Səməd Vurğun poeziyasının erkən
dövrü: ənənə, bədii metod və ədəbi-fəlsəfi
qaynaqlar
(Əvvəli
20 may sayımızda)
Səməd Vurğun avanqard şeirlərini yazanda
futurizmin təsirindən kənarda deyildi.
O, fərdiyyətçilikdən
uzaqlaşıb, yeni həyata yaxınlaşarkən xitablardan,
söz və cümlələrdən (əmr və nida
sözləri, sual cümlələri və sual əvəzlikləri,
onların fonetik, leksik və qrammatik xüsusiyyətlərindən)
istifadə edirdi, əsasən, məna və məzmundan,
emfatik vurğulardan, publisistik parçalardan, zahiri effektdən
faydalanırdı. Bu onun "Şairin andı", "Səfil
qadın", "Hərəkət", "Fanar",
"Mən hazıram" və başqa şeirlərinə
aid idi:
Beləcə,
bil!
On beş il,
On beş qış,
On beş yaz
Gülmədim
bir az.
Varsın
ürəklər yanmasın,
İnanmayan, inanmasın.
("Şairin
andı")
"Fanar"
şeirindən:
Dərin
dənizlərin
arxasını göstərən
bir
fanar,
yanar,
yanar,
yanar...
XX əsr poeziyasının təşəkkül mərhələsində
ədəbi cərəyanlardan biri də avanqardizm olub. (Avanqard
öncül, irəlidə mənasındadır). Bu ədəbi cərəyan XX əsrin 20-ci illərində
yaranıb. Avanqardizm - ədəbiyyat və
incəsənətdə keçmişin realist ənənələrini
inkar edib, əsasən, yeni forma və ifadə vasitələri
axtarıb, müxtəlif ədəbi cərəyanların səciyyəvi
xüsusiyyətlərini daşıyıb. Onun müasir kökləri əsrin əvvəllərindəki
dekadent, modernist cərəyanların ideya-estetik prinsipləri
ilə bağlı olub. Avanqardistlər
düşkünlük, durğunluq əhval-ruhiyyəsində
olub, estetik subyektivizm mövqeyində qalıblar. S.Vurğun da avanqard şeirlər yazıb.
Dekadentizm (Dekadent - tənəzzül,
düşkünlük deməkdir) ədəbi cərəyanı
XIX əsrin sonu, XX əsrin əvvəllərində ədəbiyyatda
mövcud olub.
Burjua antirealist cərəyan hesab edilib. Dekadentizmin zəminində simvolizm, kubizm,
sürrealizm və abstraksionizmin əsasları dayanıb.
Əsas xüsusiyyətləri ədəbiyyatı
gerçəklikdən ayırmaq, ifrat fərdiyyətçilik
və pessimizm olub. Onlar "xalis sənət"
("sənət sənət üçündür")
ideyasını təbliğ ediblər. Dekadentizm
həm də şəxsiyyətin görüşlərindəki,
əhval-ruhiyyəsindəki düşkünlüyü, onun
antisosial davranışını ifadə edib.
Dekadentizmin əsasında subyektiv idealizm (həyat fəlsəfəsi,
ekzistensializm) durub. Müəyyən xüsusiyyətləri
ilə təzahür edən dekadentizm Oktyabr inqilabından
sonra zəifləyib. Sovet quruluşu,
sosialist realizmi metodu həmin cərəyanları sürətlə
sıxışdırıb. Bu sahədə Azərbaycan
marksist tənqidi də az rol oynamayıb.
S.Vurğunun dekadent və sürreal şeirləri onun 7
cildlik seçilmiş əsərlərinin I cildində
verilib. Şair 1920-ci illərin şeirlərində H.Cavid,
M.Hadi, T.Fikrət, N.Kamal, Ə.Hamid kimi mənəvi
axtarış sarsıntıları keçirib, şübhə
və gümanlarda bulunub, bayronsayağı ruhla
yaşayıb. Həsbi-halını daha
çox əruzda dilləndirən şair "nədir"
sualı ilə üz-üzə qalıb, əsasən,
H.Cavidin Allah, həqiqət axtarışlarını davam
etdirib. Şübhə və inam - skeptik fikir və
düşüncə onun lirik "Mən"inə hakim kəsilib:
...Dəryalara,
səhralara min cilvə sərasər
Ərz
etmədə, bilməm nə zamandan bəri aləm
Göylər deyə, göylər deyə
çalxandı dəmadəm.
Çalxandı
nəhayətsiz olan boşluğa əfkar,
Ən
sonra təbiətdəki hikmətlərə naçar
Məruz
olaraq enməyə məcbur ilə döndü,
Min dürlü ziya parladı, min ah ilə söndü.
Şair 1924-1932-ci illər şeirlərinin bayronizm,
dekadent, sürreal əhval-ruhiyyəsinə görə ifrat fərdiyyətçidir.
Və belə poetik müəyyənlik dekadent şeirə
tamamilə uyğundur. Onun "Şikəstəyə məktub",
"Sızıltılarım", "Ondan da gözəldir",
"Şəki maralı", "Əgər səndən
dönər isəm, nəsibim ahu-zar olsun", "D. Əbədilik
pənahgahıma - M.", "Məni", "El
ayrılığı", "Qadın", "Bir qəlb
ki, çalxanar, hər zaman coşar" (Ad şərtidir. İlk misrası ilə göstərilir. Red. - Ə.Ə.), "Çəkil",
"Onu görürkən", "İllər, qərinələr
keçirsə aləm", "Unut", "Ana",
"Çiçək", "Bir qətrə yaş",
"Dağlar, sizdəki böyüklük, vüqar",
"Nə vaxt güləcəyəm", "Şikayət",
"Ona", "Acı gülüşlər",
"Çəkdiyim ağrılar bir yana dursun", "Matəm
nəğməsi", "İləri",
"İngilis", "Həyat dedikləri şübhəli
bir şey", "Səhərə yaxın",
"Ayıq ol" şeirlərinin hər biri S.Vurğunun
subyektiv aləmi, fərdiyyəti və Dürrəyə olan
məhəbbətinin ifadəsi ilə bağlıdır.
"Nə
vaxt güləcəyəm" şeirində dekadentizmə
xas olan bir ideya xətti, emosiya fərdiyyətçiliyi:
şübhələr, bədbinlik, kədər,
düşkünlük, bayronizm əhval-ruhiyyəsi ifadə
olunub:
Nə qədər
məyus, ah, nə qədər ölgün,
Nə qədər cansızam yenə mən bu gün.
Dəyişmiş
gördüyün köhnə şiri-nər,
Əsər xəyalıma nəsimi-kədər.
Xəyal,
həsbi-hal, bədbinlik lirik "Mən"i əldən
salır:
Hələ gör nə halda, gör nə dəmdəyəm?
Bütün
varlığımla yas, ələmdəyəm
Vücudum
torpaqda, sürünür daşda
Xəyalımsa
durur hamıdan başda:
Rəqs
edər o mavi, ağ buludlarda,
Enər, nəfəs alar, yaşıl otlarda.
Gəzər-gəzər
durmadan öylə bir an
Arar-arar yavrum, bir geniş meydan.
S.Vurğunun lirik "Mən"inin psixoloji
sarsıntıları dərindir. İztirab, ümidsizlik, xülya, bədbinlik
əhvalı - sürreallıq onun "Bir qəlb ki,
çalxanar, hər zaman coşar"
şeiri üçün səciyyəvidir:
A dostlar,
baxınız bir xəstəyəm mən,
Amandır
yetirin o yarə məni!
Bu dərdlə
qəflətən əgər ölürsəm,
Siz Allah
qoymayın məzara məni!
Amma lirik "Mən"in şübhələri onun son
ümidini, son gümanlarının işartılarını
hələ söndürməyib. O, özünə
qayıdışda bir "çırpınış"
arayır:
Çəmənlər,
baxçalar, bağlar sararsa,
Fəzalar
dönərək, sular qararsa
Hər
şeyi bir ölüm qorxusu sarsa,
Əyilməm
bir daha... bir həvəs məni...
("Unut")
S.Vurğun "Mən"inin bu sarsıntıları,
küskün, ümidsiz ruhunun etilasında yalnız sevda, sevgi
mübtəlasımı durur? Yox! Lirik "Mən"in bayronik
halı, pəjmürdəliyi, məhəbbət Allah - həqiqət
axtarıcılığından irəli olan mələk
simalı bir vücudu itirməsi, "həyata qanadsız
atılması" ilə bağlıdır:
Tək
cocukdum yerə gömdülər səni,
Həyata qanadsız atdılar məni.
Bax necə
pozulub ömrüm gülşəni,
Həyat sənsiz mənə zindandır, ana.
("Ana")
Cocukkən anasızlıq və ümidsizlik lirik "Mən"i
haldan-hala salıb. Bu səbəbdən:
Yıxılıb
payinə ölmək istərəm,
Analıq mehrini görmək istərəm.
Səni
görmək üçün ölmək istərəm
Təsəllim
ah ilə fəqandır, ana, - deyir ("Ana")
Lirik
"Mən"in şübhələri, gümanları onu
haldan-hala salır, "könlünün əşi"
bildiyi gözəl ona gah həqiqət, gah da xülya kimi
görünür. Hətta, lirik "Mən" ölümlə
yuxu arasında çırpınışda qalır:
Əmərdim
hüsnündən min incə duyğu,
Sardımı çöhrəni xəzan soyuğu?
Əlvida,
əlvida daldığım uyğu
İnanmam ölümmü, röyamı yoxsa?
("Çiçək")
Lirik
"Mən"in ehtizazları, sarsıntılarının
psixoloji zəmini həm də dövranla, şəraitlə
bağlıdır. Qüdrəti qalmayan, taqəti tükənən
lirik "Mən" varlıqla, yoxluq arasında
çırpınır:
O
hansı vicdan ki, ağlar, ay aman"
Gün də
bir don geyən dövran əlindən?!
("Şikayət")
S.Vurğunun subyektiv fərdiyyətçiliyi, onun fəlsəfəsi
idealizmlə bağlı deyildir. Dekadentizmdən fərqli
olaraq, ekzistensial müəyyənlik də deyil. Yenə
bir fakt:
Sürün,
sürün iştə durmadan bir an
Sən ey
vəhşətindən feyz alan insan.
Yarın
gülmək üçün ağlasın cahan
Bu
Tövrat, bu İncil, Quran əlindən.
("Şikayət")
Lirik
"Mən" Cavid "Mən"i kimi gümanlar,
şübhələr içində
çırpınışdadır:
O zaman
gülərəm, gülərəm heyhat...
Bilməm
gələcəkmi bir böylə həyat?..
S.Vurğunun şübhələri "Həyat dedikləri
şübhəli bir şey" şeirində də
görünür. Şair "Mən"i mənəvi tənəzzülündə
davam etməkdədir:
Həyat
dedikləri şübhəli bir şey
Ölümsə şübhədən çıxmaq
deməkdir.
Bu qəmgin
təranə... bu kədərli ney
Varlığı heçlikdə boğub yeməkdir...
"Səhərə yaxın" şeirində də S.Vurğun "bəlkələri"ndə qalır, "bu çərxi-dövrandan yara alan" lirik "Mən" öz "pəri"sini aramaqdadır. "Halıma yanmayan o gözəl pəri, Deyin üz qoyubdur hansı diyara?" - deyə suallar qarşısında qalan lirik "Mən" dərdinə çarə bulur. Fəqət o, bu axtarışlarında da aldanışlıdır:
Bumudur bəşərin vicdanı, bilməm?
Nədir bu çəkdiyim bu bəla, bu qəm
Ah, o könül quşu, o nazlı həmdəm
Bəlkə bu dərdimə bulacaq çara?
"Ayıq ol" şeirində şairin lirik "Mən"i hətta biləixtiyar olur, bayılmaq həddinə gəlir, gözünə hələular görünür, xəyal - mələk misallı gözəl onu haldan-hala salır, sürreal olur:
Mən bu lövhələri xəstə, nəfəssiz
Seyr edərək həmən yürürdüm səssiz...
Birdən
Buludlar oynadı, şimşək lər çaxdı,
Göylərin üzünə çəkildi pərdə.
Gözümdən qəlbimə damcılar axdı,
Dedim
kimdir məni salan bu dərdə?
Haman
Siyah
buludların sıslı qoynundan
Gülümsər
üzüylə nazlı bir mələk
Yüksəl, yüksəl! - deyə çağırdı gerçək...
Belə Cavidanə təsvirlər elə sürrealizmin təzahür xüsusiyyətlərindəndir. S.Vurğunun dekadent şeirləri davamlı olmayıb. H.Caviddən fərqli olaraq o, Lui Araqon, Anri Barbüs, İohan Bexer, Nazim Hikmət, Pablo Neruda kimi sosializm realizmi cəbhəsinə keçib. S.Vurğunun sosialist realizmi poeziyasına keçidində xüsusi, bir ara mərhələ də var (1931-1938-ci illər) ki, bunu avanqardizmin təsiri kimi qeydə almaq olar. Çünki avanqard şeir yeni həyata, inqilabi pafosa subyektiv çağırışla səciyyəvi olub sosialist quruculuğu həyatının ritmini emfatik vurğularla, xitab və nidalarla, ildırım şaxəli sərbəst misralarla ifadə edib. Xalq dühasından qidalanan qüdrətli ruhlar heç zaman tükənmirlər, ölmürlər. Səməd Vurğunun poeziya ruhu həmişə müasirimiz, əbədi tariximizin yol yoldaşıdır.
S.Vurğun da V.Mayakovski, V.Meyerxold, S.Prokofyev kimi fərdiyyətçi çağırışlardan, estetik subyektivizmdən uzaqlaşıb, 1930-cu illərin ikinci yarısında P.Pikasso, P.Neruda kimi avanqardizmdən sovuşaraq sosializm realizmi yaradıcılıq yoluna qədəm qoyub...
Əlizadə ƏSGƏRLİ
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
baş elmi işçisi, filologiya üzrə elmlər doktoru
525-ci qəzet.- 2016.- 24 may.- S.6