Sabir Rüstəmxanlı poeziyasının bədii xüsusiyyətlərinə bir nəzər

 

 

Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında Azərbaycan xalqının tarixi yolunun və müasir həyatının epik mənzərəsini əks etdirən poemalar xüsusi yer tutur.

 

S. Rüstəmxanlının Azərbaycan xalqına və Vətənə həsr edilmiş əsərləri kiçik poetik janrlar formasında yaradılmış, lakin poemalardan fərqli olaraq - bu əsərlərdə xalqın tarixi və müasir durumu epik şəkildə təsvir edilmir. Bu poetik nümunələrdə şairin vətənpərvər hiss və düşüncələri öz əksini tapır. Şair kiçik həcmli vətənpərvərlik poeziyasında Azərbaycan xalqının faciəvi günlərinə dair düşüncələrini oxuculara çatdırmağa nail olur. Eyni zamanda, Sabir Rüstəmxanlı Azərbaycan xalqının müstəqillik qazanmasından qürur hissi keçirdiyini də öz şeirlərində əks etdirir. Bu baxımdan, şairin Azərbaycan Respublikasının himni və bayrağına həsr olunmuş şeirlərinə ilk növbədə diqqət yetirmək lazımdır. Şairin kiçik poetik janrlarda yazılmış əsərlərində milli ünsürlər Azərbaycan xalqının folkloruna xas janrlara müraciətdə də öz əksini tapmışdır. Şair milli ruha əsaslanaraq poeziyasında tez-tez xalq şeir formalarından olan qoşma və gəraylılara müraciət edir. Sabir Rüstəmxanlı poeziyasını təhlil etdikdə istifadə edilən qafiyə növlərinin, bədii təsvir və ifadə vasitələrinin zənginliyini xüsusi vurğulamaq olar.

 

Sabir Rüstəmxanlının poeziyasında bədii təsvir və ifadə vasitələri müəllifin estetik düşüncəsinin parlaq obrazlarda təcəssümünü şərtləndirməyə nail olur. Şairin yaradıcılığında zəngin və yoxsul qafiyəyə, həmçinin rədifə rast gəlirik. Sabir Rüstəmxanlı öz əsərlərində epitetə, təşbehə, metaforaya, metonimiyaya, bədii suallara, təzada, təkrirə, kinayəyə və inversiyaya müraciət edir.

 

Sabir Rüstəmxanlının "Orxanla görüş", "Atəş böcəyi", "Azərbaycan irticası", "Cavad xan", "Vətənsiz"və s. poemalarında Azərbaycan xalqının azadlıq mübarizəli tarixi yolu və müasirliyi oxucuya çatdırılır. Şair Vətənin qəhrəmanlıqla dolu canlı və həm də faciəli tarixi keçmişinin möhtəşəmliyi ilə yanaşı üzləşdiyi ağrı, itkilərini bəşəri və qlobal məsələlər fonunda açıqlamağa nail olur.

 

"Orxanla görüş" poemasında xalqımızın genezisinə aid tarixi dövrə müraciət edilir. Həmin tarixi dövrə aid tayfaların həyatını açıqlayan epik mənzərə yaradılır. Əcdadlarının ruhunu duyan, Bilgə Xaqanın, Doqquz Oğuz Göytürkün ruhları ilə danışan, qədim daş kitabənin qarşısında diz çökən şairin hiss və həyəcanları əksini tapır:

 

Diz çökdüm önündə daş kitabənin,

Diz çökdüm gurlayan Orxon önündə.

Əlini çiynimə dayaq eləyən

Bu yeri yaşadan ruhun önündə.

Diz çökdüm önündə ana dilimin,

"Türk milləti" yazan ələ diz çökdüm.

Bu boyda itkinin, bu boyda qəmin

İçindən dikələn elə diz çökdüm.

 

Tariximizin möhtəşəmliyi qarşısında diz çökən müəllif bu möhtəşəmliyin məhv ola biləcəyi qorxusunu da gizlətmir:

 

Dilimiz bir, bu birliyə ortaq olmaz,

El içində yaxın olmaz, uzaq olmaz.

Yanan evdən, yanan yurddan ocaq olmaz,

Bir sevgidən od almırsa, sönməyi var.

 

S. Rüstəmxanlının "Atəş böcəyi" poeması Güney və Quzey Azərbaycanında azadlıq və müstəqillik uğrunda mübarizəyə həsr olunmuşdur. Poemada paralel şəkildə, yəni Güney Azərbaycanında, həmçinin Quzey Azərbaycanda baş vermiş ictimai-siyasi proseslər (milli-azadlıq hərəkatı, müstəqilliyin bərpası uğrunda mübarizə və sonrakı dövrdə baş verən ictimai-siyasi proseslər) təsvir edilir. Poema ictimai xadim, filoloq alim, professor Mahmudəli Çöhrəqanlıya ithaf olunmuşdur. Əsərdə M. Çöhrəqanlının həyat eşqi ilə dolu mübarizə yolu geniş əksini tapmışdır.

 

Sabir Rüstəmxanlı "Azərbaycan irticası" poema-monoloqunda xalqın azadlıq mübarizəsinin ali meyarı, milli tarixin labüd mərhələsi olmasını qeyd edir.

 

Azadlıq mübarizəsi mövzusu "Cavad xan" poemasında da öz əksini tapır. Poemada Cavad xanın azadlıq naminə amansız ölüm-dirim mübarizəsi aparması təsvir olunur:

 

Gəncə bu məmləkətin tağbəndidir elə bil,

Gəncə getsə, dalınca Azərbaycan gedəcək.

 

"Vətənsiz" poemasında isə Sabir Rüstəmxanlı azadlığını itirən millətin əzab-əziyyətini, ögeylər tərəfindən təzyiqin mənfi olaylarının epik mənzərəsini yaradır.

 

Xalq şairi Sabir Rüstəmxanlının kiçik poetik janrlar formasında yaradılmış poeziyasında Vətən mövzusu xüsusi yer tutur. Şair xalqın yaşadığı ağrı-acılı taleyini şeirlərində təsvir etməklə duyğu və düşüncələrinin tərcümanına çevrilməyi bacarmışdır. O, şeirlərində Azərbaycan xalqının faciəli və qanlı tarixi olaylarına dair hisslərini və fikirlərini qələmə alır. Onun poeziyasında "dərd" motivi əsas motivlərdən biri kimi çıxış edir.

 

Şairin "Acı xatirə", "İnansa Təbriz deyil!", "20 Yanvar xatirəsi", "Xocalıdan sonra"və s. poetik nümunələrdə "dərd" motivi xalqın, millətin ağrı-acısı kimi təsvir edilir.

 

"Acı xatirə" şeirində şair millət dərdini özününküləşdirməyi bacarır. Şairin qələmə aldığı bu şeirdə "dərd" motivi ideya və məzmun cəhətdən yeni çalar əldə edərək şairin şəxsi dərdi kimi poetik şəkildə təqdim olunur.

 

Sabir Rüstəmxanlının seirlərində Cənub həsrəti, Təbriz nisgili, Sovetlər Birliyinin süqutu ilə üzləşdiyi problemlər, müstəmləkəçilik əleyhinə mübarizə, müharibənin fəsadları, Azərbaycanın yenidən müstəqillik əldə etməsi əsas yer tutur.

 

İyirmi yanvar faciəsinin xalqın milli-mənəvi yaddaşında yaratmış olduğu ictimai kədər Sabir Rüstəmxanlı yaradıcılığından yan keçməmişdir. "20 Yanvar xatirəsi" şeirində Azərbaycan xalqının qarşılaşdığı həmin müdhiş gecənin ağrı və acıları dolğunluğu ilə poetik ifadəsini tapmışdır:

 

Bura şum yeri deyil,

Saxla, kotanı saxla!

Çək dəmir cilovunu,

Qızmış atını saxla.

 

Sabir Rüstəmxanlının "Xocalıdan sonra" şeiri Xocalı soyqırımına həsr edilmişdir. Millətin üzləşdiyi bu faciədən sonra səsinin qısıldığını vurğulayaraq yazır:

 

Xocalıdan sonra

qısılıb səsim...

Səsim o dağlara ilişib qalır.

Xocalı ləkəsi daşıyan millət,

Vuruşdan savayı nə işin qalır.

 

Bəşəri duyğuları vəsf edən Sabir Rüstəmxanlının yaradıcılığında azadlıq və istiqlal mövzusunun poetik təcəssümü dünyada baş verən təlatümlər fonunda əksini tapmışdır.

 

Şairin tükənməz ilhamla yaratdığı "Bayrağım" adlı şeirdə Azərbaycan dövlətinin atributlarından biri olan bayrağımız iftixar və fəxarət hissi iə poetik şəkildə tərənnüm edilərək insanlarda ruh yüksəkliyi oyadır. Sabir Rüstəmxanlı Azərbaycan bayrağının rənglərinin daşıdığı mənaları poetik düşüncələrlə təqdim etməyə nail olur:

 

Mavi - türklük şərəfim, varlığımız əbədi!

Yaşıl - dinim, imanım, Sevgimizin Məbədi!

Qırmızı da al qanım, axdı vətən yolunda,

Əsarət zəncirini atmaq üçün qolumdan!

Ucal başımız üstə, ruhumuz kimi ucal!

Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!

 

Milli ənənələrə qayıdış, folklor şeir formalarına müraciət Sabir Rüstəmxanlı yaradıcılığından yan keçməmişdir.

Bədii-mənəvi dəyərləri və bilavasitə ruh etibarilə xalq poeziyasına bağlılıq S. Rüstəmxanlı yaradıcılığında yeni biçimdə müasir poeziyaya daxil olmuşdur. Milli adət-ənənələrə söykənən bu poetik nümunələrdə şairin xalq ruhuna yaxınlığı duyulmaqdadır. Sabir Rüstəmxanlının xalq bədii düşüncəsinə köklənmiş poeziyası ideya-məzmun zənginliyi ilə seçilir. Bu cür poetik nümunələrdə mənəviyyat problemləri ön planda dayanaraq, dövrün nəbzini əks etdirməyə qadir olur.

 

Aşıq şeirinin ən ahəngdar formalarından biri olan qoşma Sabir Rüstəmxanlı yaradıcılığına yad deyil.

 

Məlumdur ki, qoşma 3,5,7 bənddən, hər bəndi dörd misradan, hər misrası isə on bir hecadan ibarət olur.

 

Şair "Yardımlıya dönərkən", "Son", "Neyləyim", "Qorusun", "Dözüm", "Gözünü yumdunmu" və digər poetik nümunələrdə şifahi və klassik şeirimizdə geniş yayılmış bu şeir formasının parlaq nümunələrini yaratmağa nail olmuşdur.

 

Sabir Rüstəmxanlının xalq şeirində geniş yayılmış bədii formalardan biri olan gəraylıya müraciəti də diqqəti cəlb edir. 3-5 bənddən ibarət olan, hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan gəraylı şairin "Güvənmirəm", "Yumruqlar çiçək açıb", "Tapşır məni", "Gizlət məni", "Vida qabağı", "Çəkdim sinəmə tüstütək" və s. poetik nümunələrində özünü göstərmişdir.

 

Sabir Rüstəmxanlının qələmə almış olduğu poetik nümunələr ritm və intonasiya gözəlliyini qaydaya salan qafiyənin zənginliyi ilə diqqəti cəlb edir. Şairin "Ar gəlir" şeirində şeirin vəzn quruluşunda təşkiledici funksiya daşıyan səs təkrarlığına diqqət yetirək:

 

Anam torpaq addımımdan iz umur,

Sönən ocaq ürəyimdən köz umur,

Mən şairəm, dünya məndən söz umur,

Gül açmasa, hansı bağa bar gələr?

 

"Təbrizdə bayram axşamı" şeirində bir neçə hecası, yəni tələffüzcə, səs tərkibi etibarilə yaxın olan pasından, yasından, sevdasından sözləri qafiyənin zəngin qafiyə (tam qafiyə) növündə qələmə alınmışdır:

 

Çıxıb tarix pasından,

Toy buludlu yasından,

Demə söz sevdasından

Belə cavandı Təbriz!

 

Şeirdə həmqafiyə olan pasından, yasından, sevdasından sözlərində bütün hecaların bir-birilə səsləşdiyini müşahidə edirik.

 

Sabir Rüstəmxanlı yaradıcılığında qafiyənin yoxsul qafiyə (natamam qafiyə) növünə də rast gəlmək mümkündür. Şairin "Bakı" şeirində sözlərin ancaq bir hissəsi arasında səsləşmə olması özünü göstərir:

 

Acların ovcunda ağzının dadı,

Evsizin könlündə sınan vüqarın.

Çöldə qum yeyirsə xalqın övladı

Necə ucaldırsan bu sarayları.

 

Misralarda dadı, övladı sözləri həmqafiyədir. Qeyd etmək lazımdır ki, dadı və övladı sözlərinin ancaq bir hissəsi arasında səsləşmə özünü büruzə verir.

 

Sabir Rüstəmxanlı yaradıcılığında rədifə müraciət etmə zənginliyi ilə göz oxşamasa da, yaradıcılığında rədifdən istifadə məqamı yadda qalır. Şairin "Unut birdəfəlik" şeirindəki

 

Ömründə var imiş, yox imiş, unut!

Bu da bir qarışıq yuxuymuş, unut!

 

- beytində yox imiş, yuxuymuş sözləri qafiyə, unut sözü isə rədifdir.

 

Sabir Rüstəmxanlının "Yetər" şeirində gözləsən, səsləsən qafiyə, yetər sözü isə rədifdir:

 

Başqa nə gərəkdir xoşbəxtlik üçün -

Eləcə, yolumu gözləsən, yetər.

Yarı ehtiraslı, yarı gileyli

Bir hayla arabir səsləsən, yetər!

 

Sabir Rüstəmxanlı yaradıcılığının bədii dilinin mühüm tərkib hissəsi olan bədii təsvir vasitələrinin, yəni məcazların işlənmə məqamı zənginliyi və dolğunluğu ilə diqqəti cəlb edir. Məcazlaşma yanaşma əlaqəsi ilə düzələn I növ ismi birləşmələri epitetdir. "Üç adddım yer ayır..." şeirində "kədərli yellər" söz birləşməsi olan epitetin birinci tərəfini ikinci tərəfdən bədiilik yaratma anında bir-birindən ayırd etmək qeyri-mümkündür:

 

Qüruba tökülən kədərli yellər

Dünyaya qayıdan səsimdi ki var.

 

Şairin "İçimdəki dərd ağacı" şeirində "dərd ağacı", "arzu qanadında" söz birləşməsi bədii epitetdir. Şair poetik nümunədə müəyyən cəhəti nəzərə çatdırmaq məqsədilə sözə qüvvətləndirici başqa bir söz əlavə edir:

 

İçimdəki dərd ağacı,

Kökü taleyin qatında,

Başı arzu qanadında

 

Şairin "Mən demədim" şeirinin

 

Qoca karvan, qoca millət! Ümman daşıb

Ay söndürür, Gün keçirir, Zaman qovur.

 

- beytində "qoca karvan, qoca millət!" məcazi mənalı I növ təyini söz birləşməsidir.

 

Sabir Rüstəmxanlının şeirlərində ən çox rast gəlinən bədii ifadə vasitələri təşbeh (bənzətmə) və metaforadır (istiarə). Şair təsvir etmək istədiyi hadisəni və ya əşyanı müəyyən bir əlamətə görə məcazi şəkildə daha qüvvətli bir hadisəyə yaxud da əşyaya bənzətməsi maraqlı poetik nümunənin yaranmasına səbəb olur.

 

"Kişi ömrü" şeirində təşbehdən istifadə məqamı maraq doğurur:

 

Bulud kimi əridi

İlxı-ilxı köhlənim,

Qalaların kor gözü

Boş yollara dikildi.

 

"Bulud kimi", "köhlənim" sözləri təşbehdir.

 

Sabir Rüstəmxanlının fikrin mənalı ifadəsinə xidmət edən metaforadan (istiarə) istifadə etmə məqamı da diqqəti cəlb edir. Şair bir əşya və ya hadisənin müəyyən bir əlamətini digər əşya və ya hadisəyə sənətkarlıqla köçürməyə nail olur. "Dünya dili" poetik nümunəsində metaforaya rast gəlirik:

 

Ən uzun beytimi göy kitabında

Ölkədən-ölkəyə durnalar yazır!

 

Bu nümunədə "durnalar yazır" ifadəsi durnaların yazmasına xas olan xüsusiyyət deyil.

 

Sabir Rüstəmxanlı "Nəğməm" şeirinin bir beytində həm təşbehdən, həm də metaforadan istifadə etmişdir:

 

Nəğməm də quş kimi dünyanı gəzər,

Bir quru budaqda dincələr ancaq...

 

Burada "nəğməm də quş kimi dünyanı gəzər" misrası təşbeh, "bir quru budaqda dincələr ancaq..." metafora nümunəsidir.

 

Sabir Rüstəmxanlı qələmə aldığı poetik nümunələrin dilində  müəyyən cisim və hadisəni bildirən söz əvəzinə onunla əlaqədar başqa bir sözün işlədilməsi ilə yaranan metonimiyalardan məharətlə istifadə etmişdir.

 

Şair "Öz sözün ilə" şeirində emosionallığı artırmaq, qüvvətli hiss-həyəcan doğurmaq məqsədilə fikrini sual tərzində ifadə edir.

 

Vətən təəssübün hayanda itib,

Yad hissi ömrünə yad əlmi yazdı?

 

Şairin "Mərhəmət" şeirində də bədii sualdan istifadə edilmişdir:

 

Silah məktəbimiz olmayıb, bəlli,

Bəs sevgi məktəbi, bəs söz, bəs ürək?

 

"Siz nə umursunuz bu gedişatdan" şeirində məzmunca bir-birinə zidd, əks anlayışların qarşılaşdırmaqla təzad (antiteza) yaratmağa nail olmuşdur:

 

Mən sözün ağası, söz mənim qulum,

Mən haqqın yolçusu, haqq mənim yolum.

 

Burada bir-birinə zidd olan "ağası" və "qulun" sözlərinin işlədilməsi yolu ilə təzad (antiteza) yaradılır.

Sabir Rüstəmxanlı qələmə almış olduğu şeirlərdə ahəngdarlığı artırmaq, fikri qüvvətləndirmək üçün eyni söz və ya ifadəni təkrar etməklə təkrirə də müraciət etmişdir. "Bu, adi millət deyil" şeirində təkririn anafora növündən istifadə edilmişdir. Anaforada təkrar olunan sözlər misraların əvvəlində ya yanbayan, ya da altbalt işlənməsi ilə diqqəti cəlb edir. Bu poetik nümunədə anaforadan geniş istifadə edilmişdir:

 

Şəhiddi baş tacımız,

Şəhiddi neçə-neçə qardaşımız, bacımız.

 

Və ya

 

O qədər ki, talandım, içim boş qalmalıydı,

O qədər axdı qanım, dünya yaş qalmalıydı.

 

"Ədib" şeirində Sabir Rüstəmxanlı fikrin ifadə tərzini onun daxili mənasına qarşı qoyur:

 

Adını ədib qoymusan,

Ədibin ədəbi olar.

Əbədiyyət iddiadı,

Bir deyimlik təbi olar.

 

Sabir Rüstəmxanlı yaradıcılığı bir daha təsdiq edir ki, XXI əsrə daxil olan, milli olduğu qədər bəşəri olan Azərbaycan poeziyası ötən əsrlər boyu əldə edilmiş nailiyyətləri qorumaqla yanaşı, ləyaqətlə yaşadır.

 

Salidə ŞƏRİFOVA

filologiya üzrə elmlər doktoru, dosent

525-ci qəzet.- 2016.- 25 may.- S.4