcüməsində
Ankarada nəşrə hazırlamışdır. Onu da əlavə edək ki, T.Hacıyev bu tərcümələrinin
çoxuna dəyərli ön söz və elmi sərhlər
yazmış və türkologiya ilə bağlı bir
sıra məsələləri ətraflı şəkildə
işıqlandırmışdır.
Akademik Tofiq Hacıyevin ölkəmizdə kadr
hazırlığı sahəsində də böyük xidmətləri
olmuşdur. Onun rəhbərliyi ilə 6 nəfər filologiya
üzrə elmlər doktoru və 30 nəfərə yaxın
fəlsəfə doktoru dissertasiyasını uğurla
müdafiə etmişlər. Tanınmış
dilçi alimlərdən AMEA-nın müxbir üzvü
Nizami Cəfərov, professorlar Elbruz Əzizov, Ramiz Əskər
və başqaları akademik Tofiq Hacıyev məktəbinin
istedadlı yetirmələri və layiqli təmsilçiləridir.
Görkəmli türkoloq alim Tofiq Hacıyevin Azərbaycan
dilçiliyi sahəsindəki səmərəli fəaliyyəti
və yüksək xidmətləri ölkə rəhbərliyi
tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1999-cu ildə Azərbaycan
xalqının ümummilli lideri, ulu öndər Heydər
Əliyevin fərmanı ilə əməkdar elm xadimi fəxri
adına layiq görülmüşdür. T.Hacıyev
2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sərəncamı ilə
“Şöhrət” ordeni ilə təltif olunmuşdur. Professor Tofiq Hacıyev 2001-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü,
2014-cü ildə isə həqiqi üzvü
seçilmişdir.
Azərbaycan
Yazıçılar Birliyinin və onun Ağsaqqallar
Şurasının üzvü olan Tofiq Hacıyev
ömrünün sonlarında - 2013-2015-ci illərdə
AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutuna rəhbərlik etmişdir. Bu
müddətdə Dilçilik İnstitutunun elmi-tədqiqat
işləri istər keyfiyyətcə, istərsə də kəmiyyətcə
yüksəlmiş və müəssisədə bir sıra
yeni elmi şöbələr fəaliyyətə
başlamışdır.
Akademik Tofiq Hacıyev hələ
sağlığında Azərbaycan dilçilik elminin ən
yüksək zirvəsində özünə möhkəm yer
tutan, məktəb yaradan ən görkəmli Azərbaycan
alimlərindən biridir. Bu günlərdə anadan olmasının
80 illiyi tamam olan böyük alim, sadə və səmimi insan
akademik Tofiq Hacıyevin işıqlı xatirəsi onu
tanıyanların qəlbində əbədi
yaşayacaqdır.
Möhsün NAĞISOYLU
AMEA-nın müxbir üzvü,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru
525-ci qəzet.- 2016.- 21 may.- S.23