Qəhrəmanlığı ilə nəsillərə
nümunə olan şəhid - Orxan Hümmətov
Vətəni qibləgah edən şəhidlər
...Bu dəfə
yolumuz Şəkinin Kiş kəndinə - orada 1992-ci ilin aprel
ayının 4-də dünyaya gəlmiş, 24 yaşında
həyatını vətən torpağı uğrunda
döyüşlərdə qurban vermiş şəhid Orxan
Hümmətovun ata ocağınadır.
Hümmətovların evinə getmək
üçün Kiş kəndinin dar dalanlarından
keçdik.
Darvazanın üstündə Azərbaycanın üçrəngli
bayrağı dalğalandığından, bu həyətin şəhid ünvanı
olduğu bəlli idi. Köhnə qapı-pəncərəli,
kasıb bir daxma idi. Həmin qəhrəman
oğul bu balaca daxmada böyümüşdü.
Artıq
neçənci dəfədir ki, şəhid evlərində
olarkən doğmalarının onlar haqqında
danışdıqlarında bir gerçəyi müşahidə
edirəm: onlar hamısı həlak olanlar haqqında sağ
imiş kimi danışırlar. Orxanın anası Pərvanə
bacı da elə danışdı:
- 2 oğlum var... İkisi də hərbçidir oğlanlarımın. Böyük oğlum Vüsalın 29 yaşı var. İnstitutu bitirəndən sonra diplomu evin bir küncündə qaldı, iş tapmadı. Axırda keçən il hərbiyə yazıldı. İndi işləyir. Elə qardaşı Orxana baxıb, hərbçi oldu. Orxanı isə gücümüz çatmadığından heç yerdə oxutmadıq. Ancaq idmanda çox fəaldı. Yarışlara gedib, medallar, fəxri fərmanlar, diplomlar gətirdi... Toya hazırlaşırdıq. Böyük oğlum Vüsalın toyuna. Yer də danışmışdıq. Qız qapısına neçə dəfə getdiksə, bayramlıq, xonçalıq pullarını Orxan verdi. Elə sevinirdi, elə hazırlaşırdı ki, qardaşının toyuna... Ona deyirdim ki, qardaşından sonra səni evləndirəcəm. Deyirdi ki, yox, ay ana, mənə hər qız gəlməz. Ailə quracağım qız, gərək hər vaxt mənim ölüm xəbərimə hazır olsun... Orxanın barmağının birinin bukümlərində xallar var idi. Deyirdi ki, itib-eləsəm məni bundan tanıyarsan. Son dəfə martın 17-si gəlmişdi. Bayramı bir yerdə keçirdik. Yola düşən günü səhər tezdən durduq. Çayını-çörəyini verdim. Gəlib oturdu dizimin üstündə. Dedi, ana, məni körpə vaxtımızda olduğu kimi, yellə ayaqlarının üstündə. Bir-iki dəfə ayağımı tərpətdim. Gücüm çatmadı. Dedi ki, ana gördünmü, daha yekə kişiyəm, gücün çatmır nə mənə, nə qardaşıma. Gecələr durub üstümüzü örtürsən, eləmə belə. Dedim, ay bala, neçə yaşınız olsa da siz mənim üçün elə, həmin körpələrsiniz. Bu, oğlumla üz-üzə etdiyim son söhbətim oldu. Aprelin 3-ü axşam saat 9-un yarısında danışdıq onunla. Atası ilə birlikdə, soruşduq ki, neynirsən. Cavab verdi ki, kursdan gəlmişəm, yatıram. Bizi aldatdı. O heç yalan danışmamışdı. Torpağın, Vətənin xətrinə yalan dedi mənə...
Sonra Orxanın ailədəki davranışından söz açır Pərvanə bacı:
- Qardaşını yaman çox istəyirdi. Vüsal evə on dəfə də girib çıxsa, hər dəfə Orxan onun üçün ayağa durardı. Atalarının yanında nəfəslərini də çəkmirdilər. Onları o qədər mehriban, tərbiyəli böyütmüşəm ki... Onlar uşaq olanda ataları çox vaxt burda olmurdu. Rusiyaya çörəkpulu dalınca gedirdi. İndi köhnəlmiş bu, bir otaqlı, bir eyvanlı evimizi də Rusiyadan gətirdiyi pulla tikmişdik. Uşaqlar nə qazansalar, gətirib atalarına verərdilər. Sonra xərclik üçün pulu məndən istəyərdilər. Deyirdim, ay bala, vermisiniz, özünüz istəyin atanızdan... Belə, böyük-kiçik yeri bilən, abırlı, həyalı uşaqlar böyütmüşəm.
Orxan uşaq vaxtı böyürtkən yığıb, turistlərə satırdı. Alveri yaxşı olanda sevinə-sevinə gəlirdi evə. Pis vaxtlar idi. Aclıq var idi ölkədə, dolanışıq çətin idi. Biz o uşaqları elə çətinliklə böyütdük. Hərbini yaman sevirdi Orxan. Deyirdi ki, ana, mən general olacağam. Nə vaxt evə gəlirdisə, çəkmələri, paltarları palçığın içərisində olurdu. Deyirdim ki, ay bala, siz elə palçıqda təlim keçirsiniz?! Bir dəfə də palçıqlı çəkmələrinin torpağını təmizləyib, bir torbaya yığıb dedi: "Ana Şəkidə Qarabağın torpağını Kiş kəndinə gətirən bir nəfər varsa, o da mənəm". Torpağı yığıb mənə verdi, dedi ki, Şuşa alınınca saxla bunu...
Analar
balasının başına gələn qəzanı hiss edər.
Mən də rəhmətlik anamdan
eşitmişdim, anasına çox bağlı olan övlada
bir acı dəyəndə, ananın qarnının içi
yanar, sızıldayar. Pərvanə
bacı da deyir ki, oğlunun xəbərini almadan 1 həftə
öncə bədəni alışıb yanırmış.
Qadın gedib bədəninə su töküb ki, bəlkə
sərinləsin... Xeyri olmayıb. Gedib dərdini qonşuya danışıb. Aprelin 4-də səhər ertə əri Kazımdan
cəbhə bölgəsindən nə xəbər
olduğunu soruşur. Kazım deyir ki,
televizorda dedilər, 3 nəfər gizir şəhid olub. Pərvanə bacı evdə özünə
rahatlıq tapmadığından həyətə
çıxır, zibil atmaq üçün kəndin kənarına
tərəf gedir, orada əllərini göyə
qaldırıb, səsi titrəyə-titrəyə, cəbhədəki
son döyüşlərdə həlak olan şəhidlər
üçün ağlayır və cəbhədəki əsgərlərimizə
Tanrıdan salamatlıq diləyir. Bu vaxt kənd
bələdiyyəsindən olan nümayəndə onu
görür, lakin qayıdıb gedir. Bələdiyyə
işçilərinə deyir ki, Orxanın şəhid olmaq xəbərini
ailəyə çatdıra bilmədi. Çünki
qadın əlini göyə qaldırıb, əsgərlər
üçün Allahdan mərhəmət istəyirdi. Beləcə həmin gün axşama qədər kəndin
bir çox adamı bu qapıya gəlib, geri qayıdır.
Pərvanə
Hümmətova deyir:
- Oturub
televizora baxıram, şəhidlərin şəkillərini
görüb yana-yana elə ağlayıram... Öz-özümə
deyirəm ki, ananız ölsün, necə dözəcəklər
ayrılığınıza...Torpaqla
danışırdım, deyirdim ki, ay torpaq, neylədin bu
cavanları, heç heyfin gəlmədimi?! Ayağa
durub, Kazımdan soruşdum ki, ay kişi,
bilmədin o ölən gizirlərin adı nədir, kimdir? Ancaq Orxan nə atasının, nə də mənim
ağlıma gəlmirdi, elə bilirdim ki, təlimdədir.
Qonşum Bənövşə gəlib televizoru
söndürdü, qaça-qaça getdi. Durub bunun dalınca çıxanda, baxdım ki,
qaynım darvazadadır. Məni görcək
"evimiz yıxılıb"- deyərək başına
döydü. Qışqırdım ki,
Vüsala nə olub?! Dedi Vüsal deyil, Orxandır. Özümü o hündür pilləkəndən
çırpdım yerə. Vurub eyvanın
pəncərələrini sındırdım. Bir də gördüm balamın tabutunu bayrağa
büküb gətirirlər. Əlimin
qanı balamın büküldüyü bayrağa
qarışdı. Bundan da ağır dərd
olar?! Sən demə dünən gecədən
bütün kənd bilir, gəlib bizə deməyə ürək
eləmirlər. Sonra bildik ki, oğlum
Ağdərə uğrundakı vuruşlarda qəhrəmanlıqla
həlak olub. Döyüş
dostlarını meydandan çıxarmaq üçün gedəndə
düşmənin atdığı mərminin qəlpəsindən
yaralanıb. Qobustandan olan Orxan mənim
Orxanımın meyitini çıxarmaq istəyəndə onu
da vurublar. Onlar ikisi də eyni yaşdaydılar...
Vüsaldan soruşuram qardaşını. Məlul-məlul baxır
üzümə:
- 5-ci
sinifdə oxuyandan beyninə girmişdi ki, hərbçi
olacaq. İki dəfə hərbçi olmaq üçün
imtahan verdi. İdman normativlərini
yerinə yetirdi, testdən keçmədi. Əsgəri
xidmətini başa vurub qayıdandan 1 il
sonra gedib Xüsusi Təyinatlılara yazıldı. Dəfələrlə təlimlərdə fərqlənmişdi.
Türkiyədə xüsusi təlim kursunu
uğurla başa vurmuşdu. NATO-nun
sülhməramlı dəstəsində iştirak etmişdi.
Məndən kiçik olsa da, ondan çox
şey öyrənirdim. Arxam,
dayağım idi. Aprelin 3-ü axşam
saat 9-da mənimlə danışıb, özümdən
muğayat olmağı tapşırdı. Heç fərqinə də varmadım sözlərinin
deyilişinə. Ancaq, adətən, o belə
danışmazdı. Fikirləşdim ki, təlim
kursundadır. Sən demə, anamgildən
sonra mənimlə danışıb, vida
sözüymüş bu. Özüm də hərbçiyəm.
Mənə deyəndə ki, qardaşın
şəhid olub, inana bilmədim. Onun
yoxluğunu dərk edə bilmirəm. Deyirəm, bəlkə
yalandır, bəlkə qayıdacaq, gözüm telefonda
qalır ki, bəlkə zəng edəcək... Yoxluğuna
inanmasam da, bilirəm ki, yoxdur Orxan!
Təkcə
adının şəhidlər siyahısında olmasından
təsəlli tapıram...
Həyətə çıxıb Orxanın atası
Kazım kişiyə el adəti ilə
başsağlığı verdim. Üzünü
dağlara çevirib baxdı. Bu Kiş kəndi
vüqarlı Qafqaz sıra dağlarının əhatəsindədir.
Gördüm ki, oğlu haqqında danışmaq çətindir,
həyətində evin tikintisi barədə soruşdum:
- Bu evin təməlini
elə Orxanla birlikdə başladıq. Gücümüz
çatan tikinti materiallarını da alıb
tökmüşdük həyətə. Oğlum şəhid
olanda bu həyətə yüzlərlə adam
gəldi Şəkidən, başqa rayonlardan. Həmin
adamların içərisində eloğlumuz Milli Məclisin
deputatı Cavanşir Feyziyev də var idi. Uşağın
üç mərasimi günü kənd sovetindən həyətdəki
evin təməli haqqında soruşub, deyiblər ki, Orxan
başlamışdı. O da həmin evin tikintisini öz
üzərinə götürdü. Kəndimiz
Qarabağ döyüşlərində Orxanla birlikdə 9
şəhid verib. Kənd qəbiristanlığındakı
həmin 9 şəhid məzarının üstünü
götürüb, hamısını mərmərdən
düzəltdirdi.Tanrı köməyi olsun!
Qadınlar ağlayaraq ürəklərini boşaldarlar,
kişilər çox vaxt ağlaya bilmirlər. Oğul
dağı dağ olur sinələrində, qədlərini əyir.
O aprel səhəri Kazım kişini də belə əydi dərd.
Orxanın 40 mərasimi günü isə
3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə
görə" medalı Orxanın atası Kazım Hümmətova
təqdim olundu.
Orxanın və ailəsinin həyat hekayətini
qələmə alanda, şəhidimizin facebook hesabında bir
qeydə rast gəldim: "Xüsusi əməliyyatlar
üçün xüsusi insanlar vardır.
Qarşıdakı düşmən dəstəsi Sizdən
sayca üstün ola bilər. Lakin düşmənin
sayca üstün olması Xüsusi Təyinatlılar
üçün heç bir şey ifadə etməz. Önəmli
olan sayca üstünlük deyil, Xüsusi Təyinatlıların
öyrəndikləri hərb sənəti, bir-birinə olan
bağlılıqları və əməkdaşlığın
güclü olmasıdır... Xüsusi Təyinatlılar
düşmənin heç gözləmədiyi anda və zəif
nöqtəsindən vurur və düşmən dəstəsi
geri çəkilmək, dağılmaq məcburiyyətində
qalır. Xüsusi Təyinatlılar elə buna görə
qeyri-mümkünü bacaran Bir Ovuc Qəhrəman olaraq
xatırlanar".
Aida Eyvazlı
525-ci qəzet.- 2016.- 24 may.- S.8