Ömrün son payızı
Vaqif Məmmədov kimdir? Bu suala cavab vermək yəqin
ki, oxucularımız üçün də çətindir.
Onun şəxsiyyətindən, bir müəllif
olaraq yaradıcılıq dünyasından, ən
başlıcası, onun elmi-bədii
yaradıcılığından danışmaq məsuliyyət,
ədəbi-elmi cəsarət tələb edir.
Mənim Vaqif müəllimdə bir insan kimi, müəllimim
kimi qibtə edib dəyərləndirdiyim onun saf və təmiz
mənəvi aləmi, sonra isə şairlik
dünyasıdır. O, sözü ilə əməli bir olan insandır. Onun şeirlərində insanın hisslərinə,
arzularına, duyğularına qarşı durmuş olan dünyanın
özü ilə üzbəüz danışmaq gücü
var. Vaqif Məmmədov poeziya tarixində nadir hisslərin ifadəsinə
görə yaşamaq haqqını qoruyub saxlaya bilən
şairlərdəndir. O, şair olmaqdan başqa,
publisist, naşir, alim və tədqiqatçı idi. Vaqif Məmmədov ən əsası, bu dünyaya
ancaq səmimiyyət gətirdiyini təsdiq edən ziyalı
idi.
Elə bu anda düşünürəm ki, görəsən,
yalanın ayaq tutub yeridiyi bir vaxtda səmimiyyətdən
üstün daha nə vermək olardı bu dünyaya, oxucuya?
Və heç şübhəsiz, heç vaxt Vaqif Məmmədovun
səmimiyyətini onun şairliyindən ayırmaq olmaz. Bəlkə də, onu
insanlara,oxucularına sevdirən ən
üstün məziyyətlərindən elə birincisi, səmimiyyətidir-həyata,
insanlara, eləcə də keçmişə və gələcəyə
səmimiyyəti. Oxucu Vaqif Məmmədovun ən
azı hədsiz səmimiyyəti qarşısında qibtə
hissi ilə düşünməli olur. Çünki
onun şeirləri insan qəlbinin dərinliklərindən
süzülüb gələn dumduru dağ selinə bənzəyir.
Həm də ürəkdən qopan hər kəlmə,
hər söz səmimidirsə, hissin, duyğunun ifadəsidirsə,
o zaman şeir oxucunu çəkəcək,
düşündürəcək, müəlliflə oxucu
arasında isti bir bağlılıq, ab-hava yaradacaq. Vaqif müəllimi
oxucuya sevdirən də məhz qeyd edilən cəhətdir.
Onun şeirlərində hay-küy, gurultu yoxdur.
Yaşanmış
mənəvi ağrılar, əzablar,kövrək
hisslərlə qələmə alınıb. Misralarda
ürəyinin səsi eşidilir. Bu səs oxucunu
düşündürür, dünənə,keçmişə
aparır, vaxtsız itkilərin, vədəsiz
ayrılıqların od-alovunda yandırır,
qarsılayır:
Elə
bil tilsimə, daşa düşübdü,
Kədər
sevinc ilə qoşa düşübdü
Könlümə
bir az da Şuşa düşübdü
Torpaq, Vətən hara, əsirlik hara?
Mütləq dönəcəyik o torpaqlara.
Vətən anlayışı Vaqif Məmmədovun
yaradıcılığında özünəməxsus
orijinal deyimlərlə tərənnüm olunub,
toxunulmazlıq simvolu kimi bir daha təsdiqlənir. "Ürəyimə təkcə
Vətən yerləşir", "Vətənsizi
qızıla bük, dərd olur", "Yavan çörək
belə baldı vətəndə", hətta həyatının
son günlərində qələmə aldığı
"Nə Vətən məndən doydu,nə mən Vətəndən"
kimi misralar Vətənə cismani-ruhani
bağlılığın poetik ifadəsidir. "Vətənim",
"Qara çadırlar", "Azərbaycan", "Bu kənd
niyə yetimdir", "Sədərək harayı",
"Qürbətdə yaşamaq yamandı, qardaş!" və
s. şeirlərinin hər biri şairin tükənməz Vətən
məhəbbətindən xəbər verir. O, sadəcə Vətən
torpağını tərənnüm etmir, həm də bu
torpağın qədrini bilməyə, onu qorumağa, ona dikilən
yad gözlərə qarşı amansız olmağa
çağırır. Torpaq dərdini, vətənin
bölünməsinin böyük faciəsini həssaslıqla
duyan şair bədii sözün qüdrəti ilə
xalqın parçalanmasına etirazını bildirmişdir.
"Ağır gündü, bərki sən"
deyərək xalqı birliyə səsləyir.
Vaqif Məmmədovun
"Bizim ellər yaylağından dönmədi", "Nədir,
bu körpənin günah, Allah?", "Bu torpağın
ahı səni tutacaq", "Xocalı", "
Çörəyim yanır" və s. şeirlərində
bəlkə də dünyanın özündən də
ağır bir kədər yükü var. Zalım
düşmənlər tərəfindən taxıl zəmisinə
od vurulduğunu görən şair yazır:
Taxıl
zəmisinə düşmən od atıb
Ya nır, tabağımda çörəyim yanır.
Alov dilimləri
lap ərşə çatıb,
Elə bil, cızhacız ürəyim yanır.
Dərdlərini dilə gətirməkdə şairin məqsədi
o deyil ki, oxucularını kövrəltsin, ağlatsın. Məqsəd
dərdin böyüklüyünü oxucuya çatdırmaq,
biganəlik, laqeydlik zülmətində olan insanları bu
zülmətdən qurtarmaqdır.
Həm də dünya poeziya tarixi də göstərir
ki, əsl şeirin mayası elə dərddir. Mənim
üçünsə, şeir dərdin dilidir, göz
yaşlarının sözə çevrilmiş
formasıdır.
Elə insanlar var ki, ulu tanrı onlara şairlik
istedadı ilə bərabər, həm də bütöv bir
xalqın adından danışmaq kimi səlahiyyət də bəxş
edir. Bütöv bir xalqın adından danışmaq
işinin nə qədər çətin, məsuliyyətli və
şərəfli olduğu artıq hər birimizə məlumdur.
Düşünürəm, nə yaxşı
ki, erməni işğalçıları tərəfindən
14 dəfə hücuma məruz qalan Sədərək kəndində
Vaqif Məmmədov kimi şairlərimiz olub. Həm silah
götürüb xalqla birgə səngərlərdə
döyüşüb, həm xalqın adından
danışıb, onların haqqını, hüququnu
müdafiə edib, həm də xalqın gün-güzəranını
olduğu kimi qələmə alıb, gələcək nəsillərə
çatdırıb.Vaqif Məmmədov yaşadığı
o illərin mühüm ictimai-siyasi, mədəni hadisələrini
"Heydər Əliyev və Sədərək rayonu",
"Sədərək harayı", "Sədərəkdə
yazılan gündəlik", "Unutsaq unudularıq”, "Sədərək
şəhidləri", "Kərkinin taleyi" və sair
kitablarında elə dəqiq şəkildə əks
etdirmişdir ki, hər hansı bir tarixçi onun əsasında
dövrün salnaməsini yarada bilər.
Vaqif Məmmədov kifayət qədər mütaliəsi
olan, klassik və müasir ədəbiyyatımızdan, Şərq
və Qərb mənəvi dəyərlərindən xəbərdar
olan intellektual səviyyəli qələm sahibi idi. Məhz bunun nəticəsidir
ki, 16 il Naxçıvan Dövlət Universitetinə rəhbərlik
edən, Vaqif müəllimin ən yaxın dostu, hazırda
AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyli Vaqif Məmmədov haqqında
yazdığı "Sənətə vaqiflik" adlı
kitabında şairin yaradıcılığına yüksək
qiymət verərək yazıb: "Şeirimizdəki
çoxsaylı Vaqiflər arasında elmi fəaliyyətlə
məşğul olan, tarix elmləri namizədi alimlik dərəcəsi
alan tək Vaqif Məmmədovdur. Vaqif Məmmədovun
şeirlərində poetik baxışla bir sırada
ziyalılıq, zəngin dünyagörüş vəhdət
təşkil edir".
Həqiqətən,18
il NDU "Qeyrət" nəşriyyatının direktoru kimi
fəaliyyəti, 100-dən artıq elmi, publisist, bədii
kitabların, ildə 4 seriyada çıxan "Elmi əsərlər",
"Fikir" jurnallarının redaktəsinin Vaqif Məmmədova
tapşırılması, 10 il " Sədərək
yurdu" qəzetinin redaktoru işləməsi, uzun illərin
axtarışından sonra “Cəlil
Məmmədquluzadə adına Naxçıvan Dövlət
Müəllimlər İnstitutu" kimi dəyərli bir
mövzunu tədqiq edib araşdıraraq tarix üzrə fəlsəfə
doktoru alimlik dərəcəsi alması, 40-a yaxın bədii,
elmi kitabların müəllifi olması onun yüksək savad
və dünyagörüşə malik olmasına canlı
sübutdur. Şübhəsiz ki, bu
materialları redaktə edən şəxs bunların hər
biri haqqında geniş məlumata malik olmalıdır. Vaqif Məmmədovun dərin elmi potensialı belə
bir işin müvəffəqiyyətinə zəmin yaradıb
və bütün bunlar, Vaqif Məmmədovun həm də mətnşünaslıq
məharətinin nümunəsidir.
Vaqif Məmmədovun bütün
yaradıcılığında olduğu kimi, son
"Ömrün payız nəğməsi" kitabında
toplanan şeirlərində də təsadüfi misralar yoxdur. Şairin
yazdığı şeirlər sanki onun ətindən,
qanından yoğrulmuşdur.
Şair sadə bir dillə yaşadığı cəmiyyətin
problemlərini əks etdirir, şair-vətəndaş
münasibətini bildirir, ən başlıcası isə,
çoxəsrlik Azərbaycan poeziyasının ən
yaxşı ənənələrini ləyaqətlə davam
etdirir.
"Şirvannəşr"in direktoru, şair Qəşəm
İsabəylinin və şairin oğlu Səbuhi müəllimin
ön sözündən sonra ilk bölmə "Dəniz mənim,
mən dənizin içində" adlanır. Silsiləyə
daxil olan onlarla şeiri nəzərdən keçirərkən,
heç vaxt müəllifin hardasa şeir qoşmaq, orijinal və
təzə görünmək xatirinə qələm
çaldığını müşahidə etmirik.
Şairin şeirlərində dəniz, ay, günəş
kimi aparıcı obrazlara dəfələrlə rast gəlsək
də, onlar heç də təkrar təsiri
bağışlamır. Əksinə, biz hər dəfə
onların yeni və daha emosional çalarları ilə
rastlaşırıq. Şairin bu
obrazları özünəməxsus bədii-fəlsəfi
semantikası ilə diqqəti çəkir. Öncə qeyd etməliyəm ki, şair
özünün bütün duyğularını həmişə
həyati ifadə etməyə çalışıb. "Dəniz mənim, mən dənizin içində"
silsiləsində dəniz, ay, günəş
obrazlarının sıx-sıx uğurlu ifadəsi çox təbii
görünür. Ümumiyyətlə, əbədi
həsrət və ayrılıq şeirlərində bu
obrazlara tez-tez müraciət zəruri və
qaçılmazdır. Vaqif müəllim də bu ənənəvi
obrazlara yeni can verə bilib. "Dəniz də nigaran, sən
də nigaran" şeirində olduğu kimi:
Hər
günəş çıxanda, hər ay batanda
Ləpələr rəsmini hörür, bilirəm.
Sənin
həsrətinlə dəniz yatanda,
Səni yuxuda da görür, bilirəm.
Çox
dərdi dənizlə sən bölüşübsən,
Sirdaşın,
həmdəmin o olub hər an
Nə
vaxtdı, dənizdən ayrı düşübsən,
Dəniz də nigaran, sən də nigaran.
"Alın
yazısı" bölməsində yer alan
"Yada salarsan" şeirində şair iztirab və
duyğularını o qədər məharətlə ifadə
edib ki, sanki iki bəndlik bir şeir yox, məhəbbət faciəsi
haqqında gərgin bir qissəni oxuyursan. Əgər
şair poeziyanın son dərəcə məhdud forması və
ifadə imkanları daxilində nəsrin ininkas effektini
reallaşdıra bilirsə, bu, müəllifin son dərəcə
böyük qələbəsidir.
Vaqif Məmmədovun son kitabında toplanan sevgi şeirləri
də soyuq nəfəslə yoğrulmayıb. Hər misrada
sevginin, məhəbbətin odu, istisi var və oxucu bu odu,
istini özü hiss edir. Təəssüf
ki, şairin məhəbbət mövzularının əksəriyyətində
kədər notları, eşqdə vüsala yetməmək,
ayrılıqla, hicran əzabından doğan güclü bir
sarsıntı var.
Bir faktı xüsusi vurğulamaq yerinə düşər
ki, Vaqif Məmmədovun məhəbbət lirikasını fəlsəfi
lirikadan ayırmaq çətindir, onlar çox vaxt bir-birinin
davamı kimi çıxış edir, qırılmaz vəhdət
təşkil edir. Məhəbbət sətirləri
arxasında fəlsəfi fikirlər, fəlsəfi sətirlər
arxasında məhəbbət duyğuları "gizlənir"
və onlar bir-birini tamamlayır. "Ürəyimdəsən"
şeiri Vaqif Məmmədovun lirikasında əhəmiyyətli
yer tutur. Bu şeir məhəbbət
lirikası ilə fəlsəfi lirikanın vəhdətindən
yaranmışdır. Bunlardan
hansının üstünlük təşkil etdiyini söyləmək
çətindir. Onun
yaradıcılığı o qədər dərin, o qədər
fəlsəfidir ki, eyni şeyi hər dəfə oxuduqda yeni
bir hikmət, yeni bir məna kəşf edirsən. Hər dəfəsində də
düşünürsən ki, məhz bu mənanı mən
keçən dəfə niyə görməmişəm.
Dörd bənddən ibarət olan şeirdə məhəbbətlə
fəlsəfi motivlər elə çulğalanmış,elə birləşmişdir ki, onları
bir-birindən ayırmaq çətindir:
Bu nə
qismət idi, tuş oldu bizə
Taleyə gözlərim yaşarasıdır.
Həm
yaxın, həm həsrət bir-birimizə,
Aramız göz ilə qaş arasıdır.
Şairin yaradıcılığı üçün
səciyyəvi olan bir cəhəti də vurğulamaq yerinə
düşərdi. Onun şeirlərində ictimai kədərlə
şəxsi kədər birləşir və
bütövlük, tamlıq yaradır. Hətta bir
çox məqamlarda " ictimai ilə
şəxsini" ayırmaq çətin olur. Bu
da Vaqif Məmmədovun şeirinin sözün yaxşı mənasında,
təəccüb doğuracaq dərəcədəki
tamlığından, bütövlüyündən irəli gəlir.
"Xəstəxana
şeirləri" silsiləsində yer alan
şeirlərdə daha çox şairin qəlbinin
sarsıntıları əks olunur. Onun ürəyindən
və mühakimələrindən keçənlər söz
libasında oxucunun ruhuna və fikirlərinə yol tapır.
Duyğularının
emosianal təsviri şeirlərin məna yükünün, bədii
sanbalının güclənməsinə xidmət edir...
Vaqif müəllimlə son dəfə fakültənin foyesində qarşılaşdıq. İkimiz də dərsə girəcəydik. Əməliyyat üçün Bakıya gedəcəyini eşitmişdim. Hal-əhval tutduq, uşaqları soruşdu: - Əsgər balan hardadı, nə vaxt gəlir, gəlib bir çay içək?
- Sədərəkdə xidmət edir, 6 aydan sonra gələcək, - dedim. "Sədərək" adını eşidəndə elə bil dərdi təzələndi.
- Müəllimə, Sədərək, dağların o üzü mənim kəndimdi, uşaqlığım keçən, gəncliyim ötən yurd yerimdi. Canımın ağrıları artdıqca, gözlərimin nuru zəiflədikcə, ömrüm sona yaxınlaşdıqca, o yerlər üçün daha çox darıxıram.
O yerləri qarış-qarış gəzməyi, havasını ciyərlərimə çəkməyi, ağzımı bulağın gözünə dirəyib suyunu doyunca içməyi necə istəyirəm. Sözün düzü, elə bil ürəyimə də damıb ki, mən o yurdu, o ocağı bir də görə bilməyəcəm, o kəndi görmək qismətin bir də yaşamayacam..
Elə bilirəm ki, kəndə gedib yamacların yovşan ətrini ciyərlərimə çəksəm, bədənimin bütün ağrı-acıları yoxa çıxar, yüngülləşərəm..
Elə bilirəm ki, o kəndin xəzan çağında xəzəlin üstü ilə yerisəm, ətrafa yayılan səsdən güc alaram, azar-bezardan xilas olaram, bu dünyadan nigaran köçmərəm..
Elə bilirəm ki, o kəndin payızında gur yağışa düşüb, cumculuq olsam, bir daş koğuşuna sığınıb , orada yağış yağana qədər oturub xəyala dalsam, bu dünyadan nigaran köçmərəm..
Elə bilirəm ki... zəng vuruldu, sözü kimi ömrü də yarımçıq qaldı. Bu görüşdən üç ay sonra çarəsiz xəstəlik onu bizdən həmişəlik alıb apardı. Oğlu Səbuhi gözünün önündə atasının günbəgün şam tək əridiyini görüb və onun arzusunu nəzərə alıb son kitabın çapına nə qədər çox çalışsa da qismət olmadı...
Oğlunun təsəllisi o oldu ki, "heç olmasa atam son kitabının tərtibatını və adını özü verdi. "Ömrün payız nəğməsi"... O, payız fəslini çox sevirdi, həmişə payız fəsli ilə həyatım arasında bir oxşarlıq var, - deyirdi:
Bu payız günündə, xəzan günündə
Elə qəribsədim, sanki xəyalsan.
Bir az da geciksən , bir az da qalsan
Surətin gözümdən çəkilə bilər.
Ya da sənsizliyə
dözə bilməyib,
Ömrüm yarpaq-yarpaq tökülə bilər.
Bəli,
bu ayrılığa, bu qəribliyə dözə bilməyib,ömrü yarpaq-yarpaq töküldü, amma xəzəl
olmadı. Anar müəllimin sözləri ilə desək:
"İnsanlar ölərkən birdəfəlik
ölmürlər, tamam yox olmurlar, nə qədər ki,
onları xatırlayan, onların sifətlərini, səslərini
yaddaşında saxlayan insanlar olur bu ölənlər də hələ
yaşayır - fikirlərdə, xəyallarda, təsəvvürlərdə".
Sən də yaşayacaqsan, Vaqif müəllim,
çünki səni də xatirələrdə yaşadanlar
var. Onlar əsrdən-əsrə, nəsildən-nəslə
ötürüb səni daim yaşadacaqlar. Ruhun şad
olsun!
Aypara BEHBUDOVA
Filologiya üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2016.- 24 may.- S.8.