Ədalət Tahirzadə: "Həyatım
boyunca kimsəyə pislik etməmişəm"
"YAŞADIĞIM 65 İLDƏN RAZIYAM VƏ BU ÖMÜRLƏ FƏXR EDİRƏM"
O,
yaşca məndən az qala üç dəfə
böyükdür. Ancaq bu, dostluğumuza qətiyyən
əngəl törətmir. İlk
baxışdan quru, qapalı, adamayovuşmaz kimi görünsə
də "sarı siminə toxunanda" çox söhbətcil,
ünsiyyətsevər və zarafatcıl olduğuna
inanırsan. Əsas məsələ isə
o "sarı sim"ini tutmaqdır.
Azərbaycan siyasi mühacirətinin taleyi ilə
bağlı araşdırmalarım, bir çox sənədləri
əldə etməyim onda da ciddi maraq doğurdu və bu,
yaxınlaşmağımıza əsas səbəb oldu.
Ümumiyyətlə,
Azərbaycanın 1918-1920-ci illər tarixi ilə bağlı
hər bir mövzu professor Ədalət Tahirzadənin
"sarı sim"i ola bilər. Deyəsən, mən artıq bu "sim"i
çalmaqda ustalaşmışam - onunla son vaxtlar xeyli
maraqlı görüşlərim, söhbətlərim olub.
Bugünlərdə 65 yaşının tamam olduğunu
bildiyimə görə növbəti
görüşümüzü bir jurnalist kimi bu əlamətdar
hadisəyə başlamağı qərara aldım. Onunla bu dəfə Bakı
Avrasiya Universitetində - həyatının 23 ilini həsr
etdiyi ali məktəbdə söhbətləşdim.
- Ədalət bəy, 50 illiyinizdə demişdiniz ki, Məşədi
İbad yaşına çatdım. Bəs indi kim
yaşındasınız?
- İndi Ömər Faiq Nemanzadə yaşındayam. O, 1937-də 65
yaşında güllələnib.
- 65
yaşı 50 yaşdan fərqləndirən nədir, yaxud nələrdir?
- Hər
şeydən qabaq odur ki, 65 yaş 50 yaşdan 15 il çoxdur. (Gülür).
Doğrusu, bu haqda heç fikirləşməmişəm.
50 yaşda 7-ci mərtəbəyə piyada
asanlıqla çıxırsan (özü 7-ci mərtəbədə
yaşayır - D.Ə.), 65 yaşda isə iki-üç yerdə
dayanıb nəfəsini dərməli olursan. Bu, bir. 50 yaşda sənə "əmi",
"dayı" deyənlər çoxdursa 65 yaşda
yalnız "ağsaqqal", yaxud "baba"san. Bu, iki. 50 yaşda həkim
qapısını təpiklə açırsan, 65 yaşda isə
həkimin qəbuluna belinin ağrısından ikiqat olub girirsən.
Bu da üç. (Gülür).
Ciddi desək, 50 yaş insanın ağıl və
savadca kamilliyə yüksəldiyi önəmli bir nöqtədir.
65 yaşda isə bunun üzərinə
çox zəngin həyat təcrübəsi də gəlir.
Şəxsən mən bu gün özümü Azərbaycanın
bir əsr öncəki tarixinə dair ən ciddi əsərlər
yazmağa tam qadir hiss edirəm və düşünürəm
ki, nəzərdə tutduğum işləri məndən
yaxşı görə bilən olmaz.
- Bu
yaşda ömür şirindirmi?
- "Şirinlik" deyəndə çox yaşamaq
istəyini nəzərdə tutursunuzsa mənim
üçün ömrün uzun-gödəkliyinin heç
bir önəmi yoxdur. Bu gün Əhməd Cavaddan 20 yaş, Səməd
Vurğun və Nəcəf Nəcəfovdan 15 yaş, Salman
Mümtazdan 8 yaş, Hüseyn Caviddən 6 yaş,
Əbdürrəhim bəy Haqverdiyev və Əbülfəz
Elçibəydən 2 yaş böyüyəm. Ömrü
verən də, alan da Allahdır və Onun
verdiyi ölüm əmri də gözüm üstədir.
Yalnız görmək istədiyim, millətim, xalqım üçün
faydalı olacağını düşündüyüm,
ancaq hələ ortaya qoya bilmədiyim bəzi işlərimi
başa vurmaq üçün Ondan möhlət istəyirəm
- versə də xoşdur, verməsə də!
- 65 illik
bir ömür yolu keçmisiniz. Geriyə
boylananda bu yolda buraxdığınız izlərdən
razısınızmı?
- Mən
yetərincə təvazökar adamam, ancaq bu, o demək deyil
ki, gerçəyi söyləməkdən çəkinim. Bəli,
yaşadığım 65 ildən razıyam və bu
ömürlə fəxr edirəm, çünki onu şərəflə
yaşamışam! Buraxdığım izlərə gəlincə,
məndən sonra bu millətə 22 kitabım, yüzlərcə
məqaləm, redaktoru olduğum qəzet-jurnallar, müstəqil
Azərbaycanın orta məktəbləri üçün mənim
rəhbərliyim altında yaradılmış 82 adda dərslik,
adlarını kommunistlərin tarixdən sildiyi, ancaq ilk dəfə
mənim arxiv materiallarına əsasən üzə
çıxardığım onlarca ziyalımız,
Cümhuriyyətimizin 1920-də xaricə oxumağa göndərdiyi
102 tələbəmiz, dərs deyərək savad verdiyim
yüzlərcə şagird və tələbə... məndən
xalqıma yadigar qalacaq.
- Bayaq hələ
ortaya qoya bilmədiyiniz işlər olduğunu dediniz...
- Bundan
sonra da yaşamağı Allah mənə nəsib edərsə
ən böyük arzum 1918-1920-ci illərdə mövcud
olmuş ilk Azərbaycan Cümhuriyyətinin Parlamenti və
onun üzvləri haqqında kitabımı yazaraq Cümhuriyyətin
100 illiyinə ərməğan etməkdir.
- Evinizdə
bu mövzu ilə bağlı qalın-qalın qovluqlar dolusu sənədləri
görmüşəm və bilirəm ki, o qədər zəngin
sənədlər əsasında yazılmış bir əsər
həqiqətən çox qiymətli olacaq. Bəs
onu yazıb ortaya qoymaq üçün Sizə daha nə
lazımdır?
- (Gülür). Sponsor, Dilqəm bəy, sponsor.
"Cümhuriyyət tələbələri"ni yazanda bir xeyirxah cəmiyyət sponsorluq etdi və
mən bütün işlərimi bir qırağa qoyub
oğlumla birgə 1600 səhifəlik kitabı 9 aya tamamlayaraq
təhvil verdim. Parlament kitabı isə həcmcə ondan da
geniş olacaq və onu yazmağa başqa işlərlə məşğul
olmadan ən azı bir il - il yarım vaxt
gedəcək. Belə işi isə sponsorsuz
görmək mümkün deyil.
- Siz
ixtisasca dilçi-filoloqsunuz, ancaq çoxları Sizi
"tarixçi alim" adlandırır...
- (Gülümsəyir). Hələ bu
harasıdır? 1992-93-cü illərdə Prezident
Əbülfəz Elçibəyə mətbuatda şikayət
yazırdılar ki, sən jurnalisti təhsil nazirinin müavini
təyin etmisən...
Bəli, mən filoloqam. Diplomumda "Filoloq. Azərbaycan
dili və ədəbiyyat müəllimi" yazılıb.
5 ilə yaxın müəllim işlədikdən sonra Nəsimi
adına Dilçilik İnstitutunun
aspiranturasında oxumuşam, orada müdafiə edib baş elmi
işçiyədək yüksəlmişəm. 1985-ci ildə məni "Elm" qəzetinin
redaktoru təyin etdilər. Yeri gəlmişkən, mən
Sovetlər Birliyində kommunist olmadan qəzet redaktoru təyin
edilmiş bəlkə də yeganə adam
idim. İki il sonra qəzetdən
çıxıb Əlyazmalar İnstitutunda şöbə
müdiri kimi çalışmağa başladım və
tale məni burada Əbülfəz Elçibəylə
qovuşdurdu. 1989-un sonunda Nəcəf Nəcəfovun
redaktorluğu altında yenicə nəşrə başlayan
"Azadlıq" qəzetinə Bəyin istəyi ilə
redaktor müavini təyin edildim. Ta 1992-ci ilə kimi. Rəhmətlik Bəy prezident olarkən məni təhsil
naziri Firidun Cəlilovun müavini görmək istədi.
Deməli, o vaxt məni "jurnalist"
adlandıranlar o qədər də
yanılmamışdılar. 1992-1993-də yeni proqram və
dərsliklərin yaradılmasındakı işim isə mənim
təhsil sahəsində təsadüfi adam
olmadığımı göstərdi. 1993-dən
ozamankı Ali Diplomatiya Kollecində, indiki Bakı Avrasiya
Universitetində və eyni zamanda "Şirvan"
hazırlıq kursunda müəllimliyə başladım.
Dərs prosesində gördüm ki, kommunistlər
Azərbaycan tarixini o qədər baş-ayaq yazıblar,
görkəmli şəxsiyyətlərimizi özümüzə
o qədər düşmən kimi tanıdıblar ki,
tarixçilərimiz hələ də onlardan yazmağa
çəkinirlər. Mən ilk iş olaraq
yoldaşım Nailə xanımla birgə testlər toplusundan
ibarət "Tarixi öyrənənlərə kömək"
adlı kitab nəşr etdirdim. Sonra
"Xırxatala kəndinin tarixi və uruqlarının
soyağacı" kitabım çıxdı. 2000-ci
illərin başlarında "Azərbaycan
imperatorları" silsiləsindən "Nadir şah
Əfşar" və "Ağaməhəmməd şah
Qacar" kitabçalarını ortaya qoydum. Qacar
haqqındakı kitaba mənim xahişimlə rəhmətlik
Bəxtiyar Vahabzadə çox dəyərli bir ön söz
yazdı. Bu iki azman hökmdarımız
haqqında ictimai rəydə yüz ildən artıq bir
dövrdə formalaşdırılmış mənfi rəyin
sındırılmasında o kitabçaların, özəlliklə
Bəxtiyar müəllimin ön sözünün önəmli
rolu oldu və sonrakı araşdırmalar üçün
sanki yol təmizləndi.
Mən hələ 1980-ci illərin sonundan repressiya
mövzusunda çox yazmışam. Daha sonra 1920-ci ilədək ali təhsil almış azərbaycanlılar
mövzusuna maraq göstərdim və bir çox arxivlərə
baş vurdum. Cümhuriyyət mövzusu məni
tarixlərlə daha da doğmalaşdırdı. Bu gün də özümü arxivsiz təsəvvür
edə bilmirəm. Belə durumda, təbii
ki, yazdıqlarım da tarixdən olacaq. Son
illərdəki bütün beynəlxalq simpozium və
konfranslardakı çıxışlarım tarixə aiddir.
Beləliklə, mən universitetdə professor
olaraq dildən dərs deyirəm, ancaq demək olar ki,
bütün elmi araşdırmalarım tarixlə
bağlıdır.
- Həyatdakı
uğurlarınız üçün daha çox kimə
borclusunuz?
- İlk növbədə atama və anama. Onlar mənim
"adam olmağım" üçün əllərindən
gələn hər şeyi ediblər. Daha
sonra həyat yoldaşıma. Mənim
aspirantura, elmi işçilik və jurnalistlik dönəmim dəhşətli
maddi və psixoloji sıxıntı içində keçib.
O ağır dönəmdə məni sınaraq sıradan
çıxmağa qoymayan həyat yoldaşımın sonsuz
qayğısı və müdrikliyi oldu. O, sözün əsl
mənasında fədakarlıq göstərdi.
- Bu
yaxında Feysbukda bir nəfərə cavabınızı
oxudum ki, mən həyat yoldaşıma indiyədək xəyanət
etməmişəm.
-
Gerçəkdən də belədir. Həmin adam
da mənə zarafatla yazdı ki, Allah bəkarətini qorusun. Mən isə ona cavab verdim ki, kişinin bəkarəti
qadının bəkarətindən daha şərəflidir.
Şəxsən mən belə
düşünürəm. Həyatını
sənə və ailəsinə fəda etmiş bir qadına
xəyanət etməyi mən şərəfsizlik sayıram.
Qoy məni kim qınayır qınasın.
- Yəni
yoldaşınızla heç probleminiz olmayıb?
- Dilqəm
bəy, Siz çox gənc və üstəlik
subaysınız. Məni nə qədər
anlayacağınızı bilmirəm. Əlbəttə,
problemsiz ailə ola bilməz. Hətta peyğəmbərimizin də ailəsində
söz-söhbət olub. Ancaq əsl məharət
bu problemi, söz-söhbəti ürəkləri qırmadan həll
etməkdədir. İstəyirsiniz
inanın, istəyirsiniz inanmayın, 38 illik ailə həyatımızda
yoldaşımla mənim aramda indiyədək bir kəlmə
də aşağılayıcı söz işlədilməyib.
Doğrudur, bəzən mən əsib-coşmuşam,
o susub, bəzən də o əsib-coşub, mən
susmuşam, beləliklə də, məsələni
böyüməyə qoymamışıq.
- Bəlkə
mən subaya deyəsiniz: ailə Sizin
üçün nədir?
- Ailə
mənim cənnətimdir. Burada mən
bütün dünya qayğılarımı unudur,
özümü hədsiz xoşbəxt hiss edirəm.
-
Övladlarınızdan razısınızmı?
-
Çox. Üçü də vicdanlı,
xeyirxah və tərbiyəlidir. Yaxşı
savad alıblar. Valideynlərinə dərin
sayğıları var. Bu yaxınlarda yoldaşım xəstələnmişdi,
üçü də başına fırfıra kimi
fırlanırdı. Maşallah, gəlinlərim
də çox yaxşı balalardır. Nəvələrim
isə şokolad kimi şipşirindirlər!
- Ədalət müəllim, həyat yolunuzun müəyyənləşməsinə
təsir edən insanlar olubmu?
- Əlbəttə. Öncə müəllim atama
baxıb özüm də müəllim olmaq istəmişəm,
o da universitetdə və aspiranturada oxumağım
üçün əlindən gələni edib. Universitetə
imtahan verdiyim zaman qəbul komissiyasında çalışan
Bilqeyis Dadaşzadə göydən xilaskar mələk kimi enərək
xarici dildən "4" almağıma və bununla da tələbə
olmağıma təmənnasız yardım göstərib.
Professor Xalid Əlimirzəyev məni universitetdə qrup
başçısı təyin etdirib və bunun müsbət
təsirini 5 il görmüşəm. İsmayıllının Topçu kənd məktəbində
müəllim işlədiyim zaman direktor Şükür Rəhimov
mənə həyat dərsi keçib. Aspiranturada
oxuduğum və Dilçilik İnstitutunda
çalışdığım dövrdə Əlyazmalar
İnstitutunun direktoru Cahangir Qəhrəmanovun adı
başımın üstündə qalxan olaraq məni yersiz təzyiqlərdən
qoruyub. Dilçilik İnstitutunda
şöbə müdirim Aydın Məmmədov mənim
"Elm" qəzetinin redaktoru olmağımda və
jurnalistikaya bağlanmağımda həlledici rol oynayıb.
Həmin qəzetdə işlədiyim zaman
birbaşa tabe olduğum şəxs Akademiyanın partkomu Fatma
Abdullazadə idi. O, məni Əlyazmalar İnstitutunda
şöbə müdiri təyin etdirməklə həyatımda
yeni bir yol açıb.
Əbülfəz Elçibəylə buradakı tanışlığım və dostluğum isə bütün sonrakı həyatımı dəyişib. "Azadlıq"da Nəcəf Nəcəfovdan idarəçiliyi öyrənmişəm. Nazir Firidun Cəlilov mənə tam sərbəstlik verməklə nəyə qadir olduğumu göstərməyə, öz gücümə inanmağa imkan yaradıb. Rektor Nazim Hüseynli isə məni öz ali məktəbinə işə götürməklə və sonrakı qasırğalardan qorumaqla bugünkü elmi-pedaqoji karyeramı qazanmağıma ciddi yardımda bulunub. Bu insanlardan hansısa biri həyatda qarşıma çıxmasaydı bəlkə də indi Sizə müsahibə vermirdim. Bu gün onların çoxu Haqq dünyasına qovuşub. Ölənlərə Allahdan rəhmət diləyir, yaşayanlara isə ən dərin minnətdarlığımı bildirirəm!
- Sizin yaradıcılığınızda maraqlı bir məqamla qarşılaşdım - son illərdə yazılarınızı yalnız "525-ci qəzet"də verirsiniz. Bunun bir özəl sirri varmı?
- "525-ci qəzet"də 2004-cü ildən "Bismillah" rubrikası açmışam və yazılarımı orada verirəm. "525"-i seçməyimin ilk səbəbi budur ki, o, Azərbaycan ziyalılarının ən çox oxuduğu qəzetdir. İkinci və ən önəmli səbəb isə bu qəzetin mənim yazılarıma dərin hörmətlə yanaşması və nöqtə-vergülümə belə toxunmamasıdır, halbuki başqa qəzetlərdə isə həmin münasibəti görmürəm. Ancaq bunu da deməliyəm ki, Misir Mərdanov təhsil naziri olan zaman - 2012-ci ildə onun təklifi ilə "Azərbaycan müəllimi" qəzetində də təhsil tariximizlə bağlı xeyli yazım çıxıb.
- Siz millətçi birisisiniz. Nə əcəb soyadınızı milliləşdirməmisiniz?
- Mənim soyadım öncə
"Tahirov" idi. Universitetdə oxuyanda Bəxtiyar
Vahabzadə ən çox hörmət etdiyim müəllimlərimdəndi,
ona görə də soyadımı onunkuna
uyğunlaşdırıb jurnallarda "Tahirzadə"
yazmağa başladım. Sonra pasportumda da "Tahirzadə"
getməsinə nail oldum. Sovet dönəmində
bunun necə çətinliklə başa gəldiyini yazsam bir
kitab olar. İndi isə daha gecdir - hamı
məni Tahirzadə kimi tanıyır. Kiçik
oğlum şəxsiyyət vəsiqəsi alanda
soyadını "Tahirli" yazdırdı və bu, məni
sevindirdi.
-
Oxucuları bir qədər də özəl həyatınızla
tanış etmək istəyirəm. Dostlarınız və düşmənləriniz
varmı?
-
Dostlarım sayca çox deyil. 65 il boyunca həyat
ələyimdən keçən çox az dost qalıb. Bir uşaqlıq dostum var - Bəhram Zeynalov. Heç bir vəzifəsi, titulu olmayan, ancaq 1968-ci
ildən üzübəri min sınaqdan
çıxmış ən sədaqətli və təmənnasız
dostumdur. Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və
Avropada olan dostlarımın adını çəkməyəcəyəm,
çünki belə etsəm "məni niyə yaddan
çıxardın?" deyə inciyib küsənlər
olar. Təkcə onu deyə bilərəm ki,
dostlarımın, demək olar ki, hamısı ziyalıdır
və yazı-pozu adamıdır. Düşmən
məsələsinə gəlincə, mənim şəxsi
düşmənim yoxdur, çünki həyatım boyunca
kimsəyə pislik etməmişəm, özümə edilən
pislikləri isə unutmuşam.
- Filoloq
olduğunuz üçün soruşuram: ən çox sevdiyiniz
Azərbaycan şairi kimdir?
-Azərbaycanda
adı əbədi yaşayacağına inandığım
üç şair var: Məhəmməd Füzuli, Hüseyn
Cavid və Ramiz Rövşən. Sabiri və Bəxtiyar
Vahabzadəni də çox sevirəm.
- Bəs
yazıçılardan?
- Mirzə
Cəlil, Əbdürrəhim bəy Haqverdiyev və
İsmayıl Şıxlı.
- Sizə
son sualım: həyatda ən böyük arzunuz?
- Millətimizin
yenidən "TÜRK" adlandırılmasını,
Qarabağın qaytarılmasını və Azərbaycanın
birləşməsini görmək!
Dilqəm ƏHMƏD
525-ci qəzet.- 2016.- 24 may.- S.5