İnsanları doğru yola çağıran həkim

 

Artıq illərin, əsrlərin təcrübəsi göstərir ki, həyatda heç təsadüfi baş vermir.

 

Hər bir varlığın doğuluşu, mövcud olması üçün bir səbəb, bir zərurət olur. May ayının əvvəlləri idi. Xidməti işimlə əlaqədar respublikanın şimal-qərb bölgəsində, qızılgüllər diyarı Zaqatalada idim. İctimai Televiziyanın həmin bölgə üzrə müxbiri, yaxın həmkarım Rasim İslamovdan mənə zəng gəldi. Hal-əhval tutduqdan sonra "Şəfa" Müalicəvi Diaqnostika Mərkəzinin işçisi, respublikanın əməkdar həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Süleyman Camalovun "Doğru yola çağırış" adlı yeni kitabının çapdan çıxması haqqında məlumat verdi. Kitabı müəllifini çox təriflədi. Söhbətimizin yekununda isə  onunla bağlı bir yazı hazırlamağımı xahiş etdi.

 

Süleyman Camalov haqqında verdiyi xoş məlumatlar məndə şəxsən tanımadığım bu insana qarşı rəğbət oyatdı. Razılaşdıq ki, ilk görüşümüzdə Rasim kitabı mənə verəcək mən oxuyub bu barədə məqalə hazırlayacağam.

 

Növbəti gün Zaqataladan Qaxa gəlişimdə buradakı görüşlərim zamanı Soltan Camalovla tanış oldum. O, söhbət əsnasında qardaşının da ixtisasca kordioloq olmasına baxmayaraq maraqlı məqalələr yazdığını, hətta bu günlərdə yeni kitabının işıq üzü gördüyünü bildirdi. Verilən məlumatlar Rasim İslamovun dedikləri ilə üst-üstə düşürdü. Artıq "Doğru yola çağırış"  kitabı məndə idi.

 

Kitabı əlimə götürürəm. Başlıqdakı yol kəlamını oxuyan kimi ilk növbədə böyük şairimiz Rəfiq Zəka Xəndan onun "Ömür bitər, yol bitməz" şeiri yada düşür. Elə o anda da onun bal kimi süzülüb dodaqların arasından özünə rahatlıqla yer edən bir bəndlik şeiri süzülür: 

 

Səma yolu, yer yolu,

Su yolu, dəmir yolu,

Yoldadır ömür yolu,

Ömür bitər, yol bitməz!

 

Kitabı vərəqlədikcə Süleyman Camalovun keşməkeşli həyatı, əxlaqi dəyərləri ilə insanlara göstərdiyi nümunə, el-obasına, doğmalarına olan məhəbbəti göz önündə canlanır. Kitabda əksini tapan ibrətamiz fikirlər, mənəvi dəyərlərin məcmusu isə bu insanın qopub getdiyi Qaxa, İlisuya qədər bağlı olmasının əsl göstəricisi idi.

 

Süleyman Camalovun bir neçə illik zəhmətinin, gərgin əməyinin bəhrəsi olan "Doğru yola çağırış" ilk baxışdan mənəvi psixoloji məqamları ilə diqqəti cəlb edir. Kitabla bağlı insanın diqqətini çəkən əsas məqamlardan biri dünyanın hazırkı qarmaqarışıq dövründə, mənəvi əxlaqi aşınmaların getdiyi zamanda "Doğru yola çağırış" kitabının ərsəyə gəlməsi onun müəllifinin necə böyük ürək sahibi olmasından xəbər verir. Yəqin ki bu belə olmasa idi o, ömrünün hazırkı müdriklik çağında "Şəfa" Müalicəvi Diaqnostika Mərkəzində kardioloq pulmonoloq kimi həkimlik fəaliyyətini davam etdirə bilməzdi.

 

O, kitabda gördüklərini, bildiklərini, düşündüklərini yığcam şəkildə qələmə alaraq öz məsləhətlərini verib. Ümumilikdə isə kitab müxtəlif ibrətamiz düşüncələrin cəmləşdiyi 7 mövzudan ibarətdir. İlk bölmə "İnsan gərək dürüst əxlaqlı olsun" adlanır. Məhz həmin bölmədə müəllif yazır: "Tərbiyənin bünövrəsi ailədə qoyulur, ona görə uşaqlar yaxşı ailə tərbiyəsi almalıdırlar. Onlardan kamil insan, ləyaqətli vətəndaş dəyərli ziyalı yetişdirmək üçün valideynlər, müəllimlər müdrik insanlar birgə səy göstərməlidirlər".

 

"Ailə münasibətləri" adlı ikinci bölmədə cəmləşdirilən məqalələr toplusunda müəllif gənclərə dəyərli məsləhətlər verir. O, sevgi məhəbbətin gözəl hiss olmasından yazır. Onun düşüncəsinə görə ailə qurmaq istəyən oğlan qızlar sevgini bir tərəfə qoyaraq özləri üçün yüksək təminatlı ailələrdən yar arxa axtarmamalıdırlar. Çünki qarşılıqlı sevgi olmayan yerdə xoşbəxtlik olmur. Bir şeirdə deyildiyi kimi:

 

Yar sevdiyin yar düşünər, yar anar,

Saf məhəbbət ünsiyyətdən yaranar.

 

"Can sağlığını qoruyun" adlanan növbəti bölmədə verilən məqalələrdə müəllif insanları onları narahat edən,  sağlamlıqlarını risk təhlükəsi ilə üz-üzə  qoyan mənfi təsirli amillərdən uzaq olmağı məsləhət görür. Bir sıra risk amilləri insanlarda ürək, qan-damar, bronx-ağciyər, mədə, bağırsaq qaraciyər xəstəliklərinin baş verməsi riskini artırır.

 

Kirtabın 4-cü -  "Müəllif tərəfindən başqalarına ünvanlanmış təbriklər" bölməsi maraqlıdır. Bu bölmədə müəllifin ayrı-ayrı zamanlarda öz doğmalarına, yoldaşlarına göndərdiyi təbriklər yer alıb. Həcmindən asılı olmayaraq hər bir təbrik mətnində müəllifin dünyası bir daha açılır, onun ətrafında olan insanlara hansı diqqət qayğı ilə yanaşması açıq şəkildə görünür. Nəvələri Maley Alyəyə olan sevgi ilə cilalanan təbriklər isə tamamilə fərqli bir yazının mövzusudur.

 

"Müəllifə həsr olunmuş şeirlər" adlı beşinci bölmədə ayrı-ayrı şairlərin Süleyman Camalova həsr etdikləri şeirlər sıralanıb.

 

S.Camalovun 75 illik yubileyi münasibətilə edilən təbriklər adlı bölmədə yoldaşlarının, qohumlarının dostlarının onun şəxsiyyətinə  sənətinə verdikləri qiymətlər öz əksini tapıb.  Elə bu yazımızı da kitabda fikirləri yer almış İbad İsmayılovun S.Camalov haqda fikirləri ilə tamamlayırıq: "Sən bizim fəxrimiz güman yerimizsən. Dağların qoynunda dünyaya gələn, halal çörək yeyib, halal süd əmən, qeyrətlə, zəhmətlə yüksələn, Loğman Süleymanı verənə şükür".

 

Əli XASAYOĞLU

525-ci qəzet.- 2016.- 26 may.- S.8.