ON İLDİ
GÖZÜMDƏN QAÇQINDI GÜLÜŞ
On ildi həsrətəm bir şirin sözə,
On ildi gözümdən qaçqındı gülüş.
Başına dolanım, ay elim-obam,
Qoynunda nə qədər bəxtəvərəmmiş.
Üz tutub qaçmışam yataqxanaya,
Qaçqın gülüşümün düşüb
dalınca.
Burda mənim kimi didərginlər çox
Ağlaram-gülərəm birgə doyunca...
Daşların içindən sıyrılıb
çıxdım
Arxada buraxdım
bəd olanları.
Min dərdin içində bu nurlu, bu
saf
Bağrıma basmışam gül adamları.
İSTƏYİRƏM
BİR GÜL AÇSIN PƏNCƏRƏMDƏ
...On ildi evimin divarları
saralıb
istəyirəm ağarsın
ağarmır...
İstəyirəm bir gül açsın pəncərəmdə,
bir quş oxusun...
Nə çiçək açır,
nə də quş oxuyur
Axırda
özüm dönüb
çiçək,
quş olmaq istəyirəm
amma sındırırlar
qanadlarımı
belə işıqsız
komada uçmaq olmur!
DÜNYA
DUYMAYANLARIN
Qovğalarda özümü
Yorduğum əbəsimiş.
Axır
bunu anladım
Bələkdə kəfənimiş.
Kim ki, ona bənzədi
Dünya onun qardaşı.
Dünya
duymayanların,
Dünya qaradaşların.
Olum-ölüm birdisə
Dünyadan əli üzdüm.
Yaşamaq yasaq ikən
Ölümü əzizlədim.
BİR
GÖZƏL TÜRKÜ ARADIM
Bir gözəl türkü aradım
Bayaqdan, bula bilmədim.
O türkünün naləsində
Saçımı yola bilmədim...
Dedim, məni məndən alar
Dünyayla saxlar aramı.
Könlüm yenə qan eylədi
Bir türkü
bağlar yaramı.
O türkünün qanadında
Min acı mənə
neyləyər?
Haqq gəzərəm boz çöllərdə
Bir türkü
haqqı söyləyər.
TAPAR,
BULAR FƏLƏK MƏNİ
Ruhumu çəkib aparar
Qaralayar fələk məni.
Bir yaramı sarımamış
Yaralayar fələk məni.
Mən ki haqq aşiqi
oldum,
Yolum tutqun sevda yolu.
Gözümdə yaş dolu-dolu
Əsir alar fələk məni.
Başımda tufan havası,
Nədir könlümün qovğası?
Dağılsa da, yurd-yuvası
Tapar, bular fələk məni.
HƏYAT
ADLI QADIN
...Rəngi-ruhu solğun,
o kədərli qadının
Hər gün Həyat adlı
bir qadın gəlib-keçər
yanından gülə-gülə...
BİR KƏLMƏ ÇAY
...Hərdən hər şey sözə dönür
dilində
Bir də gördün çaşıb deyir:
"Ay uşaqlar, icazə verin,
Bir kəlmə çay süzüm özümə..."
YASƏMƏN AÇANDA
Yasəmən açanda doğulub
bəlkə ona görə
gözləri bah alı
maşınlara, villalara
yox,
xırdaca çöl
çiçəklərinə ilişib qalır,
başını qaldıranda
da
göy üzü gözlərini çəkib
aparır...
ƏN
BÖYÜK ACI
Sənin
üçün yaşamaq,
Sənin
üçün dözmək
hər əzaba,
hər müsibətə
Sənsizlik ən böyük
acı
Sən olmadan günəş doğmaz ki...
Mina
RƏŞİD
525-ci qəzet.- 2016.- 26 may.- S.7