“Leyli və Məcnun” operası Türkiyə
səhnəsində
ÜZEYİR HACIBƏYLİNİN “LEYLİ VƏ MƏCNUN” OPERASI ANKARA DÖVLƏT OPERA VƏ BALET TEATRININ SƏHNƏSİNDƏ TAMAŞAYA QOYULDU
Ötən şənbə günü Ankaranın mədəniyyət
həyatında canlanma vardı. Əsrlər boyu dildən-dilə gəzən
“Leyli və Məcnun”un
ölümsüz eşq hekayəsi ədəbiyyat, teatr və
kinodan sonra Türkiyədə ilk dəfə opera səhnəsində
tamaşaçıyla görüşdü.
Mayın 14-də Üzeyir Hacıbəylinin “Leyli və
Məcnun” operasının Ankara Dövlət Opera və Balet
Teatrının səhnəsində premyerası keçirildi.
Hacettepe Universitetinin professoru, Azərbaycanın
tanınmış rejissoru Əflatun Nemətzadə tərəfindən
səhnələşdirilmiş opera hər iki ölkənin
mədəniyyət xadimlərinin birgə fəaliyyəti səyasində
ərsəyə gətirilib. Azərbaycanın
Türkiyədəki səfirliyinin də dəstəyi ilə
hazırlanmış opera tamaşasının baş rollarını
hər iki ölkənin tanınmış opera ustaları
canlandırıblar.
Leyli
rolunu məşhur türk opera sənətçisi Selva
Erdenerlə Azərbaycanın Əməkdar artisti Arzu
Əliyeva, Məcnun rolunu isə
Xalq artisti, professor Mənsum İbrahimovla onun tələbəsi
İlkin Əhmədov paylaşıblar.
Tamaşanın
baş dirijoru Azərbaycan Dövlət Filarmoniyası Simfonik
Orkestrinin baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov,
konsertmeyster Ankara Opera və Balet Teatrında
çalışan Azərbaycan musiqiçisi, Əməkdar
artist Məlahət İsmayılovadır.
Əməkdar artistlər Elçin Həşimov tarda,
Elnur Əhmədov kamançada operanın muğam hissələrini
ustalıqla ifa ediblər.
Tamaşanın səhnə dizaynı və geyimləri
Savaş Camgöz, xoreoqrafiq səhnələri Mehmet Balkan və
Kürşat Qılınc, işıq effektləri Tahsin
Çətinə aiddir.
lll
“Leyli və Məcnun” operasının Türkiyədə
səhnələşdirilməsi həm də ona görə
maraqla qarşılanıb ki, muğam stilində
yazılmış bir əsər türk opera sənətçiləri
tərəfindən ilk dəfə ifa olunub.
Leyli
rolunun ifaçısı, tanınmış opera sənətçisi
Selva Erdener Azərbaycan operasında oynamaq təklifini
“özü üçün önəmli bir təklif” kimi qəbul
edib: “Leyli rolu ilk təklif edildiyində mənim
üçün maraqlı olar deyə qəbul etdim. “Leyli və
Məcnun”un həm sözlərinə, həm
də musiqisinə heyran oldum. Muğam, onsuz da,
bilmək, öyrənmək istədiyim sahədir. Azərbaycan musiqisini dəfələrlə dinləmişəm.
Hətta 15 il öncə
çıxartdığım albomda “Ay qız” və
“Laçın” mahnılarını oxumuşdum. Leyli roluna hazırlaşmağa başlayanda indiyə
qədərki leylilərin videosunu izləməyi məsləhət
gördülər. Çünki əlimizdə
notlar yox idi. İlk izlədiyimdə mənə
çox çətin gəldi. Çünki
heç duymadığım, alışmadığım
musiqi üslubudur. Əgər Mənsum bəy
gəlməsəydi, mən həqiqətən bu işi
görə biləcəyimdən narahat idim. Mənsum bəy gəldikdən sonra onun səsini
diktafona yazıb dəfələrlə dinlədim. Bu, son dərəcə yardımçı oldu mənim
oxumağıma”.
Selva
Erdener deyir ki,məşqlərə
başlamazdan əvvəl “Leyli və Məcnun”un türkcə
versiyasını oxuyub: “Ümumi olaraq “Leyli və Məcnun” əsəri
haqda məlumatım var idi. Bu torpaqlarda
yaşayan hər kəsə məlum bir mövzudur. Amma əsəri daha yaxından öyrənmək
üçün öncə kitabını oxudum. Kitabda Üzeyir Hacıbəylinin istifadə etdiyi mətnlərin
türkcələri vardı. Sonra
poemanın orijinala yaxın türkcəsini oxudum, ondan sonra o tərcümədə
bizim istifadə etdiyimiz bölümləri anlamaya
çalışdım”.
Opera
müğənnisi əsərlə daha yaxından
tanış olarkən özündən əvvəlki leyliləri
- Rübabə Muradovanı, Qəndab Quliyevanı, Nəzakət
Teymurovanı, Lalə Məmmədovanı dinləyib. “Rübabə Muradovanın qəlbi mənə daha
yaxın gəldi. Amma ümumiyyətlə,
onları uzun-uzun dinləmədim. Çünki
onların ifalarının təsirində qalmaq istəmirdim.
Söylədiyim bütün əsərlərdə
hər zaman özümə aid bir şey etməyə
çalışıram. İfamın mənə
aid olması mənim üçün önəmlidir” deyir
Türkiyə operasının Leylisi.
Selva
Erdener Mənsum İbrahimov, İlkin Əhmədov, Arzu
Əliyeva ilə birgə çalışmalardan razı
qaldığını dedi: “Başqa səslər eşidirik,
fərqli bir qırtlaq duyuruq. Bunlar özəl
bir şeylərdir”.
lll
Xalq
artisti Mənsum İbrahimov iki ay əvvəl Ankaraya ezam edilərək
tamaşanın solist oyunçularına ustad dərsləri verib.
Türkiyənin opera sənətçiləri ilə birgə
işini özü üçün “yeni təcrübə”
olduğunu deyən muğam ustası, tamaşanın fərqli
səhnə mizanları, geyimləri, dekorasiyalarla tamamilə
yeni quruluşda hazırlandığından bəhs edib: “Mən
iki ay öncə dəvət əsasında bura gəlib bir həftə
boyunca 16-17 saatlıq master-klass dərsləri keçdim. Hər kəsin rolunu onlara öyrətdim. Real oxudum, onlar diktafona yazdılar, sonra isə bir həftə
boyunca onlarla tək-tək məşğul oldum. İbn Salamı, ataları, anaları, Leylini, Məcnunu
- bir sözlə, bütün obrazları onlara öyrətdim.
Mən getdikdən sonra konsertmeyster Məlahət
İsmayılova vokalistlərlə çalışdı,
oxumalarımın hamısını nota yazıb onlara verdi. Onlar artıq notla - nəfəsinə,
nöqtəsinə, vergülünə qədər öyrəndilər.
Təbii ki, bunlar vokalistdilər, muğam sənətkarları
deyillər. Amma çox həvəslə
çalışdılar və öyrəndilər. Onların muğamı bizim kimi oxumağa
çalışması çox maraqlıdır”.
Məşqlərdə türk sənətçilərin
qarşılaşdıqları əsas problem muğam
üslubunun onlar üçün, demək olar ki, yeni bir ifa tərzi
olması idi.
Çünki muğam üslubu türk musiqisi,
xüsusilə də türk opera solistləri
üçün tamamilə fərqli ifa tərzi demək idi.
Milli muğam və Avropa operası kimi fərqli
ifa tərzi və səs diapazonlarına sahib Azərbaycan və
Türkiyə opera sənətçiləri tərəfmüqabili
olmuşdular. Başqa sözlə,
qırtlaq və zəngulə ilə səsləndirilməli
olan obrazlar diafraqma ilə italyan opera ifa stili olan belkantoya sahib
sənətçilər tərəfindən oxunmalı idi.
“Ankaradakı məşqlərdə mənim
üçün bir çətinlik də o idi ki, tərəfmüqabilimə
daha çox diqqət cəmləməli olurdum. Düzdür,
onlar artıq bizim kimi oxumağa çalışırlar.
Onların zənguləsi olmadığına
görə, bildikləri forma çərçivəsində
oxuyurlar”, Mənsum İbrahimov deyir.
lll
“Leyli və Məcnun”una Ankara Opera və Balet Teatrında
səhnə həyatı verilməsində konsertmeyster, Əməkdar
artist Məlahət İsmayılova xüsusi rol oynayıb. O, hələ 25 il əvvəl
Bakıda Opera və Balet Teatrında fəaliyyətə
başlayarkən ilk yaradıcılıq işi də “Leyli və
Məcnun” operasında konsertmeysterlik olub.
“Ankarada “Leyli və Məcnun”un hazırlanması mənə
təklif ediləndə çox sevindim. Azərbaycan
operasının burda səslənməsindən qürur
duyuram. “Leyli və Məcnun”un
hazırlanmasından isə ikiqat qürur duyuram”, Məlahət
İsmayılova deyir.
Türkiyə opera musiqisi üçün tamamilə fərqli
və yeni bir ifa tərzinin tamaşaya hazırlanması birmənalı
qarşılanmayıb. Necə deyərlər, “bilmədiyimiz, səsimizin
uymadığı muğam bizə lazımdırmı” deyənlər
də tapılıb. Amma rejissor və
konsertmeysterin işə həvəslə yanaşması sayəsində
ortaya əvəzsiz mədəniyyət nümunəsi
çıxarmaq mümkün olub.
Tamaşanın
konsertmeysteri premyera öncəsi hazırlıqlardan
danışır: “Tərəddüd edənlər çox
idi. Burda analar, atalar, Zeyd rolunun
ifaçıları muğam öyrəndilər. Hər kəslə çalışanda işin
çətin olduğunu gördük. Çünki
fərqli keçidləri ifa etmək türk opera müğənniləri
üçün çətin idi. Muğamın
elə bir özəlliyi var ki, təkrar olunmur. Ona görə də muğam partiyalarının
notalarını çıxarmağa məcbur oldum. Rejissor Əflatun Nemətzadə belə qərara gəldi
ki, Mənsum İbrahimov gəlsin, burdakı solistləri
hazırlasın. Mənsum İbrahimov muğam
partiyaları üçün solistlərə məsləhətlərini
verdi. O
getdikdən sonra muğam nömrələrini
çalışmağa başladıq. Ondan
sonra solistləri operanı rahatlıqla öyrənə bildilər”.
“Leyli və
Məcnun” Türkiyənin mədəniyyət həyatında
hadisə yarada biləcəkmi” sualına Məlahət
İsmayılova əminliklə müsbət cavab verir: “Bu
operanın Türkiyənin mədəni həyatında hadisə
olacağına inanıram. Məncə “Leyli və
Məcnun” burda çox seviləcək. Türk
tamaşaçıları muğama çox alışkan
deyil. Amma operanın o qədər zərif,
o qədər incə, lirik bir musiqisi var ki, əvvəlcə
bu operaya sevgiylə yanaşmayan insanlar indi onu çox
zövqlə dinləyirlər”.
lll
Emre Akkuş “Leyli və Məcnun”da Məcnunun
atasını canlandırır. Bu, sənətçinin
Azərbaycan musiqisi ilə ilk tanışlığı deyil.
Fevral ayında o, Rauf Hacıyevin “Ana, mən evlənirəm”
operettasında Rüfət obrazını səsləndirib.
“Leyli və Məcnun”u ilk dinlədiyim zamanlarda mənə bir az yabançı kimi gəldi, amma tamamilə rədd edilə biləcək ifa texnikası və ya stil də deyildi. Yəni bizə də məlum olan bir şeydir. Biz də bir türk dövlətiyik. Musiqimiz Azərbaycandan çox da fərqli deyil. Amma mənim aldığım təhsil italyan ifaçılığıdır. Azərbaycandan gələn qonaq-sənətçilərin ifa etdiyi muğamla bizimki tamamilə fərqli olur. Mən belkanto stilinin içində qırtlağımın imkan verdiyi qədər o muğamları ifa etməyə çalışıram. Təbii ki onlarınkı kimi olmur. Əlimizdən gəldiyi qədər o stilə, o texnikaya yaxın bir şeylər ortaya qoymağa çalışıram”, Emre Akkuş deyir.
lll
Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimov bu tamaşanın baş dirijorudur. O, “Leyli və Məcnun”un Türkiyənin mədəniyyət həyatında önəmli hadisə olacağına inandığını deyir: “Musiqilərimiz bizim tariximizdir. Azərbaycan və türk musiqisi, bəstəkarlarımızın yaratdığı əsərlərdir və bunları birlikdə qorumalı, mümkün qədər səhnələşdirib icra etməliyik. “Leyli və Məcnun”un Ankarada səhnələşdirilməsi tarixi hadisədir”.
Ankara elitası ötən şənbə günü Şərqin ilk operasını izlədilər.
Artıq mövsüm finalını edən “Leyli və Məcnun” tamaşasının yaradıcı heyətini sentyabrda Bakıda Opera Teatrının səhnəsi gözləyir. Opera mədəniyyəti sahəsində Türkiyədən daha əski ənənələrə sahib Azərbaycanda yeni təcrübə paylaşımının müsbət qiymətləndiriləcəyinə ümid edir və yaradıcı heyətə uğurlar arzu edirik.
İlhamə QASIMLI
Ankara
525-ci qəzet.- 2016.- 21 may.- S.11