"NAĞIL ADAM"IN AYDIN GERÇƏKLİYİ

 

 

Bəzən biz - yəni əhli-qələm hansısa bir əsər üzərində işləyərkən uzaqlarda, dağların o üzündə, sərhədlərdən kənarda qəhrəman axtarırıq.

 

Öz mühitimizdə ləyaqətli çiyindaşlarımızı, qəhrəmanlıq pyedestalında olan insanları görmürük. Onların çox keyfiyyətlərinə adi vərdişlər kimi baxırıq. Zaman-zaman bir çox hadisələri yaddaşımızda oyadan, dədə-baba torpaqlarımızda şərəflə, ləyaqətlə ömür sürən insanlar, qədimliyimizə şəhadət verən üstü yazılı daşlar, abidələr, Oğuz adlarını vüqarı, əzəmətilə yaşadan dağlar, qıvrıla-qıvrıla axıb gedən çaylar, bulaqar milli kimliyimizi, mənsubiyyətimizi güzgü kimi əks etdirir. Bunları ədəbiyyatda, sənətdə yaşatmaq elə qədimdən qədim olan tariximizin nəsillərə əmanətidir. Fəqət, olur ki, yaşayış məskənlərimizdə mövcud olan minillərin təbiət möcüzələrini unutduğumuz kimi, milli-mənəvi dəyərlərə malik tutiya insanları da zaman keçdikcə yaddan çıxarırıq. Yazıçı və publisist Novruz Nəcəfoğlunun "Nağıl adam" romanı (portret-esseləri də daxil olmaqla) bu görməzliyə, unutqanlığa, laqeydliyə sanki üsyan edir. Əsərin elə ilk cümləsindən düşüncəmdən asılan yazıçı Aydın Tağıyevin həyatına bir növ səyahətimdə onun aydın obrazıyla doğmalaşdım. Əslində "portretlər romanı"nın yaranmasında, əhvalat və hadisələrin mərkəzində və kənarında olan personajların, vətən obrazının işlənməsində Aydın Tağıyev bir ədəbi vasitədir. Və baş qəhrəmandan ayrılan qol-budaqlar, pöhrələr əsərə eskizlər kimi daxil olub, getdikcə bədii, xarakterik detallarla romana bir püxtəlik, bütövlük gətirib.

 

Əzəl başdan deyim ki, müəllifin "Keçmişə ehtiramla", sayğı ilə, dostluğa qədirdanlıqla, həm də kişiyana münasibətini həyat həqiqətləri fonunda, sözün, fikrin səmimiyyət donunda, bədii imkanları vasitəsilə qələmə aldığı bu romanın bir neçə istiqamətdən müzakirə müstəvisinə çıxarılmasına ehtiyac var. Ədəbiyyatımızın bu gün də, sabah da qəbul etdiyi tarixilik-müasirlik vəhdətində ona yeni dəyərlər qazandıran "Nağıl adam"ın təhkiyə dilinin ana südü təki zığlı olması romanın oxunaqlığını şərtləndirən başlıca amildir.

 

Müəllif əsərinin baş qəhrəmanı yazıçı Aydın Tağıyevin portret-obrazını gerçək həyat hadisələri içərisində - dostlarla münasibətində, cəmiyyətdə, ədəbi mühitdə mövqeyi timsalında xırda-xırda, ibrətamiz hekayətlərin qoşqusunda çəkib apararaq çeşidli xarakterlər içərisində həm də özünün portretini yaratmışdır. Keçmiş həyat tərzimizin ibrətamizlik nümunələrinə, mənəvi-əxlaqi dəyərlərinə müasirlik prizmasından nəzər yetirilərək yeni ənənələrlə zənginləşdirilməsi və bunların da tarixin yaddaşından alınıb xalqın özünə qaytarılması milli mənsubiyyətimizi şərtləndirən amillərdəndir. Sadə olduğu qədər də zəngin dilə malik olan yazıçı əslində həyatımızın öz romanını təsəvvür etməklə, hafizəmizdə canlandırmaqla onlara söykənib ibrətli həyat yaşamağa ruhlandırır bizi. Doğrudan da yaradıcı insana xas olan vərdişdi: "qələm fırlandımı, deməli nəsə yazacaq"  o nəsə adilikdə olmayıb köhnə kişilərin həyatı, bəzən də bir şəcərə tarixini ehtiva edən, vətən torpağının qədimdən qədim dağı, daşı, ağacı, budağı, bulağı, yaylağı, daha nələrin də adı-bəsi olan yerlərin tarixini çağımızla səsləndirəcək.

 

Dostluq hardan, nədən və kimlərdən başlayır? İki insan arasında yaranan dostluq sonradan böyüyərək iki ailəni, bir nəsli, bir obanı birləşdirir, buna bir qədər də ictimai-siyasi rəng qatsaq, məmləkətlər arasında körpüyə çevrilir. Novruz Nəcəfoğlunun "Sevdiyim insanlara - dost bildiklərimə və məni özünə dost bilənlərə" - ithaf etdiyi romanı insanlara ədəbi mesajıdır. Doğrudan da, dostluğun yaratdığı gücdən böyük qüvvə nədir, görəsən? Müəllifin özünün dost nəzərləri ilə baxdığı insanlar, şabranlı Aydınla lerikli Aydının dostluğu, özünün Aydınla ruh birliyi və kimlərinsə bir-birilə artıq qərinələrdən də çox davam edən dostluğu bir zəncirin həlqəsində birləşən, bütövləşən gücdür. İnsanların birliyi, humanizmi, vətənpərvərliyi, yurdsevərliyi üçün dostların etibarından, vəfasından, gücündən, qüdrətindən yazmaq könüllərdə xoş duyğular yaratmaq, qaranlıqlara işıq seli axıtmaqdır. Lerikdə Aydınların görüşü oxucuya olduqca xoş təsir bağışlayır. Uzun illərin ayrılığından sonra dostların yenidən qarşılaşması, intizara son qoyduğu dəqiqələrin həyəcanı duyğusaldır. Və bu görüşün təəssüratını dinləyən yazıçı, şabranlı Aydının bəyaz ovqatına bir köynək də yaxınlaşır: "Əzizim Aydın, unudulası o qədər işlər var ki! Ruhunun harayı ilə zaman-zaman çulğalaşan, uzun yollar keçib gələn belə saf, pak duyğuları unutmaqmı olar?! Unutma, əzizim, unutma. Bir də ki, heç istəsən də, unuda bilməzsən, nə olsun "hal əhli"sən , axı sən də öz ruhunla bir parça nur kimisən - pak, kövrək, məsum!.." 

 

Aydının çölündən başlamış içini mərtəbə-mərtəbə açan müəllif onun özüylə yanaşı taleyindən keçən insanların bioqrafiyasını, üstəlik, redaktor Seyfəddin Hüseynlinin qeyd etdiyi kimi, "kəndin, obanın, məktəbin, dağın, dərənin, çayın, gölün, daşın, lap elə hafizəyə həkk olunmuş hansısa sözün, ifadənin də özünəməxsus bioqrafiyasını" bədii element və təsvirlərlə yaradıb. Qoy mənim fikrim də redaktorun dediklərinin müqabilində təkrir kimi səslənsin: romanın mövzusu dostluqdur, böyük gücü, bütövlüyü ilə insanlığı yaşadan dostluq. Qəhrəmanın tərcümeyi-halında yaşam boyu qazandığı ədəbi uğurları xüsusi olaraq deyil, mətnin içərisində hekayətlər, xatırlamalar boyunca portretin cizgiləri, rəngləri olaraq fikirlər karvanında söz-söz, təmiz nəfəs kimi, səs təki axıb gedir. Əsərdəki hadisələr, istər insanların həyatına zinət olan xatirələr, istərsə də təbiətin əsrarəngiz lövhələri bir-birini söz-sözü çəkən təki, rəng öz çalarını, uyarlığını tapdığı kimi, xırda çayların nəhəng sulara qovuşduğu timsalında, "Nağıl adam" bioqrafik romanının kiçik süjetləri də əsas ideyanın çəkib apardığı ana süjetdə birləşir. Bəzən sanki bir-birilə əlaqəsi olmayan xatirə-əhvalatı oxuyanda içimdəki "bunun Aydın Tağıyevlə, yaxud müəllifin məqsədilə nə əlaqəsi",- deyə düşündüyüm məqamda nigarançılığım bir fikir, bir cümlə  ilə yox olur. Bütün hadisə-əhvalatlar şəkil-şəkil məqsədə sarı yürüyür. Və bir-birilə qol-boyun olan xatirələrin cəngəlliyinə girincə məndə belə bir qənaət yarandı ki, "Nağıl adam", Şabrandan başlamış, Lerikdən, Lənkərandan, Bakıdan və bir çox kəndlərdən, qəsəbələrdən keçib-gedən, addım-addım, oymaq-oymaq yeriyən, ədəbiyyatımız üçün heç də ənənəvi olmayan yeni forma və məzmunda yazılmış bioqrafik portretlərə təbii rənglər verən xatirələr romanıdır. Əsər boyu tanış olduğum insanların haqqında xatirələri, portretinə əlvanlıq gətirən cizgiləri (hətta epizodik olsa belə!), ümumi isimlərə aid olan məvhumların əzəmətli təsvirlərini sıraya gətirmək istəsəm də alınmadı. Zənginlik içində sayları itirdim.

 

Hadisələrin axarında ötüb-keçən insanlar və təbiətin yaratdıqları arasındakı əlaqə, xüsusilərin malik olduqları keyfiyyətlərlə cilalanması və ümumilərin bədii detallarla təsviri adama lirik hekayələr təsiri bağışlayır: "Bizim bu Şabranda başı Çıraqqalaya dirənən, ayaqlarını isə Zöhrab kəndinin yaylaqlarının çeşmələrini də qoynuna qataraq axıb gələn, gah məcrasından çıxıb aşıb-daşan, gah da yorulub yatağına çəkilən Gilgilçayın pak suları yalayan dağların belində, yaylaların əhatəsində yurdu köçüb, adı, bir də o ağır yurdun dam-daşının kalovları qalan gen-geniş güney boyunca, üzü Nohurlara doğru yaşı bilinməyən yeddi kəndimiz var... " Bədii dilin zənginliyi hadisələrin bəzən təsviri, bəzən də nəqli formasında, bədii-publisist dəst-xətlə çoxçalarlığa varması müəllifin yaradıcı təxəyyül imkanlarının genişliyini göstərir.

 

İnsanların arasında yazışmaların dəyərini xatırladan müəllifin hadisədən-hadisəyə keçərkən mövzuya girişləri ədəbi keçid qiyafəsində sərbəst (əslində ədəbi ölçünü gözləməklə!), qeyri-ciddi janra mənsub esse xarakterində təsviri böyük maraq doğurur. Yazıçının özünəxas yaradıcılıq ənənəsi, təhkiyə-üslub fərdiliyi, onun əsərlərində vətəndaşlıq pasportu qazanmışdır. Romanın qayəsində, ana xəttində olan və xatirələr cərəyanında inkişaf edən dostluq, sədaqət, humanizm, xeyirxahlıq, bütövlük, alicənablıq soyuq qəlblərə istilik gətirmək gücündədir.

 

Burda bir haşiyə:

 

Novruz müəllim mənə də doğma olan "Dövlətnəşrkom" mühitindən söz açanda yaddaş xatirələrim yarpaqları xışıldadan meh təki qəlbimi əsdirdi. Baş idarədə - Komitədə işləyən Daşqın Qasımzadəni, "Gənclik" nəşriyyatının o zamankı direktoru Əlican Əliyevi xatırladım... Bu məkanlar və insanlar gözlərimin qarşısında peyda oldu. Mən də həmin dövrdə 20 ilə yaxın "Gənclik" nəşriyyatında çalışmışam. O həyat, o mühit özünün qaynarlığı ilə  hələ də yaddaşımda ipistidi. Tanıdığım insanlar, dostluq etdiyim əziz adamlar hafizəmin bir işıqlı xanasındadır. Eyni mühitin adamlarının ortaq dostluğu, bəzən də eyni cür düşündükləri də mənə bəlli idi. Bu niyə belə idi? Onda çoxumuzun qəlbinə hələ qış, boran yaxın düşə bilmirdi. Aramızda ipisti, qaynar bir ruh yaxınlığı vardı. Bu dostların arasında mən də özümü bir dost kimi görürdüm...

 

Səmimi, lirik duyğuların etirafı yazıçının mənəvi dünyasının saflığını, zənginliyini göstərir. "Hərdən özümün sırf özümə aid olduğum həm asudə, həm də çox duyğulu anlarım olur ki, bax o anları mən həyatımın şahanə, əlçatmaz özümlə, bir növ, daha yaxından təmas qurmağıma, öz aləmimə dalmağıma kömək edir, bu yaşantılarıma daha artıq hərarət, arxayınlıq qatır, əhvalımı daha da duruldur..." Bu fikirlər "Yurdumuzu gəzə-gəzə" əsl təbiət adamı olan yazıçının müşahidə və düşüncələrindən yaranıb. O, bu səfərinə zövqlə, sözün imkan verdiyi bütün əlvanlığı ilə elə bir nəfəs qatıb ki, o təsvirlərdən ruhlanmaya bilmirsən. Səsi, nəfəsi duyulan qədimdən qədim Şabranın tarixindən, təbii sərvətindən bəhs edərkən "bizim Şabran" deyən lerikli Novruz müəllim Azərbaycanın bütün bölgələrini də bir kökün üstündəki qol-budaq təki dost-qardaş bilir. Hamıya, hər yana, hər şeyə dost nəzərləri ilə baxan yazıçının yazdıqlarına isti yanaşmamaq olmur. Bütün bunlara rəğmən, Aydının həyatı, ədəbi taleyi, görünən və duyulan keyfiyyətləri ilə cilalanmış portreti olduqca böyük maraq doğurur. Romandakı hadisələr qədər marşrutlar da oxucunu xatirələrin qanadında  gəzdirir. Boşalmış yurd yerlərinin nisgili, insan nəfəsindən qübarlanan adamsız ağacların nağılı təkcə müəllifi yox, romanla tanış olan hər kəsi düşündürür. Müəllif o yerləri gəzdikcə, uçub-tökülənləri gördükcə gəncləri babalarının yurdunu abadlaşdırmağa səsləyir.

 

Yazıçı bütün unutqanlıqlara qarşı üsyan edir. Lakin bu üsyan qəzəblə, tənə yağdırmaqla,  utandırmaqla deyil, xatırlatmaq, ruhu tərpətmək, ürəyə işıq çiləmək, həm də bu ətrafda düşünmək tövsiyəsi timsalındadır. "Söhbəti gətirirəm dostum Aydınla qədimdən qədim bu Şabran elinin uzaqlı-yaxınlı, dağlı-aranlı, köhnəlib-sovulan, atılıb-unudulan, seçilib-qurulan, qayğıyla qorunan yurd yerlərinə, obalarına, oymaqlarına, yaddaşımızda köç salmış o birgə güzargahlığımıza..." Sərçə ilə qarışqaların qovğası qüdrətli bir rəssamın yağlı boyayla çəkdiyi tablonu xatırladır: "Ana sərçə qarışqa karvanının qabağını ağıllı-başlı kəsmişdi, xəncərdən iti dimdiyi ilə onlara hücum edir, elə sərrast zərbələr endirirdi ki, o bapbalaca məxluqların heç birindən yan keçmədən daşıdıqları yükləri qapır, dili ilə içəriyə, oradan da cənginə ötürürdü. Ağzının şirəsi ilə bir-birinə yapışan "qənimət" yığılıb fındıq boyda kütlə olmuş və sərçənin alt cəngindən asdana qalmışdı". Bu müşahidələrin sonacan zəngin, effektli, bədii detallarla zərif təsvirini oxuduqca yazıçının təhkiyə dilinin fikirlə vəhdəti məni bir oxucu kimi valeh etdi...

 

Şabran-Lerik-Bakı marşrutundakı səyahət insanı-insana bağlayan dostluq, sədaqət, humanizmi özündə birləşdirən çox munis xatirələrlə zəngindir.

 

Daha bir haşiyə

 

Yazı boyu gözüm dörd oldu ki, nağılının dağları, dərələri keçib getdiyi məqamların birində mənimlə jurnalistkada oxuyan mülayim, məsum təbiətli şair Allahverdi Məmmədlinin, gəncliyimdə Lənkəranda bir neçə yazıçı ilə görüş zamanı evində qonaq olduğumuz ağayana, ağır-batman davranışlı köhnə kişilərdən olan yazıçı Məmmədhüseyn Əliyevin də adlarına rast gələcəyəmmi? Müəllif məni intizarda qoymadı, o gözəl ziyalılar da anıldı. Onun hər ikisi haqqında qələmə aldığı "Deyirdin, mənimki heç gətirmir" və "Dağa çiyin verən ədib" portret yazıları məni çox kövrəltmişdi. Yaxşı kişilər yaxşı adamların hafizəsində həmişə yaşayırlar...     

 

"Çuxurazəmiyə bu güzargahlıqda bir hədəfimiz də Dəhnə istisuyuna ulaşmaq idi...", səfər təəssüratından doğan fikirləri Şabran torpağının zəngin coğrafiyası, toponimləri ilə maraq doğurur. Addım-addım gəzdiyi bu torpağın dilini-sirrini öyrənməyə  cəhd edən müəllif istəyinə günbəgün yaxınlaşır. Torpağa da, onun insanlarına da məhəbbətlə qucaq açan Novruz müəllim yazır: "Şabran elinin hər yurd yeri, kəndi-kəsəyi, ululardan qalma əfsanələr, rəvayətlər, nəğmələr, deyimlərlə, müdrik el sözləri ilə zəngindir. Ürəyi kitab-kitab söz dolu ağsaqqallar, sinədəftər ağbirçəklər öz yaddaş xəzinələrini qızırqanmadan nəsillərdən-nəsillərə ötürə-ötürə gəliblər və bu ənənəni indi də yaşadırlar. Elə buna görədir ki, Şabranda sözə, söz deməyə həvəs də var, bu həvəsi öz yazıb-yaratdıqları ilə üzə çıxaranlar, araya-ərsəyə gətirənlər də..."

 

Əsərin sonuncu səhifəsi - "Bu da ümid qapısı..."

 

İstəməzdim ki, dostluq haqqında koloritli, ürəyə, dilə yatımlı bir təhkiyə ilə yazılmış portretlər romanının sonu olsun. Amma bir təsəllim də var: Bu, həyatın əbədiliyi qədər uzun olan dostluq haqqında gerçək nağıldırsa, insanların qəlbində, yaşam tərzində onun mənəvi davamının da sonu yoxdur. Bir də ki, bu, yalnız yazıçı Aydın Tağıyevin yox, Novruz müəllimin özünün, elə çoxumuzun qəlbində yaşayan ipisti məxmər xatirələrin romanıdır.

 

 

Şəfəq Nasir

525-ci qəzet.- 2016.- 24 may.- S.7